İsa Qəmbər: Müsavat Partiyası gözləmək niyyətində deyil

İsa Qəmbər

“Əliyev Konstitusiyaya və qanunazidd hərəkətlərini faktiki etiraf etmişdi”

Milli Strateji Düşüncə Mərkəzinin rəhbəri İsa Qəmbərlə ölkədəki son ictimai-siyasi vəziyyətin doğurduğu suallar ətrafında söhbət etdik.

- İsa bəy, bu il Azərbaycan Cümhuriyyətinin 100 illiyidir. Bu münasibətlə dövlət və qeyri-dövlət səviyyəsində keçirilən tədbirlər hansı təəssüratlar doğurdu?

- Görünən odur ki, hakimiyyətin cümhuriyyətə, onu quran insanlara, cümhuriyyət dəyərlərini daşıyanlara laqeyd, bəlkə də mənfi və neqativ münasibəti davam etməkdədir. Formal olaraq cümhuriyyətin qeyd olunması ilə bağlı fərmanlar versələr də, bir neçə tədbirlər keçirsələr də, hakimiyyət bu hadisənin önəmini aşağılamağa davam etməkdədir. Eyni zamanda, cəmiyyət imkan daxilində cümhuriyyətin 100 illiyini yüksək səviyyədə qeyd etməyə çalışır. Xüsusən Müsavat Partiyası bu ili cümhuriyyət ili elan etdi və ilboyu bir-birindən fərqlənən maraqlı tədbirlər həyata keçirdi. Tədbirlər təkcə Azərbaycanda deyil, Avropada, Almaniya, Türkiyədə, Fransa və İsveç kimi önəmli ölkələrdə baş tutdu, eləcə də Tbilisidə. Partiyamız tərəfindən kifayət qədər diqqəti cəlb edən addımlar atıldı. Digər təşkilatlar da müəyyən tədbirlər keçirməyə çalışdılar. Məni xüsusilə sevindirən o oldu ki, ayrı-ayrı ziyalılar, gənclər indiki çətin şəraitdə, hakimiyyətin laqeyd, hətta neqativ münasibətinin olduğu dönəmdə cümhuriyyət qurucularına sevgilərini, müsbət münasibətlərini ifadə etmək üçün addımlar atdılar. Kitablar, məqalələr yazdılar, toplantılar keçirdilər, nə mümkündür etməyə çalışdılar. Bütövlükdə cəmiyyətin cümhuriyyət dəyərlərinə, azadlığa, istiqlaliyyətə, müsavatçılıq ideyalarına müsbət münasibəti bir daha özünü göstərmiş oldu.

- Prezident Əliyev və təbliğatçılarının “qurucu babalar bugünkü Azərbaycanı görsəydilər, sevinərdilər” açıqlaması doğrudanmı gerçəkdir?

- Qurucu babalar müstəqilliyin, istiqlalın bərpasına sevinərdilər, ancaq istiqlal dönəmində Azərbaycanın demokratik yolla inkişaf etməsini istəyirdilər. Avropaya inteqrasiya əvəzinə ölkədə haqsızlığın, ədalətsizliyin olmasını, insan hüquqlarının, demokratiyanın kəskin, total şəkildə pozulmasını, hakimiyyətin Moskvadan asılı münasibətlərə davam etməsi cəhdini böyük narazılıqla qarşılayardılar.

- Siz Azərbaycana müstəqillik gətirmiş Müsavat Partiyasına uzun müddət rəhbərlik etmisiniz, 20 il. Ötən dövrə baxanda, özünüzə hesabat verərkən məsuliyyətinizi, hardasa səhv etdiyinizi düşünürsünüzmü?

- İş olan yerdə səhv də, nöqsan da olacaq. Ancaq önəmli olan odur ki, Müsavat Partiyası bəlkə yeganə siyasi qüvvədir ki, 1993-cü ildən bugünə qədər Əliyev rejiminə, istibdada və haqsızlığa qarşı ardıcıl, prinsipial mübarizəsini davam etdirib.

- Adətən ölkədə situativ durum olanda, məsələn, seçkilər, həbslər həyata keçirilir. Bu dəfə fərqlidir. 28 maydan əvvəl AXCP üzvləri həbs edildi, Gədəbəyin sabiq icra başçısı Saleh Rüstəmov başda olmaqla, bayram tədbirlərindən sonra ReAL-çılar Azər Qasımlı da daxil olmaqla inzibati həbs cəzası aldılar. Nəhayət, hüquqşünas Emin Aslan ABŞ-da təhsil alıb Bakıya qayıdandan 3 gün sonra həbs edildi. Bu həbslərin səbəbini nədə görürsünüz?

- Fərqli düşünən insanları həbs etmək avtoritar rejimlərin, diktaturaların mahiyyətindən irəli gəlir, burda təəccüblü heç nə yoxdur. Konkret səbəblərə gəldikdə, iki səbəb var: Birinci, İlham Əliyev rusiyalı jurnalist Solovyovun “siz müxalifətə qarşı nə cür mübarizə aparırsınız” sualına cavab vermişdi ki, çox sadə, mən müxalifətin maliyyə qaynaqlarının qarşısını kəsirəm və nəticədə onların hərəkət etməsi çətinləşir. Əliyev Konstitusiyaya və qanunazidd hərəkətlərini faktiki etiraf etmişdi. İndiki mərhələdə də hakimiyyət hardasa 5 qəpik pulun müxalifətin hansısa təşkilatına çatdığını eşidən kimi repressiv tədbirlərə start verir. Hesab edirəm ki, Saleh bəyin və digərlərinin həbsi də məhz bununla bağlıdır. Hakimiyyət hardansa müxalifət partiyalarından birinə maliyyə daxil olmasından ciddi narahatlıq keçirir. İkinci səbəb, hakimiyyətin özünün qorxu içində olmasıdır. Demokratik düşərgədən, cəmiyyətin içindən baxanda, hakimiyyətin möhkəm və özünəarxayın, güclü olduğu görünür. Hətta onu dəyişmək indiki mərhələdə real görünmür, amma hakimiyyət daxilində çox narahatdırlar. İqtidar özünün zəifliyini, kövrək bir şəraitdə olduğunu çox gözəl başa düşür. Həm beynəlxalq, həm daxili səbəblərdən öz zəifliyini çox gözəl dərk edir. Ona görə də qorxduğu üçün qorxutmağa çalışır. İstənilən azad hərəkət, hətta bayram şənliyi hakimiyyəti çox ciddi qorxudur və buna görə də cəmiyyəti qorxutmağa çalışır. Həbslər də bununla bağlıdır.

- Beynəlxalq səbəblərə toxundunuz, amma Əliyev seçkidən sonra Türkiyə və Londona getdi, BP ilə saziş imzaladı, Baş nazir Tereza Meylə görüşdü. Ardınca Almaniyanın Baş naziri, prezidenti, Fransa prezidentindən təbrik məktubu aldı. ABŞ prezidenti Trampdan məktub aldı. Bəs bunlar nədir, beynəlxalq münasibət deyilmi?

- Beynəlxalq münasibətlərin öz prinsipləri və qaydaları var. Hansısa ölkədə hansı qüvvənin hakimiyyətdə olmasından asılı olmayaraq dövlətlərarası və ölkə başçıları arasındakı münasibətlər davam edəcək, buna artıq adət etmək lazımdır.

- 1994-cü ildən başlayan “Əsrin müqaviləsi” uzun müddət davam etdi, indi də qaz sazişi gündəmə gəlib. Müxalifət, yaxud cəmiyyət olaraq demokratiyanı yenə də 25 il gözləyəcəyik?

- Kim istəyir gözləyə bilər. Ancaq Müsavat Partiyası gözləmək niyyətində deyil, rejimə qarşı mübarizəni davam etdirəcəyik.

- Bəs ölkədə dəyişiklikləri necə etmək olar? Köhnə addımlar qalır, yoxsa partiyadaxili idarəetməni dəyişmək haqda düşünürsünüz?

- Çox sadə bir hədəf var; bu, demokratik düşərgə ilə cəmiyyətin bütünləşməsidir. Buna nail olmaq lazımdır. Qalanları söz oyunlarıdır.

- İsa bəy, 2017-ci ilin noyabrında Müsavat başqanının siyasi məsələlər üzrə müavini Elman Fəttah vəzifəsindən fikir ayrılığına görə istefa verib. Bu ilin 14 fevralında isə Müsavat Partiyasının Divan üzvü Tofiq Yaqublu başqan müavini vəzifəsindən azad edilib. Özünün dediyinə görə, bu, Milli Şura üzvü olmasıyla bağlıydı. Mayın 18-də isə Müsavat Partiyasının başqan müavini Yadigar Sadıqov vəzifəsindən istefa verib, o da başqanla fikir ayrılığı olduğunu bildirib. Bunları ona görə xatırlatdım ki, siz partiya başqanı olarkən Yadigar Sadıqov Rauf Arifoğluna görə İctimai Palatadan istefa vermişdi. O zaman siz demişdiniz ki, Rauf Arifoğluna qarşı olanlar Müsavata qarşıdırlar. Bu gün necə düşünürsünüz?

- Müsavat Partiyası canlı bir orqanizmdir, gələn də olacaq, gedən də. Vəzifəyə seçilənlər və təyin olunanlar da, könüllü şəkildə gedənlər də olacaq. Yaxud partiya rəhbərliyinin, strukturların qərarları ilə kənarlaşdırılanlar da. Bu, canlı bir prosesdir. Müsavat Partiyasının son qurultayından 4 ilə yaxın zaman keçib, növbəti qurultay haqda qərar verilib. Qurultayda partiya rəhbərliyinin yenidən formalaşması da nizamnaməyə görə nəzərdə tutulur. Ona görə də burda qeyri-adi bir şey görmürəm.

- Ancaq adlarını çəkdiklərim sıradan biriləri deyil. Hər biri həbsdə olub, 20 ildən çoxdur mübarizə aparırlar. Birdən-birə istefa vermələri, müavinlikdın çıxarılmaları sizdə narahatlıq doğurmurmi?

- Canlı prosesdir, heç bir problem yoxdur.

- İsa bəy, əlbəttə ki, sizin səhhətinizdə yaranan problemin detalları şəxsi işinizdir. Amma İsa Qəmbər Azərbaycanın müstəqillik tarixində daim xatırlanacaq şəxs olduğundan narahatlıqlar da təbiidir. Şünki istiqlalçı deputat olmusunuz, Azərbaycana rəhbərlik etmisiniz. Eyni zamanda, cəmiyyətdəki bəzi söhbətlər narahatlıqları artırıb. Bilmirəm xəbərdarsınız, ya yox, amma mən bunları sizə deyib cavab almağa borcluyam, ən azı tarix üçün. Səhhətinizlə bağlı müxtəlif fikirlər formalaşıb: Bakıdakı müalicə səhv aparılıb; virusa yoluxdurulub; Türkiyədə zəhərlədilib; nəhayət, Almaniyaya getməyiniz bu şübhələri artırıb. Xahiş edirəm, bu məsələlərə aydınlıq gətirəsiniz, tarix və Azərbaycan cəmiyyətinə bu sualların cavabı lazımdır.

- Bəli, son aylarda 3 böyük müalicə mərhələsi keçməli oldum. Elə alındı ki, bunun biri Azərbaycanda, sonra Türkiyədə və nəhayət, Almaniyada davam etdi. Həkimlərin heç birindən narazılılğım yoxdur. Azərbaycanda da, Türkiyədə də həkimlər əllərindən gələn hər şeyi ediblər. Almaniyada da yüksək səviyyədə müayinə və müalicə edilmişəm. Tədricən xəstəlik əlamətləri arxada qalmaqdadır, gücümlə fəaliyyətimi bərpa etməkdəyəm. Sadəcə, sualınız maraqlı olduğu üçün öz düşüncəmi demək istəyirəm, bu, sırf mənim yanaşmamdır. Bunda əmin olmaya da bilərəm, başqa fikirlər də ola bilər. Çünki Azərbaycandakı səhiyyənin durumu barədə fərqli fikirlər səslənir. Baş verənlər göz önündə olduğundan bütövlükdə mənfi qiymətləndirilir, yəqin ki, əksəriyyət haqlıdır. Konkret özümə gələk, yerli və Türkiyə həkimləri sağlamlığım üçün əllərindən gələni ediblər. Sadəcə, bir fərq var, Azərbaycanda və Türkiyədə həkimlər xəstəliyi müəyyənləşdirirlər, düzgün diaqnoz qoyurlar, hər halda mənə də düzgün diaqnoz qoydular, sonra xəstəliyin müalicəsi üçün gərəkən addımları atırlar. Müalicə başa çatandan sonra onun nəticələrini möhkəmlətmək üçün çoxlu dərmanlar tövsiyə edirlər. Almaniyada isə təkcə xəstəliyin özünü yox, onu doğuran səbəbləri aşkara çıxarmağa və aradan qaldırmağa çalışırlar. Ona görə də Almaniyadakı müalicəmin nəticələri daha çox müsbət təsir göstərəcək. Amma yenə deyirəm, heç bir həkimdən narazılığım yoxdur, hər biri nə bacarıbsa, edib. Yeganə bir məqamı vurğulayım, hər üç ölkədə qiymətlər həddindən artıq bahadır, müalicə olunmaq mənə çox baha başa gəldi. Ailəmin səyləri, yaxın qohumların, dostların, silahdaşların köməyi olmasaydı, mən müalicəmin öhdəsindən gələ bilməzdim.

- O zaman hər şeyin yaxşılığa doğru getdiyini demək olarmı?

- Hər halda indi özümü yaxşı hiss edirəm və xəstəlik aradan qalxmaqdadır. Yəni gündən-günə özümü daha yaxşı hiss edirəm.