Corc Kent: Gələn dəfə gələndə Azadlıq Radiosunu dinləyəcəyimə ümid edirəm

''İran və Rusiyanın fəaliyyəti bölgədə təhlükəsizliyin güclənməsinə xidmət etmir''

ABŞ Dövlət Katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisinin müavini Corc Kent oktyabrın 10-da ölkəsinin Bakıdakı səfirliyində mətbuat konfransı keçirib.

31 il əvvəl, 1987-ci ildə tələbə olan vaxt Azərbaycanda olduğunu söyləyən Corc Kent budəfəki səfərində prezident İlham Əliyev, xarici işlər naziri Elmar Məmmədyarov, biznes dairələri və müxalifət, vətəndaş cəmiyyətinin nümayəndələri ilə görüşdüyünü bildirdi.

Corc Kent rəsmi görüşlərdə toplaşma azadlığı və qanunun aliliyi də daxil olmaqla fundamental azadlıqlara hörmətin, korrupsiyaya qarşı mübarizənin, Azərbaycan xalqının firavanlığı və təhlükəsizliyinin təminatının, ikitərəfli münasibətlərin dərinləşməsinin vacibliyini vurğuladığını dedi.

Corc Kent bildirib ki, Bakıya səfərinin əsas məqsədi ABŞ-la Azərbaycanın münasibətlərini daha da yaxşılaşdırmaqdır:

“Düşünürəm ki, hər kəs iki dövlətin əlaqələrinin daha sıx olmasını istəyir. ABŞ da daha firavan, təhlükəsiz və inkişaf etmiş Azərbaycanı görmək istərdi. Sözügedən Cənub Qaz Dəhlizi kimi mühüm və massiv layihəyə müxtəlif dövlətlər və şirkətlər milyardlarla dollar xərcləyib. Bu layihə vasitəsilə bölgənin enerji ehtiyatlarının Avropaya çatdırlıması təmin olunacaq. Məhz Cənub Qaz Dəhlizinə bənzər layihələr dövlətlər və şirkətlər arasında əməkdaşlığın əyani nümunəsidir ki, ümumi firavanlığa xidmət göstərir. Rəsmilərlə regional təhlükəsizlik barədə danışarkən Azərbaycanın qonşusu olan bir neçə dövlətin fəaliyyəti də görüşlərin müzakirə obyekti olub. Bu dövlətlərin fəaliyyəti bölgədə təhlükəsizliyin güclənməsinə xidmət etmir. Bu sıraya Rusiya və İranın fəaliyyətləri daxildir ki, ABŞ da bu dövlətlərə sanksiyalar tətbiq edib. Biz müəyyən dövlətlərin enerji amilini məhz silah kimi istifadə etdiyini bilirik. Ona görə Cənub Qaz Dəhlizi kimi mühüm layihələr enerji təhlükəsizliyinə təminat verir və diverfikasiyasında rol oynayır. Bir sıra məsələlər də var ki, xüsusi əhəmiyyət daşıyır. Mən Ukraynada 3 il çalışanda bu ölkədə virus hücumları baş vermişdi. Rusiya tərəfindən həyata keçirilən hücum nəticəsində Ukraynanın elektrik xətləri sıradan çıxarılmışdı. 2017-ci ilin iyununda bir hücumla bütün korporosiyalar sıradan çıxdı. Məhz buna görə təhlükəsizlik barədə danışanda biz silahları nəzərdə tutmuruq, başqa sahələr də var ki, bura viruslar da daxildir”.

Xəzərin statusu barədə razılaşma Konvensiyasına ölkəsinin münasibəti haqda suala Corc Kent diplomatik cavab verib:

“İndiyə qədər tərəflər bu sənədi öyrənir. Hesab edirəm ki, danışıqlarda iştirak edən Azərbaycan rəsmiləri daha müfəssəl cavab verə bilər”.

Dövlət rəsmisi Bakı görüşlərində Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində irəliləyişlərin əldə olunması və xarici işlərinin Nyu-York, eyni zamanda prezident Əliyevlə Baş nazir Paşinyanın Düşənbə təmasını müzakirə etdiklərini deyib:

“Minsk Qrupunun həmsədri kimi ABŞ üzərinə düşən məsuliyyəti çox ciddi qəbul edir. Biz münaqişənin həllinə BMT-nin 4 qətnaməsinə və Madrid Prinsiplərinə əsaslanan gücün istifadə olunmaması, ərazi və suverinitet bütövlüyü və xalqların öz müqəddaratını müəyyən etmək də daxil olmaqla həll yolunun tapılmasının tərəfdarıyıq”.

Corc Kent zala işarə edərək bu sayda media nümayəndəsi ilə görüşündən məmnun olduğunu bildirib:

“Gələn dəfə Azərbaycana səfər etdiyim zaman Azadlıq Radiosunun nümayəndəsinin də burda olacağına və radionu dinləyəcəyimə çox ümid edirəm. Media azadlığı toplaşma azadlığı və söz azadlığı ilə yanaşı cəmiyyətlərin uğurunu təmin edən azadlıqlardan biridir”.

“Hazırda dünya mediasının diqqəti “Washington Post”un Səudiyyə Ərəbistanı müxbirinin yoxa çıxmasındadır. Oxşar hadisə 1 il əvvəl azərbaycanlı jurnalist Əfqan Muxtarlı ilə bağlı baş verib. Onu Gürcüstanda oğurlayıb, işgəncə verib və Bakıya gətiriblər. Bu barədə ABŞ Dövlət Departamentinin istinad etdiyi beynəlxalq hesabatlarda məlumatlar öz əksini tapıb. Siz prezident Əliyevlə görüşdə Əfqan Muxtarlı və Azərbaycanda bloklanan saytlar barədə danışdınızmı” sualına Corc Kentin cavabı belə olub:

“Dövlət katibi Pompeo Səudiyyə Ərəbistanı jurnalisti ilə bağlı narahatlığını bildirib. Ümumiyyətlə, ölkəsindən asılı olmayaraq istənilən jurnalistin təhlükəsizliyi ABŞ üçün çox vacib məsələlərdən biridir. Əfqan Muxtarlının məsələsini Bakıda deyil, iki həftə əvvəl Amerikaya səfər edən Gürcüstan xarici işlər naziri ilə müzakirə etmişdik. Səudiyyə Ərəbistanı jurnalisti, Əfqan Muxtarlı, yaxud bu yaxınlarda faciəvi öldürülən bolqarıstanlı jurnalstlə bağlı məsələlər Vaşinqtonu çox narahat edir. Bir daha deyirəm, jurnalistlərin təhlükəsizliyi ABŞ üçün çox vacib məsələlərdən biridir”.