Leyla Əliyeva kimdir? - [BİOQRAFİYA]

Azərbaycanın hakim ailəsinin incəsənət və dəb-dəbə göstəricisi, şairə, rəssam, modelyer, dizayner, biznesvoman, yoqaman, mülkədar və daha nələr, nələr – Leyla Əliyeva.


LEYLA ƏLİYEVA KİMDİR?

Leyla İlham qızı Əliyeva 3 iyul 1985-ci ildə Moskvada anadan olub. 2000-ci ildə Avropa Biznes Məktəbinə daxil olub. Daha sonra Moskva Dövlət Beynəlxalq Əlaqələr İnstitutunun magistratura pilləsində təhsil alıb. 2007-ci ildən Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyinin rəhbəri, 2011-ci ildən isə Fondun vitse-prezidentidir.

Əliyeva 2007-ci ildə Moskvada “Baku” jurnalını təsis edib. İki oğlu və övladlığa götürdüyü bir qızı var. Azərbaycanın tanıtım çarxında yer alan Leyla Əliyeva, həmçinin keçmiş həyat yoldaşı Emin Ağalarovla birlikdə klipə də çəkilib.

Leyla Əliyeva
Leyla Əliyeva Fotoqraf: Meydan TV

“Xocalıya ədalət” kampaniyasının təşəbbüskarı olan xanım Əliyeva atasının BMT-də Xocalı haqqında çıxışı zamanı “selfie” çəkməsi ilə gündəmə gəlmişdi.

Leyla Əliyeva 2011-ci ildə IDEA İctimai Birliyini təsis edib. Qurumun məqsədi ətraf mühitin və sahibsiz heyvanların qorunmasıdır. Ölkədə isə durum fərqlidir: hər keçən gün daha çox ağac kəsilir, sahibsiz heyvanlar öldürülür.

Leyla Əliyeva
Leyla Əliyeva Fotoqraf: Meydan TV

Xanım Əliyeva Rusiya hökumətindən dəfələrlə medal və ordenlər alıb. O, “Həştərxan vilayəti qarşısında xidmətlərinə görə”, “Volqoqrad vilayəti qarşısında xidmətlərinə görə” medalları və III dərəcəli Müqəddəs Mələksima “Knyaginya Olqa” ordeni ilə təltif olunub. 2015-ci ildə şəxsən Rusiya Prezidenti Vladimir Putin Leyla Əliyevaya “Puşkin” medalını təqdim edib.

Leyla Əliyeva
Leyla Əliyeva Fotoqraf: Meydan TV

DÜNYANIN BAHALI ŞƏHƏRLƏRİNƏ SƏPƏLƏNMİŞ ONLARLA MÜLK

Leyla Əliyevanın London, Moskva, Dubay, Karlovı Varı kimi şəhərlərdə dəbdəbəli mülkləri var. 2006-cı ildə 21 yaşlı Leyla Londonun bahalı bölgələrindən sayılan “Hyde Park” ətrafında lyuks mənzilin sahibi olub. Dubayda isə Əliyevlərin onmilyonlarla dəyərə malik mülklərə yiyələnməsi hələ 2008-ci ildə başlamışdı. Ölkə başçısının övladları bahalı Palma adasında sanki bir-birləri ilə yarışa girmişdilər. Əliyevin övladlarının adına olan 9 əmlakdan təkcə birinin dəyəri onun illik maaşından 330 dəfə çox idi. Rusiyanın multimilyarderlərinin yaşadığı Moskva yaxınlığındakı “Mayendorf bağları” qəsəbəsində də Leyla Əliyevanın bir villası var.

Leylanın bu yaşda bu qədər sərvəti necə əldə etməsi araşdırmaçı jurnalistlərin diqqətini cəlb edib. Nyu-Yorkda keçirilən tədbirdə CNBC müxbiri Leyla Əliyevadan var-dövlətinin haradan gəlməsi və biznes maraqları barədə soruşur.

Əliyeva isə cavabında deyir: “Məncə, əsas odur ki, gərək hədəfin olsun. Hədəf olandan sonra ona nail olmaq daha asandır”.

Jurnalist yenə sual edir ki, bu cür dəbdəbəli tədbirlərlə Azərbaycanda gördüyümüz durum arasında böyük fərq var. Ailənizin var-dövlətinin haradan gəlməsi ilə bağlı nə deyə bilərsiniz?

Cavab isə belə olur: “Mənim və ərimin biznesi var”. 

Leyla Əliyeva
Leyla Əliyeva Fotoqraf: Meydan TV

DƏBDƏBƏLİ HƏYAT, MODA, ƏYLƏNCƏ, SƏNƏT...

Leyla və Arzu Əliyevalar London, Moskva, Nyu-York, Paris, Milan kimi şəhərlərlə Bakı arasında sənət və stil toru qurublar. “Balmain”, “Alexander”, “McQueen”, “Herve Leger”, “Dolce&Gabbana”nın ən yaxşı müştəriləri, “Hermes Birkin”dən çağdaş sənət nümunələrinə qədər hər növ lyuksun kolleksionerləri kimi tanınırlar.

Arzu Əliyeva maliyyə sahəsində öz gücünü göstərir. O, “Azercell”, “Silk Way” kimi qurumları nəzarətində saxlayır. Ondan fərqli olaraq böyük bacısı Leyla sənət, moda, əyləncə sahəsini nəzarətinə götürüb. Leyla Əliyeva “Yarat” adlı quruma qeyri-rəsmi rəhbərlik edir. Qurumun başında Leylanın xalası qızı Aida Mahmudova dayanır. Xanım Əliyeva “Yarat” vasitəsilə müxtəlif ölkələrdə bahalı rəsm sərgiləri, konsertlər təşkil edir, yoqa etmək üçün yüzlərlə insanı şəhər mərkəzinə toplayır, Bakının bahalı gecə klublarına nəzarət edir. “Yarat” həm də sənət adamlarını ölkənin birinci ailəsinin qanadları altına almaqda rol oynayır.

Leyla ölkənin moda sahəsində də hegemonluğa iddialıdır. O style.com-a verdiyi açıqlamada Azərbaycanın moda mərkəzinə çevriləcəyi barədə çox iddialı danışmışdı:

“Sənət, moda və memarlıq sahəsində bir sıçrayış yaratdıq. Məşhur modelyer Tom Ford belə Sovet ölkələri arasında ilk mağazasını bizdə açmağa qərar verdi. Gerisini siz düşünün!”.

Beynəlxalq mətbuatda Neftçilər prospektini başdan ayağa bəzəyən məşhur markalara, Escadadan Armaniə qədər bahalı butiklərə Leyla Əliyevanın sahib olduğu yazılır.
Ətraf mühitin mühafizəsi ilə bağlı yaradılan İDEA İctimai Birliyinin təsisçisi Leyla Əliyeva qurumun saytında yaydığı müraciətində bildirir ki, Vəhşi Təbiətin Bərpası və Reabilitasiya Mərkəzi ilk olaraq Azərbaycanda yaradılıb: “Həyatımızı təmin edən təbiət ilə harmoniyada olan bir gələcək yaratmaq imkanı öz əlimizdədir”. 

Bəs Leyla buna öz dəbdəbəli həyatında əməl edirmi? Görünən budur ki, Əliyeva moda həyatında korluq çəkmir. Müxtəlif heyvanlardan hazırlanmış dəyəri on minlərlə ölçülən geyimlər geyinir, 200 min avrodan baha başa gələn timsah dərisindən əl çantaları daşıyır.

Leyla Əliyevanın inşaat şirkətlərinin gizli ''Moskva planı''

Xanım Əliyevanın adı inşaat işlərində də hallanır. On il öncə Bakıda “Four Seasons” otelinin tikintisi zamanı XIX əsrə aid tikililər sökülməklə bərabər, İçərişəhərin qala divarlarının bir hissəsi də dağıdılmışdı. 10 mərtəbəli dəbdəbəli mehmanxananın altında qədim Bakı tarixinin bir parçası – arxeoloji qazıntılar zamanı aşkar olunmuş sirli tunel də “yatır”. O zaman tikinti işlərini aparan şirkət nə bakılıların narazılığına etina etdi, nə də arxeoloq, memar və tarixçilərin səsini eşitdi. Rəsmi qurumlar isə şəhərin mərkəzində baş verən bu vandalizm aktına heç bir reaksiya vermədi. Otelin istifadəyə verilməsindən sonra onun sahibləri – Azərbaycanın birinci ailəsi buna bənzər əməliyyatı Rusiyanın paytaxtı Moskvada da icra etməyə girişmişdilər. Lakin müqavimət göstərildiyindən niyyətlərinə sonadək nail olmadılar. Leyla Əliyevanın adı Moskvada beşmərtəbəli binanın sökülməsində əsas səbəbkarlar arasında çəkilirdi. Moskva memarlığının qorunub-saxlanmasına çalışan fəallar bu binanın yerində tikinti işləri aparan şirkətin arxasında İlham Əliyevin qızının dayandığını iddia edirdilər.

Tikintinin ilkin sifarişçisi “Kompaniya Miretta” MMC işləri razılaşdırılmış qaydada aparmadığına görə cərimələnmişdi. İki il sonra isə Leyla Əliyeva digər şirkəti “Atlantik Aeronautik Holdinq Limited” MMC vasitəsi ilə tikinti işlərinə girişir və buna nail olur.

Leyla Əliyeva ilə bağlı xəbərlər sadəcə gözəllik, dəbdəbə və moda haqqında deyil, rüşvətxorluqla bağlı da sərt iddialar var. Wikileaks sənədlərində Leyla və Arzu Əliyevaların Vircin adalarında 4 ofşor şirkətə sahib olduqları yazılır. Ölkə başçısının qızları ofşor şirkətlər vasitəsilə ölkədən külli miqdarda pulun çıxarılması, xaricdə pulların yuyulması məsələsində aktiv iştirak ediblər. İlham Əliyevin mətbuat katibi Azər Qasımov isə Leyla Əliyevanı müdafiə etmişdi:

“Onlar da hər hansı bir Azərbaycan vətəndaşı kimi ticarətlə məşğul ola bilərlər. Buna qanun imkan verir və burada qeyri-adi heç bir şey görmürəm”.

Müstəqil hüquqşünaslar bildirir ki, prezident ailəsinin bizneslə məşğul olması qanunla qadağandır.

Bununla belə Leyla Əliyevanın hansı bizneslərə sahib olması və bu pulların mənşəyinin nə dərəcədə şəffaf olmasına heç vaxt aydınlıq gətirilməyib. Ölkə başçısının qızının xaricdə bu qədər əmlak və şirkətlərə sahib olmasının fonunda, Azərbaycanda yaşayan sıravi vətəndaşlar ayda 200-300 manat pulla həyatlarını yaşamağa davam edirlər.