Aqiyə Naxçıvanlı
Aqiyə Naxçıvanlı Fotoqraf: Report.az

Dövlət sifarişi: Uşaq doğmaq...

Bizim bir deputatxana var, ora adamları (mandat verdiklərini) zərgər dəqiqliyi ilə seçib yığıblar. Çoxunun az yaşı da yoxdur. Uzun illərdir ya eyni dairədən, ya da arada yerini dəyişməklə mandatını alır(Salman bəy demişkən, puluna minnət). Bəziləri onlara millət vəkili də deyir. Ancaq bu ada yaraşan bir millət vəkili belə orda yoxdur. Elə yaxşısı deputatdır. Bu deputatların da ən yaxşı cəhəti danışmamalarıdır. Susurlar, səs vermək gərək olanda, iclasda iştirak edəndə ya özləri, iclasda olmayanda qonşu kreslonu bron edən deputat yoldaşları onların əvəzinə düyməni basır. Elə onlar kimi, ancaq onlardan bir qədər böyük kreslonu mənimsəyən sədrləri Oqtay Əsədov da belə hallara göz yumur, üzə vurmur, təki yetərsay olsun, Prezident Administrasiyasından göndərilən qanun layihəsi problemsiz keçsin...

Deputatlardan seçicilər də razıdır, ancaq səs gərək olanda onları narahat edirlər, başqa vaxt gözə dəymirlər. Düzdür, qabaqlar Milli Məclisin qarşısına seçicilər gəlib nələrisə tələb etmək istəyirdilər, polisin köməyi ilə bu problem, demək olar, yoluna qoyulub, şikayətçilər daha oralarda görünmür. Deputatlar da seçici yanına ya seçildiyi ərazidə ciddi hadisə olanda, ya da şəhid gələndə gedir. Qalan vaxtlarda hərə öz biznesinin dalındadı. Şükür, maaşları da artıb...

Bizim deputatların bir problemi var, o da danışmaqlarıdı. Danışanda sözün dalını-qabağını gətirə bilmir, “xoruz” buraxır, bu da Milli Məclisin adına yazılır. Hələ bir müddət qabaq sədrləri Oqtay Əsədov bununla bağlı ən stajlı deputatlardan olan Hadı Rəcəbliyə irad da tutmuşdu. İcazəsiz danışmamağı məsləhət bilmişdi. Adam bir neçə ay tapşırığa əməl etsə də, sonradan yenə hissə qapılıb danışmışdı və yenə problemlər yaratmışdı. Bu xasiyyət Siyavuş Novruzovda da var, adam susanda daha gözəl görünür. Məsələn, 28 dekabr 2007-ci ildə “Təhsil haqqında” qanunun müzakirəsi zamanı Siyavuş Novruzov da çıxış etmişdi. Görün nələr demişdi:

“Nə qədər doktor, professor, elmlər namizədi olar? Bir ilin içərisində 700–800–900 elmi ad alan olur. Mənim yadıma düşür, bir vaxtlar Meksika ordusunda əsgərdən çox zabit var idi. Həmin vəziyyətə gəlib çıxmışıq. İndi bizdə də tələbədən çox, elmlər namizədi var. Hər birinin də verdiyi təhsilin səviyyəsinə baxın...”

Ancaq bu çıxışından sonra, görünür, reallıq, zamanın diqtəsi işini görüb; Siyavuş Novruzov da o biri həmkarları kimi elmi ad dalınca qaçıb. Qısa zaman kəsiyində hüquq üzrə fəlsəfə doktoru adlna layiq görülüb...

Dünən parlamentin, yox, yaxşısı elə deputatxanadır, iclasında başqa bir elm adamı, siyasi elmlər doktoru, Azərbaycan Müəllimlər İnstitutunun 2015-ci ilə qədər rektoru olan, həm də deputat Aqiyə Naxçıvanlı Milli Məclisin Ailə, qadın və uşaq komitəsinin iclasında yeni hazırlanan “Uşaqların zərərli informasiyadan qorunması haqqında” qanun layihəsinin müzakirəsi zamanı komitə sədri kimi çıxış edib: “Hazırda boşananların sayı artıb. Rahatlıqla boşanırlar, ailə dağılır. Çünki ictimai qınaq yoxdur. Toydan iki ay öncə rəqsə gedirlər. Rəqsə getməkdənsə, ağsaqqalın, ağbirçəyin yanına getsinlər, ailə necə olur, onu öyrənsinlər. Ailələrdə dözümlülük yoxdur”.

Sonra yəqin özü də bilmədən təhsil məsələsinə toxunub:

“Burada təhsilin də rolu var. Qadınlar komitəyə müraciət edirlər, dinləyəndə, görürsən ki, bunun savadı yoxdur. Sual verirsən ki, necə ailə qurmusan? Deyir, valideynlərin razılığı ilə olub. Deyirəm, bəs ailə qurduğun şəxs qonşun olubsa, əvvəlcədən onun necə birisi olduğunu bilmirdin? Ailə qurmaq, sonradan dağıtmaq o qədər sadələşib ki... Deyirəm ki, ilk gündən döyülmüsənsə, söyülmüsənsə, niyə üç uşaq dünyaya gətirmisən? Deyir ki, uşaqları siz götürün saxlayın. Uşaqlara dövlətin baxmasını tələb edir. Dövlət sifariş vermişdi ki, üç uşaq dünyaya gətirəsən?”

Aqiyə Naxçıvanlı 2005-ci ildən 2015-ci ilə qədər Azərbaycan Müəllimlər İnstitutunun rektoru olub. Uşaqların tərbiyəsinə birbaşa sorumlu olan müəllimlər yetişdirib. Ölkənin ən rüşvətxor institutlarından olan bu təhsil ocağından çıxanların təhsil vermədiklərinin acısıyla isə indi qarşılaşıb... Yeri gəlmişkən, adam 1950-ci ildə Oğuzda doğulsa da, özünə Naxçıvanlı soyadı götürüb. Alim ki alim...

İndi 68 yaşındadır, yəni ağbirçək vaxtıdır, ancaq Milli Məclisdə çıxışında ağbirçək kimi yox, təhsiili biri kimi yox, alim kimi yox, müəllimlər yetişdirən bir instituta 10 il rəhbərlik edən biri kimi yox, bazar adamları, lap elə icra başçıları kimi danışır: “...Dövlət sifariş vermişdi ki, üç uşaq dünyaya gətirəsən?”
Sonra da gənclərə toy öncəsi rəqsə yox, ağbirçək yanına getməyi məsləhət bilir... Kimin yanına getsinlər?!.

Həm də unudur ki, prezident İlham Əliyev uşaqpulunu artırıb 35 manata qaldırıb, bunu dövlət sifarişi də saymaq olar!

Yazı müəllifin fikirlərini əks etdirir və Meydan TV-nin mövqeyi ilə üst-üstə düşməyə bilər.