"Allahşükür Paşazadənin mövqeyi Azərbaycanın təhlüküəsizlik maraqlarına cavab vermir"

"XİN-nin mətbuat katibi açqlaması ilə Paşazadəyə ona aid olmayan məsələlərə qarışmamağı məsləhət görür"

"Yəməndə müharibə: Azərbaycan kimin tərəfindədir?" sualını öz Facebook səhifəsində "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu yayıb. E.Şahinoğlu hesab edir ki, Azərbaycan kiçik dövlətdir, Yaxın Şərqdəki hadisələrə müdaxilə etmir. Buna baxmayaraq, Yəməndəki hadisələr Azərbaycanı çətin seçim qarşısında qoyub.

"Azərbaycan əhalisinin təxminən 70 faizi şiələrdir və buna görə də Səudiyyə Ərəbistanının ərəb dövlətləri ilə birgə Yəməndə şiə inqilabçılarını bombalaması Bakıda rəğbət doğurmur. Ancaq digər tərəfdən Yəməndə şiələrə qarşı blok formalaşdıran 3 dövlət – Səudiyyə Ərəbistanı, Türkiyə və Pakistan Azərbaycanın müttəfiqləridir. Bu 3 dövlət Azərbaycan torpaqlarının işğalına görə Ermənistanla diplomatik münasibət qurmayıb və Dağlıq Qarabağ məsələsində Bakının mövqeyini müdafiə edirlər. Belə olan halda rəsmi Bakı Yəməndəki məzhəb müharibəsinə görə müttəfiqləri ilə problem yaşamaq istəməz. Ona görə də rəsmi Bakı üçün ən yaxşısı Yəməndəki proseslərə münasibət bildirməməkdir. Bakı üçün yeganə tezis bu olmalıdır: Azərbaycan qardaş Yəməndə sülh və sabitliyin yaranmasında maraqlıdır",-deyə Şahinoğlu yazır.

O, Qafqaz Müsəlmanları İdarəsinin sədri, şeyxülislam Hacı Allahşükür Paşazadə Yəmən şirələrinə dəstək verməsinə tənqidi yanaşıb: "Paşazadə Yəmənə qarşı müharibəni tənqid edərək bunları dedi: “Ərəb dövlətləri Fələstin məsələsində İsrailə qarşı həmrəylik nümayiş etdirə bilmirlər, ancaq Yəməndəki müxalif qüvvələrə qarşı koalisiya yaradıblar. Bu təəssüf doğurur. Bütün bunlar məzhəb ayrı-seçkiliyinin əlamətidir”. Allahşükür Paşazadə bu açıqlamasıyla faktiki simpatiyasının Yəmən şirələrinin tərəfində olduğunu biruzə verdi. Paşazadənin bu mövqeyi Tehranın mövqeyi ilə üst-üstə düşdü. Paşazadənin açıqlamasında İsrail də hədəf götürülüb ki, bu da Azərbaycanın təhlükəsizlik maraqları ilə üst-üstə düşmür. İsrail Azərbaycanın strateji tərəfdaşıdır, Bakı başqa ölkələrdən ala bilmədiyi müasir silahları İsraildən alır və bu ölkəyə böyük həcmdə neft satır. Buna görə də Azərbaycan hakimiyyəti Paşazadənin Yəmənlə bağlı açıqlamasından narahat oldu. Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Hikmət Hacıyev Allahşükür Paşazadə tərəfindən səsləndirilən fikirlərin onun şəxsi mövqeyi olduğunu və Azərbaycanın rəsmi mövqeyini əks etdirmədiyini bildirdi".

Elxan Şahinoğlu bildirib ki, bugünə qədər hakimiyyətlə Qafqaz Müsəlmanları İdarəsinin sədri arasında fikir ayrılığı açıq polemikaya keçməmişdi. XİN-nin mətbuat katibinin açqlamasında həm də o deyilir ki, Azərbaycan Konstitusiyasının 18-ci maddəsinə əsasən Azərbaycanda din dövlətdən ayrıdır və rəsmi mövqeyi prezident və XİN bildirir. Bununla XİN Paşazadəyə ona aid olmayan məsələlərə qarışmamağı məsləhət görür.