İlham Əliyev 2019-cu ili ''Nəsimi ili'' elan etdi

foto Azərtac

Rasim Qaraca: ''Mikayıl Müşfiq ili elan edilsəydi, daha müsbət olardı''

Prezident İlham Əliyev böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyini nəzərə alaraq 2019-cu ili “Nəsimi İli” elan edib.

Bu barədə dövlət başçısı Nazirlər Kabinetinin 2018-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında bildirib.

Prezident 2018-ci ili “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan etmişdi. Ancaq mayın 28-də Cümhuriyyətin 100 illiyi ilə əlaqədar paytaxtın mərkəzində bayram tədbiri keçirmək istəyənlər sonradan inzibati cəza aldılar.

Tarixçi-alim Altay Göyüşov həmin vaxt Meydan TV-yə demişdi ki, Cümhuriyyətin parlamentini bərpa etmək, total saxtalaşdırmadan həqiqi seçki keçirmək, ölkəni dağıdan ifrat korrupsiyadan imtina etmək, günahsız həbsə salınanları buraxmaq lazımdır:

“Ölkədə mütləq monarxiya qurub, həbsxanaları demokratiya, həqiqi respublika istəyənlərlə doldurub, cümhuriyyət ili elan etmək, üstü bəzək, altı təzək işlər silsiləsindən növbəti gözə kül üfürmədir. Azərbaycan parlamentinin ilk qərarlarından biri əfvi-ümumi, yəni tam amnistiya olmuşdu”.

2017-ci il İlham Əliyev tərəfindən “İslam Həmrəylik İli” elan olunmuşdu. Həmin il Azərbaycanda iki qədim məscid söküldü, həbs olunan dindarlardan isə heç biri azad edilmədi. Əksinə, kütləvi şəkildə şərlənərək həbs olunan islamçılar ən ağır hökmlə cəzalandırıldılar.

Yazıçı Rasim Qaraca Meydan TV-yə 1976-cı ildə İmadəddin Nəsiminin 600 illik yubileyinin olduğunu xatırladıb:

“42 il keçib, bu mənada 2019-cu ilin Nəsimiyə nə aidiyyatı olduğunu demək çətindir, 2016-cı ildə 640 illiyi idi, bəlkə həmin il elan olunsaydı, anlamaq olardı”.

Rasim Qaraca bildirib ki, dünya nəsimişünaslığında şairin azərbaycanlı olduğu qəbul edilmir:

“Düzdür, ləhcəsi oğuz türkcəsidir, bu baxımdan bizim şair hesab etmək olar. Ancaq Nəsimi türk dünyasının, Şərqin şairidir”.

Rasim Qaraca
Rasim Qaraca

Rasim Qaraca bu cür il adlanmalarını süni sayır:

“Gerçəkliklə əlaqəsi olan bir şey olmalıydı. Düzdür, Nəsimi ətrafında hansısa işlər görüləcək, 1976-cı ildə film çəkildi, şair Qabil poema yazdı, əsərləri dərc edildi”.

O, hesab edir ki, bu il Mikayıl Müşfiq ili elan edilsəydi, daha müsbət olardı:

“Çünki Mikayıl Müşfiq ətrafında 1937-ci il öyrəniləcəkdi, cümhuriyyət dövrü yenidən xatırlanacaqdı. Nə qədər ki, tarixin dərinliklərini qazımaqla bugündən uzaqlaşırlar. İndiki mədəniyyət strukturları müasir dövrə toxunmurlar, müasir ədəbiyyat deyəndə, ən azı Bəxtiyar Vahabzadə, yaxud Ramiz Rövşən xatırlanır. Bəs müasir ədəbiyyatı kim dirçəldəcək? Müasir ədəbi dövrü ölüdür, hakimiyyət mədəniyyət məsələlərində acizdir, ideyaları yoxdur. Bugün gürcü ədəbiyyatçıları dünyanı fəth etdiyi halda, Azərbaycanda ədəbi həyat dondurulub”.

Bəxtiyar Hacıyev
Bəxtiyar Hacıyev Fotoqraf: sosial şəbəkə

İctimai fəal Bəxtiyar Hacıyev isə düşünür ki, normal idarə edilsə, hansısa ilin elan olunması həmin ilin bütün dövlət qurumlarının o istiqamətdə çalışması üçün faydalı ola bilər. Ümumi dövlətin gücü onu göstərə bilər ki, ölkə il ərzində hansı işləri görəcək:

“Məsələn, bu illər innovasiya, inkişaf, elm və texnologiya ili olsun və.s. Təəssüf ki, illərin seçimi də həmin il də görülən işlər sırf formal xarakter daşıyır. Məsələn, ötən il Cümhuriyyətin 100 illiyi həddindən artıq aşağı səviyyədə keçirildi, bir neçə yadda qalan hadisə oldu. Onlardan biri çox insanın qatıldığı 28 may tədbiridir”.

B.Hacıyevin sözlərinə görə, “Nəsimi ili”ndə AMEA bir neçə simpouzm keçirəcək, Mədəniyyət Nazirliyi müsabiqə, Gənclər və İdman Nazirliyi başqa bir tədbir təşkil edəcək. İl ərzində görülən ənənəvi tədbirlər bir mövzuya istiqamətlənəcək, bununla da hər şey yekunlaşacaq:

“Xüsusi bir dəyişik gözləmirəm. Çünki “İslam Həmrəyliyi ili”ndə, “Cümhuriyyət ili” nəzərə çarpacaq xüsusi fəaliyyət görmədiyimiz üçün bu il bir necə qurum tədbir keçirib işlərini yekunlaşdıracaq”.