Səməd Qurbanov və İlham Əliyev «Baku Agropark» MMC-yə məxsus istixana kompleksində. 4 dekabr 2017
Səməd Qurbanov və İlham Əliyev «Baku Agropark» MMC-yə məxsus istixana kompleksində. 4 dekabr 2017

Prezidentin kürəkəni dövlətdən dəstək alıb

Dekabrın 4-də prezident İlham Əliyev Zirə qəsəbəsində 10 hektar sahədə tikilmiş istixana kompleksində olub. “Baku Agropark” MMC-yə məxsus bu istixananı dövlət başçısına sahibkar Səməd Qurbanov təqdim edib.

Səməd Qurbanov Prezident İlham Əliyevin kürəkəni, kiçik qızı Arzu Əliyevanın həyat yoldaşıdır.

Rəsmi məlumata görə, ildə 3,3 min ton pomidor istehsal etmək gücündə olan istixananın tikintisinə 21,7 milyon manat sərmayə qoyulub.

Azadlıq Radiosu yazır ki, bunun 10 milyon manatı Sahibkarlığa Kömək Milli Fondunun (SKMF) güzəştli kreditidir. Üç mərhələdə tikiləcək olan kompleksin 21 hektar ərazidə salınması nəzərdə tutulan növbəti mərhələlərinin dəyəri 45,7 milyon manat qiymətləndirilir.

SKMF iri məbləğdə olan kreditləri on ilədək müddətə verir. Bank bu kreditlər üçün illik 6 faizdən çox faiz dərəcəsi tətbiq edə bilməz.

Yazıda qeyd olunur ki, bu, İlham Əliyevin kürəkəninə yeganə dövlət dəstəyi deyil.

«Vergilər» qəzeti
«Vergilər» qəzeti.

“2016-cı ilin fevral ayının 18-də yaradılarkən şirkət başqa ad daşıyırdı. O zaman “Azecofarm” adı ilə10 min manat ilkin kapitalla qurulan şirkətin dövlət reyestri məlumatları ictimaiyyətdən gizli saxlanılmışdı. Bu ilin avqustunda istehsala başlayanda onu adı dəyişdirilərək “Baku Agropark” MMC-yə çevrilmişdi. Elə indi də bu şirkət barədə məlumatlar ictimaiyyət üçün əlçatımlı deyil” – məqalədə qeyd olunur.

Vergilər Nazirliyinin məlumat bazası
Vergilər Nazirliyinin məlumat bazası.

 “İki ay öncə ölkənin enerjipaylayıcı şəbəkəsini idarə edən “Azərişıq” ASC “Azecofarm” MMC-nin istixana kompleksini elektrik enerjisi ilə təmin etməkdən ötrü 5 milyon 531 min 132 manat məbləğində müqavilə bağlamışdı. Sifarişçi “Azərişıq” ASC olduğundan, pulu da o ödəyəcəkdi. Bu, sənaye müəssisəsinin elektrik təchizatı işlərinin dövlət hesabına icra olunması ilə bağlı ictimaiyyətə bəlli olan, hələlik, yeganə məlumatdır”.

İstixananın elektrik təminatı üzrə tikinti işlərinin icraçı “Retro Holding” MMC seçilmişdi. Bu tikinti şirkətinin prezident İlham Əliyevin ailə üzvlərinə məxsus olduğu “Paşayevlərin gəlirli Retro biznesi” jurnalist araşdırması ilə üzə çıxıb.

«Azərişıq» ASC-nin saytı
«Azərişıq» ASC-nin saytı.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 27 avqust tarixli 234 nömrəli qərarı ilə təsdiq edilmiş “İstehlakçıların elektrik enerjisi (gücü) alması üçün texniki şərtlərin verilməsi və enerji təchizatı şəbəkəsinə qoşulması Qaydaları”na əsasən, elektrik xəttinin çəkilməsi və digər elektrik təchizatı işləri dövlət hesabına deyil, obyektin sahibinin hesabına icra olunmalıdır. Təcrübədə dövlət hesabına daxili və xarici elektrik və digər mühəndis-kommunikasiya işlərinin yerinə yetirilməsi yalnız mühüm layihələr üzrə - sənaye parkları, sənaye məhəllələri və texnologiya parklarının tikintisi gedişində tətbiq olunur.