Bakı, 10 oktyabr 2003
Bakı, 10 oktyabr 2003 Fotoqraf: Sergei Karpukhin

Milli tənəzzül

Azərbaycanın son 30 illik tarixini yalnız bir sözlə səciyyələndirmək olar: TƏNƏZZÜL.

Sənaye çöküb. Ziraət çöküb. Elm çöküb. Təhsil çöküb. Səhiyyə çöküb. Cəmiyyət çöküb. Mədəniyyət çöküb.

Ədəbiyyat çöküb. Əxlaq çöküb.

Ölkənin hətta ərazisi 15 faiz kiçilib.

Qalxan yalnız dar bir zümrənin sərvətidir. Bu zümrənin yüksəlişi ilə millətin və ölkənin çökməsi arasında əlaqəni “tərs mütənasib” adlandırmaq olar.

Bir aydan sonra ölkə vətəndaşları 7 namizəd arasında sanki birini prezident seçəcəklər.

Rusiyada isə seçki martın 18-dədir. Bu seçki barədə ən dəqiq tərifi solların namizədi Pavel Qrudinin köhnə bir sovet lətifəsi ilə ifadə edib:

“Brejnev Gürcüstana gəlir, çıxış edir, görüşlər keçirir, sonra qərara gəlir ki, kolxoz bazarına gedib kəndlilərlə görüşsün. Bir yaşlı qarpız satıcısına yaxınlaşır, görür ki, kişi qabağına bir dənə qarpız qoyub satır. Kişi Brejnevi görən kimi çığırır:

-Yaxınlaş, daraqoy, seç, apar!

Brejnev təəccüblə soruşur:

-Nəyi seçim? Sənin qarşında cəmi bir qarpız var.

Qoca kəndli deyir:

-Nə olsun ki? Biz də seçəndə yalnız səni seçməli oluruq”.

Ancaq insafən, Rusiya seçkilərində nəzəri də olsa, həqiqi seçim imkanı və ehtimalı var.

Bəs Azərbaycan seçkilərində? Nə üçün bir namizəd dördüncü dəfə seçkiyə gedir? Nə üçün seçkiləri erkən keçirirlər?

Həqiqi səbəbi yalnız fəaliyyətdə olan prezident bilir. Son bir-iki il ərzində ciddi-cəhdlə belə bir təsəvvür yaradılırdı ki, prezident milləti xilas etməkdən və vətəni qorumaqdan yorulub, usanıb və doyub, odur ki, bu möhnəti daşımaq şərəfini yenicə Birinci vitse-prezident təyin etdiyi birinci ledinin üzərinə qoymaq fikrindədir.

Onun bu niyyəti hakim zümrədə əyləşib heç bir maneə görmədən millətin malını nuş edən comərd insanları ciddi əndişələndirirdi və onları bəzi-bəzi qabaqlayıcı tədbirləri müzakirə etməyə sövq edirdi.

Nəticədə belə bir güman yaranırdı ki, gəmi komandası deyəsən qiyama hazırlaşır.

Namizədin nəticədə zənən deyil, kişi xeylağı çıxması hakim zümrəni toxtamağa və çəkib bəslədiyi nəqşələrdən vaz keçməyə vadar etdi.

Hesab edin ki, millətin bəxti gətirdi və biz gəmi komandasının qiyamını görmədik. Yəni heç kəsi göyərtədən dənizə tullamadılar, heç kəsi dor ağacından asmadılar.

Ortada çox böyük pul söhbəti gedirdi deyə ata da bilərdilər, asa da.

Təlatümlü 1990-ci illərin əvvəllərini yadınıza salsanız, mənim nə demək istədiyimi anlayacaqsınız.

Xub, hakim zümrənin namizədi sınaqdan çıxmış köhnəsidir və düşünməyi yadırğamamış insan bunu anlaya bilər.

Lakin böylə tələsiklik nəyə lazım idi? Məgər elə həmin namizədi elə həmin minvalla payızda seçki mərasimindən keçirib tacı onun başına dübarə qoymaq olmazdımı?

Xaliqdən gizli deyil, məxluqdan niyə gizli qalsın, bizim ölkədə hakimiyyət məsələsi müzakirə olunanda heç kəs camaatı incidib onun öyrəşmədiyi fikirləşmək əziyyətini ona vermək istəmir. Yuxarıda əyləşənlər bu əziyyəti insanpərvərliklə öz üzərinə götürüb hakimiyyət halvasını çalır və müəyyən tədbirlərdən sonra həmin bu qara camaatın qarşısına bir nimçə halva qoyub deyir ki, “ye!”

Camaat bu halvanı yemək istəməyəndə bir az uca səslə deyir ki, “tıx!”

Yenə yemək istəməyəndə bağırır ki, “boğmalan!”

Qara camaat yenə qanmayıb bu gözəl halvanı yemək, tıxmaq və boğmalanmaq istəməyəndə, həmin bu bişüur camaatın başına qapaz, sifətinə şillə, burnuna yumruq gəlir.

Bundan sonra sadə camaat dəxi bir söz deməyib başlayır yeməyə, tıxmağa və boğmalanmağa.

Təbii ki, kimin necə və illa ki, nə üçün tələsib erkən seçimə getməsi məsələsi sadə camaata aid edilən vətəndaşlar üçün tam qapalı “qara qutu”dan savayı bir şey deyil. “Qara qutu” isə məchul, gözlə öyrənilməyən, şüa keçirməyən, tərəzidə çəkilməyən, heç bir xarici təsirə məruz qalmayan bir cisimdir.

Bizə qalır yalnız onu kənardan müşahidə etmək və oxşar cisimlərlə müqayisə etmək.

Nə demək olar? Dəyərli oxucu, təvəqqe edirəm ki, keçən dəfəki, yəni 2013-cü il seçkilərini yada salasan. Yadından çıxıb? Eybi yox, sən toxta, dincini al, mən o vaxt olub keçənləri bir-bir hüzurunuza ərz edim.

Əvvəla, seçkilərə beş-altı ay qalmış Moskvada guya ki, “Milyarderlər klubu” təsis edilmişdi və belə bir şayiə yayılmışdı ki, Rusiyada yaşayan varlı azərbaycanlılar İlham müəllimi prezident görmək istəmir və buna görə atışıb cox ciddi bir məbləği bizim milli müxalifətə verəcəklər ki, hakimiyyəti dəyişdirsinlər.

Yenə xaliqdən gizli deyil, məxluqdan niyə gizli olsun, bizim milli müxalifətin arxasında mafiya deyilən bir şey dayananda dönüb olur şirü-nər, dayanmayanda olur məsum və fağır quzu.

Həmin bu “Milyarderlər klubu”nun elanı arifə işarə idi ki, bizim şimal qonşumuz rəngli inqilaba hazırlaşır və milli müxalifəti şirü-nərə çevirmək üçün maliyyə yığa bilər.

Lakin belə-belə ucuz işarələr yerin üstünü də, altını da bilən bizim hakimiyyət üçün heç bir əhəmiyyətə malik deyildi. Hakimiyyətimizin tükü də tərpənmədi.

Onda bizim şimal qonşumuz keçdi nəqşənin ikinci mərhələsinə. Nə etdi? Dünənə qədər biri-birinin ətini didən milli müxalifət Milli Şurada birləşdi.

Hakimiyyət zəif bir zınqırov səsi eşitdi. Lakin yenə vecinə almadı.

Ardınca nə baş verdi? Milli Şura dedi ki, vahid namizəd kimi Rüstəm İbrahimbəyovun namizədliini irəli sürəcək. Yəni cəmiyyətin dəstəkləmədiyi ənənəvi müxalifət nümayəndəsini deyil, daxildə də, xaricdə də böyük nüfuzu olan hörmətli bir şəxsin namizədliyini irəli sürəcək.

Hakim zümrədə vahimə yarandı. Kimisi varını götürüb qaçmaq, kimisi varını satıb quylamaq, kimisi qalibin tərəfinə keçib hamıdan uca “A-zad-lıq” qışqırmaq barədə düşünməyə başladı.

Burada bir incə məqam bəlli oldu. Sən demə, Rüstəm müəllimin ikili vətəndaşlığı varmış və Rusiya prezidentinə ərizə yazıbmış ki, onun rus vətəndaşlığını ləğv etsin. O isə dərin düşüncəyə dalıbmış ki, ikili vətəndaşlığı ləğv etsin, ya etməsin?

Etsə, Rüstəm müəllim gəlir Bakıya, namizədliyini qeydiyyatdan keçirir, milli müxalifətin möhtəşəm mitinqləri başlayır, hakim zümrə çatlayır və gözlənilən qalibin tərəfinə keçənlərin sayı hər gün həndəsi silsilə ilə artır.
Etməsə, hər şey əvvəlki kimi qalır.

Oxucum, yaxşı yadımdadır, Rusiya prezidenti xeyli fikirləşdi, fikirləşdi, görəndə ki, Azərbaycan tərəfi işarəni nəhayət ki, anlayıb, cənab İbrahimbəyovun rus vətəndaşlığını ləğv etmədi.

Etmədi, cənab İbrahimbəyov da dəxi Bakıya gələsi olmadı. Milli Şura çarəsizlikdən tanınmış tarixçimiz Cəmil Həsənlinin namizədliyini irəli sürdü və ardını artıq hamınız məndən də yaxşı bilirsiniz.

Odur ki, bu dəfə hakim zümrə Moskvada hamının başının oradakı prezident seçkilərinə qarışmasından istifadə edib bizim seçkiləri basma-qəhvə erkən keçirmək niyyətindədir.

Alınacaqmı? Təbii ki, “Milyarderlər klubu”nu dirçəltməyə vaxt yoxdur, Milli Şura dübarə dirilməyəcək, amma axı qoyun-quzu dalıyca bu örüşə dadanan var. Keçən dəfə bir yol tapmışdı, bu dəfə fərqli yol tapa bilər.
Hansı yolu?

Nə çoxdur çəpərlənməmiş örüşə aparan yollar!

“Mən cəddə vacadə”. Ərəb məsəlidir. Tərcüməsi: “Axtaran tapar”.

Yazı müəllifin fikirlərini əks etdirir və Meydan TV-nin mövqeyi ilə üst-üstə düşməyə bilər.