Sonuncu əsgərlər

Bəzən hər hansı hərbi konfliktin rəsmən bitməsindən sonra silahı yerə qoymayan və mübarizəni davam etdirən insanlar olur. Bunun müxtəlif səbəbləri var - məğlubiyyətlə barışmamaqdan tutmuş hətta konfliktin bitməsindən xəbərsizliyə qədər. Budəfəki məqaləmiz belə nümunələrdən bir neçəsinə həsr olunub.

***

1939-cu ildə, İkinci dünya müharibəsinin əvvəlində Polşa nasist Almaniyası və Sovet İttifaqı tərəfindən işğal olundu. Ölkənin 2/3 hissəsi Almaniya, 1/3 hissəsi isə SSRİ-yə qatıldı. Polyak hərbçilərinin də bir hissəsi almanlara, bir hissəsi ruslara əsir düşdü. Sonuncuların önəmli bir hissəsi, 21 857 nəfər 1940-cı ilin yazında sovet NKVD-si tərəfindən Katın meşəsi və digər yerlərdə qətlə yetirildilər.

1942-ci ildə, artıq Almaniya və SSRİ-nin bir-birlərilə savaşdıqları zaman, Polşada alman işğalına müqavimət məqsədilə Armia Krajowa (Vətən ordusu) deyilən təşkilat formalaşdı. AK Londonda məskunlaşan mühacir Polşa hökumətinə tabe idi.

Təşkilat müharibənin sonlarında üsyan qaldıraraq Polşanın dövlət müstəqilliyinin və suverenliyinin bərpa edilməsini nəzərdə tuturdu. Amma proseslər Polşanın kommunistlərin nəzarətinə keçməsilə nəticələndi. Bərpa edilən Polşa dövləti de-yure müstəqil olsa da, de-fakto SSRİ-nin satelliti idi.

Lakin beş ildən artıq davam edən qanlı alman işğalından sonra sovetlərlə də mübarizə aparmaq üçün Armia Krajowanın resursları yox idi. ABŞ və İngiltərənin də polyak vətənpərvərlərinə əvvəllər almanlara qarşı olduğu kimi həvəslə yardım göstərməyəcəyi aydın idi.

AK-nın son komandiri Leonid Okulitski 1945-ci ilin yanvarında "Biz sovetlərlə mübarizə aparmaq istəmirik, lakin tamamilə suveren, azad və ədalətlə təşəkkül edən Polşa dövlətindən başqa bir taleyə heç zaman razılaşmarıq," - deyərək AK-nın buraxılması barədə əmr verdi.

Lakin polyakların heç də hamısı silahı yerə qoymağı düşünmürdü. Onların bir çoxu daha azsaylı dəstələrdə birləşərək müxtəlif üsullarla sovet işğalına və Polşanın kommunist rəhbərliyinə qarşı mübarizə aparırdılar. Onlardan biri də Yuzef Françak idi.

1918-ci ildə anadan olan Yuzef 1939-cu il işğalından etibarən gizli fəaliyyət göstərməyə başlamışdı. Əvvəllər almanlara qarşı vuruşmuş, indi isə düşməni kommunistlər idi.

Bu mübarizənin elə ilk vaxtlarında Françak ciddi uğursuzluğa düçar olur. O, 1946-cı ildə Polşa təhlükəsizlik qüvvələri tərəfindən axtarış əməliyyatı nəticəsində həbs edilir. Ancaq bir neçə məhbusla birlikdə beş mühafizəçini öldürərək həbsdən qaça bilir və mücadiləsinə davam edir.

O bir müddət Azadlıq və Müstəqillik adlı təşkilatın daxilində fəaliyyət göstərir. Bu təşkilat da təhlükəsizlik qüvvələri tərəfindən dağıdıldıqdan sonra bir neçə silahdaşı ilə birlikdə mübarizə aparır. Onlar kommunist fəallarına, təhlükəsizlik orqanlarının casuslarına qarşı qisas əməliyyatları keçirirlər.

1953-cü ildə Piaski şəhərində pul ekspropriasiyasını həyata keçirməyə uğursuz cəhd zamanı bütün silahdaşlarını itirir, yalnız tək qurtulur. Sonrakı illər ərzində Yuzef Françak əsasən gizlənməklə məşğul olur.

Polşa hakimiyyət orqanları Françakı həbs etmək üçün çoxlu tədbirlər görür, ona yardım edənləri uzunmüddətli həbslərlə hədələyir. Buna baxmayaraq, Françak daha 10 il qeyri-leqal şəraitdə yaşayır.

Yuzef bu illərdə Danuta Mazur adlı qadınla vətəndaş nikahında olur. 1958-ci ildə Marek adlı oğulları olur. Elə Danutanın əmisi oğlu Stanislav Mazurun xəbərçiliyi nəticəsində 1963-cü ildə Françakın yeri aşkar edilir. Onu mühasirəyə alan əsgərlərin təslim təklifinə atəşlə cavab verən Yuzef Françak öldürülür. O, 45illik ömrününü 24 ilini qeyri-leqal şəraitdə keçirdi.

Yalnız SSRİ dağılandan və Polşa həqiqi müstəqillik əldə edəndən sonra Yuzefin oğlu Marek atasının soyadını götürə bildi. 2008-ci ildə "sonuncu partizan" Polşanın Dirçəliş ordeni ilə təltif edildi. Lüblin şəhərində adına küçə var. Bu küçədə vaxtaşırı olaraq 1963 (ölüm ili) metr məsafəyə qaçışlar keçirilir.

***

Çar Rusiyasının süqutundan və Oktyabr çevrilişindən sonra bir çox ucqar kimi, Baltikyanı vilayətlər də müstəqilliklərini elan etmişdilər. Burada Latviya, Litva və Estoniya respublikaları yarandı. Rusiya tezliklə bir çox respublikanın müstəqilliyinə son qoyub onları yenidən ilhaq etsə də, geosiyasi proseslər üzündən Baltikyanı respublikalar müstəqilliklərini saxlaya bildilər.

1930-cu illərin sonlarında isə şərtlər dəyişdi. 1939-cu ilin avqust ayında Almaniya və SSRİ arasında "Hücum etməmək haqqında" müqavilə imzalandı. Müqavilənin gizli protokoluna əsasən, Pribaltika ölkələri SSRİ-nin nüfuz dairəsinə aid edildilər.

SSRİ elə həmin il sentyabrın 28-də Estoniya ilə, oktyabrın 5-də Latviya ilə, 10-da isə Litva ilə "qarşılıqlı yardım" paktı imzaladı. Müqaviləyə əsasən ilk iki respublikanın hərəsində 25 minlik, Litvada isə 20 minlik sovet hərbçilərinin yerləşdirilməsi nəzərdə tutulurdu. Bu, Baltikyanı respublikaların müstəqilliyinin de-fakto ləğvi demək idi.

De-yure ləğv də özünü çox gözlətmədi. Növbəti il iyunun ortalarında Moskva müxtəlif bəhanələrlə bu respublikalara əlavə qoşun hissələri yeritdi, hökumətləri istefaya göndərdi, öz nəzarəti altında rəqabətsiz parlament seçkiləri keçirdi.

Kommunistlərin təşkil etdiyi yeni hökumətlər öz ölkələrinin "könüllü" şəkildə SSRİ-yə qəbul olunmasını istədilər. Avqustun əvvəllərində SSRİ Ali Soveti bu müraciətlərə müsbət cavab vermək barədə qərar qəbul etdi. Bununla da Baltikyanı respublikaların müstəqilliyinə də son qoyuldu.

Almaniyanın SSRİ-yə hücumundan bir neçə gün sonra hər üç respublika nasistlərin nəzarətinə keçdi və bu vəziyyət 3 ildən artıq davam etdi. 1944-cü ilin yayından etibarən Baltikyanı respublikalarda sovet nəzarəti bərpa edildi. Yerli əhali isə buna "meşə qardaşları" adlanan partizan dəstələrinin yaradılması ilə cavab verdi.

Bu partizan hərəkatı Litva və Latviyada kütləvi şəkildə 1950-ci illərin sonlarına kimi davam etdi. Estoniyada isə daha zəif idi və 1953-cü ildə demək olar ki, tam yatırıldı. Buna baxmayaraq, sovet hökumətindən ən çox gizlənən partizan da elə Estoniyada oldu.

Auqust Sabbe 1909-cu ildə doğulmuşdu. Estoniya sovetlər tərəfindən işğal edildikdə Qırmızı orduya səfərbərlikdən yayınmaq məqsədilə meşədə gizlənir. Alman işğalı zamanı millətçi və almanyönümlü Omikaitse (Özünümüdafiə) təşkilatının üzvü olur. Əsas fəaliyyəti kəndlərinin yanındakı körpünü hərdən mühafizə etmək olur.

Sovet hakimiyyəti bərpa olunanda bir müddət gizlənsə də, sonra üzə çıxır. 1945-1949-cu illərdə açıq yaşayır, kənd dəyirmanında işləyir. 1949-cu ildə isə hansısa səbəbdən həbs edilir, lakin qaça bilir və yenidən meşəyə üz tutur.

Burada o, Orion adlı dəstəyə qoşulur. Lakin artıq 1952-ci ildə dəstə sovet təhlükəsizlik qüvvələri tərəfindən dağıdılır və Sabbe təkbaşına gizlənməyə başlayır.

Onun sonrakı fəaliyyət haqqında məlumatlar dəqiq deyil. Hakimiyyət əleyhinə mübarizə aparırmı, yoxsa sadəcə gizlənməklə məşğul olur, aydın deyil. Yalnız 1978-ci ilin sentyabrında balıqçı rolunu oynayan iki KQB əməkdaşı Sabbeni tutmaq istədikdə özünü çaya ataraq suda boğur. Başqa versiyaya görə isə, KQB əməkdaşları tərəfindən vurularaq çaya düşür.

Maraqlıdır ki, müstəqillikdən sonra Sabbe dövlət mükafatlarına layiq görülmədi. Ölümünün 20-ci ilində məzarına "Mənim vətənim, əgər əlimdə silah və ya onsuz sənin uğrunda həlak olmaq nəsibim olarsa, dostlar bilsin ki, qəlbimin harayı "qisasımı alın" olacaq!" yazılmış xatirə daşı qoyuldu.

***

1939-cu ildə Polşanın Almaniya və SSRİ arasında bölüşdürülməsindən sonra sovetlərə çatan ərazi Ukrayna və Belorusiya respublikalarına birləşdirildi. Bu ərazilərdə antisovetizm xüsusən güclü idi.

18 yaşlı İlya Oberişin universitetində təhsil aldığı Lvov şəhəri SSRİ-yə birləşdirilərkən artıq bir il idi ki, Ukrayna Millətçiləri Təşkilatının (OUN) üzvü idi. Az sonra sovet təhlükəsizlik qüvvələrinin tələbələr arasında həbslər apardığını görən İlya təhsilini yarıda buraxaraq müəllimliyə başlayır. Alman işğalından sonra bu dəfə tibb institutuna daxil olur.

1944-cü ildə, Qərbi Ukraynada sovet nəzarətinin yenidən bərpası səbəbindən qeyri-leqal vəziyyətə keçir, OUN-un Ternopol vilayəti üzrə rəhbərlərindən biri olur. Lakin sovet təhlükəsizlik orqanlarının repressiyaları müqavimət hərəkatını zəiflədir, əlaqələr qırılır.

1951-ci ildən etibarən İlya Oberişin tək qalır və gizlənməyə başlayır. Hələ üç il öncə meşədə dini nikahla evləndiyi Emiliya adlı qadın onu illər boyu çardaqda gizlədir, Arkadi adlı oğulları da dünyaya gəlir. İllər sonra Arkadi evlənərkən atası həyətdə qurulan şənliyə çardaqdakı dəlikdən baxmalı olur.

1941-1944-cü illərdə alman işğalı istisna olmaqla 1939-cu ildən SSRİ ərazisində yaşayan İlya Oberişin ömür boyu heç bir sovet sənədinə malik olmayıb. Yalnız 40 il sonra, 1991-ci ildə SSRİ rəsmən dağıldıqda üzə çıxan keçmiş OUN-çu müvafiq orqanlara müraciət edir.

Onun heyrətamiz hekayəsinə əvvəlcə kimsə inanmır. Amma sadaladığı faktlar tədricən təsdiq olunur, bir neçə ay sonra İlya Oberişinə təntənəli surətdə Ukrayna vətəndaşı pasportu təqdim edilir. O, 2007-ci ildə müstəqil Ukrayna dövlətinin vətəndaşı kimi vəfat edir.

***

Çeçen Xasuxa Məhəmmədov 1907-ci ildə anadan olmuşdu və 32 yaşına qədər sıradan həyat yaşayırdı. 1939-cu ildə isə bir həmkəndlisini öldürür. Kənd ağsaqqallarının onu haqlı saymasına və hətta qurbanın qohumlarının barışmasına baxmayaraq, sovet hüquq-mühafizə orqanlarından gizlənməyə başlayır.

1940-cı ildə Hasan İsrailovun rəhbərliyi altında başlayan üsyana qoşulur. Lakin bir qədər sonra İsrailovun dəstəsində xain olduğu qənaətinə gəlir və ondan uzaqlaşaraq təkbaşına faəliyyət göstərir. Çeçenlərin 1944-cü ildə Qazaxıstan və Orta Asiyaya sürgünündən sonra sovet hakimiyyətinə qarşı daha çox nifrət bəsləyir.

Xasuxa Məhəmmədovun təkbaşına mübarizəsi 30 ildən artıq davam edir. Sovet orqanlarının həm müasir texniki vasitələrlə, həm casusların köməyilə qaçağı ələ keçirmək cəhdi uğursuz olur. Deyilənlərə görə, hətta bir dəfə xəstələnən Xasuxa Qroznı xəstəxanasında 3 ay müalicə alır, gedəndə isə öz adından minnətdarlıq məktubu buraxır.

O, bu illər ərzində 194 hücum təşkil edir və 30 nəfər öldürür. 1974-cü ildə Xasuxanın gecələdiyi ev barədə məlumat alan və tutmağa çalışan Şatoy KQB-sinin sədri Georgi Salko onun qurbanlarından biri idi.

1976-cı ildə hakimiyyət orqanları Məhəmmədovun olduğu yer barədə məlumat alırlar. 70 yaşlı, tüfənglə silahlanmış qocanı ələ keçirmək üçün KQB, milis və ordu qüvvələri cəlb olunur. Təkliflərə baxmayaraq, Xasuxa təslim olmur və atışmadan sonra öldürülür.

1990-cı illərdə Çeçenistan respublikasının prezidenti Cövhər Dudayev Xasuxa Məhəmmədovu ölümündən sonra "Millət şərəfi" ordenilə təltif edir.

***

İkinci dünya müharibəsindən sonra yaponların "son əsgərlər"i barədə maraqlı əhvalatlar mövcuddur. Növbəti məqalələrimizdən birini onlara həsr etməyi düşünürük.