''Hakimiyyət yaranmış vəziyyətin günahını müxalifətə və mühacirlərə yükləyir''

foto google.az

Anar Məmmədli: ''Sanki prezident yox, deputatlığa namizədlər arasındakı debat idi''

Martın 19-da İctimai Televiziyada (İTV) 11 aprel prezident seçkisində iştirak edən namizədlərin ilk ödənişsiz debatı keçirilib.

Debatda bütün namizədlər iştirak edib. Təkcə, hakim partiyanın namizədi İlham Əliyevi baş nazirin müavini Əli Əhmədov təmsil edib.

Siyasi icmalçıların fikrincə, debatda bəzi diqqətçəkən məqamlar da olub. Namizədlərin əksəriyyəti ölkənin indiki durumuna görə müxalifəti və xaricdə yaşayan, hakimiyyəti tənqid edən mühacirləri suçlayıblar.

Hakimiyyətin məqsədi efiri daha böyük kütləyə çatdırmaq deyil

Mərkəzi Seçki Komissiyasının (MSK) keçmiş üzvü Akif Qurbanov Meydan TV-nin namizədlərin debatı ilə bağlı suallarını cavablandırıb. Deyib ki, 2008-ci ildən bugünədək olan seçkilərin heç birində Seçki Məcəlləsinin 80.5.-ci maddəsinə əməl edilməyib. Pulsuz efir vaxtı daha geniş auditoriyanın baxması mümkün olan vaxtda ayrılmayıb:

"Hər dəfə məqsədli olaraq İctimai Radioda gecə saatları (22:00), İTV-də isə insanların yolda olan (19:00) vaxtı seçilirdi. Dünən isə əksini gördüm. Düşündüm ki, MSK məcəllənin 80.5-ci maddəsinin tələbini nəzərə alıb. Ancaq namizədlərin tərkibinə və çıxışlara baxdıqda fərqli yanaşma ortaya çıxır. Hakimiyyətin məqsədi heç də o deyil ki, efiri daha geniş kütlələrə çatsın və nəticədə normal debat yaransın. Kimlərin efirə buraxıldığı faktı belə hər şeyin necə kontrol altında olduğunu göstərir”.

Namizədlər hakimiyyətin siyasətinin uğurundan danışırlar

Akif Qurbanov deyir ki, namizədlərin əksəriyyəti iki mövzuya fokslanmışdı:

Hüquqşünas  Akif Qurbanov
Hüquqşünas Akif Qurbanov

"Birinci, hakimiyyətin siyasəti uğurlu nəticələnib, bunun davamlı olması istənilirdi. İkinci, "ölkədəki problemlərin əsas qaynağı müxalifətdir və hakimiyyətin siyasətinə etiraz edən xaricdəki soydaşlarımızdır", - deyə bildirilirdi. Yəni hökumət, hər şeyi uğurla həyata keçirir. Demək istəyirlər ki, problemlər olsa da, bu, müxalifətçilərdən və guya ölkənin maraqlarını xaricə satanlarla bağlıdır. Üçüncü məqam isə debatda səslənən fikirlərdəki müxtəliflik idi. Bu da sadəcə hakimiyyətiçi tərəflərin namizədlərinin bir-birlərini atəşə tutmasından ibarətdir. Yəni biri o birinin bostanına daş atan kimi, o biri də dərhal cavab atəşi yağdırırdı".

Namizədlər bir-birinin bostanına daş atır, öz himayəçisinin uğurlarını qabartmağa çalışırdılar

Akif Qurbanov deyir ki, debatda yaşananlar kənardan ölkənin durumunu tam bilməyənlər üçün fikir müxtəlifliyi kimi görünə bilər. Amma hakimiyyətin iç tərəflərinin namizədləri bir-birinin bostanına daş atır, öz himayəçisinin uğurlarını, yaxud onun rəqbinin neqativ tərəflərini qabartmağa çalışırdılar:

"Bununla demək istəyirlər ki, birinci şəxsin rəyində və ümumiyyətlə, ictimai rəydə həmin sahədə problemlər var. Prezident də həmin sahədəki şəxslərin dəyişdirilməsi üçün addım atsın".

Hakimiyyət tənqidi açıqlamaların səslənəcəyindən qayğılı deyildi

Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin (SMDT) sədri Anar Məmmədli isə deyir ki, martın 19-da debat "prime-time" təsadüf etdi. Görünür, hakimiyyət bu dəfə onu narahat edən məsələlər haqda açıqlamaların səslənəcəyindən o qədər də qayğılı deyildi:

Anar Məmmədli foto Meydan TV
Anar Məmmədli foto Meydan TV

"Debatda ölkədəki problemlər səthi müzakirə olunurdu. Namizədlərin öz proqramlarının təqdimatı və hökumətin əsaslı tənqidləri eşidilmədi. Müxalif fikirlər səslənsə də, bu, seçkinin müxalif partiyaların iştirakı ilə, rəqabət mühitində keçirildiyini deməyə əsas vermir. Bundan əlavə, debatda süstlük var idi. Sanki prezident seçkisi yox, hansısa seçki dairəsində deputatlığa namizədlər arasında debat gedirdi. Bəli, süstlüyün olmasında müxalifəti təmsil edən nüfuzlu namizədin olmaması əsas amil sayıla bilər".

Azərbaycan seçkilərində debat uzun illərdir ki, yoxdur

Anar Məmmədli martın 18-də Rusiyada keçirilən prezident seçkilərini xatırladır. Deyir, orada Putinin alternativi hesab olunan Aleksey Navalnıy prosesə buraxılmasa da, çox ciddi kampaniya atmosferi və canlı debatlar vardı:

"Güman ki, Azərbaycan hakimiyyəti seçkinin ictimai müzakirəsini istəmir. Ona görə köhnə formata üstünlük verdilər. Təəssüf ki, Azərbaycan seçkilərində debat uzun illərdir ki, yoxdur”.

MDB ölkələrində ümumi siyasi mədəniyyət dəyişməyib

Sabiq deputat Pənah Hüseyn də Rusiyadakı seçkidən danışıb. Deyir, qonşu ölkədə də təşviqat zamanı debat Azərbaycandakından fərqlənmirdi:

Pənah Hüseyn
Pənah Hüseyn

"Görünür, MDB ölkələrində ümumi siyasi mədəniyyət dəyişməyib. 19 martda baş tutan debatda namizədlər Sərdar Cəlaloğlu ilə Araz Əlizadə fərqlənirdi. Mən mənfi-müsbət baxımından demirəm. Amma Araz Əlizadə haqqımda ehtiyatsız ifadə işlətdi və davam etdi ki, əgər dediklərini sübut etməsə, siyasətdən gedəcək. Mən onun özünün və partiyadaşlarının dəlilləri ilə yalan danışdığını sübut edərəm, sadəcə, siyasətdən gedəcəyinə inanmıram. Araz Əlizadənin dedikləri aşağı səviyyəli böhtandır. Guya, AXC hakimiyyəti zamanı özəlləşmə olub. Biz də bir çox obyektləri adımıza özəlləşdirmişik. Əvvəla, həmin vaxt dövlət idarələrinə məxsus bir neçə Rusiya istehsalı köhnə taksilər özəlləşmişdi, onu da sürücülərin özləri aldı. Obyekt özəlləşməsindən söhbət gedə bilməz. İkinci, Milli Məclisdə özəlləşdirmə məsələsi müzakirəyə çıxarılmışdı. Onda AMİP-i təmsil edən deputatlar etiraz etdilər ki, əgər özəlləşdirmə olsa, AXC məmurları hər şeyi öz adlarına özəlləşdirəcəklər. Mən də təklif etdim ki, şübhəniz varsa, özəlləşdirmə komissiyası yaradılsın və AMİP-dən olan iqtisadçı Nazim İmanov ora sədr seçilsin. Bununla da məsələ qapandı. Beləliklə, özəlləşmə AXC hakimiyyəti devriləndən sonra başlandı. Əgər Araz Əlizadə sözünün üstündə dayanırsa, sübut edə bilərəm. Amma inanmıram ki, o dediyinə əməl etsin”.

Xatırlatma:

Azərbaycanda növbəti prezident seçkiləri 2018-ci ilin oktyabrında keçirilməli idi. Fevralın 5-də prezident İlham Əliyevin sərəncamı ilə ölkədə aprelin 11-nə növbədənkənar prezident seçkiləri təyin edildi.

MSK bugünədək prezidentliyə səkkiz nəfərin namizədliyini təsdiq edib. Onlar - hazırki prezident İlham Əliyev, Demokrat Partiyasının sədri Sərdar Cəlal oğlu Məmmədov, deputat Zahid Oruc, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Qüdrət Həsənquliyev, Sosial-Demokrat Partiyasının sədri Araz Əlizadə, Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyev, Müasir Müsavat Partiyasının sədri Hafız Hacıyev və namizədliyi AXC Təşəbbüs Qrupu tərəfindən irəli sürülən Razi Nurullayevdir.

Müxalifət partiyaları seçkini boykot etdiklərini bəyan ediblər.

Bu il keçiriləcək seçki nəticəsində prezident ilk dəfə olaraq yeddi il müddətinə seçiləcək.

Martın 19-dan isə prezident seçkisinin təşviqat kampaniyası start götürüb.

Seçki qanunvericiliyinə əsasən, təşviqat kampaniyası səsvermə gününə 23 gün qalmış başlanır. Seçki gününə 1 gün qalmış, aprelin 10-u səhər saat 08.00-da təşviqat kampaniyası dayandırılacaq və həmin gün sükut günü elan ediləcək.

Təşviqat zamanı ödənişsiz efiri yalnız İctimai Televiziya təklif edir.

İctimai Televiziya eyni zamanda, ödənişli efir vaxtı da elan edib. Televiziya prezidentliyə qeydə alınan namizədlərin və ya onların səlahiyyətli nümayəndələrinin çıxışının saniyəsi üçün minimum 20, maksimum qiyməti isə 50 manat müəyyən edib.

İctimai radioda isə çıxışın bir saniyəsi üçün minimum 7, maksimum 25 manat ödəmək lazım olacaq. Kanal bildirib ki, ödənişli təşviqata qoşulan namizədlər günün müxtəlif saatlarında İTV və İctimai radioda çıxış edə bilərlər.