Müsəddiq
Müsəddiq

İran neftinin üç çaları: milliləşdirmə

1950-ci illərin əvəllərində İranda olduqca maraqlı hadisələr baş verdi. Bu hadisələrin doğurduğu nəticələr, təkcə İranın özündə deyil, bütün dünyadakı proseslərə önəmli təsiri onilliklər sonra məlum olacaq. Məqalədə haqqında danışacağımız bu hadisələrin kökündə duran amil İran nefti idi.

***

1901-ci ildə ingilis biznesmen Uilyam D’Arsi İran şahı Müzəffərəddin Qacarla neft axtarışı barədə müqavilə imzaladı. Bu müqaviləyə əsasən, 20 min funt-sterlinq (indiki kursla: 2 milyon) ödəniş müqabilində D’Arsi İran ərazisinin 75%-də və 60 il müddətinə neft axtarmaq hüququ verən konsessiya əldə etdi. Neft tapıldığı halda onun satışından əldə olunan gəirin 16%-i royalti (lisenziya haqqı) olaraq İrana ödəniləcəkdi.

1906-cı ilə qədər D’Arsi axtarışlara 250 min funt-sterlinq sərf etdi, lakin bir şey tapmadı. O, maddi resurslarının tükənməsi səbəbindən öz konsessiyasını İngiltərənin “Burmah Oil Company” şirkətinə satdı, əvəzində şirkətin 170 min səhmini və açıqlanmayan məbləğdə pul əldə etdi.

İranda neft axtarışlarını davam etdirən “Burmah Oil Company” də iki ildən artıq müddətdə uğur qazana bilmədi. Yalnız 1908-cı il mayın 26-da Xuzistan vilayətinin Məscid Süleyman şəhəri yaxınlığında 360 metr dərinlikdə olduqca zəngin neft yatağı tapıldı.

İran neftinin çıxarılması, emalı və satışı ilə məşğul olmaq üçün 1909-cu ildə ingilis-fars neft şirkəti (APOC - Anglo-Persian Oil Company) yaradıldı. Şirkətin səhmlərinin 97%-nə “Burmah Oil Company” sahib idi. 1912-ci ildə Fars körfəzi sahillərində yerləşən Abadan şəhərində neft emalı zavodu tikildi. Bir müddət sonra bu zavod dünyadakı ən böyük NEZ-ə çevrildi.

Bu dövrdə Böyük Britaniyanın hərbi dəniz naziri Uinston Çörçill imperiya donanmasının yanacaq kimi daş kömürdən neftə keçməsi təklifini verdi. Bunun əsasında hökumət APOC səhmlərinin 50,0025%-ni alaraq nəzarət paketinə yiyələndi.

1920-ci illərdə İranda önəmli siyasi hadisələr baş verdi. Bunların sayəsində 1925-ci ildə Qacar sülaləsi devrildi. Artıq iki ildir Baş nazir olan və ölkənin faktiki idarə edən kazak generalı Rza xan taxta keçərək yeni Pəhləvi sülaləsinin əsasını qoydu.

Yeni sülalənin ilk dövrlərdən diqqət ayırdığı əsas mövzulardan biri İranın nefti ilə bağlı şərtlərin dəyişdirilməsi idi. Buna isə APOC və Böyük Britaniya ciddi müqavimət göstərirdilər. Əldə olunan müstəsna qazanca baxmayaraq, yerli işçilərə olduqca az maaş verilir və onlar dilənçi şəraitində yaşayırdılar.

Üstəlik, İranın həqiqi qazancı bilmək, özünə çatacaq məbləğin dürüst ödənilib-ödənilmədiyini yoxlamaq imkanı yox idi. Vəziyyət bəzən acınacaqlı-gülünc şəkil alırdı. Məsələn, 1931-ci ildə APOK İran neftindən əldə etdiyi gəlirə görə İrana 306 872 funt sterlinq, gəlir vergisi kimi Britaniya hökumətinə isə təxminən 1 milyon funt sterlinq ödəmişdi.

Halbuki bir il öncə, İran xəzinəsinə 1 288 312 funt sterlinq ödənilmişdi. İngilislər bunu Böyük depressiya nəticəsində neft qiymətlərinin kəskin enməsi və gəlirlərin azalması ilə izah edirdilər. Azalma doğrudan da vardı, lakin APOC gəlirləri 36% azaldığı halda, İrana çatan məbləğ nədənsə 76% azalmışdı.

Ən heyrətamiz olan isə o idi ki, İranın öz ərazisində çıxan nefti istehlak etmək hüququ yox idi və tələbatını ödəmək üçün SSRİ-dən, yəni Bakıdan neft alırdı. İndi İran bu ədalətsizliklərin aradan qaldırılmasını istəyir, ilk növbədə, özünə çatan payın 25%-ə qaldırılmasını tələb edirdi.

Lakin ingilislər hər hansı bir güzəştə meylli deyildilər. Belə olan halda Rza şah 1932-ci ilin noyabrında konsessiyanı birtərəfli qaydada qüvvədən saldı. Tərəflərin narazılığın çözülməsi üçün Millətlər Cəmiyyətinə müraciəti də nəticəsiz qaldı.

Uzun çəkişmələrdən sonra 1933-cü ildə yeni, İranın tələblərini yarımçıq ödəyən müqavilə imzalandı. 60 illik müddətə nəzərdə tutulan müqaviləyə görə, çıxarılan neftin hər tonu üçün 4 şillinq ödəniləcəkdi. İranın qazancda payı 20%-ə qaldırıldı, özü də bu zaman istənilən halda bir il ərzində ödənilən məbləğ 750 min funt sterlinqdən aşağı ola bilməzdi.

Bundan əlavə, vergilər və rüsumların müqabilində APOC ilk 15 il ərzində İran büdcəsinə hər il 225 min, sonrakı 15 ildə isə 300 min funt sterlinq ödəyəcəkdi. İngilislərin neft axtarmaq hüququnun olduğu ərazilər xeyli məhdudlaşdırıldı, 480 min kvadrat mildən 100 minə endirildi, lakin bu zaman əsas zəngin və perspektivli ərazilər nəzarətlərində qaldı.

Eləcə də, İranın öz tələbatı üçün lazım olan nefti APOC-dan daha ucuz qiymətə almaq hüququ nəzərdə tutuldu. Dövlətin aldığı neftə 25%, şəxslərin aldığı neftə isə 10% güzəşt ediləcəkdi. Müqavilənin 21-ci maddəsində isə xüsusi olaraq vurğulanırdı ki, İran hökuməti birtərəfli qaydada razılaşmanın şərtlərini ləğv edə və ya dəyişdirə bilməz.

Məlumat üçün qeyd edim ki, İran tərəfindən müqaviləni maliyyə naziri, bizim daha çox Rəsulzadənin vəfatı ilə əlaqədar 1955-ci ildə yazacağı möhtəşəm nekroloqa görə tanıdığımız Seyid Həsən Tağızadə imzaladı. Özü də Tağızadə İran üçün daha əlverişli şərtlərə nail olmaq istəyirdi, lakin Rza şah yuxarıdakı şərtlərə qane oldu.

1935-ci ilə kimi xaricdə daha çox Persiya kimi tanınan ölkənin adını rəsmən İran olaraq qəbul edilməsindən sonra APOC adını AİOC (Anglo-İranian Oil Company) olaraq dəyişdi. Lakin şirkətin 1954-cü ildə qəbul etdiyi ad daha çox məşhurdur – “The British Petroleum Company” və ya qısaca BP.

***

İkinci dünya müharibəsindən sonrakı illərdə dünyanın bir çox ölkəsində demokratikləşmə və milli hüquqların intişarı müşahidə olunur. Bu sırada İran da istisna deyildi. Dəyişikliklər istəyən müxtəlif yönlü qüvvələr 1949-cu ildə Milli Cəbhə deyilən təşkilat yaratdılar. Onun rəhbəri Məhəmməd Müsəddiq idi.

1882-ci ildə anadan olan Müsəddiqin atası Bəxtiyari tayfasına, anası isə Qacar xanədanına mənsub idi - 1797-1834-cü illərdə İran şahı olan Fətəli Qacarın oğlu Abbas Mirzənin nəvəsi idi. Müsəddiqin arvadı isə Nəsrəddin Qacarın (1848-1896) nəvəsi idi. Hakim sülalə ilə belə yaxın qohumluq onun karyerası üçün yaxşı perspektivlər vəd edirdi.

Gənclik illərində Fransa və İsveçrədə hüquq öyrənən Məhəmməd Müsəddiq Avropada doktorluq dərəcəsi alan ilk iranlı olub. Bundan sonra ölkəsinə qayıdaraq Tehran siyasi elmlər məktəbində dərs deməyə başlayıb.

Vətənpərvər baxışları ilə seçilən Müsəddiq 1919-cu ildə imzalanan və İranın Böyük Britanıyanın yarımüstəmləkəsinə çevirən İran-ingilis müqaviləsinə etiraz olaraq ölkəsini tərk edir və İsveçrəyə yollanır. Lakin artıq növbəti ildə Baş nazir Həsən Pirniyanınn dəvəti ilə geri qayıdır (1919-cu il müqaviləsi isə Məclis tərəfindən ratifikasiya olunmadığından qüvvəyə minmədi).

1920-1923-cü illərdə Məhəmməd Müsəddiq bir sıra vəzifələr tutur. O, ardıcıl olaraq Fars vilayətinin valisi, xarici işlər naziri, maliyyə naziri, Azərbaycan vilayətinin valisi və yenə xarici işlər naziri olur. 1924-1928-ci illərdə isə İran parlamentinin (Məclis) deputatı mandatına yiyələnir.

1925-ci ildə Qacar sülaləsinin devrilməsi Müsəddiqin karyerasına ciddi təsir edir. Rza şah onun Qacar sülaləsi ilə qohumluğunu, eləcə də xanədanın devrilməsi Məclisdə müzakirə olunarkən bunun əleyhinə çıxmasını unutmur, heç bir vəzifə tutmasına imkan vermir.

Hərçənd, bəzən başqa iddialara da rast gəlinir. Bu iddialara görə Rza şah Müsəddiqə vəzifə təklif edir. Lakin o, şahı legitim yox, qəsbkar saydığı üçün imtina edir.

1941-ci ildə, İkinci dünya müharibəsi ilə əlaqədar ingilis və sovet qoşunları İranı işğal etdilər. Almanpərəst siyasət yürütməkdə ittiham etdikləri Rza şah öz oğlu Məhəmməd Rzanın xeyrinə taxt-tacdan əl çəkməyə məcbur olur. Yalnız bundan sonra Məhəmməd Müsəddiq siyasətə qayıdır, 1944-1946-cı illərdə yenidən Məclis üzvü olur.

***

Bu illərdə İranda əsas müzakirə mövzusu yenidən neft olur. Bunun bir səbəbi cəmiyyətin 1933-cü il müqaviləsinin şərtlərindən ilkin qeyri-məmnunluğu idisə, digər səbəblər yeni şərtlərdən doğurdu.

İkinci dünya müharibəsindən sonrakı bərpa işləri , eləcə də leyborist Ettli hökumətinin sosial siyasətilə əlaqədar olaraq Böyük Britaniya iri şirkətlərdən, o cümlədən AİOC-dan tutduğu gəlir vergisini artırdı. Bu isə şirkətin xalis qazancına və dolayısı ilə İrana çatacaq maliyyənin məbləğinə ciddi təsir göstərdi.

Digər tərəfdən, 1933-cü il müqaviləsində bütün ödənişlər funt-sterlinqlə göstərilmişdi. İndi isə bu valyuta kəskin inflyasiya yaşayırdı. Məsələn, mübadilə məzənnələri barədə Bretton-Vud sisteminin yaradıldığı 1944-cü ildə 1 funt-sterlinq 4,03 ABŞ dollarına bərabər sayılırdı. Cəmi 5 il sonra isə bu rəqəm 2,80 dollara endi.

1933-cü ildə hasil olan neftin ümumi dəyərinin 33%-i həcmində məbləğ İrana çatırdısa, 1949-cu ildə bu vur-tut 9% təşkil edirdi. Bu səbəblərdən də neftin milliləşdirilməsi ideyası İran cəmiyyətinin əksəriyyətini birləşdirən amilə və ümümi milli-demokratik hərəkatının əsas qayəsinə çevrilir.

1949-cu il noyabrın 12-də yaranan və bir neçə partiyanı birləşdirən Milli Cəbhə vahid ideologiyaya malik deyildi. Burada liberallar və solçular, sekulyaristlər və dindarlar birləşirdilər. Belə rəngarəng palitranı birləşdirən yeganə ideya İran neftinin milliləşdirilməsi idi.

Mövqeləri İran cəmiyyətində həmişə önəmli olan din xadimlərinin də böyük əksəriyyəti neftin milliləşdirilməsinə tərəfdar idilər. Onların arasında bu illərdə Müsəddiqin ən yaxın müttəfiqi kimi çıxış edən ayətulla Əbülqasım Kaşani xüsusilə fərqlənirdi.

Demək artıqdır ki, Böyük Britaniya və AİOC tamamilə əks mövqe tuturdular. Onlar hesab edirdilər ki, neftin tapılmasına, hasilatına və emalına verilən töhfələr İranda çıxan nefti AİOC və İngiltərənin əmlakına çevirir. Üstəlik, yuxarıda xatırlatdığım 21 maddəni (müqavilənin şərtlərinin dəyişdirilməsinin və ya ləğvinin mümkünsüzlüyü barədə)1933-cü ildə imzalanan müqaviləyə boşuna daxil etməmişdilər.

1950-ci ildə keçirilən seçkilərdən sonra İran neftinin milliləşdirilməsinin tərəfdarları parlamentdə çoxluq təşkil etdilər. O cümlədən Müsəddiq, Kaşani və başqa Milli Cəbhə liderləri parlamentdə təmsil olunurdular. Bundan sonra neftin milliləşdirilməsi ideyası daha da aktuallaşdı.

***

Məhəmməd Rza şah Pəhləvi atasından fərqli olaraq cəsarətli və bacarıqlı siyasətçi sayılmırdı. Buna görə də 1940-cı illərdə İran siyasətində daha çox kölgədə qalır, real idarəetmə Məclis və hökumətin əlində cəmlənirdi. Bir təsadüf nəticəsində vəziyyət dəyişdi.

1949-cu il fevralın 4-də Tehran Universitetinin yaranmasının növbəti ildönümünə həsr olunan tədbirdə iştirak edən şah sui-qəsdə məruz qaldı. Lakin üç metrdən atılan güllələrdən yalnız biri şaha dəydi, o da yalnız yanağını sıyırdi. Sui-qəsdçi isə mühafizəçilərin cavab atəşilə öldürüldü.

İran cəmiyyətinin hadisəyə münasibəti olduqca neqativ oldu, şaha geniş dəstək nümayiş etdirildi. Bundan həvəslənən şah idarəetmədə daha fəal iştirak etməyə başladı. İlk növbədə Müəssislər Məclisi çağrıldı və şahın səlahiyyətləri 1906-cı il Konstitusiyasında nəzərdə tutulduğundan daha genişləndirildi.

Elə həmin Konstitusiyada nəzərdə tutulan, lakin heç zaman çağrılmayan parlamentin yuxarı palatası - Senat təsis edildi. Qanuna görə, şahın Senat üzvlərinin yarısını təyin etmək hüququ vardı, Məhəmməd Rza şah da bundan istifadə etməkdə ləngimədi.

Məhəmməd Müsəddiq respublikaçı olmasa da , konstitusiyalı monarxiya tərəfdarı idi. O, şahın Avropa monarxları kimi "hökmdar olmasını, lakin hökm etməməsini" arzulayırdı. Buna görə də gənc şahın siyasi fəallığından heç də məmnunluq duymadı.

***

1950-ci ilin sonu və 1951-ci ilin əvvəllərində İran neftinin millilşdirilməsi uğrunda hərəkat kütləvi və ardıcıl şəkil aldı. Az qala hər gün ölkənin müxtəlif yerlərində bu tələblə mitinqlər keçirilirdi. Aksiyalarda onminlərlə insan iştirak edirdi.

1951-ci ilin ilk günlərində iranlılar ABŞ-ın ARAMCO (Arabian American Oil Company) şirkəti ilə Səudiyyə Ərəbistanı arasında imzalanan və Ərəbistan yarımadasında çıxarılan neftin gəlirinin yarıbayarı bölüşdürülməsini nəzərdə tutan razılıqdan xəbərdar oldular. Bu fakt presedent kimi iranlıların milliləşdirmə olmasa da, 1933-cü il müqaviləsi şərtlərinin dəyişdirilməsi tələblərinə legitimlik qazandırırdı.

Baş nazir Hacı Əli Rəzmara AİOC nümayəndələrinə analoji saziş bağlayaraq gəlirlərin tən bölüşdürülməsini təklif etdi. İngilislər qəti rədd cavabı verdilər. Cəmi bir neçə gün sonra, kütləvi aksiyaların genişlənməsindən təsirlənən Böyük Britaniyanın İrandakı səfiri Frensis Şepard gəlirlərin 50/50 bölüşdürülməsini müzakirə etməyə hazır olduqlarını, amma bunu milliləşdirmə təhdidi altında etməyəcəklərini söylədi.

Baş nazir Rəzmara martın 3-də Məclisdə etdiyi çıxışında milliləşdirmə əvəzinə 50/50 bölgüsünü qəbul etməyi təklif etdi. Onun fikrincə, milliləşdirmə İran üçün ciddi siyasi və iqtisadi problemlər yarada bilərdi. Rəzmara eləcə də neft sənayesini müstəqil idarə etmək üçün ixtisaslı kadrların çatışmazlığını əsas gətirirdi.

Qeyd etmək lazımdır ki, Baş nazirin dedikləri, xüsusən də sonrakı iki ildə baş verən hadisələrin fonunda əsassız görünmürdü. Lakin o zaman radikallaşmış İran cəmiyyəti bunu satqınlıq kimi qiymətləndirdi. Təsadüfi deyil ki, cəmi dörd gün sonra Hacı Əli Rəzmara qətlə yetirildi. Qatil Xəlil Təhmasib ayətulla Kaşaniyə yaxınlığı ilə tanınan "İslam fədailəri" (Fadayian-e İslam) təşkilatının üzvü idi.

Daha səkkiz gün sonra, martın 15-də isə İran parlamenti neftin milliləşdirilməsi barədə qərar qəbul etdi. Səsvermədə iştirak edən Məclis üzvlərinin hamısı, hətta əvvəl əleyhinə olanlar da indi lehinə səs verdi. Görünür kimsə Rəzmaranın taleyini təkrar yaşamaq istəmirdi.

Milliləşdirmə qərarı problemin həlli demək deyildi. Əksinə, İran nefti uğrunda savaş hələ yeni başlayırdı. Aprelin sonlarında Məhəmməd Müsəddiqin Baş nazir seçilməsilə savaş daha da alovlandı. Bu barədə isə "İran neftinin üç çaları: Müsəddiq" adlı növbəti məqaləmizdə bəhs edəcəyik.