''Sistem Mikayıl Cabbarova imkan vermədi''

Mikayıl Cabbarov, foto: azadlıq radiosu

Pənah Hüseyn: ''Yeni təyinatın vergi sistemində fundamental, köklü dəyişikliklərə səbəb olacağını gözləmirəm''

Dekabrın 5-də Prezident İlham Əliyevin sərəncamı ilə vergilər naziri Fazil Məmmədov işdən çıxarılıb, onun yerinə təhsil naziri Mikayıl Cabbarovu təyin edib.

Təyinat sosial şəbəkələrdə, eləcə də ictimaiyyət arasında geniş müzakirə mövzusuna çevrilib. Əsasən 3 il təhsil naziri vəzifəsini icra edən Mikayıl Cabbarovun vergi sahəsində uğurlu olub-olmayacağı məsələsi müzakirə edilir. 

Meydan TV müzakirəni mütəxəssislərlə davam etdirir. 

Keçmiş Baş nazir Pənah Hüseyn deyir ki, nazir siyasi vəzifədir. Hər bir nazirlikdə işi aparan əsas, ixtisaslı kadrlar olur. Odur ki, Mikayıl Cabbarovun illərdir təhsil naziri kimi fəaliyyət göstərib, birdən vergilər naziri vəzifəsinə təyin olunması təəccüblü deyil: 

“Prinsipcə, hüquqşünasın vergilər naziri təyin olunması mümkün ola bilər. Nəzərə almaq lazımdır ki, Vergilər Nazirliyi həm də hüquq-mühafizə sahəsinə daxildir. Formalaşmış ənənə və təsəvvürlərə uyğun gəlməyən məsələ Mikayıl Cabbarovun təhsil naziri olması idi. O dövrdə bu, cəmiyyətdə şok yaratmışdı. Təhsil nazirindən əvvəl isə o, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin rəisi olub”.

Nazirlər dövlət başçısı və ona yaxın olan şəxslərə xidmət edir

Pənah Hüseyn deyir ki, oxşar təcrübə Türkiyədə də olub.  Türkiyənin müdafiə naziri indi təhsil naziridir: 

Pənah Hüseyn
Pənah Hüseyn.

“Ancaq Azərbaycanda nazirlərin təyin olunması bir qayda olaraq onların hakimiyyət dəstəsinə aid olub-olmaması ilə müəyyən olunur. Nazirlərin fəaliyyəti dövlət başçısı və ona yaxın olan şəxslərin mənafeyinə xidmət edir. Bu, başqa bir məsələdir. Əlbəttə ki, burada Mikayıl Cabbarovun vəzifəsinin öhdəsindən necə gəlib-gəlməməsi önəmli deyil. Fakt Vergilər Məcəlləsi bizdə bir tərəfdə qalıb. Fəaliyyətlər faktiki olaraq qeyri-hüquqi və qeyri-qanuni üsullarla tənzimlənir. Eləcə də, vergi sahəsində. Yeni təyinatın vergi sistemində fundamental, köklü dəyişikliklərə səbəb olacağını gözləmirəm. Hamı bilir ki, vergi sahəsindəki qanunsuzluqlar hakim təbəqənin iqtisadi maraqları ilə tənzimlənir”. 

 

Mikayıl Cabbarovun təhsil sahəsindəki fəaliyyəti uğurludurmu? 

Pənah Hüseyn deyir ki, kənd yerlərində müəllimlərin imtahan vasitəsilə işə alınması faktdır. Ancaq Mikayıl Cabbarovun dövründə də təhsil sahəsindəki rüşvət halları aradan qalxmadı:

“Bakıda 5-6 saatlıq müəllim ştatının necə alındığı hamıya məlumdur. İstər kənd, istərsə də şəhərdə direktor təyinatlarının da hansı yollarla olduğunu bilirik. Bu, düzdür, Mikayıl Cabbarovun dövründə yaranmayıb. Əvvəllər də var idi. Ancaq Mikayıl Cabbarovun dövründə də istər müəllimlərin işə alınmasındakı rüşvətin, istərsə də məktəblərdəki pul yığma hallarının qarşısı alınmadı, davam etdi. Hər halda, hansısa bir müsbətə doğru dəyişiklik görmədik. Müstəqil ekspertlərin təhlilləri və konkret rəqəmlər göstərir ki, təhsilin keyfiyyətində də irəliləyişlər olmayıb”.

Mikayıl Cabbarovun islahat aparması üçün şərait yox idi

Təhsil eksperti Nabatəli Qulamoğlu isə əksini düşünür. Deyir, Mikayıl Cabbarov təhsil sahəsində çox işlər görüb:

“İndi də vergilər naziri oldu. Bu, hər şeydən əvvəl müəyyən sahəni kifayət qədər bilib-bilməməklə bağlı deyil. Sadəcə rəhbərlik fəaliyyətidir. İşin qurulması, yeni üsullardan istifadə və s. Düzdür, Mikayıl Cabbarov təhsil sahəsində çox islahatlar apara bilmədi. Ancaq bu sahədə etdiyi yeniliklərlə iz qoydu. Çünki Mikayıl Cabbarovun  islahat aparması üçün şərait yox idi. Onun yerində istənilən qabiliyyətli, istedadlı insan olsa da, bunu bacarmazdı”. 

Hamıya iş yeri əldə etmək üçün yeganə meyarın bilik olduğunu göstərdi

Nabatəli Qulamoğlu deyir ki, Mikayıl Cabbarov çoxunun edə bilmədiklərini edib. Korrupsiyaya qarşı mübarizə mexanizmi yaradıb: 

Nabatəli Qulamov
Nabatəli Qulamov.

“Ona qədər olan rəhbərlər hədə-qorxu, hay-küylə görürdülər bu işi. Mikayıl Cabbarov isə birbaşa mexanizm yaratdı. Məktəb direktorları 1-ci sinif şagirdlərini məktəbə rüşvətlə qəbul edirdi. O, qəbulu elektron varianta keçirdi. İndi valideynlər elektron qaydada uşaqlarına məktəb seçə bilirlər. Kadr sistemində də dəyişiklik etdi. Müəllimlərin kadr potensialı pis durumda idi. Biliyin diaqnostik qiymətləndirilməsinə başlandı.  Diaqnostik qiymətləndirmədən sonra müəllimlərin yeni qayda ilə işə qəbulu prosesi başladı. Hər bir müəllim imtahanla, yüksək balla istədiyi yerdə işə düzələ bilir. Hamıya iş yeri əldə etmək üçün yeganə meyarın bilik olduğunu göstərdi”. 

Mikayıl Cabbarov Azərbaycan təhsilinə demokratik ruh gətirdi

Ekspert bildirir ki, doğrudur, təhsil sahəsində rüşvət tamamilə yığışdırılmayıb, ancaq qarşısı xeyli alınıb, əvvəlki kimi deyil: 

“Müəllimlərin məktəbə işə düzəlməsi üçün əvvəllər bilirsiniz nə qədər rüşvət verilirdi?  İndi belə deyil. Təsəvvür edin, Bakının mərkəzi məktəblərinin birində biologiya müəllimi üçün elan olunan vakant yerə Qubanın ucqar kənd məktəbində işləyən müəllim qəbul olub. Səbəb bilikdir. Mikayıl Cabbarovu təhsil naziri kimi uğurlu hesab edirdim. Olimpiadanı da etibarlı əllərə verdi. O, sadəcə köklü islahat apara bilmədi. Məsələn, direktorların işə qəbulunu müəllimlərin işə qəbulu kimi qaydaya sala bilmədi. Buna icra başçıları imkan vermədi. Ancaq o, bunun üçün çox çalışdı, sadəcə sistemlə bacara bilmədi. Məktəb direktoru təhsil işçisi deyil, siyasi fiqurdu. Çünki bütün seçki məntəqələri məktəblərdə yerləşir. O məntəqələri icra strukturları öz etibar etdikləri şəxslərə verirlər. Odur ki, Mikayıl Cabbarov məktəb direktorlarının işə qəbulu ilə bağlı istədiyini edə bilmədi. Ümumiyyətlə, Mikayıl Cabbarov Azərbaycan təhsilinə demokratik ruh gətirdi. Təhsil Nazirliyinin kadrları ondan sonra yeni kommunikativ kompitensiyalar əldə etdi”.  

Mikayıl Cabbarov 1976-cı il sentyabrın 19-da Bakıda anadan olub. Əmək fəaliyyətinə 1995-ci ildən bank sektorunda başlayıb, 1999-2002-ci illərdə özəl sektorda hüquqşünas kimi fəaliyyət göstərib.

2002-2003-cü illərdə İqtisadi İnkişaf Nazirliyində nazir müşaviri, 2003-2004-cü illərdə Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) prezidenti vəzifələrində çalışıb.

Prezidentin 2009-cu il 6 mart tarixli Sərəncamı ilə Nazirlər Kabineti yanında “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin rəisi vəzifəsinə təyin olunub.

4 il sonra prezidentin 19 aprel 2013-cü il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının təhsil naziri vəzifəsinə təyin edilib. Evlidir, 2 övladı var.