Zimbabve prezidenti Azərbaycana niyə gəlmişdi?

''İki ölkə arasında münasibət yoxdur''

2019-cu il yanvarın 19-da Afrika ölkəsi olan Zimbabvenin prezidenti - Emmerson Mnanqaqva Azərbaycana səfərə gəlib.

“Turan” agentliyi analitik yazısında səfərin mümkün məqsədləri təhlil edilib. Həmin yazını təqdim edirik:

“Azərbaycan-Zimbabve münasibətləri haqqında danışarkən ən yaxşısı belə münasibətlərin heç olmadığını deməkdir: Bakıda və Hararedə Zimbabve və Azərbaycan səfirlikləri yoxdur, Mnanqaqvanın Bakıya səfəri isə iki ölkənin prezidentlər səviyyəsində ilk görüşü oldu.

Mnanqaqvanın səfəri onun keçmiş sovet respublikaları - Belarus, Rusiya, Qazaxıstan turnesi çərçivəsində baş tutub.

Azərbaycan və Zimbabve, BMT-ni saymasaq, heç bir beynəlxalq təşkilatda birgə iştirak etmir. Azərbaycan XİN-in saytında Zimbabve ilə əlaqəsi olan son qeyd Azərbaycanın Cənubi Afrikadakı səfiri Elxan Poluxovun bu ölkədəki çıxışının mətnidir.

O, eyni zamanda Zimbabvedə ölkənin maraqlarını təmsil edir. Poluxov 2015-ci ilin iyulunda Hararedə olub, onun nitqi iki ölkə arasında dostluq və ərazi bütövlüyünə qarşılıqlı hörmət haqqında ümumi ifadələrdən ibarət olub.

XİN-in saytı Mnanqaqvanın Azərbaycana bu yaxınlarda baş tutmuş səfəri haqqında məlumat yaymayıb. President.az saytında yanvarın 19-da prezidentlər Əliyev və Mnanqaqvanın bir-birini salamlama nitqi dərc edilib. Qarşılıqlı diplomatik iltifatlardan sonra hər iki liderin çıxışında yeganə konkret müddəa iki ölkə arasında iqtisadi və ticari münasibətləri inkişaf etdirmək istəyi olub.
Zimbabvedə Azərbaycan iqtisadiyyatını nə maraqlandıra bilər və Azərbaycan prezident Mnanqaqvanı nə ilə cəlb edir?

Zimbabve həddindən artıq zəngin təbii qazıntılara malik hədsiz kasıb ölkədir. Dənizə çıxışı olmayan, Zambezi çayı üzərində Viktoriya şəlaləsi və bütün dünyanın zənginlərinin ovla məşğul olduğu milli parkları ilə məşhur olan ölkədir. Milli valyutası yoxdur, 2008-ci ildə dünyada rekord səviyyədə - 79,6 mlrd. faizlik inflyasiyadan sonra milli valyuta ləğv edilib, həm də böhran zimbabviyalıların azsaylı ağ dərili insanlardan torpaqları əllərindən alınması və qaradərili əhaliyə verilməsi nəticəsində başlayıb. Azərbaycana səfəri ərəfəsində prezident yanacaq qiymətini üç dəfə qaldırıb və indi Zimbabvedə bir litr benzin 3 ABŞ dollarından baha satılır.

Ölkədə səkkiz dövlət dili var, bu da daxili etnik vəziyyətin ağır olduğunu göstərir.
Rəsmi Bakı Əliyev və Mnanqaqva arasındakı danışıqların təfsilatını açıqlamayıb.

Təxmin etmək qalır. Zimbabvenin ağır maliyyə vəziyyətini nəzərə alsaq, bu ölkənin prezidenti İ.Əliyevə pul krediti üçün müraciət edə bilər.

Səfərin ikinci, daha çox ehtimal olunan səbəbi Zimbabvenin yeni kəşf edilən qaz yataqlarından hasilatı və ixracatı inkişaf etdirmək istəyi ilə bağlıdır. Fed.az-dakı məqalənin müəllifi hesab edir ki, Zimbabve prezidenti Azərbaycandakı mütəxəssislərin yüksək təcrübəsini və ixtisasını nəzərə alaraq, bu yataqların işlənməsində Azərbaycan neftçilərinin iştirakına razılıq almaq istəyir.
Mnanqaqva Bakıya gəlməzdən əvvəl Azərbaycan prezidenti ilə neft əməkdaşlığını müzakirə etmək niyyətindən danışıb. Sayt SOCAR-ın Zimbabve layihələrində iştirakının müzakirə edildiyini təxmin etmir. Zimbabvedə yalnız Avstraliyanın “İnvictus” şirkəti işləyir, amma Zimbabve rəhbərliyi öz iqtisadiyyatını inhisarçı ilə əlaqələndirmək istəmir.

“İndi bu rayonda qazma işləri gedir, hələlik nəticələr müsbətdir. Amma biz bunu yalnız bir şirkətlə məhdudlaşdırmamalıyıq. İstərdik ki, digər şirkətlər də gəlib bunda iştirak etsinlər”, deyə Zimbabve prezidenti rusiyalı jurnalistə bildirib. Bir neçə gün əvvəl Mnanqaqva Rusiya şirkətlərini Zimbabvedə işləməyə dəvət edib, Bakıdan sonra isə Qazaxıstana yola düşüb. Aydın olur ki, o, neft-qaz iqtisadiyyatı olan ölkələrə səfər edir.

Müsahibələrindən birində Mnanqaqva ölkəsində neft və qaz kəşf edildiyindən danışıb. Başqa mənbələrin məlumatına görə, Zimbabvedə neft yoxdur, 1999-cu ildə Amerika investorları “Zimasco” (Zimbabwe Mining and Smelting) şirkəti ilə birlikdə Lupane yaxınlığında (Qərbi Matabelelend) qaz yatağının kəşf edildiyini elan ediblər. Onun işlənməsi üçün birgə müəssisə yaradılıb, amma tezliklə Zimbabveyə qarşı Amerika sanksiyaları tətbiq edilib. “Zimasco” elan edib ki, Lupanedə 500 mlrd. kubmetr qaz var, amma ekspertlər hesab edirlər ki, əslində hasil edilən ehtiyatlar təxminən 50-100 mlrd. kubmetr təşkil edəcək.
Mnanqaqvanın mümkün təxminlərinin mənfi cəhəti odur ki, yeni mədənlər Mozambiklə sərhədin yaxınlığındadır, bu da Afrika ölkələri arasındakı zəif sülhü nəzərə almaqla, orada hasilatı riskli edir.

Azərbaycan Mnanqaqvanın təxminlərini təhlil edərkən diqqətli olmalıdır. O, Bakıdan sonra Astanaya gedib, orada prezident Nazarbayevlə görüşüb.

“Qazaxıstan dağ-mədən sənayesində əməkdaşlığı, həmçinin ərzaq, buğda, ət və digər kənd təsərrüfatı məhsullarının ixracı məsələlərini nəzərdən keçirməyə hazırdır”, deyə Nazarbayev bildirib. Qazaxıstan müəssisələri Zimbabve ərazisində faydalı qazıntıların çıxarılması üzrə birgə layihələrdə iştirak edirlər, deyə Tend bu məlumata əlavə edib.
Azərbaycanın Gömrük Komitəsi ölkəmiz və Zimbabve arasında çox kiçik ticarət olduğunu bildirir. 2018-ci ildə Azərbaycandan Zimbabveyə 774,7 min dollarlıq mal gətirilib. Azərbaycandan Zimbabveyə ixrac olmayıb.