Avropa Məhkəməsi
Avropa Məhkəməsi Fotoqraf: John Edward Linden

Avropa Məhkəməsində işlərə baxılma qaydası dəyişə bilər

Hökumətlə vətəndaşa barışmaq üçün vaxt veriləcək

Avropa İnsan Haqları Məhkəməsi gələn ildən şikayətlərə baxılması qaydalarını dəyişə bilər.

ReAL partiyasının sədri İlqar Məmmədov bununla bağlı öz “Facebook” səhifəsində məlumat paylaşıb.

O bildirib ki, Avropa Məhkəməsi işlərə baxmazdan əvvəl dövlətə və şikayətçiyə barışmaq üçün 3 ay vaxt verəcək və ancaq bundan sonra şikayətlərin adi qaydada baxılmasına başlayacaq:

İlqar Məmmədov
İlqar Məmmədov

“Bu qayda Azərbaycanı əməliyyatçı şüuru ilə idarə edənlərin işini daha da asanlaşdıracaq. Şikayətçilərə həmin müddət ərzində qohumları-yaxınları vasitəsilə ən ciddi qeyri-rəsmi təzyiqlər ediləcək ki, şikayətlərini geri götürsünlər. Hazırda, məsələ Ali Məhkəməyə gedəndə dövlət hələ bilmir ki, adam Avropa Məhkəməsinə qədər addımlayacaq, ya yox. Ancaq qaydalar start götürəndən sonra hökumət əməliyyata başlayacaq. Sözün qısası, Avropa Məhkəməsi deyir ki, haqlarınızı özünüz qoruyun, bizi burada çox da narahat etməyin”.

Ancaq İlqar Məmmədovun vəkili Fuad Ağayev bu məsələdə fərqli düşünür:

Fuad Ağayev deyir ki, yeni sistem məhkəmədə dostcasına nizamlanmanın mütləq mərhələsi adlana bilər:

“Hələlik 1 illiyə test rejimində tətbiq olunacaq. Ancaq əsas məna ondan ibarət deyil ki, yeni sistem bütün işlər üzrə tətbiq olunmalıdır. Mahiyyət odur ki, Avropa Məhkəməsində yığılan, kommunikasiya edilməli olan və konvensiya pozuntuları aşkarlanan işlərlə bağlı həmin sistem tətbiq ediləcək. Həm də bu, o demək deyil ki, kommunikasiya olmayacaq. Kommunikasiya başlayacaq, tərəflərə suallar ünvanlanacaq, amma kommunikasiyadan sonra məhkəmə tərəflərə 3 ayda işi dostcasına nizamlamağı təklif edəcək. Mürəkkəb, mahiyyəti üzrə baxılmasına zərurət olan, məbləği çətin hesablanacaq işlər bura aid deyil”.

Fuad Ağayev foto Meydan TV
Fuad Ağayev foto Meydan TV

Fuad Ağayev yeni sistemdə elə ciddi problem görmədiyini əlavə edib.

Hüquqşünas Əsabəli Mustafayev Avropa Şurasının məsələ ilə bağlı yeni protokol qəbul etdiyini, amma Azərbaycanın hələ həmin sənədi təsdiqləmədiyini xatırlatdı:

“Protokolda göstərilir ki, Ali Məhkəmə hər hansı işə baxarkən qərar qəbul etməzdən əvvəl Avropa Məhkəməsinə müraciət edib rəy istəyə bilər. Yəni necə qərar qəbul edilsin ki, insan haqları pozulmasın və şikayət Avropa Məhkəməsinə göndərilməsin. Avropa Məhkəməsi də rəy verə bilər və Ali Məhkəmə rəyə uyğun qərar qəbul edərsə, işin Avropa Məhkəməsində uğur qazanmasını çətinləşdirər”.

O, əlavə edib ki, kommunikasiya başlamazdan əvvəl Avropa Məhkəməsi hökumətə və ərizəçiyə deklorasiya göndərir, təklif edir ki, müəyyən kompensasiya ödəməklə barışıq əldə olunsun.

“Hökumət öhdəsinə götürür ki, şikayəti təmin edib kompensasiyanı ödəyəcək. Ərizəçi də razılaşır və hər iki tərəf deklorasiyanı imzalayanda, Avropa Məhkəməsi mahiyyəti üzrə yox, deklorasiya ilə bağlı qərar qəbul edir. Amma biz deklorasiyaları qəbul etmirik, çünki qərar olmadan hökumət deklorasiya ilə olan öhdəlikləri icra etmir və Nazirlər Komitəsi də ona nəzarət etmir. Halbuki, hökumət deklorasiyanı imzalayıb, sadəcə, kompensiasiyanı ödəyir, amma digər öhdəliklər qalır. Həm də kommunikasiya başlayanda məhkəmə tərəflərə barışıq təklif edir. Praktika da göstərir ki, hökumətin və ərizəçinin şərtləri heç vaxt üst-üstə düşmür. Nəticədə razılıq əldə olunmur və barışıqdan imtina edilir”.

Vəkil Əsabəli Mustafayev
Vəkil Əsabəli Mustafayev Fotoqraf: Aziz Karimov

Ə.Mustafayev yeni prosedurun işlək olacağına inanmır:

“Çünki hökumətə barışıq elan etdiyi işlərdə öhdəliyini yerinə yetirəcəyinı inam yoxdur. Hətta qərarları da icra etmirlər”.

Azərbaycan Avropa İnsan Haqları Məhkəməsinin yuridiksiyasına 25 dekabr 2001-ci ildən keçib. İddiaçı yerli məhkəmə orqanlarının bütün instansiyalarını keçib, şikayətinin təmin olunmadığı hallarda hüquqlarının pozulması ilə bağlı Avropa Məhkəməsinə müraciət edə bilər.