Rasim Musabəyov: 2-3 rayonun azad edilməsi qarşılığında Ermənistanın kommunikasiyaları açıla bilər

''2-3 rayonun azad edilməsi qarşılığında Ermənistanın kommunikasiyaları açıla bilər''

Azərbaycanda prezident seçkilərinin ertələnməsi Ermənistanla danışıqlar prosesində tempin saxlanılmasına və elə bu il irəliləyişə nail olmağa imkan verir.

Meydan TV xəbər verir ki, bunu Ermənistanın Armİnfo agentliyinə müsahibəsində Milli Məclisin deputatı Rasim Musabəyov deyib.

O, izah edib ki, Ermənistanda apreldə prezident seçkilərindən sonra danışıqların bərpası may ayından tez olmazdı və yay tətillərindən sonra oktyabrda Azərbaycanda prezident seçkisi danışıqlarda pauzanı daha da uzadardı.

“Danışıqlarda irəliləyişin olub-olmaması isə tərəflərin çətin kompromislərə hazır olmasından asılı olacaq. Mənə çatan informasiyalardan belə nəticə çıxara bilərəm ki, danışıqlarda baza olaraq “Madrid prinsipləri” əsas götürülür və onun digər bir versiyası “Kazan sənədləri” də arxivə göndərilməyərək, aktuallığını saxlayır”.

R.Musabəyov hesab edir ki, Azərbaycanın Ermənistandan təcili və tam olaraq işğal olunan ərazilərdən çıxması tələbi, Ermənistanın isə cavab olaraq Dağlıq Qarabağda referendum keçirilməsi tələbi danışıqları dalana dirəyib.

Onun sözlərinə görə, ola bilər ki, tərəflər bundan kiçik addımlarla hər şeyi birdən əldə etməsələr də, qarşılıqlı güzəştlər sayəsində bonuslar əldə edərək irəli getsinlər.

“Nümunə üçün, demək olar ki, çərçivə sazişi imzalandıqdan sonra 2-3 rayon azad edilir və bunun əvəzində Azərbaycan və Türkiyə Ermənistanın kommunikasiyalarını açırlar. Bu elə də az deyil, çünki Ermənistan Türkiyə vasitəsilə Avropa və Yaxın Şərqə, Azərbaycan vasitəsilə İran, Rusiya, Mərkəzi Asiya və Çinə yol tapır”, - R.Musabəyov deyib.
Onun sözlərinə görə, bundan başqa Dağlıq Qarabağ rəsmi Bakının aviasiya əlaqəsi əldə etməklə bağlı razılığını da ala bilər.

“Tərəflər arasında inamın artması gərginliyi azalda bilər və növbəti mərhələdə Dağlıq Qarabağın siyasi dialoqa qoşulmasına, xarici bazarlara çıxış əldə etməklə iqtisadi fəaliyyət göstərməsinə imkan verən aralıq statusunun müəyyən edilməsi həll oluna bilər. Bunun da əvəzinə daha 2-3 rayon azad edilə bilər”, - deputat deyib.

R.Musabəyov deyib ki, danışıqlarda irəliləyiş mütləq olmalıdır, çünki bunun alternativi nə Azərbaycana, nə də Ermənistana sərf etməyən qanlı müharibədir.

Dağlıq Qarabağ münaqişəsinin müasir mərhələsi 1988-ci ildə Ermənistan SSR-in Azərbaycan SSR-ə qarşı ərazi iddiaları əsasında başlayıb. 1991-1994-cü illərdə Azərbaycanın Dağlıq Qarabağ ərazisi uğrunda Ermənistanla Azərbaycan arasında müharibə baş verib. Nəticədə Azərbaycan ərazilərinin 20 faizi - Dağlıq Qarabağ və ətraf 7 inzibati rayon (Laçın, Kəlbəcər, Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan) Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal olunub, 1 milyondan artıq insan qaçqın və məcburi köçkün vəziyyətinə düşüb. Hərbi əməliyyatlar 1994-cü ilin may ayında Bişkekdə Azərbaycan və Ermənistan arasında imzalanmış atəşkəs sazişi ilə başa çatıb.

Dağlıq Qarabağ münaqişəsinin həlli ilə ATƏT-in Minsk Qrupu və Rusiya, ABŞ, Fransadan ibarət həmsədrləri məşğul olur.