Sülhəddin Əkbər: İlham Əliyev dəyişiklik gözləyən qüvvələri pat vəziyyətinə saldı

Sülhəddin Əkbər

''Mehriban Əliyevanın birinci vitse-prezident təyinatından sonra cəmiyyət gözlənilməz addımlara hazır olmalıydı''

“Məlumatsız insanlar üçün sərəncamın gözlənilməz olması təbiidir, ancaq mən sərəncamı təsadüf saymıram və hər bir hadisənin, faktın mütləq bir səbəbi var”.

Bunu Meydan TV-ə Azad Demokratlar Partiyasının sədri Sülhəddin Əkbər prezident İlham Əliyevin 5 fevral növbədənkənar prezident seçkisi haqda sərəncamını şərh edərkən deyib.

O, İlham Əliyevin növbədənkənar seçkiyə getməsində bir səbəb görmür:

“Daxili və xarici bir sıra sıra ciddi amillərin zamanlama məsələsində üst-üstə düşməsində Əliyev bu qərarı qəbul etməli oldi. Artıq daxildə və ölkə ətrafında durum gərginləşməkdə davam edir. Bu proses 2013-cü ildə Əliyevin üçüncü dəfə namizədliyini irəli sürəndən, xüsusilə amerikalı diplomat Melianın “qırmızı xətt” açıqlamasından sonra başladı”.

S.Əkbər qeyd edib ki, həmin dövrdə mətbuata hakim elitanın hesabları barədə informasiyalar sızdırıldı və elə həmin dövrdən Vaşinqton başda olmaqla Qərblə münasibətlər gərginləşdi.

“Ardınca iki devalvasiya qərarı verildi, maliyyə-iqtisadi böhran başladı və nəhayət, Əliyev komandası anladı ki, üçüncü devalvasiya sosial nəticələr doğuracaq. Ona görə də nəyin bahasına olursa-olsun manatın sabitliyini qorumağa çalışırlar. Ancaq bu iki nəticəni ortaya qoyub: birinci, inflyasiya sürətlənir, ikincisi, siyasi devalvasiya. Mən İlham Əliyevin xanımı Mehriban Əliyevanı birinci vitse-prezident təyin etməsini nəzərdə tuturam. Bundan sonra ən nikbin insanlar belə siyasi “inkişaf”ın hansı istiqamətə getdiyini anladı. Bu, artıq geri gedişin bariz göstəricisidir. Mehriban Əliyevanın birinci vitse-prezident təyinatından sonra Azərbaycan cəmiyyəti hər hansı gözlənilməz addımlara hazır olmalıydı. Yəni İlham Əliyev ailə hakimiyyətini qorumaq üçün hər şeyə gedə bilər”.

S.Əkbər xatırladığı gedişat zamanı ətraf ölkələrdə, o cümlədən, ABŞ Konqresində və Avropa Şurasında Azərbaycanla bağlı məsələlərin gündəmə gəlməsini sıradan bir hadisə saymır.

Onun sözlərinə görə, ən əsası daxildəki proseslərdir ki, bunlara, Paşayevlərlə “Naxçıvan klanı” arasında çatların yaranması və hakim ailə ilə Heydər Əliyev komandası arasında narazılıqların artmağa başlamasını göstərmək olar.

“İlham Əliyev anladı ki, Putin kimi güclü lideri olan Rusiyaya qarşı sərt sanksiyalar tətbiq olunursa, Azərbaycana qarşı da hər hansı qərar verilməsi mümkündür. Ona görə də Əliyev düşündü ki, oktyabrı gözləsə bu amillər güclənəcək və əleyhinə işləyəcək. Nəticədə payızda olacaq sınaq ailə hakimiyyəti üçün çox təhlükəli ola bilər. Beləliklə, 5 fevral sərəncamı ilə daxildə və xaricdə dəyişiklik gözləyən qüvvələri pat vəziyyətə saldı. Artıq bu qüvvələrin seçkiyə hazırlaşmaq üçün kifayət qədər zamanı yoxdur. Çünki hamı payıza hazırlaşırdı”.

S.Əkbər hesab edir ki, İlham Əliyev seçkidən sonra Qərbin bir sıra tələblərini rahat həyata keçirəc biləcək:

“Fikir verin, Vaşinqton və bir sıra xarici mərkəzlər sərt açıqlamalar vermədi. Gözlənilir ki, Əliyev 2003-cü ildə hakimiyyətə gələrkən verdiyi vədi yerinə yetirəcək və atasından qalma komandadan xilas olacaq. Nəhayət, ölkədə ən azı iqtisadi sahədə islahatlar başlayacaq. Xatırlayırsınızsa, Əliyev YAP-ın qurultayında da “siyasi və iqtisadi islahatlar paralel getməlidir” deyə anonsunu verdi. Hərçənd ki, mənə inandırıcı gəlmir. Ona görə də vədin bir qismini həyata keçirəcəyini düşünürəm. Sadəcə, İlham Əliyev Qərbin bu məsələdə səbrinin “daşdığı”nı görür və hakimiyyət daxilində də müxalif potensial böyüyür, ən sonuncu narazı xalq. Əliyev bu üç amilin birləşməsindən narahatdır. Bunun qarşısını almaq üçün Qərbin onun siyasi hakimiyyətinə təhdid yaratmayan tələblərinin bir qismini yerinə yetirəcək. Digər tərəfdən, daxildəki gerçək gücə malik müxalifəti zərərsizləşdirib onu narazı xalqla və ənənəvi müxalifətlə birləşməyə qoymamağa cəhd edəcək”.
O, “siz seçkidə iştirak edəcəksinizmi” sualına “Azərbaycanda seçki olacağını düşünmürəm” deyə qısa cavab verib.