Zərdüşt Əlizadə
Zərdüşt Əlizadə

Köhnə hamam, köhnə tas

Yaxşılığa doğru dəyişiklik istəyiriksə, demokratik ənənələri, vərdişləri, qurumları və siyasi mədəniyyəti özümüz yaratmalıyıq

19 yanvar mitinqi ağıllı və tədbirli siyasi fəaliyyətə qabiliyyəti çatmayan, fəqət vəzifə imtiyazlarının bəxş etdiyi nemətlərin dadını gözəl bilən məxluqatda bəlli ümidlər doğurmuşdu.
Siyasəti təhlükəli məşğələ sayan, ona qoşulmaq qətiyyətindən tam məhrum, fəqət hakim zümrənin insaniyyətə və məntiqə sığmayan idarəçilik təcrübəsindən zinhara gəlmiş məxluqat da çiy və əsassız gözləntilərin əsirinə çevrilməyə başlamışdı.

Sözümün canı odir ki, sizin fəqir bəndəniz milli cəmiyyət adlandırılmağa iddia edən insan kütləsində hansısa siyasi təbəddülatın mümkünlüyünə ümidi müşahidə etməyə başlamışdı. Buna, həqiqəti etiraf etsək, acımışdı.

Zira bu ümidin müşahidə həddinə çatması şəksiz sübut edir ki, son otuz il hədər ötüb və bu insan toplumu siyasət elminin əlifbasını hələ də öyrənə bilməyib. Yəni “heç nədən nə isə yarana bilməz” fizika tərifini belə dərk etməyə qadir deyil.

Keçirəm camaatın anlaya biləcəyi dilə.

“Hamınızın qeyrətinə qurban olum”, yadınıza gəlirmi ki, Vəzirovun padşahlığı dövründə onun insaniyyətə və məntiqə sığmayan idarəçilik təcrübəsindən zinhara gələrək həmin bu Vəzirovdan bilik, əxlaq, mədəniyyət və səriştə sahəsində qat-qat aşağı olan AXC bəylərinin ardınca yüyürdünüz və yüyürə-yüyürə gəlib “20 Yanvar” tələsinə düşdünüz? Dəxi nə baş verdi, yadınıza salmıram. Özünüz hər il həmin gün xiyabana gedib öz milli ağlınızın və milli dərrakənizin qara mərmər daşlarda həkk edilmiş məhsuluna tamaşa edirsiniz.
Niyə belə oldu? İzahı çox sadədir. Cəmiyyətimizdə daha yaxşı hakimiyyət üçün tələb olunan bilik, təcrübə, qurumlar, ənənələr yox idi.

Həmin tarixdə Bakı küçələrində analoqu olmayan milli qəhrəmanlığın siyasi nəticəsi o oldu ki, ali hakimiyyətə bu məqama heç bir (HEÇ BİR!!!) qabiliyyəti və haqqı olmayan Ayaz Mütəllibov gəldi və başladı Azərbaycanın başında pambıq əkməyə. Əkdi, əkdi, o qədər əkdi ki, vəziyyəti inqilabi böhran həddinə çatdırdı və bilik, əxlaq, mədəniyyət və səriştə sahəsində hətta ondan xeyli aşağı səviyyədə olan AXC bəyləri daha bir “darbə” yapıb hakimiyyəti qamarladılar.

Qamarladılar və başladılar Azərbaycanın başında qoz əkməyə. Mütəllibov pambıq əkirdi, Elçibəy dəstəsi başladı qoz əkməyə.

“Əlbir olub bir ayı bir şir ilə, Ovladılar dovşanı tədbir ilə, Olmadılar razı onu bölməyə...”. Ardını özünüz bilirsiniz. Bilirsiniz, axırda dovşan kimə çatdı. Qoz əkimi mövsümü əvəz olundu “mərdom”un başında qoz sındırmaqla.

Niyə belə olu? Çünki daha yaxşı hakimiyyətin qurulması üçün tələb olunan siyasi mədəniyyət, bilik, ənənə, qurumlar yox idi. Nə yetkin siyasi partiya, nə yetkin siyasi fikri eşidib saya alan siyasilər, nə aşağıdan, əhalidən gələn işarə və səsləri eşidən-qanan qurum və insanlar, xülasə, dayanıqlı demokratik hakimiyyət üçün zəruri olan heç nə (HEÇ NƏ!!!) yox idi.
Darbə, bir də darbə! Müxtəsər, hakimiyyətə Azərbaycanın iks-iks tarixində yadelli işğalçılara ən sadiq kadro gəldi.

Gəldi, nə gəldi! Təpələrdən yel kimi, dərələrdən sel kimi gəlib-keçib millətdə keçmişdən nə müsbət qalmışdısa, hamısını silib-süpürüb mənfi ilə əvəz etdi.

Elə bir mürəkkəb istibdad maşını qurdu ki, bu ərazidə yaşayan əhalinin tarixində onun analoqu olmamışdı. Bu maşın fırlandı, fırlandı, əzdi, əzdi, sındırdı, sındırdı, axırda bu ərazidə yaşayan məxluqatı elə kökə saldı ki, ölkənin heç bir bayırlığı qalmadı.

Adımız bütün qara dəftərlərdə, ərazi yağıda, pullar oğrularda, noxtamız həmsədrlərdə, televiziyamız manıslarda, ümid Əzrayıla, kim bacarır, başını götürüb qaçır.
Belə bir məqamda nə baş verir? Canavar sürüsü qoyun sürüsünü basıb yeyir. Əndazəni aşaraq yeyir. Nəticədə yemin həcmi daralır. Hakim zümrənin tamahı isə daralmır. Yemin həcmi ilə tamah həcmi arasında tərs tənasüb yaranır.

Buradan hansı nəticə çıxır? Yemin həcmini artırmaq lazımdır! Bunun üçün ağıl, dərrakə və mədəniyyət tələb olunur. Hansılar ki, yoxdur.

Qalır ikinci çıxış: tamahı azaltmaq lazımdır! Bunun üçün də ağıl, dərrakə və mədəniyyət tələb olunur. Hansılar ki, yoxdur.

Nə etməli? “İş çatdı ölüb-öldürməyə...” Bəli, canavarlar başladılar bir-birini didməyə.

Amma necə? Yorğan altından. Aşkar didişmə qorxuludulur, fəsadları ola bilər: vəzifədən qovulma, həbs və sifarişli məhkəmə, xalqdan oğurlanmış və haramla yoğrulmuş sərvətin tar-mar edilməsi.

Bunları nəzərə alaraq sıxışdırılan canavarlar kölgədə gizlənərək iki dəfə sınaqdan keçmiş fəndə əl atırlar: küçə şilləvuranlarını qabağa verirlər. Şilləvuranlar isə dəfələrlə aldadılmış və əzilmiş kütləni haylayırlar.

Şüarlar əskidən qalmadır, zira ölkədə heç nə dəyişməyib, heç bir müşkül həllini tapmayıb. Odur ki, bağrılan şüarlar həmin-həmindir: “Qa-ra-bağ! A-zad-lıq! İs-te-fa!”

Mən azadlıq və demokratiya tərəfdarıyam. Odur ki, heç kəsə heç nə qadağa edə bilmərəm. Fəqət işim jurnalistikadır, həm də mənə, istəmədiyim halda, siyasətşünas da deyirlər.
“Çünki oldun dəyirmançı, çağır gəlsin dən Koroğlu...”

1992-ci ilin iyun ayının 3-də çıxmış “İstiqlal” qəzetimdə yazmışdım ki, “AXC hakimiyyətə gəlsə, 1-1,5 ildən sonra devriləcək”. Sözümə həmişəki kimi baxmayıb hakimiyyəti qamarladılar və Gəncə üsyanı 1993-cü ilin iyunun 4-də başladı.

Bir gün səhv etdiyimə görə üzr istəyirəm.

Elçibəy paytaxtdan Kələkiyə qaçası oldu.

İndi də bir öncəgörməmi açıqlamaq istəyirəm. Siyasi səhnəyə baxıb nə insanlara yazığı gələn Vəzirovu, nə də qorxaq Mütəllibovu görürəm. Baxıb əzazil İlham Əliyevi görürəm. Hansı ki, əhalinin yarısını qırar, fəqət “Azərbaycan” adlanan yağlı kökəni heç vaxt heç kəsə verməz. 

İllah ki, şilləvuranlara. Hansıların ki, kimliyi hamıya bəllidir.

Cınqırlarını çıxarsalar, hər birinin “İstehsalat-partiya xasiyyətnaməsi”ni açıqlamağa hazıram.

Mövcud yaramaz hakimiyyəti müdafiə etmirəm. Pisi daha pis ilə əvəz etməyin əleyhinəyəm. Elə-hey daha yaxşını qurmağa səsləyirəm. Fəqət səsimə REAL-dan savayı səs verən yoxdur.

Bu oyun REAL-ın oyunu deyil, odur ki, hadisələrə soyuqqanlı tamaşa edib, məşum sonluğun labüdlüyünü deyirəm.

Bu siyasi oyunlardan ölkə üçün heç bir müsbət nəticə gözləmirəm. Madam ki, savaşa Qurban Məmmədov səsləyir, öndə isə İsgəndər Hənidov gedir, onların işi alınsa, sonda daha zalım, daha səviyyəsiz bir müstəbid gələcək, ölkənin sərvətini daha acgözlüklə talan edəcək.

Ya da hakimiyyətə əsassız iddia edənləri amansızlıqla əzən İlham Əliev qalacaq.

Vəssalam, şüttamam.

Zira ölkədə demokratik dəyişiklik üçün tələb edilən qurumlar, vərdişlər, ənənə və siyasi mədəniyyət yoxdur. Hamısı məhv edilib.

Yaxşılığa doğru dəyişiklik istəyiriksə, demokratik ənənələri, vərdişləri, qurumları və siyasi mədəniyyəti özümüz yaratmalıyıq.

Bunun üçün isə ilk addım yaramaz ünsürlərdən, milli şüarlara bürünüb mafiyaya qulluq edən vəzifə hərislərindən xilas olmaqdır.

İkinci addım isə təkamül yoluna qədəm qoymaq, demokratik təsisatlar qurmaq, insanlara demokratik quruculuq vərdişlərini aşılamaqdır. Bu yol uzun və məşəqqətlidir, lakin bəşəriyyətin bundan savayı sınaqdan keçirdiyi yolu yoxdur.

Yazı müəllifin fikirlərini əks etdirir və Meydan TV-nin mövqeyi ilə üst-üstə düşməyə bilər.