İlham İsmayıl: Polisləri öldürənlərin yerli adam olduğuna şübhə edirəm

''Hökumət tərəfindən heç bir profilaktik iş görülmədi, Allahşükür Paşazadənin köməyindən istifadə olunmadı''

İyulun 10-da, axşam saat 20 radələrində Gəncə şəhərində aksiya keçirilib. Aksiyaçılarla polis arasında yaranmış qarşıdurmada iki polis zabitinin qətlə yetirildiyi bildirilir. Aksiyanın motivi barədə tam məlumat yoxdur. Bir neçə gün öncədən sosial şəbəkələrdə Gəncə Şəhər İcra Hakimiyyəti başçısı Elmar Vəliyevə qarşı sui-qəsddə təqsirləndirilən Yunis Səfərovun müdafiəsi ilə bağlı aksiya keçiriləcəyi bəyan edilsə də, bunu təxribat adlandıranlar da vardı.

Təhlükəsizlik məsələləri üzrə ekspert İlham İsmayıl Gəncədə baş verən olaylarla bağlı yaranmış sualları cavablandırır.

- İlham bəy, bir neçə gün əvvəldən sosial şəbəkələrdə Gəncə şəhərində təxribatların olacağı haqda məlumatlar yer almışdı və yerli sakinləri ehtiyatlı olmağa çağırışlar var idi. O halda hüquq-mühafizə orqanları niyə təxribatların qarşısını almadı?

- İyulun 10-da Gəncə şəhərində baş verən hadisələrlə bağlı kifayət qədər təzadlı məqamlar var. Bu, onunla izah olunur ki, əvvəlcədən hər şey görünürdü, ancaq kifayət qədər tədbirlər həyata keçirilmir. Dünənki hadisə iyulun 3-də icra başçısına olan silahlı basqının davamı idi, amma təkcə bununla da bağlı deyildi. Ümumilikdə baş verənlər hökumətin istər dindarlarla, istərsə də müxalifətlə apardığı siyasətin nəticəsidi. Əgər sivil müxalifət total şəkildə sıxışdırılmasaydı, müxalifətçilər həbsxanalara doldurulmasaydı, bütün sutkaboyu televiziyalar vasitəsilə düşərgəyə qarşı təbliğat maşını işləməsəydi, dindarlar indiki şəkildə təşkilatlana bilməzdilər. Beləliklə, dindarlar təşkilatlandılar və yeri gələndə özlərini də göstərdilər. Əgər istəsəydilər, ölkənin çox yerində oxşar hadisələr törədərdilər, amma bir şəhəri-Gəncəni seçdilər. Gəncədə baş verməsinin kökündə məhz dini amil yox, icra başçısının insanlarla təhqir və söyüşlə davranışı dayanıb. Bundan da istifadə edib bəhrələniblər. Bir daha təkrar edirəm, hadisələrin əsas səbəbi bir şəhərin idarəedilməsində təhqirdən istifadə edilməsi idi. Nəticədə fürsətdən istifadə edənlər öz addımlarını atdılar. Görünür, bu addımları atanlar ciddi qarşıdurma olmadığı halda belə hər şeyi əvvəlcədən planlaşdırıblar. Yayılan videolardan da ciddi qarşıdurma olmadığı görünür. Təəccüb doğuran məsələ hakimiyyətin qeyri-peşəkar yanaşma sərgiləməsidir.

- Hansı məqamlarda qeyri-peşəkarlıq özünü biruzə verirdi?

- Əvvəlcədən yayılan məlumatları toplayıb, deyilən aksiya xəbərdarlığını götürüb kimlərin, yaxud hansı qrupun keçirəcəyini bilməliydilər. Yəni hüquq-mühafizə orqanlarının informasiya hazırlığı olmalıydı. Axı sosial şəbəkələrdə bu barədə xəbərdarlıqlar yayılırdı. Gəncədə müxalifət faktiki yox dərəcəsindədir, yerli əhalinin də qısa zamanda özbaşına toparlanması çətin idi. Hazırlıqlı olan qrup vardı, bunlar da dindarlar idi. Hesab edirəm ki, yalnız dindarlar o cür addım ata bilərdilər. Təəssüf ki, hökumət tərəfindən heç bir profilaktik iş görülmədi, ən əsası Qafqaz Müsəlmanları İdarəsi və qurumun sədri Allahşükür Paşazadənin köməyindən istifadə olunmadı. Şeyxin özü də heç bir addım atmadı, halbuki, şiəliyin qatı tərəfdarları olan məkanlardan biri də Gəncə olduğundan gedib orda əhatəli söhbətlər aparılmalıydı. Dindarlara deyə bilərdilər ki, bu məsələlərə keçməyin, yararlanan, istifadə edənlər olacaq, düşmən də istifadə edib sabitliyi pozar. Söhbət ondan gedir ki, qarışıqlıq yaranar və bu, kütləvi hala çevrilər. Hakimiyyət ən azı öz maraqları naminə buna getməliydi. Amma getmədilər. Deməli, daxildə kimlərsə təxribatın olmasında maraqlıdır.

- Söhbət hakimiyyət daxilindən gedir?

- Bəli, hakimiyyət daxilində kimlərsə maraqlıdır ki, məsələlər bir az böyüyüb gərginləşsin. Ümumiyyətlə, hüquq-mühafizə orqanları qohum-əqrabadan ibarət olduğundan peşəkarlıq yox səviyyəsindədir. Hətta mən polisləri öldürənlərin yerli adam olduğuna şübhə edirəm. Çünki öldürülən polislər də gəncəlidirlər. 12 il bu şəhərdə yaşayan şəxs olaraq bilirəm ki, gəncəlilərlə hüquq-mühafizə orqanlarının əməkdaşları arasında yeri gələndə isti münasibət olub.

- Siz polis zabitlərinin öldürülməsinə toxundunuz. Niyə yüksək rütbəli, vəzifəli polislər həmin vaxt şəhərin mərkəzində olub, ətraflarında sıravilər olmayıb?

- Onların şəhərin mərkəzində olması normaldır, müavindirlər, hadisələri izləyib yuxarılara məruzə hazırlayırlar. Amma yerli hüquq-mühafizə orqanlarının rəhbər işçilərinin çox sərbəstliyi o deməkdir ki, öncədən kəskin münasibətlərin ola biləcəyi ilə bağlı informasiyaları olmayıb. Halbuki, 1 həftə əvvəl icra başçısını elə şəhərin mərkəzində vurublar. Bəs əvvəlcədən elan olunan bir hadisəyə niyə bu dərəcədə sönük yanaşıblar? Ona görə də təzadlı məqamlar var. Halbuki, açıq və aydın tədbirlər görülməliydi, adi bir aksiya elan olunanda bütöv bir alay göndərilir.

- Uzağa getməyək, müxalifət piket elan edəndə ərazi polislər və mülki geyimlilər tərəfindən nəzarətə götürülür. Hətta sosial şəbəkələrdə statuslar, telefonlara gələn sms-lər izlənilir. Gəncə hadisələrindən əvvəl də insanlara çağırışçı mesajlar gəlmişdi, xəbərdarlıq paylaşımları vardı. Ancaq bütün bunlar araşdırılmadı, nəzarətə götürülmədi...

- Bəlkə də düşünüblər ki, əhali toplaşsın, sonra böyük qüvvəylə əzsinlər və gözqırma yaransın, insanlarda qorxu güclənsin, bununla da məsələ bitsin. Bax, məsələnin təzadlı tərəfi odur ki, hər şey əvvəlcədən bəlli olur, amma heç bir addım atılmır. Təsəvvür edin ki, insanların az olduğu və qarşıdurma yaranmadığı məkanda gözlənilmədən polislər öldürülür. Deməli, əvvəlcədən kimlərinsə vurulacağı hədəf müəyyənləşdirilmişdi, ən azı yüksək rütbəli polislər vurulmalıydı, sıravilər yox. Bu, əvvəlcədən hazırlanmışdı, müvafiq qurumlar bunu bilməli idi. Planı hazırlayan şəbəkə sabah respublikanın hər yerində oxşar hadisələr törədə bilərlər, onda hakimiyyətə yox, dövlətə yazıq olar.

- Baş verən hadisələrdə xarici qüvvələrin rolu sezilirmi?

- Element var, o da cənub qonşumuzla bağlıdır. Amma çox açıq şəkildə deyil. Sanki qisas alırlar, xitab edirlər ki, 2016-cı ildə siz Aşura gününü təhqir etdiyiniz üçün cavabınızı aldınız. Bütün bunların hamısı söyüş və təhqiri idarəetmə metoduna çevirən icra başçısından qaynaqlanır. Düzdür, başqa regionlarda da hansısa şəkildə tədbirlərdən yayındırıblar, amma bir az mədəni şəkildə ediblər, qıcıq yaratmayıblar. Gəncədə isə belə olmamışdı, istər dindarı, istərsə də adi vətəndaşı təhqir etdilər.

- Belə bir ehtimal da var ki, hakimiyyət hadisələrə dini don geyindirməklə Qərbə “biz olmasaq, bunlar gələcək” deyə mesaj verir. Bu barədə nə düşünürsünüz?

- Gəlin, bu məsələni “tərəzinin iki gözü”nə qoyaq. Bu hadisələrdə hakimiyyətə dəyən zərər, yaxud zəifliyini göstərən tərəf güclüdür, yoxsa iqtidarın Avropa qarşısında hansısa addımlar atması? Sabah nə edəcəklər? Onda Qərb deyəcək ki, sivil müxalifətə imkan verin. Bunlara isə sonuncu sərf etmir. Bir daha deyirəm, kifayət qədər qeyri-peşəkarlıq var. Amma hər şey açıq-açığına olduğuna görə hakimiyyət daxilində ciddi qarşıdurma olduğu görünür, ehtimalların biri budur.