Güclü siyasi sistemlərin universal prinsipləri və reallıqlar

Fəxrəddin Mehdiyev

Dünyanın siyasi xəritəsində iki yüzə yaxın dövlət var. Bu ölkələrin az bir hissəsi, 27 ölkə inkişaf etmiş ölkələr hesab edilir. Sosial-iqtisadi səviyyəsinə görə inkişaf etmiş ölkələr iki qrupa - yüksək və orta inkişaf etmiş ölkələrə ayrılırlar. İnkişaf etmiş ölkələr əhalinin yüksək həyat səviyyəsi, eləcə də ümumi daxili məhsulun yüksəkliyi ilə fərqlənirlər. “Böyük yeddilər” adlanan ABŞ, Yaponiya, Kanada, İtaliya, Fransa, Böyük Britaniya da dünya sənaye məhsulunun 50%-i, kənd təssərüfatı məhsulunun 25%-i istehsal edilir. Bütövlükdə inkişaf etmiş ölkələrdə dünya əhalisinin 15%-nin yaşanmasına baxmayaraq, dünya sənaye məhsulunun 60%-i, kənd təssərüfat məhsulunun 40%-i istehsal edilir. ABŞ, Yaponiya, AFR , Fransa, İngiltərə böyük elmi-texniki potensiala malik ölkələrdir, inkişaf etmiş ölkələrdə elmə sərf olunan vəsaitin 80%-nin çoxu bu beş ölkənin payına düşür. Qeyd etmək lazımdır ki, Kanada, Avstraliya ittifaqı, CAR, Yaponiya, Cənubi Koreya Respublikası və qismən də ABŞ istisna olmaqla bu qrup ölkələrin heç biri sənayenin tələbatını öz təbii resurslarının hesabına təmin etmir. İqtisadi, eləcə də hərbi potensialına, elmi-texniki inkişafda payına, beynəlxalq aləmdəki nüfuzlarına görə həmin ölkələr güclü dövlətlər hesab edilir. Siyasi, iqtisadi, insan hüquqlarının və azadlıqlarının təmini, demokratiyanın vəziyyəti və s. sahədə aparılan beynəlxalq qiymətləndirmələrə görə də həmin ölkələr reytinqdə öncüllər sıralarındadır. Bu mənada həmin dövlətləri güclü dövlət adlandırmaq düzgün olardı. İnkişaf etmiş ölkələrin sosial iqtisadi qurluşunu və ən mühümü siyasi sistemini təhlil etdikdə həmin ölkələrin xüsusilə siyasi sistemlərində böyük oxşarlıqlar aşkar olunur, siyasi sistemin güclü və dinamik olması ilə fərqlənirlər. Siyasi sistemin gücü ilə dövlətin gücü arasında əlaqə mövcuddur. Müqayisəli təhlillər göstərir ki, həmin ölkələrin dövlət quruluşu İngiltərə parlamentarizminin və ya ABŞ Prezidentli Respublika idarəçiliyinin modifaksiyalarıdır.

Siyasi sistemin güclü olmasını şərtləndirən əsas şərt sistemin cəmiyyətin inkişaf qanunlarına əsaslanmasıdır. Hakimiyyətlər vaxtaşırı siyasi partiyaların mübarizəsi ilə keçirilən əsasən proporsional seçki yolu ilə formalaşır, nəticədə sistem - siyasi elitanı dinamik və sivil formada dəyişir, vaxtaşırı yeni –yeni siyasi qüvvələri siyasi elitaya gətirir .

Bu qrup ölkələrdə seçicilər liderə deyil, partiya və partiyaların seçki proqramlarına səs verirlər. Seçkilərdə qalib gələn partıyalar komanda formasında hakimiyyətə gəlirlər və seçki proqramlarının yerinə yetirilməsində komanda məsuliyyəti daşıyırlar. Seçkilərdə uduzan partiya proqram və komandaları ilə siyasi rəqabət şəraitində növbəti və növbədənkənar seçkilərə qədər müxalifətdə qalırlar.

Beləliklə, bu sistemdə liderizm xəstəliyinə, siyasi fetişizmə yer qalmır. Bununla əlaqədar olaraq həmin ölkələrin siyasi tarixində maraqlı və ibratamiz hadisələr az deyil. İkinci dünya müharibəsi ərəfəsində İngiltərənin o vaxtkı hakimiyyəti faşist Almaniyasına münasibətdə təslimçilik siyasəti aparırdı. Aparılan təslimçilik siyasəti faşist Almaniyasını gücləndirdi və şirnikləndirdi, qısa müddətdə faşist Almaniyası Avropanın əsas ölkələrini işğal etdi və İngiltərəyə qarşı böyük hücumlara başladı. Ölkə üçün son dərəcə ağır vəziyyətdə təslimçilik siyasətini sərt tənqid edən çox populyar siyasətçi U.Çörçil (Churchill) Baş nazir seçilir. U.Çörçil ölkəni səfərbər edir, Almaniyaya qarşı SSRİ ilə ittifaqa daxil olur, faşist Almaniyasına qarşı beynəlxalq koalisiyanın yaradılmasında bilavasitə iştirak edir. İngiltərə İkinci dünya müharibəsindən qalib çıxır. Və sözsüs ki, U.Çörçil Baş nazir kimi İngiltərənin müharibədə qalibiyyətində müstəsna rol oynayır. Lakin 1945 –ci ildə müharibənin zəfər çağında keçirilən parlament seçkisində U.Çörçilin xalq arasında böyük nüfuz sahibinə olmasına baxmayaraq, seçicilər müxalifətə - Leybaristlər Partiyasına səs verirlər, partiyanın lideri Ettli Baş nazir seçilir və U.Çörçil Baş nazir kimi hakimiyyətdən gedir.

Başqa bir misal. Məlumdur ki, ABŞ-da F.Ruzveltin (Fraklin Roosevelt) dörd dəfə dalbadal prezident seçilməsi nadir hadisə idi. F.Rüzveltin prezidentliyi dövründə - 1929-33-cü illərdə ABŞ böyük depressiyanı aradan qaldırır, daha da güclənir, İkinci dünya müharibəsindən qalib çıxır, 1944-cü ildə ABŞ pulu – dollar beynəlxalq valyuta əməliyyatlarında dünya puluna çevrilir və s. ABŞ elmi-iqtisadi, hərbi potensialına görə dünyanın nəhəng güc mərkəzinə çevrilir. Bütün bunlar F.Ruzveltin prezidentliyi dövründə baş verir. Və prezident kimi ABŞ tarixindəki nailiyyətlərdə F.Ruzveltin misilsiz xidmətləri danılmazdır. Lakin ABŞ-da böyük uğurlardan da belə bir nəticə çıxarılır ki, xidmətlərindən asılı olmayaraq prezidentin dalbadal iki dəfədən artıq seçilməsi yolverilməzdir və bu barədə konstitusiyada dəyişiklik edilir.

Görünür ki, tamamilə haqlı olaraq İngiltərə parlamentarizmi və ABŞ Respublika Prezident idarəçilik institutu yalnız cəmiyyətin inkişaf qanunlarını əsas götürür, bu qanun da tələb edir ki, zaman dəyişdikcə siyasi elita dəyişməlidir, siyasi rəqabət şəraitində yeni-yeni qüvvələr hakimiyyətdə təmsil olunmalıdır.

Bu idarəçilik sistemlərində volyuntarizmə də yer yoxdur. ABŞ Konstitutsiyasında hakimiyyət bölgüsünün dəqiq tənzimlənməsi qərarların qəbul edilməsində subyektivliyi və volyuntalizmi istisna edir. Prezident idarəçiliyinin ABŞ modeli dedikdə, qanunverici, icraedici, məhkəmə hakimiyyəti arasındakı düzgün, optimal təsir-əks təsirin proporsionalığını nəzərdə tuturuq. Bu model güclü Prezident, güclü Parlament, müstəqil məhkəmə hakimiyyətinə əsaslanır. Nəhəng dövlətin icra hakimiyyətinin başçısı – Prezident Konstitusiya çərçivəsində böyük səlahiyyətlərə malikdir, lakin Prezidentin Konstitusiya və qanunlara uyğun olmayan istənilən qərarını məhkəmə dərhal qüvvədən salır. Bu barədə çoxlu nümunələr mövcuddur. Bu yaxınlarda ABŞ Prezidenti Trampın mətbuat konfransında jurnalistlərdən birinin davranışı Prezidentin narazılığına səbəb olur və onun akkreditasiyası ləğv olunur. Jurnalist bununla əlaqədar olaraq məhkəməyə müraciət edir və qısa müddətdə məhkəmə qərarı qüvvədən salır və jurnalistin akkreditasiyasını bərpa edir.

Bizim İngiltərə parlamentarizminin üstünlüklərinə istinad etməyimiz səbəbsiz deyil. İngiltərə parlamentarizminin əsasları 1215-ci ildə “Azadlıqların Böyük Xartiyası” möhtəşəm sənədi ilə başlayıb. Həmin tarixi sənədin müstəsna əhəmiyyəti ondan ibarət oldu ki, bununla məhkəmə hakimiyyətinin, təqsirsizlik prezumpsiyası prinsipinin əsasları qoyuldu. 1832-1867-ci illərdə İngiltərə Parlamentarizmi əsasən formalaşır. Parlament– İcmalar Palatası yararsız nazirləri hakimiyyətdən kənarlaşdırmaq səlahiyyətlərini alır, ikipartiyalı sistem yaranır, seçkilərdə qalib gələn partiya hakimiyyətə gəlir, hökuməti foramalaşdırır. Seçkilərdə uduzan partiya müxalifətə keçir. Mənə elə gəlir ki, İngiltərənin böyük inkişaf yolu Azadlıqların Böyük Xartiyasından başlayıb və Parlamentarizm idarəçiliyi İngiltərəni inkişaf səviyyəsinə görə bütün dövrlərdə dünyada söz sahibi edir. Bu əsrdə də İngiltərə dünyanın siyasi, elm, tədris, texniki tərəqqi, maliyyə mərkəzidir.

Buradan təbii bir sual yaranır; nə üçün bir çox ölkə tarixin sınağından çıxmış, bu gün də öz qüdrətini saxlayan məlum idarəçilik sistemindən istifadə etmir? Sualın cavabı aydındı, nümunə gətirdiyimiz idarəçilik sistemləri həmin ölkələrdəki siyasi elitaların şəxsi maraqlarına cavab vermir. Ona görə də konstitusiyalarında prezidentlik idarəçiliyini bəyan etsələr də, bu idarəçiliyin imitasiyasını yaradırlar. Misal üçün, SSRİ dağıldığdan sonra Pribaltika ölkələri, Ukrayna dərhal güclü siyasi sistemlərə transfer etməyə başladılar. Digər respublikalarda, o cümlədən bizdə keçmiş nomenklaturanın mütəşəkkil səyləri ilə Prezidentli Respublikanın imitasiyasını etdilər. Yəni, əslində super prezidentli idarəçilik sistemlərini yaratdılar-güclü prezident, icra hakimiyyətindən aslı olan zəif parlament, icra hakimiyyətindən aslı olan qeyri-müstəqil məhkəmə hakimiyyəti. Bu idarəçilik sisteminin özünü doğrultmağı mümkün olmadığından bir çox ölkə - Qırğızıstan, Moldava, Gürcüstan, Ermənistan artıq bu sistemdən imtina edib, digərlərin də imtina etməsi zaman məsələsidir. Çünki hər kəsə aydındır ki, belə sistem ölkə üçün böyük maddi və mənəvi itkilərdir, cəmiyyətin inkişaf qanunlarına uyğun olmadığından gələcəyi yoxdur.

Bu gün ölkələrin iqtisadiyyatının rəqabət qabiliyyətliliyi qloballaşma dövründə həyati əhəmiyyətli məsələdir. Hər bir ölkə beynəlxalq əmək bölgüsündə öz yerini tutmağa səy göstərir. Lakin nəzərə almaq lazımdır ki, iqtisadiyyatın rəqabət qabiliyyətliliyi idarəçilik sisteminin rəqabət qabiliyyətliliyindən aslıdır. Qeyd edildiyi kimi dünyada artıq belə sistemlər mövcuddur, bunu kəşf etməyə ehtiyac da yoxdur. Cənubi Koreya Respublikası, Sinqapur kimi təbii resurslardan məhrum olan ölkələrin siyasi sistemləri onları qısa müddətdə inkişaf etmiş ölkələrin cərgəsinə qovuşdurdu və sıçrayışlı inkişaf tempinə görə həmin ölkələrə “Asiya pələngləri” adını qazandırdı.

Siyasi sistemlərin rəqabət qabiliyyətliyinin aktuallığı dünyada getdikcə kəskinləşəcək. Alimlərin fikrincə, dünya dördüncü sivlizasiya dövrünə başlayır- (post industrual – informasiya cəmiyyəti) və bu cəmiyyətlərdə əhalinin 90 %-i intellektual sahədə, 10%-i maddi istehsalda, 1%-i kənd təsərüfatında işləməli olacaq. Yəni insan potensialından istifadənin miqyası görünməmiş dərəcədə artacaqdır. Bu isə öz növbəsində güclü siyasi sistemə (parlament idarəçiliyi , proporsional seçki sitemləri və s.) keçməyi zəruriləşdirir.

Və nəhayət, bizim parlamentli respublikanın və prezidentli idarəçiliyin ABŞ modelinin nümunə kimi göstərdiklərimiz onları idellaşdırmaq cəhdi kimi qiymətləndirlməməlidir. Çünki maddi dünyada heç bir varlığın, prosesin ideal sərhədləri yoxdur.

Lakin eyni zamanda, inkişaf etmiş ölkələrin təcrübəsi göstərir ki, həmin ölkələrin siyasi sistemi, idarəçiliyi problemlərə vaxtında adekvat, çevik reaksiya verir və böhranlardan daha da güclü çıxır və ən əsası cəmiyyətdə yaradıcı enerjinin generatoru kimi çıxış edir.

Məqalə ölkələrin inkişaf səbəbləri haqqında gəlinən nəticədir və tənqidi fikirlərə əvvəlcədən hörmətimi bildirirəm.