''İqtisadi rəqəmləri siyasiləşdirməklə uzağa getmək mümkün olmayacaq''

Rövşən Ağayev
Rövşən Ağayev.

Rövşən Ağayev: ''Neftin rolu ilə deyil, biliyin və yüksək texnologiyanın roluyla dayanıqlı iqtisadi aktivlik formalaşa bilər''

Mərkəzi Bankın İdarə Heyətinin sədri Elman Rüstəmov iyunun 14-də keçirdiyi mətbuat konfransında bir sıra məsələlərə toxunub. İqtisadçı Rövşən Ağayevlə söhbətimizdə baş bankirin açıqlamalarına və başqa iqtisadi məqamlara aydınlıq gətirməyə çalışdıq.

 - Rövşən bəy, Mərkəzi Bankın İdarə Heyətinin sədri Elman Rüstəmovun ilin sonuna inflyasiyanın birrəqəmli olması haqda fikrini bölüşürsünüzmü?

- Baş bankirin dedikləri realdır. Azərbaycanda 2016-2017-ci illərdəki ikirəqəmli inflyasiya 2015-ci ildə manatın kəskin devalvasiyasının nəticəsi idi. Devalvasiya özü ilə bərabər idxal inflyasiyası gətirdi. Çünki manatın ucuzlaşması, dolların bahalaşması idxal mallarını avtomatik olaraq bahalaşdırdı. Artıq devalvasiyanın inflyasiyayaradıcı təsirləri aradan qalxır. Prinsip etibarı ilə ilin sonuna qədər fövqəladə nəsə baş verməsə, yəni manat növbəti dəfə dəyərdən düşməsə, inflyasiyanı birrəqəmli həddə saxlamaq real görünür. Lakin “mətbəx inflyasiyası”nın da birrəqəmli səviyyədə saxlamağın mümkün olub-olmamasını söyləmək çətindir. Çünki adətən ərzaq infıyasiyası orta qiymət indeksindən bir qədər yüksək ola bilir. Nəzərə alaq ki, ötən illərlə müqayisədə bu il sanki mövsümi faktorların kənd təsərrüfatı məhsullarına azaldıcı təsiri hələ də effektiv deyil. Əlavə olaraq, ölkədə məhdudlaşdırıcı və yüksək səviyyədə sərtləşdirilmiş pul-kredit siyasətinin uzun müddət ərzində qorunub saxlanması da, ikirəqəmli inflyasiya ocaqlarını söndürmüş olur.

- Bəs FED-in uçot dərəcəsini artırması manata təzyiqləri artıra bilərmi?

- FED-in uçot dərəcəsini artırması qərarı adətən dünya maliyyə bazarlarına interqasiya olunan ölkələrin valyutasına daha çox təsir edir. Əgər FED uçot dərəcəsini artırırsa, bu, o deməkdir ki, bu gün ən azı 60 faizi dollara indekslənən dünya fond bazarlarına, borc və kapital bazarlarına öz təsirini göstərəcək. Azərbaycan dünya maliyyə bazarlarına inteqrasiya olunmayıb, daxildə qiymətli kağızlar bazarı inkişaf etməyib və milli fond bazarına dollarla yatırımlar yoxdur. Bir sözlə, FED-in qərarlarının bizim milli valyutaya təsir kanalları qapalıdırsa, bu qərarın birbaşa təsiri necə ola bilər? Dolayı təsirlər ola bilər. Məsələn, FED qərarından təsirlənən qlobal iqtisadiyyatda ortamüddətli dövrdə durğunluq və eniş yaranırsa, onun nəticəsi kimi neft birjaları qiymət riskilə üzləşirsə, nəticəsi bizdən yan keçməyəcək. Bir sözlə, Azərbaycan manatının taleyini birbaşa amil kimi FED-in qərarı deyil, onun arxasında dayanan neft amili müəyyən edir. Qiymətləndirmələr göstərir ki, yaxın bir-iki ildə neftin qiyməti 45 dollara qədər düşməsə, manatın sabitliyini qorumaq mümkündür. Amma neftin qiymətinin 45 dollardan aşağı düşməsi manatın sabitliyi üçün təhlükə yaradır. Qısası, o riskləri ki, Türkiyə, Braziliya, Argentina və Cənubi Afrika Respublikası kimi inkişaf etməkdə olan ölkələrin valyutaları daşıyır, manat o risklərdən uzaqdır.

- Kredit faizlərinin aşağı düşməsi üçün risklər hələ qalırmı? Elman Rüstəmov bu istiqamətdə risklərin aradan qalxmayacağı təqdirdə faizlərin düşməyəcəyini deyib…

- Elman Rüstəmov çox güman ki, real sektorun zəif potensialından dolayı yaranan riskləri nəzərdə tutur. Kredit faizləri aşağı düşdüyü halda iqtisadiyyatın kreditə tələbatı artır. Belə olanda isə pul-kredit siyasətinin yumşaldılmasına ehtiyac yaranır. Bununla da, Mərkəzi Bank iqtisadiyyatın pul təminatını artırmalı olur. Arxasında əlavə dəyər yaranan iqtisadiyyat yoxdursa, genişlənən pul təminatı inflyasiya təhlükəsini artırır. Əks halda ucuz kreditlər həm ev təsərrüfatlarını, həm də biznes sektorunu istehlak məqsədli, valyuta bazarına istiqamətlənən kreditləşdirməyə həvəsləndirir. Necə ki, bunun nümunəsini biz 2005-2014-cü ildə yaşadıq. Lakin kreditlər hesabına rəqabətqabiliyyətli məhsul istehsalını genişləndirərək ixracı genişləndirirlərsə, idxalı əvəzləyən daxili istehsal yarada bilirlərsə, bu halda ucuz kreditlər nəinki inflyasiya riski yaradır, əksinə iqitsadi inkişafı təmin edən amilə çevrilir. Bu da valyuta ehtiyatlarının ərimək riskini yaradır. Bu şəraitdə həm ev təsərrüfatları, həm də biznes üçün kreditlər istehlakı genişləndirən deyil, sərmayə qoyuluşu vasitəsinə çevrilir. Onlar götürdüyü pullarla avadanlıqlar, cihazlar alır, tikintilər aparırlar, əsas fondlar yaradırlar. İstehsal məqsədli kreditləşmənin inflyasiyayaradıcı gücü olmur heç zaman. Bu baxımdan pul kütləsinin ÜDM-də payının 100-150 faizə çatdığı ölkələrdə “niyə inflyasiya yoxdu” sualına cavab axtararkən bu amili nəzərə almaq lazımdır. Amma bizdə durum necədir? Azərbaycanın daxili bazarı məhduddur, ölkədə rəqabət qabiliyyətli iqtisadiyyat yoxdur, əksər sahələrdə idxal malları daha sərfəlidir, xaricə isə məhsul sata bilmirik. Ona görə də bizdə pul multiplikatorunun səviyyəsi çox aşağıdır. Banklar zəif potensiala malik real sektorla əməkdaşlıq edərək, kredit emissiyası vasitəsilə iqtisadiyyatın pul təminatını artıran instituta çevrilə bilmirlər. O başqa məsələdir ki, birbaşa məsuliyyət daşımasa da, Mərkəzi Bank bu problemin yaranmasına səbəb olmuş həlqələrdən biridir. Çünki əgər Mərkəzi Bank müstəqil, siyasət təsirindən azad qurumdursa, hökumətin qarşısına açıq şəkildə məsələ qoymalıdır ki, real sektorun indiki durumunda pul-kredit siyasətini həyata keçirə bilmərəm. Ancaq Mərkəzi Bankın bəyanatlarından “ölkədə problem yoxdur, real sektor inkişaf edir, iqtisadi fəallıq artır” kimi pərdələyici yanaşmalar daha çox olur. Halbuki, Mərkəzi Bankın funksiyalarından biri odur ki, real sektoru monitorinq edib istimaiyyəti, biznesi, hökuməti obyektiv şəkildə məlumatlandırsın. Məsələn, Qazaxıstanın Mərkəzi Bankının saytında real sektorun monitorinq hesabatları açıqdır. Amma Azərbaycan Mərkəzi Bankının saytında bir hesabat da yoxdur ki, ictimaiyyət bankın nə qədər obyektiv və şəffaf şəkildə real sektorda durumu dəyərləndirdiyini görsün. Yenə deyirəm, baş bankir nəticələrdən danışarkın haqlı görünə bilər, amma səbəblərin yaranmasında onun da öz səlahiyyətlərinin sərhədləri daxilində məsuliyyət payı var.

- Bütün bunlara rəğmən Elman Rüstəmov iqtisadi aktivliyin yüksəldiyini bilririr…

- Şübhəsiz ki, iqtisadi aktivlik investisiyalara və tikinti sektoruna bağlıdır. İstənilən iqtisadi təhlilçi son 3-4 ilin dinamikasına baxsa, görəcək ki, iqtisadi aktivliyin düşməsinin səbəbi tikinti və investisiyaların düşməsi ilə bağlı olub. Çünki son 15 ildə iqtisadiyyatın hərəkətverici qüvvəsi neft vəsaitləri hesabına yaranan nəhəng tikinti hövzəsi olmuşdu. Nə zaman ki, bu hövzə daralıb, aktivlik düşüb, neft pulları hesabına hövzə böyüyəndə iqtisadi aktivlik artıb. Ötən ilin ikinci yarısından neftin qiyməti artmağa başlayandan sonra hökumətin bəyanatlarında islahat sözü leksiondan çıxdı, əvəzində tikinti, investisiya sözü artdı. Büdcədə də bunu görmək olur. Ümumi daxili məhsulun artımı da tikinti hövzəsinin genişlənməsi hesabına olur, hökumət yenə də infrastruktur layihələri həyata keçirir, bu isə pul tələb edir. Ancaq iqtisadi aktivlik o zaman dayanaqlı hesab edilərdi ki, hökumətin pulu hesabına deyil, özəl sektorun, biznesin hesabına olardı. Əgər bu, baş vermirsə, həmin iqtisadi aktivlik dayanıqlı deyil. Baxın, 10 il - 2005-2015-ci illərdə iqtisadi aktivlik hansı sürətlə artmışdısa, sonra da həmin sürətlə azalmağa başladı. Səbəb neftin qiymətinin düşməsi idi. Ona görə də Elman Rüstəmovun dediyi iqtisadi aktivliyi müsbət tendensiya kimi də qəbul etmirəm.

- Yəqin siz neftin gələcək qiyməti baxımından belə düşünürsünüz?

- Şübhəsiz. Son vaxtlar Rusiyanın, OPEC-in bazara açıq müdaxilələri ilə neftin qiymətində artım baş verdi və bu, aşkar inzibati müdaxiləydi. Çünki istənilən istehasal sahəsi ilə bağlı ''oliqapol qruplar" bazara təsir edən qərarlar verirlərsə, bu, açıq-aşkar bazara qeyri-bazar alətlərilə müdaxilədir. Tutaq ki, ABŞ hasilatı artıraraq, şist hasilatı həyata keçirən şirkətlərin rəqabət mühində çalışması ilə bazara təsir edir – bu, sırf bazar alətidi. Amma OPEK və Rusiya istehsala kvota təyin etməklə, dolayısı ilə qiymət müəyyən etməklə administrativ müdaxilə edir. Amma o tərəfdən də gördük ki, OPEC hasilatı 1,8 milyon barel azaltdı, ABŞ 1,5 milyon barel artırdı. Sadəcə, ABŞ-ın bazara təsir imkanı ona görə yoxdur ki, hasilat çox sürətlə artdığından bu hasilatı zəruri tələb ünvanlarına çatdıracaq infrastrukturun qurulması onunla ayaqlaşa bilmir. Proqnozlara görə, 2019-cu ildə infrastruktur problemi tam həllini tapacaq. Bu mənada neft bazarının gələcəyi uzunmüddətli dövrdə yaxşı görünmür. Yaxın 5-10 ildə olsa belə, alternativ enerji sürətlə artır, ən yaxşı halda 2025-ci ilə qədər perspektiv görünür. Bizim hökumət qəbul etməlidir ki, iqtisadi rəqəmləri siyasiləşdirməklə uzağa getmək mümkün olmayacaq. Gerçək, dayanaqlı iqtisadi aktivlik üçün rəqabətqabiliyyətli iqtisadiyyat qurulmalıdır. Neftin rolu ilə deyil, biliyin və yüksək texnologiyanın roluyla dayanıqlı iqtisadi aktivlik formalaşa bilər. Biz 2005-2015-ci illərdən dərs çıxarmalıyıq, biz bu tarixi kitablardan oxumadıq, özümüz yaşadıq. Böyük pullar gəldi, aktivlik yarandı, amma pullar kəsiləndən 4-5 ay sonra hansı sürətlə aktivlik yaranmışdısa, həmin sürətlə enmə başladı.

- Bəlkə hökumətin arxayınçılığı TAP və TANAP layihələri ilə əlaqədardır? Əsas varmı bu arxayınlığa?

-Son vaxtlar hörmət etdiyim ekspertlərin də çıxışlarını izləyirəm, çox eyforik bəyanatlar verirlər ki, həmin layihələr iqtisadyyata böyük qazanclar gətirəcək. Ancaq mənzərəni bilmək üçün böyük mütəxəssis olmağa ehtiyac yoxdur. Adi bir misal, 2017-ci ildə Azərbaycan 7,5 milyard kubmetr qaz satıb və ölkəyə 1 milyard 150 milyon dollar vəsait daxil olub. Təxminən 1 kubmetr qaz 150 dollara satılıb. Hesab edək ki, həmin rəqəm yaxın dövr üçün 2 dəfə artır, 2025-30-cu illərə qədər Azərbaycan 20 milyard kubmetrdın artıq qaz satmayacaq. Dəqiq proqnoz verə bilməsək də, indiki qiymətlərlə götürsək, 7,5 milyard kubmetr 1 milyard 150 milyon qaz gətirirsə, bu rəqəm 2 dəfədən də çox artanda 2,5-3 milyard gəlir deməkdir. 3 milyard dolların 15 faizə qədəri – təxminən 350-450 milyon dolları maya dəyəridir. Nəzərə alın ki, ilkin dövrdə xərcləri qaytarmaq lazımdır. 2016-cı ildə Azərbaycan 970 milyon dollarlıq qaz satıb, amma “Şahdəniz” yatağından Neft Fonduna cəmi 60 milyon dollar daxil olub. Çünki qoyulan investisiyanı qaytarmaq lazımdır. Eyni vəziyyət neft satışında da oldu, ilkin mərhələdə investisiyanı qaytardıq, sonra qiymət sürətlə artdığından mənfəət neftinə çox tez çıxa bildik. Ona görə 4-5 il gözləməliyik ki, qiymətlər yaxşı olsa, qoyulan investisiyanı qaytarsın, ən nikbin yanaşmalarla baxdıqda, 2025-ci ildən sonra 1,5-2 milyard götürmək imkanı yaranır. Məsələn, 2010-13-cü illər Azərbaycanın təkcə Neft Fondu vasitəsilə neftdən 17-18 milyard dollar gəlir götürdüyü zamanlar oldu. Bu, o deməkdir ki, yaxın 10 ildə qazın gətirdiyi vəsaitin pik həcmi neftdən götürdüyü pik məbləğin ən yaxşı halda 20-25 faizi ola bilər. Əgər o qədər neft gəlirləri hesabına hökumət sosial baxımdan insanlara rifah şəraiti qura, dayanıqlı və insan kapitalına əsaslanan iqtisadiyyat yarada bilmədisə, qat-qat az gəlir gətirəcək qaz sektoruna bel bağlama özümüzü niyə inandıraq ki?

-Yekun olaraq, Dövlət Statistika Komitəsinin son məlumatına görə, bu ilin yanvar-may aylarında ÜDM-in, o cümlədən qeyri-neft ÜDM-in artım tempi yanvar-aprel ayı ilə müqayisədə aşağı düşüb. Ancaq baş bankir iqtisadi yüksəlişdən danışır…

- Müqayisəni elə aparmayaq. Ola bilər, may ayında temp bir az aşağı düşüb və bunun nəticəsində ilin 4 ayının nəticəsi 5 ayının nəticəsində bir qədər yüksək olub. Əgər bu proses növbəti aylarda davamlı olarsa, o zaman iqtisadi eniş haqda danışmaq mümkün olacaq. İndiki halda isə hələlik ili illə, rübü-rüblə müqayisə etmək daha doğru olardı. Baxmalıyıq ki, bu ilin yanvar-may ayında ötən ilin eyni dövrü ilə müqayisədə necə olub? İndiki situasiyada, tikinti sektorunun bu şəkildə genişləndiyi bir zamanda iqtisadi tempin ötən ilə nisbətən az olacağını gözləmirəm. Amma əvvəl də dedim, önəmli olan tempin səviyyəsi deyil, önəmli olan tempin hansı mənbə hesabına təmin olunmasıdır. Proses biznes, ev təsərrüfatları hesabına inkişaf edir, yoxsa hökumətin dəstəyi hesabına? Önəmli olan bu sualın cavabıdır. Arzulonandır ki, uzunmüddətli və dayanıqlı inkişaf ev təsərrüfatları və biznes hesabına olsun. Çünki ev təsərrüfatları vətəndaşlardır. Çünki onlar öz istehlaklarını dolğun səviyyədə ödədikdən sonra yığımları qalırsa, investisiyaya çevirirlər. Eyni qaydada da biznes. Amma bunlar məhdud olanda, dövlət investisiya edir, halbuki, dövlətin imkan neftə bağlı olduğundan hüdudsuz deyil. Sabah neftin qiyməti 40 dollara düşsə, 2015-ci ilin taleyini yaşamalı olacağıq. Buna iqtisadi nəzəriyyədə həm də “sıxışdırma effekti” deyirlər və mənfi planda işlənir. Hökumət məmurların timsalında bütün təşəbbüsü əlinə götürür, biznesi və onun sərmayələrini sıxışdırıb küncə qısnayır. Nəticədə isə bizim gözümüzün önündəki iqtisadi model yaranır.