Sofiyanın harayı

Ölkəni illərdir ki, Venerina bitkisi kimi ağuşuna alıb içində həzm edən siyasi oyunlardan, saxta seçkilərdən, saxta referendumdan və saxta demokratiyadan sonra xalqımızın görəcək günləri hələ qabaqdaymış. Məsəl üçün süni intellektli robot Sofiya. Kameralar qarşısında heç bir sıxıntı hissi keçirmədən ölkənin inkişafından danışan ölkə başçısı, özünü robotun qarşısında da fərqli aparmadı. Demə, “Asan Xidmət” milli brendi ciddi bir innovasiya imiş, Azərbaycan dünyaya təbii ehtiyat məhsulları ilə bərabər, intellektual məhsullar da ixrac edirmiş, başqa ölkələr “Asan Xidmət”in analoqunu tədbiq etmək üçün artıq qapımızı kəsdiriblərmiş, bu xidmətin bütün dünyada parlaq gələcəyi var imiş. “Asan Xidmət” hökumətimizin ölkəni müasirləşdirmək niyyətini əks etdirirmiş, Bakı bu gün özündə yeni texnologiyalar və innovasiyaları, müasir memarlıq və qədim üslubun vəhdətini birləşdirən dünyanın ən gözəl şəhərlərindən biri imiş...

Bunların cəfəng olduğunu xüsusi qeyd etməyə ehtiyac yoxdur. Zatən düşünən, daha doğrusu, düşünmək istəyən başlar adicə normal kanalizasiya sisteminin olmadığı bir ölkədəki durumdan təbii ki, agahdırlar. Yuxarıda yazılan “inkişaf” nümunələri çox gülməlidir və onların hamısını bir yerə yığaraq “lətifələr toplusu” adlı bir kitab da çap etdirmək olar. Ən maraqlı olanı bizi suallarla üzbəüz qoyan başqa məqamlardır. Gəlişindən az sonra saxta olduğu, əsl versiyasının isə həmin vaxtı hansısa bir beynəlxalq tədbirə qatıldığı bu Sofiya robotunun Azərbaycana, xüsusilə də İmişliyə nə xeyri dəydi? Məddahlıq dolu çıxışı ilə AzTV 1-in muzdlu paytaxt sakinlərindən seçilməyən bir robota bu qədər pul xərcləməyin mənası nə idi və o pullar niyə məsəl üçün problemlər içində yaşayan müharibə veteranlarının, özünü yandıran qazilərin dərdinin həllinə, şəhid ailələrinə xərclənmədi? O ailələr ki, həftələrdir haqları olan qan pullarını ala bilmirlər. Ölkədə pula ehtiyacı olan bu qədər sahə, ciddi işlər, böyük problemlər qala-qala, bu qədər pulun göyə sovrulmasında hikmət var idimi? Var idisə, harada idi? Ölkəmizin qüdrətli olmasındamı? Bu, belə deyil. Qüdrətli bir ölkənin vətəndaşları öz vətənlərindən, yurdlarından, isti ev-eşiklərindən yad ölkələrə sığınmaq üçün qaçarmı? Ölkədə məhv edilən ədaləti yad ölkələrdə ararmı? Yoxsa, prezidentin bu görüşün paytaxtda deyil, İmişlidə olduğunu xüsusi canfəşanlıqla vurğulamasındamı var idi bir hikmət? Yəni 21-ci əsrdə paytaxtda normal nəqliyyat və kanalizasiya sistemi olmadığı halda, İmişli həqiqətən də inkişaf etmiş bir şəhərdirmi? Deyil. Avropanın ucqar kəndlərində belə, kanlizasiya sistemi bizim şəhərlərimizdəkindən qat-qat yaxşıdır. Yaxud hikmət prezidentin ingilis dilində robota “Siz çox ağıllı və çox gözəlsiniz” deməsindəmi gizlənmişdi? Hər halda bunların heç birində nə bir hikmət var idi, nə də məntiq. Həmişə olduğu kimi pul maşını işə düşdü və bu dəfə məsələni Sofiyanın ayağına yazdılar. Sofiyanın ayağı demişkən, atəşli çıxışı ilə İlham Əliyevi və Azərbaycandakı durumu tərifləyən Sofiya təbii ki, intellektli filan deyil. Bir şeyi ki, naqil vasitəsilə enerjiyə qoşub, ölkəyə normal yaşayış və sosial yardımdan başqa, normal təhsildən və səhiyyədən başqa, normal ədalətli məhkəmə və hüquqdan başqa xalqın rifahına xidmət etməyən hər şeyi gətirməyə ciddi fetişi olan Azərbaycan hökumətini tərifləməyi vadar ediblər, ondan hansı intellektli gözləmək olar axı?

Həm mən əminəm ki, Azərbaycana gətirilən Sofiya robotunun, doğrudan da, intellekti olsaydı, o, ölkədə nə baş verdiyini dərhal başa düşər, elə gəldiyi gün özünü enerjidən ayırar və qaldığı yerdən qaçardı. O, əlinə bir kamera alıb, ölkədəki vəziyyəti çəkib dünyaya göstərmək üçün gecə ilə gəzməyə çıxardı. Onda ki, şəhərin ağ-qara həyatını gizlətmək üçün yandırılan əlvan işıqlar az sonra sönəcək, süpürgəçi anaları bir azdan maşın vurub yolun kənarına atacaq, onda ki, bizim vətəndaşlarla eyni işi görüb, eyni ixtisasa sahib olmalarına rəğmən qat-qat çox maaş alan əcnəbilər gənc qızlarımızla otellərdə yuxuya gedəcək, onda ki, səhərə qədər gözünə yuxu getməyən şəhid anaları, şəhid ataları yerlərində qovrularaq bu gün yenə öz haqlarını tələb etmək üçün etiraz aksiyasına getməyə lazım olan adicə yolpulunun belə dərdini çəkəcəklər. Sofiya mənzillərin qapısını döyüb ailəsini necə dolandırmağı düşünən ataların, anaların gözlərini çəkərdi, dərmanpulu tapa, qəpik-quruş pensiyayla dolana bilməyən, sabah hansı dükandan nisyə çörək alacağını düşünən yaşlıların əsə-əsə qəpik sayan əllərini çəkərdi, banklara olan borcu verə bilmədiyi üçün özünü asmağa hazırlaşan adamların əllərindəki ipi çəkərdi, bircə balası hərbi xidmətdə müəmmalı şəkildə öldürülən valideyinlərin göz yaşlarından islanmış yastıqlarını çəkərdi, pambıq tarlalarında istismar edilən müəllimləri, həkimləri çəkərdi. Ən axırda da, o, mütləq ölkədəki bu qədər haqsızlıqlara baxmayaraq, hökumətə və rejimə yaltaqlanan adamların yanına gələrdi.

Sofiya onlara deyərdi ki, siz necə adamlarsız axı? Mən robot ola-ola özümü enerjidən ayırıb həqiqətləri demək, göstərmək üçün yola çıxmışam, amma siz robot olmaya-olmaya özünüzü robotluğa qoymusuz. Deyərdi ki, siz görmürsünüzmü ki, təriflədiyiniz prezident vaxt ayırıb şəhid ailələri ilə azərbaycanca danışmır, amma hansısa robota vaxt sərf edib onunla ingiliscə şirin-şirin söhbət edir? Siz görmürsünüzmü ki, o, robotu belə, bu vətən üçün canını qurban vermiş şəhidlərin xatirəsindən, onların ailələrindən üstün tutur? Görmürsünüzmü ki, ona düşünən, hüquqlarını bilən və haqqını tələb edən, rifah içində yaşayan bir xalq yox, daha çox robotlar lazımdır? Başa düşmürsünüzmü ki, bir gün sizin də qapınız döyüləcək və siz də bu hökumətin, rejimin qabağında robotdan da dəyərsiz olacaqsız? Bu gedişlə bu işlərin axırı bütün xalq üçün, dövlətçilik üçün heç də yaxşı olmayacaq?

Axırda da, Sofiya vargücü ilə haray çəkib bağırardı ki, bəsdirin! Olan-qalan bütün müqəddəsliklər eşqinə bəsdirin robot oldunuz. Vicdanınız olsun, çıxardın özünüzü “tok”dan və insan olun! Yaltaqlıq edən robot olmayın! Nə qədər ki, bütün ölkəni robota çevirməyiblər, nə qədər ki, bu xalq və ölkə tamamilə məhv olmayıb.

Nə qədər ki, gec deyil...