ATƏT seçkini tənqid etdi, dava düşdü

''Seçki rəqabətin olmadığı mühitdə keçirilib''

“Azərbaycanda 11 aprel növbədənkənar prezident seçkiləri hüquq və azadlıqların məhdudlaşdırıldığı bir mühitdə, həqiqi rəqabətin olmadığı şəraitdə keçirilib”.

Bu açıqlama ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun Seçki Müşahidə Missiyasının aprelin 12-də keçirdiyi mətbuat konfransında səsləndirilib.

Müşahidə Missiyası “Seçkilər məhdudlaşdırılmış siyasi mühitdə və həqiqi demokratik seçkilərin şərtləri olan fundamental hüquq və azadlıqları məhdudlaşdıran qanunlar çərçivəsində baş verib. Bu zəmində və media da daxil olmaqla plüralizm olmadığı şəraitdə, seçkidə əsl rəqabət yox idi” deyə açıqlayarkən “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə, “Səs” qəzetinin baş redaktoru Bəhruz Quliyev, “Xalq qəzeti”nin əməkdaşı Əliqismət Bədəlov və digərlər etiraz etdilər. Onlar "Yalan danışmağa son qoyun!", "Bu, doğru deyil!", “Ermənilərin hazırladıqları bəyanatı oxumayın!” - deyə çıgıraraq missiya üzvlərinin oturduqları tribunaya tərəf getdilər. Nəticədə tədbir dayandırıldı və missiya üzvləri zaldan çıxdılar. Bunun ardınca konfransı pozanlar "Qoy, getsinlər, onlar kimdir ki, yalan danışıqlar" söylədilər.

15-20 dəqiqəlik fasilədən sonra missiya üzvləri qayıdıb bəyanatı oxumaqda davam etdilər.

Bəyanatda bildirilir ki, seçkiyə qatılan namizədlər hazırkı prezidenti birbaşa tənqid etməkdən çəkinirdi. Hazırkı prezidentin təşviqat kampaniyası və rəsmi fəaliyyəti arasında fərq qoyulmurdu. Eyni zamanda, hakimiyyət orqanları beynəlxalq müşahidəçilərlə əməkdaşlığa açıq idi və beynəlxalq müşahidəçilər seçkiqabağı dövrdə sərbəst fəaliyyət göstərə bilirdilər. Seçki administrasiyası yaxşı təmin edilmiş və seçkiləri effektiv şəkildə hazırlamışdı:

“Seçki günü müşahidəçilər icrası mütləq olan prosedurlara məhəl qoyulmaması, şəffaflığın olmaması və çox sayda ciddi pozuntuları, o cümlədən seçki qutulara topa bülletenlərin atılmasını qeydə aldılar. Əsasən, qəsdən saxtakarlıqlar və prosedurlara açıq-aşkar məhəl qoyulmaması səbəbindən səslərin sayılmamasının yarıdan çoxu mənfi qiymətlərilir”.

ATƏT-in qısamüddətli müşahidə missiyasının xüsusi koordinatoru və rəhbəri Nilza de Sena dedi ki, Azərbaycan hakimiyyət orqanlarının seçki müşahidəsinə xoş rəftarını və seçkiqabağı dövrdə MSK-nin peşəkar fəaliyyət göstərdiyini qeydə alıblar:

“Biz əməkdaşlığımızı davam etdirməyə və əsl rəqabətə imkan verməyən məhdudlaşdırıcı siyasi və hüquqi mühitin azad seçkilərin keçirilməsinə yaratdığı fundamental problemləri həll etmək üçün birgə səy göstərməyə hazırıq. Hökumətə DTİHB-nin yekun hesabatında verəcəyi tövsiyələri yaxşı nəzərə almağı məsləhət görürüm. Azərbaycan tərəfindən tələb edildiyi halda biz bu prosesə kömək etməyə və ölkədə demokratiyanın gələcək inkişafı üzrə dialoqumuza davam etdirməyə hazırıq”.

Nilza de Sena davam edərək bildirdi ki, seçkilər hakim partiyanın dominantlığı şəraitində keçib:

“Bəzi müxalifət partiyaları rəqabətsiz mühiti səbəb gətirərək seçkiləri boykot etdi, digərləri isə seçki mühitinin çox qısa olmasının mənalı fəaliyyət üçün effektivsizliyini bildirdilər. Ümumilikdə seçkiqabağı kampaniya məhdud ictimai maraq və iştirak doğurdu. Hazırda vəzifədə olan prezidentin lehinə hakim partiyanın təşkil etdiyi təşviqat tədbirləri yaxşı təşkil edildi və təmin olundu. Hazırkı prezident təşviqat kampaniyasında iştirak etməsə də, ölkə üzrə səfərlər etmiş və bir çox yüksək səviyyəli xarici rəsmiləri qəbul edib. Digər 7 namizədin təşviqat kampaniyası məhdud oldu və regional struktur və resursların olmaması ilə əngəlləndi”.

Avropa Şurası Parlament Assambleyasının nümayəndə heyətinin rəhbəri Viorel Reşord Badeanın sözlərinə görəsə, demokratik prinsiplərdən güzəştə gedilmiş və hüququn üstünlüyü təmin olunmayan siyasi mühitdə ədalətli və azad seçkilər mümkün deyil. Bu,məqam nəzərə alınmalıdır:

“Seçki günü biz bir sıra qanun pozuntularını müşahidə etdik, amma bunun seçkinin nəticələrinə necə təsir etdiyini bilmək mümkün deyil”.

ATƏT-in Parlament Assambleyasının nümayəndə heyətinin rəhbəri Marqareta Kiener Nellen dedi ki, siyasi debatların ifadə azadlığına qoyulan məhdudiyyətlərdən dolayı daralmasını namizədlərin televiziyada öz fikirlərini təqdim edə biləcəkləri bir neçə həftəlik seçkiöncəsi kampaniya ilə kompensasiya etmək mümkün deyil. Parlament Assambleyası hakimiyyətin ölkəni həqiqi azad və ədalətli seçkilər üçün zəruri olan açıq mühitə doğru inkişaf etdirəcək bütün addımlarını qətiyyətlə dəstəkləməyə davam edəcək.

ATƏT-in demokratik Təsisatlar və İnsan Haqları Bürosunun Seçki Müşahidə Missiyasının rəhbəri Corien Jonkerin sözlərinə görə, həqiqi demokratik seçkilər üçün lazımi şərt olan fundamental hüquq və azadlıqlar praktikada ciddi şəkildə məhdudlaşdırılıb.
“Hakimiyyət Azərbaycanın ATƏT iştirakçı dövləti kimi öz vətəndaşları üçün demokratik hüquqlarının dəstəklənməsi, qorunması və hörmət edilməsi öhdəliklərini yerinə yetirməlidir”.

Konfransda qeyd olundu ki, mediaya aid olan son dərəcə məhdudlaşdırıcı qanunlar ifadə və mətbuat azadlığına çətinliklər yaradır. Bu, həm vebsayt və sosial media məzmununa da şamil edilir:

“Diffamasiya həbsi ilə cəzalandırılan və prezidentinə aid olduqda əlavə cəzalar tətbiq edilən cinayət əməlidir və bu, siyasi kampaniyada çox vacib olan ifadə azadlığını məhdudlaşdırır. Bütün digər namizədlərə efir vaxtının çox az bir qismi ayrılmışkən müşahidə olunan KİV-də siyasi işıqlandırmanın ən böyük hissəsi hazırkı prezidentin vəzifəsinin icrası ilə bağlı reportajlar olub. Qanunun tələbinə uyğun olaraq ictimai yayım şirkəti namizədlərə ödənişsiz efir vaxtı ayırdı. Lakin bunu yalnız televiziya və radioda keçirilən dəyirmi masa müzakirələri ilə məhdudlaşdırılıb. MSK iki namizədi qeydə almadı, qeyd etdi ki, onların təqdim etdiyi dəstəkləyici imzaların arasında kifayət qədər təkrarlanan və etibarsız imza olub. İmzaların yoxlanılmasına məsul olan MSK-nin İşçi Qrupu prosesin texniki olaraq adekvat və məsuliyyətli olduğunu nümayiş etdirə bilməyiblər. İrəli sürülmüş namizədlərin MSK tərəfindən aşkar edilmiş səhvlər və çatışmazlıqları düzəltmək üçün heç bir hüquqi müddəa yoxdur. MSK 58,175 yerli müşahidəçini, o cümlədən, QHT-lər tərəfindən irəli sürülən 4,041 müşahidəçini qeydə aldığını bildirmişdi. Amma beynəlxalq təşkilatların müşahidəçilərin bir sıra müsahibi iddia etmişdi ki, hökumət və seçki administrasiyası tərəfindən yaradılan maneələr vətəndaş cəmiyyəti təşkilatlarının fəaliyyətini məhdudlaşdırıb. Bu təşkilatların biri 2008-ci ildən qeydiyyatsızdır və qurumun könüllüləri fərdi şəkildə özləri akkreditasiyadan keçsə də, bəzi çətinliklərlə üzləşdilər”.

Yekunda qeyd olunub ki, prezidentin səlahiyyətlərini daha da genişləndirən 2016-cı ildə keçirilən konstitusiyaya dəyişikliklərdən sonra 11 apreldə ilk dəfə olaraq seçkilər keçirilib. Amma Konstitusiya ilə qarantiya olunmuş seçkilərə aid əsas hüquq və azadlıqlar praktikada hüquqi və inzibati məhdudlaşdırmalara məruz qalıb. Seçki Məcəlləsi ətraflıdır və yaxşı tərtib olunub. DTİHB-nin əvvəlki bir neçə tövsiyəsi nəzərə alındığı halda, büronun və Venessiya Komissiyasının heç bir prioritet tövsiyəsi icra olunmayıb.

Aprelin 11-də Azərbaycanda növbədənkənar prezident seçkiləri keçirilib. Mərkəzi Seçki Komissiyasının yekun rəyinə əsasən İlham Əliyev 86,3 faiz, Zahid Oruc 3,11 faiz, Sərdar Cəlaloğlu 3,03 faiz, Qüdrət Həsənquliyev 3,02 faiz, Hafiz Hacıyev 1,52 faiz, Araz Əlizadə 1,38 faiz, Fərəc Quliyev 1,17 faiz və Razi Nurullayev 0,74 faiz səs toplayıb.