Siyavuş Novruzov: ''Siyasiləşdirilmiş məhbusları amnistiya ilə azad etmək lazımdır''

''Azərbaycandan bu vəba xəstəliyini birdəfəlik qurtarmaq lazımdır''

"Cümhuriyyətin yüzilliyinin olduğuna görə, cənab prezidentin cümhuriyyətin yüzilliyinin keçirilməsi ilə bağlı geniş fərman imzaladığına görə mən parlamentdə məsələ qaldırdım ki, biz hamımız cənab prezidentdən parlamentə belə bir qanun layihəsi təqdim etməsini xahiş edək".

Bunun Amerikanın Səsi radiosuna müsahibəsində Yeni Azərbaycan Partiyasının icra katibinin müavini, deputat Siyavuş Novruzov deyib. Onun sözlərin görə, bu amnistiya aktının digərlərindən fərqlənməsindən söhbət gedir.

“Müstəqillik, ərazi bütövlüyü uğrunda vuruşmuş insanlar sonradan hansı cinayət törətməsinə baxmayaraq (ehtiyatsızlıqdan, qəsdən, başqalarının təhriki ilə cinayət edənlər var) amnistiyaya düşməlidir. Yaşı 60-ı keçən, himayəsində azyaşlı uşaqlar olan, həmçinin məsuliyyətə cəlb olunandan sonra dünyaya uşaq gətirən qadınlar var (sayı da az deyi, 12-15 nəfər belə insan var). O uşağın günahı nədir ki, hər hansı bir cinayət törətmədən doğulandan məhbus həyatı yaşayır. Bu cür insanların amnistiyaya düşməsi vacibdir.

70 və yuxarı yaşda olan kişilərə də hansı cinayət törətməsindən asılı olmayaraq amnistiya aktının şamil olunması mümkündür”.

S.Novruzovun sözlərinə görə, amnistiya aktı bir sıra dindarlara da aid edilməlidir.

“Azərbaycanda dini qruplaşmalara qoşulanları çıxmaq şərtilə, dindarlara da amnistiya tətbiq edilə bilər. Din pərdəsi altında xarici ölkələrdə döyüşlərdə iştirak edənləri, din pərdəsi altında olan müxtəlif cərəyanlara, təxribatçı qruplara daxil olanları çıxmaq şərti ilə digər mömin insanları, hansılar ki, ehtiyatsızlıqdan avtomobildə qəza törədib və yaxud da naşılığından istifadə olunub, hansısa bir sənədə qol çəkib, bu cür inanclı insanlara da tətbiq olunması pis olmaz”.

YAP funksionerinin fikrincə küçələrdə icazəsiz aksiyalarda iştiraka görə həbsdə olan gəncləri də amnistiya ilə azad etmək olar.

“Gənclər var ki hansı ki, öyrədiblər, gəncdir, beynini doldurublar, öz uşaqlarını qaçırıblar xaricdə təhsil aldırırlar, digərlərinin uşaqlarını tökürlər küçələrə və deyirlər ki, get qanunu poz. O cür gənclər var ki hansı ki, Əli Kərimlidir, başqalarıdır, beynini doldurub yoldan çıxarıb. Özlərininkini gizlədib, bunları qabağa verib. Bunlar da özləri bilmədən qanunu pozublar. Bunların gələcək həyatı qabaqdadır. Mən hesab edirəm ki, belə gənclərin də azad edilməsi məqsədəuyğun ola bilər”.

S.Novruzov adı beynəlxalq təşkilatların siyahılarında siyasi məhbus kimi keçən insanların da azad edilməsinin tərəfdarı olduğunu bildirib.

“Bəzi Avropa təşkilatları, o cümlədən bəzi qeyri-hökumət təşkilatları bu və ya digər formada Azərbaycana təzyiq göstərib güzəştli şəkildə Azərbaycanın təbii sərvətlərindən bəhrələnmək üçün müxtəlif ad atırlar ortaya, siyasi məhbus və s.
Belə adamlara artıq siyasi məhbus yox, siyasiləşdirilmiş məhbus deyirlər. Bu vəba xəstəliyini Azərbaycandan birdəfəlik qurtarmaq üçün Avropa Şurasının, Avropa Parlamentinin, erməni lobbisi tərəfindən öyrədilmiş deputatların əlindən o silahı almaqdan ötrü o cür adamların hamısını bir qərarla azad edib, bundan da qurtaraq. Görək, bundan sonra nə istəyəcəklər. Bax budur, prinsip etibarı ilə ortaya qoyulan əsas məsələlər”.

Onun sözlərinə görə, təşəbbüs baş tutacaqsa amnistiyanı mayda edə bilərlər.

“Amma cənab prezident istənilən vaxt əfv edə bilər”.