''Neftin qiyməti bir qədər qalxan kimi çapıb, talayırlar''

'

İlham Şaban
İlham Şaban.

İlham Şaban: Bütün xarici və daxili yükləri SOCAR-a veriblər


Neft Araşdrımaları Mərkəzinin rəhbəri İlham Şabanla Dövlət Neft Şirkətinin (SOCAR) maliyyə hesabatının doğurduğu suallar ətrafında söhbət etdik.

- İlham bəy, SOCAR-ın illik maliyyə hesabatında şirkətin borcunun 1 milyarddan çox artdığı məlum olur. Şirkətin 9,5 milyard uzunmüddətli borcunun olmasının səbəbini nəylə izah edərdiniz?

- Əsas səbəb layihələrin genişlənməsidir, başqa heç nə. Oxşar mənzərə Rusiyanın “Qazprom” şirkətində də yaşanır. Ümumiyyətlə, şirkətlərin borcu işləri çoxalanda artır. “Exxon”, “bp” şirkətləri də eyni problemləri yaşayır, iş çoxalanda borc da artır.

- Bəs gələcəkdə layihələrdən əldə olunan vəsaitlərlə borcları qaytarmaq mümkün olacaqmı, yoxsa bu yükün altına Dövlət Neft Fondunu və ya büdcəni verəcəklər?

- Azərbaycanda bu məsələ belə tənzimlənir: dövlətlə SOCAR daim bir-birinin yanındadır. SOCAR biznes qurum kimi bazarda iştirak etmir, yəni 20 faiz mənfəət vergisini ödəyib kənarda dayanmır. Şirkətin balansına baxıb, mənfəətin nə qədər olduğunu və büdcəyə nə qədər vergi ödədiyini öyrənin, sabit olaraq 1,2-i 1,4 milyard manat arasında dəyişir. Bunu da 5-ə vuranda mənfəəti 6 milyard olmalıdır.

- Amma mənfəət vergisi də azalıb, 400 milyon manata düşüb…

- Azalıb, söhbət ondan getmir. SOCAR-ın dövlətlə münasibətləri ictimaiyyət üçün açıqlanmayan sazişlərlə, ən yaxşı halda razılaşmalarla tənzimlənir. Dövlət deyəndə ki, bu qədər pul lazımdır, SOCAR özünə buruq tikmir, amma həmin vəsaiti verir. Necə ki, 90-cı illərdə ölkənin bütün yükü SOCAR-ın üstündə olub, indi də həmin proses davam edir. Baxın, xarici şirkətlər 2016-cı ildə və əvvəl də 1 milyard dövlət büdcəsinə mənfəət vergisi vermişdilər, amma birdən-birə 300 milyona düşdü. Ancaq SOCAR 1,4 milyarddan 1,2 milyarda düşdü, bu da adekvat olmalıydı.

- SOCAR-ın 90-cı illərdə götürdüyü yükü yenidən götürməsi normal sayıla bilərmi?

- Bu mənada ictimaiyyətdə “SOCAR batır” deyə fikirlər səslənir. Natiq Cəfərli yaza bilərdi ki, SOCAR dövlətə filan qədər vəsait verdi və 70 faizə qədər borc aldı. Əslində, şirkət dövlətə bu qədər vəsait verməməliydi, 20 faizi ödəməliydi. Amma hər il olub ki, 200, 250, hətta 290 milyon dividend verir.
Amma bunu sosial layihələr kimi qeyd edirlər. Şirkət bütün rayonlarda xəstəxanalar tikir, təmir etdirir. Mən şirkətin rəsmisi Süleyman müəllimdən soruşmuşam ki, bunu niyə edirlər, cavab verir ki, bu, kimə ziyan edir, dövlətin dividentidir. Əlavə edirəm ki, onda yazın dividentdir. Cavab verir ki, bunlar sosial layihələr içərisində gedir. Məsələn, bp 3 milyonluq sosial layihələr həyata keçirir, SOCAR 250 milyonluq. Sual yaranır, dövlətin başqa şirkətləri də var, “Azenerji”, “Azərdəmiryol” və başqaları, onlar niyə dividend vermir. Bütün xarici və daxili yükləri SOCAR-ın üstünə yükləyiblər, bunlar olmasa normal şirkət olar. Mən bu barədə yazanda irad tuturlar ki, SOCAR-ın maraqlarından çıxış edirsən. Xeyr, mən neft sektorunun maraqlarını əsas götürürəm. Neftin qiyməti bir qədər qalxan kimi çapıb, talayırlar.

- Sualım təkrar olar, amma vacib məqamdır, SOCAR yerli layihələrə vəsait ayırır, bəs bunlardan gəlir götürəcəkmi, götürəcəksə, borclarını qaytarmağa yetəcəkmi?

- Hələki xarici bankdan götürürlərsə, kommersiya layihəsi kimi aktlaşdırılır və qəpiyinə qədər hesablanılır. Yəni heç bir şübhə ola bilməz. Əgər ölkənin daxilindən gedirsə, şirkətin və Dövlət Neft Fondunun Beynəlxalq Bankda vəsaitləri vardı, biz onların qaytarılacağını deyə bilərikmi? Bunu artıq necə edəcəyini dövlət özü qərar verəcək.

- Bəs ictimaiyyət üçün bu məlumat açıqlanmalı deyilmi?

- Bu, dövlətlə ictimaiyyət arasındakı qarşılıqlı münasibətdən asılıdır. İctimaiyyət tələbkardırsa, həmin informasiyanı alır.

- Açıqlanmaması qanunidirmi?

- Normal ölkədə bina tikəndə bu işdə bütün informasiyalar açıq olur. Amma prezidentin müşavirəsində məlum oldu ki, bəzi alçaq məmurlar məhəllədaxili yerləri, hətta dayanacaqları da satırlar. Burda sual yaranır, yerli sakinlər icra hakimiyyətlərinin belə özbaşınalıqlarına etiraz edəndə, hüquq-mühafizə orqanları hara baxırlar, niyə məşğul olmurlar. Bunlar bizim məmləkətin özəllikləridir.

- Şirkətin əmlak, tikili və avadanlıqların aktivlər arasında xüsusi çəkisinin 26 milyard manata qədər artmasını necə dəyərləndirirsiniz?

- Yeni layihələr sırasına daxildir, əmlakdır, texnikadır, bunlar alınırsa, artmalıdır, normaldır. Ölkə daxilində iki zavod tikirsənsə, istər-istəməz əmlakın artır.