Lyudmila Narusovaya açıq məktub

Şərqdə belə bir hikmətli deyim var: ”Minnətdarlıq hissi insanın mənəvi keyfiyyətlərinin etibarlı sınağıdır”. Sizə - ünlü siyasətçi, Rusiyanın Federal Məclisinin Federasiya Şurasını təmsil edən bir xadimə bu sözlərlə müraciət etməyim təsadüfi deyil. Məni buna, Tümen neftini kəşf etmiş əfsanəvi Fərman Salmanov haqqında danışarkən minnətdarlıq yoxsulu olmağınız vadar etdi.

Siz “Exo Moskvı” radiosunun “Xüsusi rəy” verilişində “Rusiyanın böyük adları” layihəsi haqqında danışarkən, Rusiya aeroportlarının adlarının dəyişdirilməsini tənqid edərək deyibsiniz: “Şeremetyevo və ya Domodedovoya nəsə əlavə etmək nəyə lazımdır? Mən, heç Sibirdə hansısa şəhərdə aeroportun, məncə, bu, səhv etmirəmsə, Surqutdur – orada neft yataqlarını kəşf etmiş Süleyman ibn kimsə... adını almasından danışmıram. Onun adıyla hava limanının adını tələffüz etmək çətin olacaq”.

Hörmətli xanım Narusova! Siz Rusiyanı ölkənin ən yüksək siyasi orqanında təmsil edirsiniz və necə oldu ki, Rusiya büdcəsinin əsas gəlir maddələrinin formalaşmasını təmin edən Sibir neftini kəşf etmiş insan haqqında həqarətlə danışmağa yalnız sizin diliniz gəldi? Əgər siz, Fərman Salmanovun 2007-ci ildə vəfatından sonra, qədirbilən rusiyalıların onun xatirəsini əbədiləşdirmək üçün adını ölkənizin çoxlu küçə və prospektlərinə verdiklərindən, çoxlu gəmilərin və təhsil müəssisələrinin onun adını daşımasından, Rusiyanın bir çox şəhərində ona abidələr qoyulmasından, həyatda yaxın dost olduqları Vladimir Vısotskinin özünün məşhur bard mahnılarının bütöv bir siklini həsr etdiyi “Sibiriada”, “Riskin strategiyası” filmləri haqqında heç nə bilmirsiniznizsə, hansı Rusiya xalqını təmsil edirsiniz? Yeri gəlmişkən, Vladimr Vısotski ilə onun Vaqankov qəbristanlığında yanaşı dəfn olunmaları da çox simvolikdir. Onların hər ikisinin qəbiüstü abidəsini məşhur heykəltaraş Aleksandr Rukavişnikov hazırlayıb. Bu heykəltəraş yalnız onların dostluğunun tarixini yox, həm də sovet hakimiyyəti illərində Fərman Salmanovun bir çox mədəniyyət və idman xadimlərinin dönməz hamisi olduğunu da bilirdi.

Elə gətirdi ki, bütün şüurlu həyatım bu əfsanəvi şəxsiyyətin yanında keçdi. Mən Neft Akademiyasında məhz onun oxuduğu fakültədə oxudum. Mən Azərbaycan hökumətində işləyəndə, demək olar ki, hər gün onunla YTR (yüksəktezlikli rabitə) vasitəsilə danışırdım və onun məsləhətləri mənə çox kömək edirdi. O, yalnız doğulub boya-başa çatdığı Azərbaycanı sevmirdi, həyatı Sibirlə bağlı olduğuna görə, həm də Rusiyanı, onun dilini və mədəniyyətini sevirdi. SSRİ miqyaslı nazir, Sosialist Əməyi Qəhrəmanı, akademik. İttifaq deputatı, ən yüksək mükafatların laureatı olsa da, bu insan sadələyin özü idi.

Xanım Narusova, sizi belə sözlər deməyə nə vadar etdiyini bilmirəm, bunu vicdanınızın öhdəsinə buraxıram. Ancaq unutmayın ki, istənilən ölkədə əxlaqın səviyyəsi bəlli bir meyarlarla müəyyənləşir və bu səviyyənin Rusiyada plintusdan da aşağı düşdüyünü nəzərə alaraq, onu daha da aşağı endirməməyinizi xahiş edirəm. Bu yerdə böyük Şekspirin bir deyimini xatırlatmaq çox yerinə düşür: “İnsanın naşükür olmasından dəhşətli nə ola bilər?”

Xahiş edirəm, asudə vaxtlarınızda bu haqda fikirləşin.