''Şaxələnmiş iqtisadiyyat qurmağa nail olmasaq, gələcəyimiz elə neft rəngində olacaq''

Rövşən Ağayev

''Azərbaycan region ölkələr arasında adambaşına milli gəlirini orta Avropa səviyyəsinə ən gec çatdıracaq ölkə kimi proqnozlaşıdırlıb''

 İqtisadçı Rövşən Ağayev hazırda Milli Məclisin müzakirəsində olan 2019-cu ilin büdcəsi ilə bağlı yaranan suallara cavab verir.

- Rövşən bəy, əksər müsahibələrinizdə bildirirsiniz ki, hökumət nəticə əsaslı büdcə tərtib etməlidir. Nədir “nəticə əsaslı büdcə”?

- Müstəqil ekspertlər nəticə əsaslı büdcəni son 10 ildə daim gündəmdə saxlayıb və sovet dövrünün sonlarından qalma, heç bir səmərəlilik və nəticə göstəricisinə əsaslanmayan büdcə tərtib etmək praktikasından imtina olunmasını təklif ediblər. Son 25-30 ildə Qərbdə ictimai maliyyə menecmentində köklü dəyişiklik baş verdi və nəticə əsaslı büdcə mexanizmi ortaya çıxdı. Nəticə əsaslı büdcə odur ki, hökumətin xərc prioritetləri ilə strateji inkişaf prioritetləri əlaqələndirilir, hökumət öncədən proqnozlaşdırdığı və həmin proqnozlara uyğun vəsait ayırdığı nəticənin reallaşdırılması üçün məsuliyyət daşıyır. Bu cür büdcə menecmentinin tətbiq edildiyi şəraitdə dövlət idarələrinin strateji planları olur, həmin planlarda hər bir qurumun əsas funksiyalarına uyğun məqsəd və hədəfləri müəyyənləşir, sərəncamlarında olan resursların məqsəd və hədəflər istiqamətində ayrılmasını özündə əks etdirən büdcə planları hazırlanır. Büdcə sənədlərində strateji planlar əsasında müəyyən edilən hədəflərə uyğun fəaliyyətlər, bu fəaliyyətlərin nəticələrini ölçmək üçün kəmiyyət və keyfiyyət göstəriciləri sistemi, hər bir fəaliyyətin icrası üçün tələb edilən resursların həcmi əksini tapır. Problem onda deyil ki, nəticəyə yönəlik büdcə mexanizmləri olmayanda dövlət orqanları öz vəzifələrinin öhdəsindən, ümumiyyətlə, gələ bilmirlər. Sadəcə bu cür büdcə menecmenti yoxdursa, hökumətin malik olduğu resursları tələb olunan nəticələr əsasında bölüşdürmək onlar üçün mümkün olmur. Hökumətin öz fəaliyyətini nəticələri ölçməyə imkan verən göstəricilər və meyarlar əsasında qurması mürəkkəb, amma mümkün məsələdir. Belə bir yanaşma mövcuddur ki, insanlar qiymətləndirə bildikləri hadisə və prosesləri idarə etmək və yönlədirmək imkanına malik olurlar. Bu yanaşma dövlət idarəetməsi üçün də keçərlidir. İdarəçilər öz fəaliyyətlərini qiymətləndirə bilmədikdə nə onu təkmilləşdrimək, nə də idarəetmə prosesi üzərində effektiv nəzarəti təşkil etmək imkanına malik olurlar. Hökumət yaxın 3, 5 və 10 illlik dövr üçün təhsil, elm, səhiyyə, aqrar sektor, regionların inkişafı üzrə strateji prioritetlərini cəmiyyətə elan edirsə, həmin prioritetlərə hər il nə qədər resurs xərcləndyini, ilin yekununda hansı nəticələr əldə olunduğunu ölçülə bilən məlumatlar əsasında bilmək də cəmiyyətin haqqıdır. Doğrudur, hər bir ölkənin strateji prioritetləri arasında təhsil və səhiyyə həmişə olur, amma ilk beşliyi tərtib edəndə müəyyən dəyişikliklərin olması mümkündür. Tutaq ki, hansısa ölkə üçün bir mərhələdə regional iqtisadi inkişafda bərabərsizlik, digər üçün səhiyyə və ya təhsil ön yerdə gələ bilər. Bəzi hökumətlərin strateji planları daha uzun müddətli olur və həmin strategiyada müəyyən olunan hədəflərə yetişmək üçün ortamüddətli proqramlar və fəaliyət planları qəbul edilir. Məsələn, Qazaxıstanda “Qazaxıstan 2050” sənədi var. Bu, artıq rəsmi Astananın həmin ilə qədər strateji vizyonunu göstərir. Azərbaycanda son vaxtlara qədər belə sənəd “Azərbaycan 2020” adlı strategiya olub. 2016-cı ildə isə “Strateji Yol xəritələri” təsdiqləndi və xəritədə hökumət daha uzunmüddətli dövr üçün – 2025-ci il və sonrakı dövr üçün vizonunu müəyyənləşdirib. Qarşıdakı dövr üçün adambaşına düşən ümumi daxili məhsulun (ÜDM), o cümlədən qeyri-neft ÜDM-nin və qeyri-neft ixracının həcmi, kiçik və orta sahibkarlığın büdcədə və ixracda payı kimi vacib göstəricilər üzrə hədəflər artıq var. Yaxud 2013-cü ildə qəbul edilmiş təhsil strategiyasında məktəbəqədər təhsillə əhatə səviyyəsini hazırkı 20-25 faizdən 90 faizə çatdrımaq hədəflərdən biridir. İndi büdcə sistemində islahatların qarşısında duran əsas vəzifə budur ki, bilavasitə ictimai qaynaqlar hesabına hər il bu hədəflərlə bağlı fəaliyyətlərə nə qədər resurs xərcləndiyini, hər ilin soununa xərclənmiş resursların bizi son hədəfə nə qədər yaxınlaşdırdığını ortaya qoyan strateji palnlaşdırma və hesabatlılıq mexanizmini hərəkətə gətirsin. Məsələn, bizə 2030-cu ilədək məktəbəqədər təhsilin 6 yaşadək uşaqların 90 faizini əhatə edəcəyilə bağlı rəsmi şəkildə söz verilibsə, hər ilin sonuna dinamikadakı inkişafı da görməliyik.

Regional inkişaf üçün pul ayrılıb, amma deyilməyib ki... 

 - Hökumət dövlət proqramları qəbul edir. Regionların sosial-iqtisadi inkişafına dair 3 proqram icra edib və biz bu xərci büdcədə gördük. Bəs real həyatda nəticəsini niyə görə bilmədik?

- Pul xərclənir, amma rəqəm yerində sayırsa, deməli, nələrsə düz edilmir. Bu, regional inkişafla bağlı qəbul edilən proqramlara və xərclənən pullara da aiddir. Siz son 15 ilin büdcə sənədlərində bilavasitə bu proqramların hədəflərinə və həmin hədəflərə nailolma səviyyəsinə uyğun göstəricilərə görə vəsait ayrılması təcrübəsinə rast gələ bilməzsiniz. Regional inkişaf üçün pul ayrılıb, amma deyilməyib ki, bu vəsaitin xərclənməsi nəticəsində qarşıdakı 1 və ya 3 ildə regionlarda hansı dəyişkliliklər baş verəcək.

Elə nəticə əsaslı büdcənin üstünlüyü odur ki, həm də “həyəcan siqnalı” funksiyasını yerinə yetirən bir mexanizmdir. Gərək hökumət hər il büdcəni tərtib edəndə büdcədən vəsait alan nazirliyin, agentliyin, komitənin, o cümlədən regional inkişafa məsul qurumun strateji planı olsun. Həm də yeni büdcə mexanizmi şəraitində yalnız Maliyyə Nazirliyi bütün nazirliklər adından parlamentə büdcə təqdim etmir. Hər bir nazirlik deputatların qarşısına 3-5 illik strateji planlarla çıxır və bununla da proqnozlaşdırılan nəticənin reallaşdırılması ilə bağlı üzərinə məsuliyyət götürmüş olur. Cəmi 1 il sonra isə həmin büdcənin icrasının nəticələrini təqdim etmək üçün parlament tribunasına yenidən çıxıb, suallara cavab verməli olur. İndi belə bir mexanizm çalışmır. Həm də bu normal şərtlərlə çalışan parlamentin və qanunverici orqan qarşısında gerçəkdən hesabatlı olan icra hakimiyyətin mövcudluğu şəraitində mümkün olur.

Vergilər Nazirliyinin öhdəliyi yerində sayır

- Rövşən bəy, söhbətin istiqaməti hazırda müzakirə predmeti olan 2019-cu ilin büdcəsinə gəldi. Vergi yığımlarında əsaslı dəyişikliklər hiss edilir, məsələn, sadələşmiş və fiziki şəxlərin gəlir vergilərində kəskin azalma göstərilir. Sizcə, büdcənin vergi yığımları niyə bu qədər daralıb?

- Ümumi büdcə nisbətində götürdükdə, 2018-ci ilə nisbətən vergi yığımlarında məbləğ etibarı ilə kəskin azalma yoxdur. Gələn il üçün Vergilər Nazirliyinin büdcədə payı 32 faiz proqnozlaşdırılır. Lakin bu son 5 ildə ən aşağı göstərcilərdən biridir. 2015-ci ildən əvvəl Vergilər Nazirliyinin büdcədə payının 40 faizə çatdığı illər olub. Problem odur ki, iqtisadiyyatın nominal göstəriciləri böyüyür və nəzərə alaq ki, vergilərin həcminə təsir göstərən əsas amillərdən biri budur, amma Vergilər Nazirliyinin öhdəliyi yerində sayır. Məsələn, 2013-2014-cü illərdə Vergilər Nazirliyi 7,1- 7,2 milyard vəsait yığırdısa, 2019-cu ildə 7,3 milyard proqnozlaşdırılır. Hətta 2017-ci ildə 7 mlrd. manatdan da aşağı düşmüşdü. Ötən dövrdə ÜDM nominal həcmli 20 milyard manatdan və 20 faizdən çox artır, amma vergi yığımlarının həcmi dəyişmir və ÜDM-də payı kiçilir.

- Nə üçün?

- Hökumətin bununla bağlı öz arqumentləri var. İqtisadiyyata çoxlu vergi güzəştləri verdiklərini deyirlər. Məsələn, investisiya təşviqi sənədi mexanizmi işə düşüb və bu mexanizm çərçivəsinə düşən biznes üçün 7 il müddətinə mənfəət vergisinin 50 faizi, əmlak, torpaq vergiləri və ƏDV-nin tamamı güzəşt olunur. Oxşar güzəştlər sənaye və texnologiya parklarında yer alan iş adamlarına da şamil edilir. Ancaq bu gedişatda şəffaflıq önəmlidir. İndi parlamentə təqdim edilən büdcə zərfində belə bir hesablamanın nəticəsi açıqlanmalıdır ki, verilən güzəştlər nə qədər sahibkarı əhatə edir, onların faktiki dövriyyəsi, yaratdıqları əlavə dəyər nə qədərdir, onlar üçün verilən güzəştlərdən büdcə real olaraq nə qədər itirir? Ona görə kimsə deyə bilməz ki, vergi yığımının yerində saymasının əsas səbəbi məhz güzəştlərdir. Bu arqument deyilirsə, rəqəmli əsaslandırılması da olmalıdır. Hökumətin belə əsaslandırmasının və müstəqil təhqiqatların yoxluğu səbəbindən burda yalnız iqtisadiyyatın vergi potensialının zəifliyi və “qara iqtisadiyyat”ın miqyasının böyüklüyü haqda danışa bilərik. Reallıq odur ki, bunun ikisi də paralel mövcuddur. İqtisadi potensialın böyük olmaması qeyri-neft ixracında özünü göstərir. ABŞ, Rusiya, Çin kimi ölkələr, hətta Türkiyə iqtisadiyyatda daxili tələb hesabına müəyyən artımı təmin edə bilirlər. Azərbaycan kimi məhdud daxili, az əhali sayına malik ölkələrin böyüməsi və inkişaf etməsi üçün çıxış yolu ixrac potensialından maksimum səmərəli istifadə etməkdir. Baxın, bizdə vergilər kimi qeyri-neft ixracı da yerində sayır. Belə ki, bu ixracın hazırkı həcmini ilin sonuna kimi təxminən 1.6 mlrd. dollar gözləyirəm. 2015-ci ildən əvvəl Azərbaycanda qeyri-neft ixracının bu həcmdə olduğu illər olmuşdu. Başqa tərəfdən, qeyri-neft ixracının neftdən kənar ÜDM-də payı 5 faiz ətrafındadır ki, bu da həddən artıq aşağı göstəricidir. Qeyri-neft ixarıcının məhdudluğu, eyni zamanda dünya bazarına yüksək əlavə dəyərə malik bahalı texnoloji və sənaye məhsullar ilə çıxmaq üçün imkanlarımızın olmaması səbəbindən iqtisadiyyatın vergi potensialı da böyüyə bilmir.

 Büdcənin üçdə ikisi, ixracının onda doqquzundan çoxu birbaşa resurs gəlirlərinə bağlıdır

- Ümumiyyətlə, vergi və gömrük sistemində hansı islahatlar aparılmalıdır ki, büdcənin neft yükü azalsın?

- Dünyada təbii resursa bağlı ölkələrin sayı 50 ətrafındadır. Yəni hər 4 ölkədən biri resurs iqtisadiyyatına bağlıdır. Onlar 3 qrupda cəmləşirlər: kəskin, orta və daha az asılılığı olan ölkələr. Azərbaycan birinci qrupa daxildir və büdcənin üçdə ikisi, ixracının onda doqquzundan çoxu birbaşa resurs gəlirlərinə bağlıdır. Nəzərə alın ki, belə ölkələrdə idarəetmə peşəkar, ən əsası şəffaf və təşəbbüslərə açıq olmayanda iqtisadiyyatın inkişafı ləngiyir. Beynəxalq Valyuta Fondunun noyabr üzrə analitik hesabatına görə Azərbaycan region ölkələr arasında adambaşına milli gəlirini orta Avropa səviyyəsinə ən gec çatdıracaq ölkə kimi proqnozlaşıdırlıb. Bunun üçün bizə 45, Qazaxıstana 7, Gürcüstanda 18 il lazımdır.

- Ermənistanda nə qədərdir?

- 23 il proqnozlaşdırılır. Problem ondadır ki, neftin qiyməti azalan kimi islahat bəyanatları hansı sürətlə artırsa, qiymət artan kimi hökumətin büdcədə payını artırmaq cəhdləri də eyni sürətlə baş verir. 2015-2016-cı ildə neftin büdcədə payı 50 faizdən də aşağı düşmüşdü, 2019-cu il üçün bizim hesablarımıza görə 63-65 faiz ətrafında olacaq. Büdcənin resursdan bu qədər yüksək asılılığı, havayı resurs gəlirlərindən bəhrələnmək iştahı və ondan doğan arxayınçılıq səmərəli vergi inzibatçılığı yaratmağa imkan vermir. Məmurlarda bir arxayınçılıq var ki, bütün hallarda artıq neft və resurs var, onu xərcləyəcəklər. Müstəqil ekspertlərin tənqidlərinə qarşı arqument budur ki, tanrının bizə pay göndərdiyi resursdan niyə bəhrələnməməliyik ki? Amma pulun iqtisadiyyata yaratdığı strateji fəsadlar gətirdiyi cari faydalardan böyükdür. Çoxlu körpü, yaxud keçid, bina tikməklə, tikinti bumu yaratmaqla uzunmüddətli və dayanıqlı iqtisadi inkişaf modeli yaratmaq imkansızdır. Baxın, 2005-ci ildən 2014-cü ilə qədər – tam 10 il dayanmadan tikdilər, bu layihələrə 10 milyardlarla manat xərcləndi. Ancaq neftin qiymətinin cəmi 6 aylıq enişi kifayət etdi ki, iqtisadiyyatda kollaps baş versin. Manat qısa müddətdə 2 dəfə dəyərdən düşdü və 2015-ci ildə dünyanın ən çox ucuzlaşan milli valyutası oldu. Bu böhran ev təsərrüfatlarının sərvətini dəyərdən saldı, qənaətlərini xərcləməyə və yoxsullaşmağa düçar etdi. Biznesi borc bataqlığına saldı, bank sektorunu çökdürdü. İqtisadiyyat hələ də özünə gələ bilməyib və 2 illik enişdən sonra staqnasiya dövrünə qədəm qoyub. İndi yenə də tutaq ki, neft 10 il baha oldu, yenə də eyni sürət və miqyasla tikdik, axı təbii resursların gələcəyi qaranlıq görünür və biz yenə də davamlı iqtisadiyyat qurmadığımız üçün çöküşdən qaçış sığortamız yoxdur. Dünyada enerjinin istehsal və istehlak strukturunda baş verən dəyişikliklər onu göstərir ki, şaxələnmiş iqtisadiyyat qurmağa nail olmasaq, gələcəyimiz elə neft rəngində olacaq.

Gömrükdə gerçək nələrin baş verdiyini ən yaxşı sahibkarlar deyə bilər, lakin onların sərbəst danışması üçün ölkədə mühit əlverişli deyil

- Gömrük rəhbərliyinin dəyişməsi bu sahədə hansısa işlərin getdiyini deməyə əsas verirmi?

- Gömrükdə görünən tərəflərdən biri vergiyə ödəmələrinin artmasıdır. Gömrük Komitəsi böhranın gəldiyi 2014-cü ildə 1,5 milyard manat vergi ödəyib. Bu il 3,2 gözlənilir və 4 ildə iki dəfə artım var. Amma bu artımda təkcə şəffaflığın və leqallaşmanın olduğunu demək üçün hansı əsasları varmı?! Məsələn, dollar ifadəsində idxalın həcmində nəzərə çarpan artım olsa idi, qara idxalın ciddi leqallaşmasını asanlıqla dilə gətirmək mümkün idi. Yaxud manatın dəyərdən düşməsi idxalın vergiyə cəlb edilən bazasını artırmasa idi və eyni idxal dəyərinə görə vergi yığımları böyümüş olsa idi, bu halda da leqallaşmanın ciddi nəticələri haqda rahat danışmaq olardı. Amma indi qarşımızda duran mənzərə belədir: 2014-2017-ci illərdə idxalın dollar dəyərində faktiki elə bir ciddi dəyişiklik yoxdu və bütün illər üzrə aşağı-yuxarı 9 mlrd. dollar ətrafında olub. Lakin devalvasiya nəticəsində manat ifadəsində idxalın dəyəri 7.2 mlrd. manatdan 16 mlrd. manatadək artıb. Sadə desək, manat dəyərdən düşməzdən əvvəl idxalın hər dollarından təxminən 0.25 manat gömrük vergi və rüsumları almaq olurdusa, hazırda bu azı 0.5 manat təşkil edir. Qanunvericiliyə görə, idxalın xarici valyuta ilə dəyəri Mərkəzi Bankın həmin günə olan məzənnəsi manata çevrilir və həmin məbləğdən idxala vergi və rüsumlar hesablanır. Təəssüf ki, tədqiqatlarımız çərçivəsində ekspert qrupumuz xarici ticarətlə məşğul olan bir neçə sahibkarı sorğu və müsahibəyə cəlb etmək istədi. Amma ya imtina ediblər, ya nədənsə ehtiyat etdikləri üçün səhih informasiyalar vermək istəmədikləri aşkar hiss olundu. Yəni əslində gömrükdə gerçək nələrin baş verdiyini ən yaxşı sahibkarlar deyə bilər. Lakin onların sərbəst danışması üçün ölkədə mühit əlverişli deyil. Başqa bir yol odur ki, Gömrük Komitəsi yaxşı bir aralıq nəticə hesabatı hazırlayıb ictimaiyyətə təqdim edə bilər. Həmin hesabatda 2016-cı ildən əvvəl və sonra hansı mal qrupları üzrə idxalın həm natural, həm də dəyər həcmində, həmin qruplar üzrə vergi yığımının səviyyəsində hansı dəyişikliklərin baş verdiyi təqdim edilə bilər. Eyni qaydada ixracatçıların sayında, regional strukturunda baş verən dəyişiklər də vizual olaraq görüntülənə bilər. Mənim statistikadan gördüyüm odur ki, bəzi məhsulların həm idxal həcmində, həm də bir vahidinin orta qiymətində artımlar var. Məsələn, 2015-ci ilədək kərə yağının bir kiloqramını 1.2 -1.3 dollara rəsmiləşdirirdilər, indi 5 dollardan az deyil. Eyni zamanda bəzi qida məhsullarının və geyimlərin də idxalında natural göstəricilərlə artım baş verib. Bəzi sahubkarlar əvvəlki dövrə nisbətən idxal olunan məhsulların natural göstəriciləri üzərində nəzarətin artığını söyləyirlər. Məsələn, bildirilir ki, əvvəllər geyimlər istisnasız olaraq ölkəyə çəki ilə buraxılırdı, amma indi sayılır və real dəyərinin, həcminin müəyyən olunmasına təşəbbüs göstərilir. Amma hələ ki, bu artımlar idxalın miqyasında özünü ciddi göstərmir. Doğrudur, 2018-ci ildə əvvəlki 3 ilə nisəbətən 10-15 faiz artım gözlənilir. Amma bu, daha çox dövlət sektorunun idxalı hesabınadır. Nəzərə alaq ki, əvvəlki illərdə özəl sektordan fərqli olaraq dövlət idxalının qeyri-leqal olması ehtimalı çox az olub. Yəni bu idxal artırsa, səbəb leqallaşma yox, büdcə imkanın genişlənməsidir. Çünki böhran illərindən büdcənin məhdudluğu idxalı azaltdı, indi isə büdcənin şişməsi dövlət sektorunun idxalını da böyüdür.

Nəzərə alaq ki, müstəqil ekspertlərin “Comtrade” və UNCTAD məlumat bazasının köməyilə hazırladığı “güzgü statistikası”-nın nəticəsinə görə, Azərbaycanın özündə qeydə olunan idxalın həcmi bizə məhsul göndərən ölkələrdə uçota alınan göstəricilərdən 3.5-4 mlrd. dollar azdır. Doğrudur, beynəlxalq xarici ticarət statistikasına görə, ölkələlərarası ticarətdə bəzi obyektiv səbəblər (məzənnə fərqi, malın çıxma və çatma vaxtı, göndərmə şərtləri arasında fərq və s) üzündən 12-15 faizlik bir fərqin olması yolveriləndir. Amma hətta yolverilən fərq nəzərə alınsa belə, “güzgü statistikası”nda bizim qeydə alınan idaxlımız tərəfdaş ölkələrin statistikası ilə müqayisədə azı 2-2.5 mlrd. dollar azaldılmış görünür. Yəni leqallaşmanın bir təsdiqi də bu fakt olacaq ki, “güzgü statistikası”ndakı fərqlər aradan qalxacaq və həmin fərq 15 faizi ötməyəcək.

Gömrük sisteminin vergi inzibatçılığı kökündən dəyişsə, çox yaxşı olar

- Bu mənada gömrükdə nə dəyişməlidir sualı ortaya çıxır?

- Azərbaycan idxaldan yüksək asılılığı olan ölkədir. İnvestisiya təyinatlı məhsulların 80-90 faizi, gündəlik istehlak mallarının isə azı 50-60 faizini idxal edirik. İdxal sahibkar üçün böyük qazanc mənbəyidir. Yəni iş adamı istehsal edə bilmirsə, istehsalçı kimi yox, idxalatçı kimi sahibkara çevrilir. Azərbaycan kimi ölkədə rahat, həm də böyük pul qazanmaq imkanının olması siyasi hakimiyyət üçün həmişə təhlükəli iş sayılıb. Hakimiyyət nə zamana ki, biznesi sərbəst buraxacaq, sahibkara siyasi yanaşma sərgiləməyəcək, o zamana kimi aparılan islahatlar da kosmetik olacaq. Hesab edin ki, gömrük tam sərbəstdir, amma malını ölkəyə gətirirsən, onu satanda nə ilə üzləşəcəksən, bax, bunu bilmirsən. Sistemli islahatlara ehtiyac var. Konkret gömrük sisteminin özünə gələndə, vergi inzibatçılığı kökündən dəyişsə, çox yaxşı olar. Gömrük sisteminin vergi yığımı səlahiyyətləri tamamilə Vergilər Nazirliyinə keçməli, əvəzləşdirmə və artıq ödəmə problemindən sahibkarın can qurtarması üçün satış məqsədilə ölkəyə gətirilən mallar ƏDV-yə idxal zamanı deyil, satışı zamanı cəlb edilməli, ƏDV-nin differensial dərəcələri tətbiq olunmalı, invoys və digər mal-müşayiət sənədləri tam qaydasında olan mallara minimum tariflər tətbiq etməklə sənəddə əks olunan idxal dəyərilə müqayisədə sahibkardan daha yüksək vergi-rüsumlar almaq praktikasına son qoyulmalıdır.

Həkimlərin maaşında ciddi artım görünmür, cəmisi 10 faiz

- Gələn ilini büdcəsində həkimləri, müəllimləri, təqadçüləri və sair sosial təbəqə sahiblərini nə gözləyir?

- Büdcənin ümumi xərcləri 7 faizdən çox artacaq. Ancaq bu artım ayrı-ayrı istiqamətlərdə fərqlidir. İdarəetmə orqanlarının saxlanılması xərcləri 23 faiz, məhkəmə hakimiyyəti 12, təhsil xərcləri 11.3, sosial müdafiə xərcləri 9, investisiya xərci 34,5 faiz artacaq. Ən çox artım tikinti və səhiyyə xərclərindədir. Səhiyyə xərclərinin artımının əsas səbəbi icbari tibbi sığorta ilə bağlıdır. Hökumət 3 rayonda icbari tibbi sığorta tətbiq edib, İcbari Tibbi Sığorta Agentliyinin xərcləri 250 milyon manat artacaq. Gələn il icbari tibbi sığorta tətbiq ediləcək rayonların sayında artım gözlənilir. Hökumət 2020-ci ildən icbari tibbi sığortanı bütün ölkəyə tətbiq etmək istəyir. Ən müsbət tərəf bu olsa da, həkimlərin maaşında ciddi artım görünmür, cəmisi 10 faiz. Müəllimlərin əməkhaqqı xərclərinin strukturuna baxdıqda ən böyük əməkhaqqı fondu sayıla bilər - təxminən 31.8 faiz. Məsələ ondadır ki, büdcədə çalışanların 60 faizindən çoxu müəllim və həkim olduğundan əməkhaqqı fondu payı burda çoxluq təşkil edir. Bu 2 sahədə 500 minə yaxın insan çalışır - təxminən bütün büdcə işçələrinin 60 faizi. Lakin büdcənin əmək haqqı fondunun cəmi 40 faizi təhsil və səhiyyəyə çatacaq.

 SOCAR Gürcüstanda xarici şirkət kimi daha yaxşı xidmət göstərir, nəinki bizə milli şirkət kimi

- Dövlətin iri şirkətlərinin büdcədən asılılığını azaltmaq üçün hansı addımlar atılmalıdır? İnzibati tədbriləri gücləndirməklə buna nail olmaq mümkündürmü?

- Beynəlxalq Valyuta Fondunun noyabrın 6-da Qafqaz və Cənubi Asiya ölkələri üçün açıqladığı analitik hesabatda Azərbaycan üçün ən ciddi problem iqtisadiyyatda dövlət şirkətlərinin əhəmiyyətli rol oynaması göstərilir. Qazaxıstanın artıq bu istiqamətdə addım atdığı qeyd olunur. Bildirilir ki, dövlət şirkətlərinin ilkin yerləşdirmə (İPO) vasitəsilə səhmləşdirilib bazara çıxarılması çox müsbət təcrübə olardı. Azərbaycanda iri şirkətlər dövlətdən həmişə subsidiya alıblar. Amma devalvasiyadan sonra dövlət şirkətlərinin maliyyə vəziyyəti daha da pisləşdi. Onsuz da bu şirkətlər uzun illər qapalı və korrupsiya riskinin həddən artıq yüksək olduğu subyektlər kimi icitimai rəydə tanınıblar. 2016-17-ci illərdə təkcə büdcənin borc təminat fondu hesabına dövlət müəssisə və şirkətləri üçün 3 milyard manata yaxın borc qaytarıldı. Bu, azmış kimi dövlət bu şirkətlərə subsidiyalar verir, nizamlanma kapitalının artırılması adı ilə investisiya xərcləri çərçivəsində nəhəng vəsaitlər ayırır. Vəziyyəti dəyişmək üçün bu şirkətlərin fəaliyyəti ciddi şəkildə invertarizasiya olunmalıdır, səmərəliliyi qiymətləndirilməlidir. Dünya praktikasında olduğun kimi ya tam şəkildə, ya da bir hissəsi bazara çıxarıb özəlləşdirilməlidir. Ola bilər ki, nəzarət səhm paketi, yəni 51 faizi dövlətdə saxlanılsın və qalan 49 faizi səhmləşdirilib özəl sektora keçsin. İkinci variantda korporativ idarəetməyə keçirilir, burda mülkiyyət sahibi ilə idarəetmə ayrılır, Müşahidə Şurası və direktorlar heyəti ayrılır, qarşılıqlı nəzarət mühiti formalaşır, kollegial idarəçilik təcrübəsi gətirilir. Azərbaycan Dövlət Neft Şirkətini misal çəkək. Əgər özəlləşdirə bilmirlərsə, şəffaflıq yaratsınlar. Büdcə parlamentə getdiyi kimi bu şirkətlərin gəlir və xərclər smetası ictimaiyyət üçün açıq olmalıdır. Ən yaxşı variant dövlətsizləşmənin getməsidir. Məsələn, dövlətə ən ağır maliyyə yükü gətirən kommunal sektordur. Söhbət “Azərsu”, “Azərişıq”, “Azəriqaz”-dan gedir. Dövlət bunların mülkiyyətini özündə saxlayıb konsessiyaya verməlidir. Bu əsrin əvvəlində “Barmek”in timsalında bu idarəetməni gördük. Hökumət Bakı, Gəncə, Sumqayıt kimi iri şəhərlərin içməli su paylaşma sistemini tender yolu ilə idarəetməyə verə bilər. Qoy beynəlxalq operatorlar gəlib tenderə qatılsınlar, hansı yaxşı təklif versə, onu seçəcəyik. Gürcüstan artıq qazı, su və işığı operatorlara verib. Məsələn, Gürcüstanı qazpaylaşdırma şəbəkəsi SOCAR-dadır. Özü də xarici şirkət kimi daha yaxşı xidmət göstərir, nəinki bizə milli şirkət kimi. Çünki dövlət qarşısında sərt öhdəliyi var, güclü ictimai nəzarət də öz yerində. Son 3 ildə regionda başqa bir ölkə - Ermənistan da içməli suyun paylanması üçün Fransa şirkəti ilə konsessiya müqaviləsi bağladı. Müqaviləyə görə, şirkət bu ölkənin hökumətinə 185 milyon dollar konsessiya haqqı ödədi, 165 milyon dollar da yaxın 15 ildə sərmayə qoymaq öhdəliyi götürdü. Hökumət həm büdcəyə vəsait cəlb elədi, həm də dövlətin sərmayə yükünü öz çiynindən özəl sektora transfer elədi. Başqa uduşlar da var: dövlət belə müqavilələr çərçivəsində vətəndaşa məişət səviyyəsində xidmətlər və təsərrüfat fəaliyyətləri göstərmək yükündən azad olur, vətəndaşlar isə peşəkar şirkət tərəfindən daha keyfiyyətli xidmət təminatı alır.

 Dövlətin turizm sektoruna nəhəng sərmayə qoyması çox absurd məsələdir

- Siz gələn ilin investisiya xərclərinə toxundunuz. İnvestisiya xərcləri hər zaman büdcədə ən böyük paya sahibdır. İllərdir hökumət bəhanə gətirir ki, ölkənin infrasturkturu yenidən qurulur. Nəyə görə bu yenidənqurma işləri yekunlaşa bilmir, korrupsiyadırmı səbəb?

- Həm korrupsiya, həm şəffaflıq var. Məsələn, Bakı-Quba yolu 1.2 milyard dollar investisiya ilə başa gəldi. Amma nəticəsini gördünüz, yenidən çəkilir. Yaxud Şamaxıda Olimpiya Kompleksi tikmişdilər, sonra bir hissəsini söküb yenidən tikdilər. Xeyli belə fakt sadalamaq mümkündür. Canlı şahidi olduğum bir faktı da deyim. Beyləqanda doğulduğum kənddə evləri və kənd təsərrüfatları suyun altından xilas etmək üçün şoranlaşma ilə bağlı 3 il əvvəl layihə icra edildi və deyilənə görə 1 mln. manatdan çox pul xərcləndi. Amma keyfiyyətsiz icra edildiyindən kənd yenə suyun altındadır. Deməli, vəsait havaya sovrulub.

- Oxşar vəziyyət Lənkəranda da olub...

- Görürük ki, illər boyu çoxlu investisiya layihələri həyata keçirilir və bu layihələrin bir hissəsi keyfiyyətsiz olduğundan yenidən qurulur. Başqa bir məqam. Dövlət “Şahdağ” turizm mərkəzinə 1.2 milyard dollar investisiya qoydu. Hökumətin yerində olsa idim, bu addımı nəinki atmazdım, heç ağla gətirməzdim. Çünki dövlətin turizm sektoruna nəhəng sərmayə qoyması çox absurd məsələdir. Dövlət həmin ərazini və layihəni tenderə çıxarda bilərdi. Yalnız milli şirkətlərə yox, daha çox xarici investora yönəlmiş tender keçirərdi. Əmin edirəm ki, bu, baş tutsaydı, çox böyük müsabiqə olardı, onlarla şirkət tenderə qatılardı. İndi nə baş verir, dövlət o qədər vəsait xərcləyib, hər il də 15, 20, 27 milyon obyektin ziyanını ödəmək üçün büdcədən pul ayrılır. Əvvəla, dünyada büdcəsinin az qala 40 faizini tikintiyə xərcələyən çox az ölkə tapılar. İnkişaf etmiş ölkələrin büdcə xərclərinə baxsanız, sosial xərclərin payı 40 faizdən az deyil. Şimali Avropa ölkələrində isə büdcənin 70 faizi sosial yönümlüdür. Azərbaycanda bu rəqəm 30 faizdən çox deyil, yəni büdcədə təhsilin, səhiyyənin payına baxanda zəif inkişafa malik dünya ölkələrinin göstəricisi yada düşür. Qonşu Türkiyədə təhsilin xərcləri az qala 20 faizə çatır, amma bizdə təhsil və səhiyyə bir yerdə 15 faiz deyil. İnvestisiya xərclərinin bu qədər olmaması üçün iki variant var: birinci, hökumət bir çox investisiya xərcini üzərinə götürmür, məsələn, turizm, kommunal sektoru. Bunları ya tam şəkildə, yaxud özəl sektorla partnyorluq sazişi çərçivəsində həyata keçirir. İkinci variant şəffaflıqlıqdır. Əgər hökumət media və vətəndaş cəmiyyətini bu sahəyə rahat buraxsa və icra edən şirkətlər və məsuliyyətli məmurlar əmin olsa ki, əyintilər ictimailəşsə, cəzalandırılacaq, daha keyfiyyətli və daha az xərclə iş görərlər. Amma Azərbaycanda media və vətəndaş cəmiyyətinin az qala artıq özü yoxdur.

Dövlət sektorunun ümumi borcunu götürsək, kritik həddən yuxarıdır, amma...

- Gələn il büdcənin 10 faizi dövlət borclarının ödənilməsinə yönələcək. Bir tərəfdən 2.3 milyard manatlıq dövlət borcu qaytaracaq, digər tərəfdən də 1.6 milyard manatlıq da xarici kredit alacağını göstərir. Dövləti bu qədər borclanmaya salmaq hansı riskləri yaradır?

- Hazırkı iqtisadi göstərilərlə baxdıqda risk görünmür. Çünki neft resursları hesabına çox böyük təhlükəsizlik yastığı formalaşır. Maliyyə Nazirliyinin nəzarətində olan təxminən 1 milyard dollar xəzinə ehtiyatı, Mərkəzi Bankın 5.5 milyardlıq valyuta ehtiyatı, nəhayət, Neft Fondunun 38 milyard dollara yaxın vəsaiti. Böhrandan əvvəl 53 milyard dollar ehtiyat vardı, onun 15 milyard dolları devalvasiya hesabına əridi. Neftin qiymətinin son illərdə artımı həmin itkilərin müəyyən hissəsinin bərpasına imkan verib və ilin sonuna ehtiyatlarımızın 45 milyard dollara çatması gözlənilir. Hökumətin də əsas arqumenti odur ki, xarici borclarımız ehtiyatlarımızın 25 faizini təşkil edir. Manat ifadəsində hökumətin xarici borclarının ÜDM-də pay isə 20 faizi ətrafındadır. Sadaladıqlarıma əsasən vəziyyət riskli deyil, amma vacib məqam borcun təsnifatındadır. Çünki hökumət mövcud qanunvericilikdən çıxış edərək dövlət borcu kimi yalnız hökumətin borclarını nəzərə alır. Məncə, doğru yanaşma deyil. Baxın, dövlət bankı olsa da, Beynəlxalq Bankın borcları suveren borc kateqoriyasına aid edilmirdi və korporativ borc sayılırdı. Amma bank çökəndə bütün borcların məsuliyyətini dövlət öz üzərinə götürdü. Sabah SOCAR problemlə üzləşsə, yükünü dövlət çəkməli olacaq. Yuxarıda xatırladım, 2016-17-ci illərdə dövlət şirkətlərinin borclarına dövlət büdcəsi və dövlət büdcəsinin təminat fondu vasitəsilə 3 milyard manata yaxın vəsait xərcləndi, halbuki, dövlət ödəməməli idi. Beynəlxalq Valyuta Fondunun 6 noyabr hesabatında da Azərbaycanın xarici borcları hökumətin dediyi kimi 20 faiz yox, ÜDM-də payı 50 faiz göstərilir. Çünki fond ümumilikdə dövlət sektorunun borclarını göstərir. Yəni dövlət sektorunun borcu çoxdur. BVF borcun ÜDM-in nisbəti inkişaf etmiş ölkələrda 60 faizi, inkişaf etməkdə olan ölkələr üçün 40 faizi ötdükdə kritik hədd sayır. Beləliklə, dövlət sektorunun ümumi borcunu götürsək, kritik həddən yuxarıdır. Amma hökumətin borcu kritik deyil. Neftin qiyməti yaxın 3-5 il üçün belə davam edəcəksə, bu qədər borclanma risk yaratmır. Amma neftin qiymətinin kəskin enəcəyi və uzun davam edəcəyi bir ssenari də var, bu ssenaridə indiki borc səviyyəsi risklidir.

Neftin qiyməti 50 dollardan aşağı ensin və cəmi 1 il bu şərait davam eləsin, nəticəni özünüz görəcəksiniz

- Büdcədən bu qədər xaricə pul axını manata qarşı təzyiq yaratmırmı?

- Manata təzyiq o zaman yaranır ki, gələn pul gedən puldan az olsun. 2015-16-cı illərdə tədiyyə balansına təzyiq ona görə gücləndi ki, ölkəyə gələn valyuta çıxandan az oldu. Amma 2017-ci ildən vəziyyət sabitləşməyə başladı, bu il isə yüksək neft qiymətləri hesabına tədiyyə balansında böyük həcmdə profisit yaranıb və bu gün resurs gəlirlərinin şişməsi hesabına manat hələlik təzyiq hiss etmir.

- Ancaq maliyyə naziri Samir Şərifov dedi ki, qonşu İran, Rusiya və Türkiyədə yerli valyutalarının zəifləməsi manata təsirini artıra bilər...

 - Şübhəsiz ki, ticarət tərəfdaşları olan ölkələrdə baş verənlər təsir edir. İyul-avqust aylarında xüsusən İran, Rusiya və Türkiyədə baş verənlərlə bağlı panik vəziyyət yaranmışdı və valyuta bazarında gərginlik hiss edildi. İdxalımızda üstünlüyü olan ölkələrin valyutasının dəyərdən düşməsi o baxımdan bizə narahatlıq yaradır ki, onların məhsullarını dollarla almaq daha sərfəli olur və bu bizim yerli istehsala zərbə vurur. Lakin bu təsirin daha hərtərəfli olması üçün ölkəyə valyuta axınlarında da həmin tərəfdaşlarla ticarətin payı yüksək olmalıdır. Amma bizim valyuta qazancımızın az qala 85 faizi bu 3 ölkədən kənarda formalaşır. Məsələn, bu göstərici 50 faiz olsa idi, biz talatümü hiss edərdik. Bu baxımdan indiki iqtisadi reallıqda neftin qiymətinin 60 dollardan aşağı düşməsi bizə daha ağır zərbə vurur, nəinki hətta 3 ölkənin valyutasının paralel ucuclaşması. Biz bunu son 4-5 ayda yaşadıq. 3 ticarət partnyorumuzun milli valyutası eyni vaxtda dəyər itirməyə davam etdi, təsirləri bizdə panikadan o tərəfə keçmədi. Amma indi neftin qiyməti 50 dollardan aşağı ensin və cəmi 1 il bu şərait davam eləsin, nəticəni özünüz görəcəksiniz.