Emomali Rahmon
Emomali Rahmon

Tacikistanda: prezident ailəsi ölkəyə necə sahib oldu

Material “Нromadske” saytında dərc olunub

Dünyanın ən qapalı ölkələrindən birində aparılan araşdırma göstərdi ki, Tacikistanda bütün korrupsiya əlaqələrinin bir ucu bu və ya digər dərəcədə prezident ailəsinə gedib çıxır. Taciklərin əksəriyyəti yoxsulluq həddində yaşayır, prezident Emomali Rahmon və ailəsi isə zəngin həyatdan həzz alırlar.

OCCRP-in (korrupsiya və mütəşəkkil cinayətkarlığın araşdırılması üzrə layihə) baş redaktoru İlya Lozovski, “Hromadski”yə niyə Tacikistanda güclü müxalifətin olmadığını və ölkənin, tədricən, necə Şimali Koreyaya çevrildiyini izah edib.

Orta Asiyanın ən kasıb ölkələrindən biri olan Tacikistan prezident Emomali Rohmanın diktaturası altında yaşayır.

- OCCRP müəyyənləşdirib ki, ölkədəki bütün korrupsiya əlaqələrinin bir ucu prezident ailəsinə aparır. Vəziyyətin nə qədər ciddi olduğunu izah eləyə bilərsiniz?

- Əslində, vəziyyət çox pisdir. Tacikistan prezident və onun ailəsinin hakimiyyəti altındadır, hər şeyin sahibi onlardır. Onlar müəyyən həddə qədər inkişaf etmiş istənilən biznesi öz əllərinə keçirirlər. Bizim araşdırmalar bunun mexanizmlərini ifşa edir.

Yerli əhalinin öz bisneslərini inkişaf etdirmək, genişmiqyaslı bir şey yaratmaqdan ötrü stimulları yoxdur. Bu da onları ölkədən getməyə sövq edir. Bəziləri Rusiyaya yollanır, çoxu isə Türkiyə, ya da başqa ölkələrə.

Biz araşdırmamızda diqqətimizi prezidentin kürəkəninə yönəltdik. Onun adı Şamsullo Sohibovdur, prezidentin qızlarından biri ilə evlidir və biznes imperiyası qurub. Biz onun öz imperiyasını hakimiyyətin yardımı ilə addım-addım necə inkişaf etdirdiyini göstəririk.

Həmçinin onun yoluna çıxan, ya da Tacikistan üçün başqa yol cızmağa çalışan insanların taleyinə də işıq salırıq. Bu, həm korrupsiyanın, həm də hakimiyyətin yardımı ilə varlanmağın hekayətidir.

Şəmsulla Soxibov və Emomali Rahmon
Şəmsulla Soxibov və Emomali Rahmon.

- Siz bu informasiyanı gün işığına çıxaranda hakimiyyət, cəmiyyət, yaxud da müxalifət tərəfindən hər hansı bir reaksiya verildimi?

- Araşdırmanın nəticələri bu yaxınlarda açıqlanıb. Odur ki, bu barədə danışmaq hələ tezdir. Biz nəticələri eyni zamanda həm rus, həm də ingilis dillərində dərc etmişik, çünki insanların ondan xəbərdar olmasını istəyirik. Bu ölkədə çoxunun mövcud vəziyyətdən xəbəri var, ya da belə bir şeyin olduğundan şübhələnirlər, yaxud da özləri korrupsiya ilə üzləşiblər. Amma biz bu sxemləri dəlillərlə, sübutlarla sistemləşdirməyə çalışmışıq. Araşdırma bunu tələb edir. Ona görə də, düşünürəm, təkcə Tacikistan yox, bütün dünya görəcək ki, çağdaş dünyamızda bir ölkənin kleptokratiya rejimində yaşaması, bir ailə tərəfindən idarə olunması nə deməkdir. Və təbii ki, Tacikistan bu vəziyyətdə olan yeganə ölkə deyil.

- Siz qeyd edirsiniz ki, Tacikistanda müxalifət yoxdur. Halbuki, bütün bu illər ərzində prezidentə müxalif olan Tacikistan İslam Dirçəlişi Partiyası vardı. Onun taleyi necə oldu?

- Sizin də dediyiniz kimi, keçmiş sovet respublikaları arasında ən yoxsul ölkə olan Tacikistan, yəqin ki, həm də ən az inkişaf edənidir və eyni zamanda çox avtoritardır. Belə bir mühitdən güclü müxalifət gözləmək yersizdir. Bununla belə, bu müxalif partiya kifayət qədər uzun müddət mövcud olub. O, effektiv deyildi, çünki siyasi təsir gücü yox idi. Buna baxmayaraq, əhali arasında ən məşhur və legitim partiyalardan biri idi.

90-cı illərdən etibarən keçmiş sovet respublikalarının bir çoxunda elita tərəfindən dəstəklənən liberal müxalifət partiyaları fəaliyyət göstərirdi. Onların şəhərlərdə, savadlı insanların arasında dəstəkçiləri vardı, ancaq bu partiyaları heç də bütün əhali dəstəkləmirdi.

Tacikistan İslam Dirçəlişi Partiyasının fərqli cəhəti budur, o, tamamilə başqa prinsiplər üzərində qurulub. Bu partiyanın kökləri hələ sovet dövründə yaranmış gizli islam hərəkatına qədər uzanır. Vətəndaş müharibəsindən sonra, o, Tacikistanda ən nüfuzlu müxalifət partiyasına çevrilib, hər bölgənin ən ucqar yerlərində nümayəndəlikləri vardı. Bu, ənənəvi qərbyönümlü siyasi partiyadan daha çox ictimai hərəkat, dini təşkilat idi. O, həqiqətən, insanlara yardım edirdi, siyasətin müxtəlif ola biləcəyini göstərməyə çalışırdı.

Lakin bir neçə il sonra – 2015-ci ildə partiya, prezidenti konstitusiyadan daha önəmli səviyyəyə qaldıran konstitusion dəyişikliklərə qarşı çıxanda onun fəaliyyətinə son qoyuldu. Həbslər, hədə-qorxular, deportasiyalar ucbatından partiya bir neçə ayın içində dağıldı. Onun keçmiş fəalları müxtəlif ölkələrdə siyasi sığınacaq alıblar. Qaça bilməyənlər, ya da hansısa səbəbdən ölkədə qalanlar isə həbs ediliblər.

- Mən müxalifət liderlərinə tutulan sonuncu amansız divanlardan biri – Umaralı Quvvatovun işi barədə danışmaq istəyərdim. Onu İstanbulda düz küçənin ortasında güllələdilər. Sizcə, o, Tacikistan üçün o qədər təhlükəli idi ki, onu hətta xaricdə, sürgündə də yaşamağa qoymadılar?

- Onun ailəsi israrla deyir ki, qatillər rejimin təmsilçiləri olublar. Biz dəqiq bilmirik, onu kim öldürüb, bu qətli kim sifariş verə bilərdi. Amma doğrudur, onu bütün dünyada izləyirdilər. Quvvatovu tacik hökumətinin tələbi ilə bir neçə dəfə həbs etmişdilər. Düşünürəm ki, hakimiyyət, insanlara gerçəkləri deyən müxalifətin yüksələn səsindən, həqiqətən, qorxmağa başlamışdı. Quvvatov xaricdə də çox çıxış edirdi, Rusiyada olanda televiziyalara çıxırdı, “Youtube”-a videolar qoyur, Tacikistandakı rejimi tənqid edirdi.

Qısa bir lətifə var, onu əhvalatlardan birinə daxil etmişik. Tacikistanda olan qərbli bir araşdırmaçının evində xadimə təmizlik aparırmış. Bu zaman televizorda Umarali Quvvatovun verilişində prezidentin istibdadından, onun ölkəni yanlış idarə etməsindən danışmağa başlayıblar. Araşdırmaçı söyləyir ki, xadimə donub qaldı: sanki o, ilk dəfəydi ki, Allahın tənqid olunduğunu eşidirdi. Tacikistanda belə bir mühit formalaşıb.

İslam Dirçəlişi Partiyasının lideri mənə deyirdi ki, ölkənin vəziyyəti Şimali Koreyanı xatırladır: insanlara təlqin olunur ki, Tacikistan təhlükəsizdir, prezident təhlükəsizliyin qayğısına qalır, dünyanın hər yerində xaos hökm sürür, müxalif dini partiyalar, islam partiyaları yalnız ekstremizm və terrorizm yayır, amma Tacikistanda hər şey fərqlidi.

Deməli, Quvvatovun dağıtmağa çalışdığı divarda yaranan ən kiçik çat belə rejim üçün təhlükəli idi.

- Tacikistan bu gün də ATƏT-in üzvü, həmçinin Avropa Şurası ilə əməkdaşlıq və tərəfdaşlıq barədə razılaşmanın iştirakçısıdır. Əgər ölkə, həqiqətən, ikinci Şimali Koreyaya çevrilirsə, sizcə, Qərb hökumətləri bu prosesi dayandırmaqdan ötrü nəsə etməlidirmi? Avtoritarizmə bu qədər yaxınlaşmış bir ölkə necə hələ də Qərb dəyərlərini təmsil edən birliyin bir hissəsi olaraq qala bilir?

- Mən, Qərb hökumətlərinin Tacikistanda baş verənləri dayandırmağa qadir olduqlarına əmin deyiləm. Ancaq bir şeyi dəqiq edə bilərlər  – bu hakimiyyəti, beynəlxalq təşkilatın digər, daha demokratik ölkələri ilə eyni səviyyədə, legitim üzv kimi tanımağa son qoymaq. 

Tacikistanda insan hüquqlarının pozulması və iqtisadi cinayətlər o qədər həyasız, ürəkbulandırıcıdır ki, Qərb hökumətləri bu ölkədən danışarkən sözügedən məsələlərə də toxunmalıdırlar.

Amma mənə elə gəlir ki, Qərb hökumətləri “dost diktatoru” könülsüz tənqid edirlər. Tacikistan kiçik, uzaq ölkədir və Qərbdə onun haqqında çox az insanın məlumatı var. Buna görə də, onlar tacik hökuməti ilə problemsiz əməkdaşlıq edirlər, çox güman ki, ona bərabər olmasa da, legitim tərəfdaş kimi yanaşırlar. Və yəqin ki, rejimdən əziyyət çəkən taciklər üçün bunu anlamaq çətindir.

- Araşdırmanın aparıldığı müddətində Tacikistanda işləmək, infomasiya toplamaq çətin idi? Özünüzü təhlükədə hiss edirdiniz?

- Mən özüm ora getməmişdim, elə əksər həmkarlarımızın da belə imkanı olmayıb. Biz yerli müxbirlərə ümid bəsləyirdik. Təhlükəsizlik səbəbilə onların adlarını çəkmirik. Məlumat toplamaq həddindən artıq çətin idi. Bizim araşdırmaların əksəriyyəti sənədlərə, biznes-reyestlərə və bəzi informasiya sızmalarına əsaslanır. Amma Tacikistanda bunların hamısı əlçatmazdır. Hətta biznes-reyestrləri əldə etməyə çalışan taciklərin özləri də bir müddət sonra görürlər ki, güc strukturları onlarla maraqlanmağa başlayıb. Ona görə də, biz sistemlə ünsiyyətdə olmuş insanlarla çoxsaylı müsahibələrə istinad edir, mədənçıxarma sənayesinin rəhbərlərinə suallar verir, lisenziya almaq üçün prezidentin kürəkəninə məxsus şirkətə “uğur vergisi” ödəyirdik. Bizim sənədləri əldə etmək imkanımız var, çünki şirkət Londonun alternativ birjasında qeydiyyatdan keçirilib. Amma o, Qərb şirkətidir və haqqında məlumat əldə etməkdən ötrü şirkətə qarşı müəyyən tələblər irəli sürülüb.

Tacikistanın ən qapalı ölkələrdən biri olmasını, orda jurnalistlər üçün ağır şərtlərin mövcudluğunu nəzərə almağa məcburuq. Elə buna görə də, bu layihə son dərəcə çətinliklə həyata keçirildi və xeyli vaxt apardı.

Ancaq düşünürəm ki, buna dəyər, çünki dünyanın ən qaranlıq guşələrinə işıq salmaq lazımdır, bizim təşkilatın missiyalarından biri də budur.

- Prezident ailəsi ilə bağlı eyni nümunə Azərbaycanda da var. Ukraynada da eyni cür kleptokratiya mövcud idi, lakin ukraynalılar korrupsiyaya, hakimiyyətin bir ailənin əlində cəmlənməsinə qarşı mübarizə aparmaq qərarına gəldilər. Tacikistanda nə baş verməlidir ki, korrupsiyanı qidalandıran bütün proseslər yoxa çıxsın?

- Bəlkə, bir neçə il əvvəl deyərdim ki, İslam Dirçəliş Partiyası korrupsiya əleyhinə hərəkata başlamalıdı. Amma təəssüf ki, onları son dərəcə amansızlıqla repressiya etdilər, odur ki, məhz indi nəyin ölkənin dəyişmək gücündə olduğunu təsəvvür belə etmək çətindir.
Prezident əbədi yaşamayacaq, hərçənd titullarını nəzərə alsaq, bunu planlaşdırır. Və deyəsən, oğlunu öz yerinə hazırlayır. O zaman belə çıxır ki, ölkədə bir ailənin hakimiyyətini qorumağa çalışır.

Hazırda səriştəsiz idarəetmə ucbatından ölkə iqtisadi çətinliklərlə üzləşib. Hökumət iqtisadiyyatı başqa ölkələrdəki kimi inkişaf etdirməyə meylli deyil. Bəlkə hansısa ciddi iqtisadi böhran, qarışıqlıq baş versəydi, bunun nəyəsə təsiri ola bilərdi. Amma ölkə çox yoxsuldur, demokratik inkişaf səviyyəsi aşağıdır, belə şəraitdə isə hansısa kardinal dəyişikliklərin olacağını təsəvvür eləmək çətindir. Mən, ölkəni tərk etmiş, indi fəllardan ibarət şəbəkə yaradaraq Avropada işləyən bəzi insanlar arasında soğru aparmışam. Onlar sosial şəbəkələr vasitəsilə dünyanı Tacikistandakı vəziyyətdən xəbərdar etməyə çalışırlar. Ola bilsin ki, uzunmüddətli perspektivdə sosial media və texnologiyalar vətəndaşların düşüncəsini dəyişə bilər. Ancaq ölkədə təbliğat son dərəcə güclü, hökumət - qüdrətlidir, mütəşəkkil müxalifəti isə, demək olar ki, ləğv ediblər. Əfsus ki, yaxın gələcəkdə müsbət irəliləyişlər baş verməyəcək. Hərçənd elə buna görə də, biz Tacikistan haqqında yazmağa davam etmək istəyirik.