Hafiz Hacıyev: Mənim səslərimi 2-ci və 3-cü yer verdikləri oğrulara yazıblar

Hafiz Hacıyev

''Seçkinin nəticələri ilə razı deyilik''

Müasir Müsavat Partiyasının sədri, prezidentliyə namizəd Hafiz Hacıyev 11 aprel seçkisinin nəticələri ilə razılaşmır.

Hafiz Hacıyev yeniçag.az saytına bildirib ki, nəticələrə etiraz olaraq aksiya keçirəcək:

“Biz açıqlanmış bu nəticələrlə razılaşa bilmərik. Mənim topladığım səsləri götürüb 2-ci və 3-cü yerləri verdikləri oğrulara yazıblar. O adamların bu ölkə qarşısında hansı xidmətləri olub? Xarici kəşfiyyata məlumat ötürənləri aparıb 2-ci, 3-cü yerə çıxarıblar. Özləri də bilirlər ki, onlar xalq arasında heç bir nüfuzu olmayan insanlardır. Onlar necə 2-ci, 3-cü yerləri tuta bilərlər? Bu, mənə qarşı növbəti ədalətsizlikdir”.

O deyib ki, hər dəfə onun səslərini aparıb iki deputata yazırlar.

“Bunlara heç öz uşaqları da onlara səs verməyiblər. Hər şeyin bir həddi-hüdudu var. Saxta deputat mandatı onlarda, 2-ci, 3-cü yer onlarda… Belə şey olmaz axı. O şəxslərin özləri mənə deyirdilər ki, sən olan yerdə bizim nüfuzumuz yoxdur. Yaxşı, nə oldu bəs? Niyə mənim səslərimi o oğrulara yazırlar? Bu, nə tərəfkeşlikdir, nə üzgörənlikdir? Onlara saxta deputat mandatı verirlər, buna dinmirik, müəyyən qruplara qoşulub ölkənin sərvətini dağıdırlar, buna da dillənmirik… Ancaq belə ədalətsizlik olmaz! Biz öz sözümüzü deyərək, haqqımızı tələb edəcəyik”.

H.Hacıyev bildirib ki, indi protokollar üzrə rəsmi nəticələrin açıqlanmasını gözləyir.

“Bundan sonra atacağımız addımlara baxacağıq. Partiyamız bu ədalətsizliyə, bu rəzalətə dözə bilməz. Üzvlərimiz mitinqlərə hazırlaşırlar, biz qəti sözümüzü deyəcəyik. İki oğrunu salıblar ortaya, sağdan-soldan dəstəkləyirlər. Onların arxasında duran qüvvələrin əksəriyyəti dövlət başçısına xəyanət etmiş insanlardır. Yenə deyirəm, biz bu rəzalətə dözməyəcəyik”.

Hafiz Hacıyev eyni zamanda “Amerikanın səsi"nə bildirib ki, İlham Əliyevə inanır və ümid edir ki, onu baş nazir təyin edərək koalisiya hökumətini formalaşdıracaq.

MSK-nin məlumatına əsasən Hafiz Hacıyev seçkidə 1,52 faiz toplayaraq, beşinci olub.