Xəzərin hüquqi statusuna dair Konvensiya imzalandı

5 ölkədən başqa heç bir dövlətin Xəzərdə hərbi bazası olmayacaq

Azərbaycan, Rusiya, Qazaxıstan, İran və Türkmənistan prezidentləri avqustun 12-də Aktau şəhərində Xəzər dənizinin hüquqi statusuna dair Konvensiyaya imza atıblar.

V Xəzər sammitinin yekununda İlham Əliyev, Vladimir Putin, Nursultan Nazarbayev, Həsən Ruhani və Qurbanqulı Berdıməhəmmədov öz imzaları ilə Xəzər dənizinin hüquqi statusunu müəyyən edən sənədi təsdiq ediblər.

İran prezidenti Həsən Ruhani sammitdə deyib ki, sənədin əsas əhəmiyyəti Xəzərdə xarici hərbi bazaların saxlanmasını qadağa etməsidir. Bu, çox ciddi addımdır.

Rusiya prezidenti Vladimir Putin sammiti “Xəzər beşliyi” adlandırıb. Konvensiyanın hazırlanması dənizdə qeyri-regional səlahiyyətlərin mövcud olmadığını təmin edir:

“Ötən 20 ildən çox davam edən danışıqlarda hazırlanan kurs Xəzər dənizinin hüquqi status haqqında Konvensiya müstəsna hüquqlar və dənizin taleyi üçün dövlətlərimizin vəzifələri, kollektiv istifadə üçün aydın qaydalar müəyyən edib”.

Qazaxıstanın xarici işlər naziri Kayrat Abdrakhmanov bundan əvvəl bildirmişdi ki, 5 Xəzəryanı dövlət ölkələrin suverenliyi, naviqasiya, sualtı boru kəmərləri və digər əsas məsələlər üzrə konsolidasiya edilmiş bir yanaşma əldə edib.

Yekun sənəd ərazi suları, dəniz sərhədləri, naviqasiya qaydaları, balıq ovu hüquqları, ekologiya məsələləri və ən mühümü, dənizin sərvətlərindən istifadənin tənzimlənməsini nəzərdə tutur.

Siyasi icmalçı Zərdüşt Əlizadə Aktau şəhərində imzalanan konvensiyanı müsbət dəyərləndirib. O, Meydan TV-yə deyib:

“5 ölkə Xəzərin statusu probleminin həllində çox maraqlıydı və nəhayət, ümumi saziş imzalandı. Azərbaycanın qazancı o oldu ki, İranla mübahisəli məsələlərin biri də həll edildi. Çünki status məsələsində İranın yanaşması Azərbaycanın, Qazaxıstanın və Rusiyanın baxışından fərqlənirdi. Tehran bərabər bölünmə istəyirdi, bu isə mümkün deyildi. Sovet dövründə İrana Xəzərin 13 faizi çatmışdı, SSRİ güclü idi, ona görə. İndi bu ölkə bərabər bölünmə ona görə istəyirdi ki, 20 faiz götürəcəkdi”.

Siyasi şərhçi Zərdüşt Əlizadə
Siyasi şərhçi Zərdüşt Əlizadə.

Z.Əlizadə xarici hərbi bazaların dənizdə yerləşdirilməsinin qadağan olunmasını müsbət hal sayıb:

“Ancaq mən istərdim, ümumiyyətlə, Xəzərdə silahsızlaşma aparılsın, heç bir dövlətin hərbi gəmiləri olmasın. Çünki bənzərsiz göl olduğundan bənzərsiz faunası var. Hər halda dənizdə xarici dövlətlərin hərbi gəmilərinə qadağa qoyulması çox müsbətdir”.

İqtisadçı-alim Nazim Bəydəmirli isə fərqli düşünür. Onun fikrincə, 20 illik danışıqlardan sonra nəticə yenə Rusiyanın istədiyi kimi olub:

Nazim Bəydəmirli
Nazim Bəydəmirli.

“Mənim dediklərimi Rusiya Xarici İşlər Nazirliyinin rəsmisi Karasin "Kommersant"a açıqlaması ilə təsdiqləyib. Yəni Xəzər Beynəlxalq Konvensiyalarda olduğu kimi nə dəniz, nə də göl adlandırıldı, sadəcə "vodoyem", su anbarı kimi bir şey. Ona görə də onun üzərində su sərhədlərimiz olmayacaq, dibi və yerin təkindəki maddi tapıntılar (əsas olaraq neft, qaz nəzərdə tutulur) ölkələr arasında ikitərəfli müqavilələrlə həll olunmalıdır. Xəzərin dibi ilə hər hansı bir neft, qaz kəməri çəkiləcəksə, o da "ekoloji ekspertiza" adlı bir STOP-la üzləşə bilər. Ən əsası Xəzəryanı dövlətlərdən başqa heç bir dövlətin hərbi bazası burada yerləşdirilə bilməz. Rusiyanın da əsas istəyi budur ki, NATO-ABŞ, Çin və s. onun meydan suladığı, hegemonluq etdiyi Xəzərdə baza qurmasın. Belə demək mümkündürsə, Rusiyanın hərbi gəmiləri istədiyi vaxt Xəzəryanı ölkələri təhdid altında saxlamağa davam edəcək”.

Sənəd üzərində iş 1996-cı ildən aparılıb, Konvensiya layihəsi isə yekun olaraq Xəzəryanı ölkələrin XİN rəhbərlərinin 4-5 dekabr 2017-ci il tarixində Moskvada keçirilən müşavirəsində razılaşdırılıb.