Fazil Mustafa: Səməd Seyidovun AŞPA-da olmaması Azərbaycan üçün ciddi itkidir

Fazil Mustafa

Anar Məmmədli: Hakimiyyət öhdəliklərini icra etmir, insan hüquqlarını pozur, seçkilər saxtalaşdırılır

“Sanksiya məsələsində Səməd Seyidovun zərərsizləşdirilməsi üçün hər cür vasitəyə əl atıblar. Məsələyə olduqca qərəzli yanaşıblar. Bəlkə də ləyaqətsiz bir formada qərar qəbul ediblər. Çünki heç bir parametrdə bunu sübut edəcək arqumentləri yoxdur. Azərbaycan nümayəndə heyətini zəiflətmək üçün bunu ediblər”.

Bu sözləri “Qafqazinfo”-ya AŞPA-dakı nümayəndə heyətinin üzvü, deputat Fazil Mustafa deyib. Onun sözlərinə görə, Səməd Seyidovun AŞPA-dakı nümayəndə heyətinin rəhbərliyindən gedib-getməməsi məsələsi Mili Məclisdə müzakirə olunmayacaq:

“Hər halda partiyanın və Mili Məclis rəhbərliyinin qərarı burada əsas rol oynayacaq”.

Fazil Mustafa deyir ki, nümayəndə heyəti də bu məsələyə yenidən baxacaq:

“Səməd Seyidovun AŞPA-da nüfuzu çox böyükdür. Avropa Şurasında, həm də rəhbərlikdə təmsil olunur. Rəhbərlikdə təmsilçilikdən bizi məhrum etmək üçün də bu addımı atıblar.

Bu məsələdə elə mənəvi kriteriyalar var ki, yəqin ki orada iştirak etməyin bir anlamı qalmır. Səsvermə, seçilmək, danışmaq yoxdur. Elə-belə gedib gəlməyin bir mənası qalmır. Hər halda nümayəndə heyəti bu məsələni yenidən orada gündəmə gətirəcək. Bu, böyük bir biabırçılıqdır”.

Deputatın sözlərinə görə, Milli Məclisin qərarının hansı istiqamətdə olacağını əvvəlcədən proqnozlaşdırmaq mümkün deyil:

“Hər halda Səməd Seyidovun AŞPA-da olmaması Azərbaycan üçün ciddi itkidir. Rəhbərliyə başqa şəxsin təyin edilməsi məsələsi mümkündür. İndiki real istiqamət onu göstərir. AŞPA-dakı nümayəndə heyətinin tərkibinin dəyişdirilməsi məsələsi də rəhbərlik səviyyəsində vaxtaşırı müzakirə olunur. Ancaq tərkibin dəyişdirilməsi məsələsi də mümkündür. Çünki iki nəfər dövlət orqanlarında vəzifəyə təyin olunub. Onların yerinə təyinatlar olmalıdır. Ola bilsin ki, növbəti iclasların birində bu məsələ müzakirə olunsun, yaxud da, rəhbərlik səviyyəsində qərar qəbul edilsin”.

Anar Məmmədli
Anar Məmmədli.

Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin sədri Anar Məmmədli isə hesab edir ki, Azərbaycan nümayəndə heyəti tam tərkibdə dəyişməlidir:

“Çünki məsuliyyət yalnız Səməd Seyidovun üzərində deyil, ittihamlar Müslüm Məmmədov və Elxan Süleymanov haqdadır. Sadəcə, Səməd Seyidov özünü qurban hesab edir. Amma Elxan Süleymanovla Müslüm Məmmədovun əməlləri təkzib olunmur. Baxmayaraq ki, bu iki nəfər Araşdırma Komissiyasına ifadə verməkdən imtina edirlər. Səməd Seyidov isə ifadə verdiyini və heç bir günahı olmadığını bildirib. Səməd Seyidovun ən ciddi məsuliyyəti nümayəndə heyətinin sədri olmasıdır, dolayısı ilə o da Elxan Süleymanov və Müslüm Məmmədovun bu prosesdə iştirak etdiyini etiraf edib. Səməd Seyidov nümayəndə heyətinin rəhbəri kimi ölçü götürməliydi, ya bilərəkdən, ya da bilməyərəkdən bunu görməyib. Ona görə, o, kənara çəkilə bilməz”.

Anar Məmmədlinin qənaətincə, nümayəndə heyətinin rotasiya məsələsi haqda deyikləri yanlışdır: 

“Uzun zamandır nümayəndə heyətinə eyni şəxslər rəhbərlik edir və onların dəyişilməsinə baxılmaması təsadüfi deyil. Əslində, dəyişikliyin olmaması nümayəndə heyətini nüfuzunun zədələnməsidir.

Məncə, hər parlament seçkisindən sonra nümayəndə heyətinin tərkibi dəyişilməlidir. Amma bir sıra şəxslər uzun illərdir heyətdə təmsil olunurlar. Deməli, onların qalması hakimiyyətə sərf edir”.

Anar Məmmədli Səməd Seyidovun erməni lobbisinin qərara təsiri barədə dediklərini yanlış sayır və tutarlı arqument hesab etmir:

“O zaman 2013-cü ildə Ştrasserin hesabatı, seçki müşahidəçilərinin açıqlamaları haqda olaylar barədə niyə danışmırlar? Bu, çox populist və daxili ictimai rəyə yönəlmiş açıqlamadır. Uzun illər ictimai rəyə təlqin ediblər ki, hakimiyyətə bütün təzyiqlərin arxasında erməni lobbisi dayanır. Halbuki, hakimiyyət öhdəliklərini icra etmir, insan hüquqlarını pozur, seçkilər saxtalaşdırılır”.

Fazil Mustafanın qərarı “qərəzli və ləyaqətsiz” adlandırmasına gəlincə, mərkəz rəhbəri hesab edir ki, baş verən hadisə Azərbaycan üçün utancdır, parlamentə isə ləkədir:

“Bu ləkənin altında parlament üzvlərinin hər birinin imzası var, heç kim yaxasını kənara çəkməsin, istər Fazil Mustafa, istər Asim Mollazadə, istərsə də Səməd Seyidov. Fazil Mustafa sübutun olmadığını deyir, əvvəla, qərar hüquqi hökm deyil, çaşqınlıq yaratmasınlar. Araşdırma Komissiyası intizam tədbirlərini görür, davranış kodeksini, daxili intizam qaydalarını yoxlayır. Cənab Seyidov da daxil müxtəlif şəxslər dinlənilib. Rüşvətin paylanmasında ittiham olunan Elxan Süleymanov və Müslüm Məmmədov isə ifadə verməkdən imtina ediblər. Bu fakt Səməd Seyidovu bir qədər ağır durumda qoyur. Bəli, qərarın hüquqi hökm olmadığını deyirlər, amma komissiya razılıq əsasında yaradılıbsa, niyə ifadə verməyiblər? Hesabatı oxuduqca, Süleymanovla Məmmədovun yayındığı görünür. İkinci, rüşvət aldığını etiraf edən yoxdur, amma ittiham var. Belə olanda araşdırma hüquqi müstəvidə aparılmalıdır. Yaxşı olardı, deputat Fazil Mustafa Respublika Prokurorluğuna müraciət etsin ki, Pedro Aqramuntun Bakıya səfərləri əhatəli şəkildə araşdırılsın, qaldığı otellər, kimlərlə görüşməsi və s. Əgər AŞ PA-nin qərarına etmad göstərmirlərsə, hüquq-mühafizə orqanları vasitəsilə araşdırlsın, istintaq aparılsın”.

Mayın 16-da AŞPA Prosedur Qaydaları Komitəsinin dörd deputata qarşı sanksiyaların tətbiqi barədə məlumat yayıb.

Siyahıya Azərbaycanın AŞPA parlament nümayəndə heyətinin sədri Səməd Seyidov, AŞPA-nın Azərbaycan üzrə keçmiş həmməruzəçisi, qurumun keçmiş prezidenti Pedro Aqramunt (İspaniya), Azərbaycan üzrə məruzəçi və seçki müşahidəçiləri Cezar Florin Preda (Rumınya) və Xordi Xukla (İspaniya) daxil ediliblər.

Həmin deputatlar heç bir mövzu, ölkə üzrə məruzəçi, AŞPA komitəsinin və ya sub-komitənin sədri və sədr müavini ola bilməzlər. Eyni zamanda, AŞPA-nın prezidenti vəzifəsinə namizədliklərini irəli sürə bilməzlər.

Onlar Avropa Şurasını və onun komitələrini heç bir tərəf qarşısında təmsil edə bilməzlər. Bundan əlavə bu deputatların Nazirlər Komitəsinə sual vermək hüquqları əllərindən alınır.

Məhdudiyyətlər Pedro Agramunta 10 il, digər 3 nəfərə 2 il müddətində şamil olunacaq.