Abel Məhərrəmov BDU-da
Abel Məhərrəmov BDU-da

Travmalı Abellər

Bakı Dövlət Universitetinin sabiq rektoru Abel Məhərrəmovun şərab qaçaqmalçılığı haqqında yazılanlardan bir çoxumuz xəbərdar olduq. Yazılanlara inansaq, adam Azərbaycan şərabını İspaniyaya aparıb, orda qablaşdırıb Azərbaycana geri qaytarıb, burda İspan şərabı adı ilə satırmış. Nə isə, bu barədə yazmayacam. Bir məsələyə toxunmaq istəyirəm.

Abelin iş fəaliyyətindəki ''oyunlardan'' bəhs etmək fikrim yoxdur. Kimə maraqlıdırsa, internetdə onun "parlaq" həyatı haqqında bir xeyli fakt tapa bilər.
Maraqlısı odur ki, Abel müəllimin İspaniyadan bura gətirdiyi həmin o şərabların üzərində marka kimi öz adı da var imiş. Diqqətinizi məhz bu nüansa çəkmək istəyirəm. Sən bir işə bax. Ölkəyə fırıldaq şəkildə saxta İspan şərabı gətirəsən, onun da üstünə öz adını həkk edəsən. Bu hal daha çox kitab və filmlərdə rast gəlinən manyakların cinayət yerində buraxdığı özünəməxsus izlərə bənzəyir.

Hətta uşaqlıqdan həvəslə izlədiyimiz "Evdə tək" filmindən bir səhnə yadıma düşdü. Cüt şəkildə oğurluq edən iki kişidən biri hər dəfə soyduqları evdən çıxarkən evin bütün sularını sonuna kimi açıq qoyur. Həm də su tökülən yerin aşağısını müxtəlif əsgi və əşyalarla bağlayır. Nəticədə evi başdan ayağa su basır. Onun oğru partnyoru bu hərəkəti nə üçün etdiyini soruşanda, həmin mənfur oğru qəhqəhə çəkərək, “bu, bizim ev sahibləri üçün qoyduğumuz bir izdir. Biz "yaş oğrularıq"”, - deyir.

Həmin oğru özünəməxsus iz buraxmaqla eqosunu doydururdu. O, həyatda faydalı, müsbət tərəfləri olan izlə yadda qalmağı yox, belə alçaq əməllə gizli məşhurluğu seçmişdi. Filmdəki həmin obrazın ciddi psixoloji problemləri var idi. Digər tərəfdən, onun uşaqlıqdan qalma travmalarının da olduğunu göstərən dialoqlar da filmdə müəyyən qədər qabardıldı.

Ümumiyyətlə, həyatda hansısa izlərlə yadda qalmaq arzusu insanın eqosu ilə bağlıdır. Bunun müsbət və ya mənfi olmasından asılı olmayaraq, həmin əməl supereqonun gətirdiyi nəticədir. Əlbəttə, bu, həm də kifayət qədər mübahisəli mövzu sayılır.

Nobel mükafatçısı Bertran Rassel özünün "Evlilik və əxlaq" kitabında insanın həyatda daim necəsə bir iz qoymaq ehtirasına qadın-kişi münasibətləri rakursundan da toxunub. O, həmin kitabında həm də kişilərin nə üçün oğlan övladlarını daha çox arzulamasını təhlil edib. Nəslin davam etməsi, soyadın daim anılması, nəsil şəcərəsinin yüzilliklər boyu dünyada yaşaması, hətta öləndən sonra belə bir insanı bu qədər qayğılandırırmış. Faktiki olaraq bu gün ölkənin rəsmi statistikası belə açıq deyir ki, Azərbaycanda oğlan uşaqlarının sayı qızların sayından çoxdur. Abort vasitəsi ilə öldürülən qız uşaqları bu iyrənc səbəbə görə məhv edilir. Nəticədə balans pozulur. Ancaq mövzumuz qadın-kişi münasibətlərindəki qeyri-balansın gətirdiyi xoşagəlməz hallar deyil.

Abel Məhərrəmov kimi öz adlarını hər yerdə qoymaq istəyən çoxlu sayda adam tanıyıram. Hazırda həmin adamların əsas tribunası sosial şəbəkələrdir. Onlar bunu açıq və ya gizli şəkildə edir və ehtiraslarını söndürürlər.

Məsələn, özünü yaradıcı sayan sosial şəbəkə "qəhrəman"larından biri mənə demişdi ki, "məni “Facebook”da söyəndə belə xoşuma gəlir". Ondan sadəlöhvcəsinə bunun səbəbini soruşanda, cavabı belə oldu: "Haqqımda mənfi danışıqların getməsi belə məni daha da məşhurlaşdırır".

Mən demirəm, eqo tam olaraq məhv edilməli və ancaq altruist şəkildə yaşamalıyıq. Hər şeyin həddi var. Məsələ ondadır ki, digərlərinin haqlarına hörmət edir və fırıldağa yol verib, soyğunçuluq etmirsənsə, nə qədər istəyirsən eqoist ol. Əsas ətrafa zərər vermə.

Əslində bu cür adamlar Zaur Qurbanlı demişkən, "uduzmuş" kəslərdir. Doğrudan da, onlar həyatda mənəvi həzlərdən uzaq adamlar sayılır. Onlar gözəl əməllərlə, faydalı işlərlə, digərlərinə dəstək olmaqla xatirə dəftərlərində iz saxlamağı ağıllarına belə gətirmirlər.

Müvəqqəti və material şəkildə əldə etdikləri həzlər belə onların daxili narahatlıqlarının üzərinə su səpmir.

Bu kimi hallar psixoloji uşaqlıq travmalarından qaynaqlanır. Təbii ki, uşaqlıqda demək olar hamımız travmalar alırıq. Bəzilərində belə travmalar ağır və dərin olur. Yenə də, o şərait var ki, şüurlu şəkildə həmin travmaları sağaldasan.

Əgər travmanı sağaltmasaq, o, nəinki bizə, hətta bütün cəmiyyətə zərər vermiş olacaq. Bu da Abel kimilərin sayını çoxaldacaq.