Cənab prezident, vaxtınızı almayıb qısa cavab verirəm

Hakimiyyətin şəninə toxunan söz deyəndə öz cəbr alətini işə salır, şərləyir, həbs edir, qohumları ya işdən çıxarır, ya da, azı, adamın üzünə qaldırır.

Ənənəvi müxalifət hakimiyyətdə olanda, o da eynilə hərəkət edirdi, tuturdu, döyürdü, şərləyirdi.

Vəzifə əldən gedəndən sonra əvvəlki cəbr imkanları əldən çıxdı, fəqət düşüncə tərzi dəyişmədi. Fərqli düşünən və danışan adam düşmən olaraq qaldı. İlla ki, fərqli fikir ənənəvi müxalifətin zəka yoxsulluğunu, onun əsas paxırını aça!

Azərbaycanda seçki deyilən şey yoxdur. Buna etiraz edən varmı? Varsa, desin “var”, sevinək. Nə sovet vaxtı, nə də ondan sonra bir dəfə olsun belə şəffaf və ədalətli seçki keçirilib. Hamısı, təkrar edirəm, istisnasız, hamısı saxta keçirilib və de-fakto zorakı üsullarla ələ keçirilmiş icra hakimiyyətinin tam ağalığının de-yure rəsmiləşdirilməsinə xidmət edib.

Düzdür, bu dediklərim hakimiyyətin və ənənəvi müxalifətin 30 ildir əhaliyə yedirtdiyi yalan horrasından tam fərqli fikirlərin ifadəsidir, lakin nə edim, başqa cür deyə bilmirəm. Bir daha təkrar edirəm, Vəzirovun da, Mütəllibovun da, Elçibəyin də, Heydər Əliyevin də, İlham Əliyevin də təşkil etdiyi seçkilər saxta və qanunun tələblərinə rəğmən keçirilib.

Bu, artıq sübuta ehtiyacı olmayan həqiqətdir, hərçənd ki, bu yalanlardan faydalanmışlar və faydalananlar hələ də üzə dururlar. Üzə dururlar və deyirlər ki, məhz belə seçkilərlə hakimiyyətə gəlmək və onda qalmaq düzgündür.

Sizin həqir bəndəniz isə deyir ki, bu tövr seçkilərin kim tərəfindən keçirilməsindən (yəni, saxtalaşdırılmasından) asılı olmayaraq, belə seçkilər demokratiyaya, yəni xalq hakimiyyətinə gətirməyəcək. Necə ki, zorakı çevrilişini saxta seçki libasına bürümüş AXC hökuməti xalqın hakimiyyəti deyildi, necə ki, zorakı çevrilişinə seçki donu geydirən YAP hökuməti xalq hakimiyyəti deyil.

Seçki proseduru özü-özlüyündə büt deyil, vasitədir. Seçkiyə kim və nə ilə gedir, seçkini kim və necə keçirir, əhali necə səs verir - əsas budur.

Bu əsas sahəsində Azərbaycanda böyük boşluq var. Zahir var, batin yoxdur. Demokratiya barədə söz-söhbət boldur, demokratiya yoxdur. Heç yerdə yoxdur,

Nə hakimiyyətdə, nə də, cüzi istisnalarla, ənənəvi müxalifətdə, nə vətəndaş cəmiyyətində, nə də əhali arasında. Azərbaycan istibdad mühitinin qurbanıdır, əsiridir, girovudur. Ən ağrılı cəhət isə odur ki, əksəriyyət bu faciəvi yanlışlığı anlamır və dərk etmir.

Ənənəvi müxalifət 1993-cü ildən bəri müxtəlif çeşidli 17 seçkini (prezident, parlament, bələdiyyə, referendumlar) uduzandan sonra Azərbaycan Respublikasının prezidenti İsa Qəmbər cənablarının rəhbərlik etdiyi Milli Strateji Düşüncə Mərkəzinin (MSDM) təşəbbüsü ilə toplaşır gələn il keçiriləcək prezident seçkilərində öz seçki taktikasının müzakirəsinə.

Heyrətlənməyin ki, mən İsa Qəmbəri Azərbaycan Respublikasının prezidenti kimi yazıram, ağlım çaşmayıb, cadəcə onun özünün “qələbəm” sözünə istinad edirəm. 2003-cü ildə prezident seçkilərində iki namizəd mübarizə aparırdı, biri İlham Əliyev idi, o birisi İsa Qəmbər. Əgər İsa Qəmbər deyirsə ki, “qələbəm”, deməli, seçkidə qələbə onun olub və mən də onun xətrinə dəyməmək üçün heç olmasa bu yazıda yazmalıyam ki, “prezident İsa Qəmbər”. Yox, əgər İsa bəy Qəmbər prezident deyilsə, “qələbəm” yazmasın.

Qəribədir, prezident Qəmbər bir tərəfdən məni qərəzli və yalançı sayır, o biri tərəfdən öz qələbəsini sübuta yetirmək üçün qərəzli və yalançı adamın tərtib etdiyi sənədə istinad edir

Öz aləmində, məni öz sözlərimlə ifşa edir. Lakin ayrıca götürülmüş fakt ümumi kontekstdən çıxarıldıqda qara qəpiklik qiyməti yoxdur. Mən əgər həmin sənədin həqiqi mahiyyəti, yazılma səbəbi və şəraiti barədə yazmağa başlasam, gərək azı bu yazıdan on dəfə böyük mətn yazım, ona isə nə vaxtım, nə də həvəsim var. Bunların keçənilki qar qədər əhəmiyyəti var. Odur ki, keçirəm əsas mətləbə.

Bayaq işarə etdiyim kontekst ondan ibarətdir ki, mən seçki uğuru üçün zəruri olan komponentləri sadalayıram və bu komponentlərin yoxluğu şəraitində seçki adlanan mərasimə qatılmağı hakimiyyət dəyirmanına su tökməkdən savayı bir şey saymıram. Nədir bu komponentlər?

1.Cəmiyyətin inkişaf istiqamətini, əhalinin istək və arzularını nəzərə alan məramnaməni hazırlamış və onu əzm və sədaqətlə gerçəkləşdirən komandanın varlığı.

Ənənəvi müxalifətdə belə məramnamə və belə komanda varmı? Əsla yoxdur. Vaxtilə belə bir məramnaməni hazırlamış AXC-ni intriqa yuvasına və tayfa mafiyasının dəyənəyinə çevirənlər bu işin öhdəsindən gələ bilməzlər və gəlməyəcəklər. Mən bunu yazmışam və məhz bu mövqeyim prezident İsa Qəmbəri əsəbiləşdirib.

2.Əhalinin etimadı.

Ənənəvi müxalifətə əhalidə etimad qalıbmı? Əsla yox. Məncə, bu məsələni heç müzakirə etməyə belə dəyməz.

3.Mütəşəkkil siyasi güc.

Ucuz intriqalarla saysız hissəciklərə bölünmüş və bir-birilə dalaşan ənənəvi müxalifət heç bir gücə malik deyil. Məncə, bu müddəanın da müzakirəyə ehtiyacı yoxdur.

4.Maliyyə vəsaiti.

Uğurlu siyasi kampaniya aparmaq üçün hər hansı bir təşkilati quruma ciddi maliyyə vəsaiti gərəkdir, yəni siyasət maşınının çəninə pul tökülməlidir. Çən boşdursa, maşın yeriməz. Hakimiyyət bunu bilir və işini elə qurub ki, ölkədəki bütün maliyyə axınlarına ciddi nəzarət edir. Başda prezident İsa Qəmbər olmaqla ənənəvi müxalifətin maliyyə vəsaiti yoxdur.

5.Xarici dəstək.

İndiki hakimiyyət öz komprador səciyyəsinə uyğun olaraq bütün xarici qüvvələrin istəklərini Azərbaycanın mənafeyi hesabına təmin edib və xarici güclər dəxi başqa siyasi qüvvəyə dəstək verməyə hacət görmür.
Bu həqiqətlərin hansı birini təkzib etmək mümkündür? Məncə, heç birini.

İndi deyin görək, quru adından başqa heç bir potensialı olmayan siyasi qurum əzəldən məğlubiyyətə məhkum olunmuş bir işə girişirsə, bunu necə təfsir etmək olar? Ya bu siyasi qüvvə ağrı duymaqdan, məğlub olmaqdan, döyülməkdən və tutulmaqdan həzz alır, yəni mazoxistdir, ya bu bədnam seçkiyə legitimlik donu geydirmək istəyən hakimiyyətin sifarişini yerinə yetirir, ya da...

İndi prezident İsa Qəmbər cənabları bunlardan hansını istəyirsə, özü seçsin.

Şübhəniz olmasın ki, onun bu seçimi tam şəffaf və ədalətli olacaq.

Yazı müəllifin fikirlərini əks etdirir və Meydan TV-nin mövqeyi ilə üst-üstə düşməyə bilər.