Sergey Lavrov Xəzərin statusu ilə bağlı razılığın əldə olunduğunu elan edib

foto ria.ru
foto ria.ru.

Zərdüşt Əlizadə: ''Lavrov bunu deyirsə, deməli ortada razılşama var''

Xəzəryanı dövlətlərin xarici işlər nazirlərinin dekabrın 4-də Rusiya paytaxtı Moskvada müşavirəsi keçirilib.

Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.

Nazir Elmar Məmmədyarov bildirib ki, göstərilən səylər Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiya layihəsi üzrə uzun illər aparılan işlərin nəticəsinin möhkəmləndirilməsinə xidmət etməli və Xəzər dənizində dövlətlərin qarşılıqlı fəaliyyəti və əməkdaşlığı üçün hərtərəfli hüquqi əsas yaratmalıdır.

Elmar Məmmədyarov hesab edib ki, Qazaxıstanda keçirilməsi planlaşdırılan xəzəryanı ölkələrin dövlət başçılarının 5-ci zirvə toplantısına qədər bütün açıq qalan məsələlər üzrə konsensusun əldə edilməsi üçün maksimum səylərin göstərilməsi zəruridir və konsensus hamılıqla tanınmış dünya təcrübəsi və beynəlxalq dəniz hüququnun normalarının nəzərə alınması ilə əldə edilə bilər.

Nazir qeyd edib ki, Azərbaycan tərəfi Xəzər dənizinin hüquqi statusu ilə bağlı bütün məsələlərin, xüsusilə də Xəzərdə regional sabitlik, təhlükəsizlik, iqtisadi və elmi-tədqiqat fəaliyyəti ilə bağlı məsələlərin xəzəryanı dövlətlərin suveren hüquqlarına hörmət edilməsi və qarşılıqlı-faydalı tərəfdaşlıq ruhunda, eləcə də tərəflər arasında etimadın möhkəmləndirilməsi yolu ilə həll edilməli olduğuna əmindir.

Ria.ru xəbər verir ki, Rusiyanın xarici işlər naziri Sergey Lavrov  Xəzərin hüquqi statusu ilə bağlı Konvensiyada açıq qalan bütün əsas məsələlərlə bağlı nəticə əldə etdiklərini deyib. 

Rusiyalı nazir konvensiyanın mətninin faktiki hazır olduğunu bildirib.

O, sənədin Xəzəryanı ölkələrin dövlət başçılarının 5-ci Sammitində Qazaxıstanda imzalanacağına ümit etdiyini ifad edib.

“Sənəd üzərində son texniki və hüquqi işlərin yekunlaşmasından sonra Sammitin vaxtı barədə son qərar Qazaxıstan rəhbərliyi tərəfindən veriləcək”, deyə S.Lavrov söyləyib.

İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif isə bildirib ki, beş Xəzəryanı dövlətin razılışması əsasında Xəzər dənizində başqa dövlətlərin hərbi iştirakı mümkün deyil.

“Konvensiyanın hazırlanması istiqamətində işlər davam edir. Tərəflər arasında konstruktiv müzakirələr aparılır və Konvensiyanın bir çox maddələri razılaşdırılıb. Onun sözlərinə görə, mütəxəssislər 49 görüş keçiriblər və Konvensiyanın hazırlanması üçün tərəflər arasında 12 sənəd imzalanıb”.

Siyasi icmalçı Zərdüşt Əlizadə Meydan TV-yə deyib ki, əgər cənab Lavrov Xəzərin hüquqi statusu ilə bağlı nəticə əldə olunduğunu bildirirsə, deməli, ortalıqda razılaşma var:

Zərdüşt Əlizadə
Zərdüşt Əlizadə.

“Mənim bildiyimə görə statusla bağlı Azərbaycan, Rusiya və Qazaxıstan arasında heç bir fikir ayrılığı yoxdur. Fikir ayrılığı İran və Türkmənistan arasındadır. Rusiya xarici işlər nazirinin bəyanatı ümumi razılığa gəlindiyinə işarədir. Bununla da artıq hamını təbrik etmək olar. Çünki uzun müddət idi Xəzərin hüquqi statusu ilə bağlı mübahisələr davam edirdi”.