Hacı Məmmədov vəzifədə olarkən
Hacı Məmmədov vəzifədə olarkən Fotoqraf: Meydan TV

İlham İsmayıl: Hacı Məmmədovun intihar xəbərində müəmma var

Ekspertlər: “Hacı Məmmədovu ikinci dəfə danışmağa qoymadılar”

Ədliyyə Nazirliyi Penitensiar xidməti Hacı Məmmədovun intihar etməsi ilə bağlı açıqlama yayıb.


Bildirilir ki, Penitensiar xidmətin İxtisaslaşdırılmış müalicə müəssisəsində səhhəti ilə əlaqədar saxlanılan, xüsusilə ağır cinayətlər törətdiyinə ğörə ömürlük azadlıqdan məhrum edilmiş Daxili İşlər Nazirliyinin sabiq baş əməliyyat müvəkkili Hacı Teymur oğlu Məmmədov dekabrın 3-də yerləşdirildiyi kameranın pəncərəsinin dəmir barmaqlığından mələfə ilə özünü asmaqla intihar edib. 

“Məhkum H.T.Məmmədov Penitensiar xidmətin İxtisaslaşdırılmış müalicə müəssisəsində “Ağ ciyərlərin dessiminasiya olunmuş vərəmi, dağılma mərhələsində” diaqnozu, habelə şəkərli diabet, digər daxili orqanlarına metastazlar vermiş sağ ağciyərin mərkəzi xərçəngi xəstəliyi ilə əlaqədar müalicə kurslarına cəlb edilib”.

Kameraya və mərhumun üzərinə baxış zamanı onun tərəfindən yazılmış əlyazma aşkar olunub. Həmin əlyazmada qohumlarından, eləcə də saxlandığı müəssisənin əməkdaşlarından üzrxahlıq etməklə heç kəsdən narazı olmadığını ifadə edib.

Faktla bağlı Bakı şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin özünü öldürmə həddinə çatdırma maddəsi ilə cinayət işi başlanıb.

Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov Turan agentliyinə bildirib ki, hazırda cinayət işi üzrə istintaq aparılır. 

H.Məmmədov 2016-cı il aprelin 25-də səhhətindəki problemlə bağlı Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Binə qəsəbəsindəki ixtisaslaşdırılmış müalicə müəssisəsinə köçürülüb.

Hacı Məmmədov və onunla birlikdə 26 nəfər 2005-ci il martın 9-dan 10-na keçən gecə keçmiş Milli Təhlükəsizlik Nazirliyinin həyata keçirdiyi “Qara kəmər” əməliyyatı nəticəsində həbs edilib.

Hacı Məmmədov həbsdə rəsmlərini çəkərkən
Hacı Məmmədov həbsdə rəsmlərini çəkərkən. Fotoqraf:: Meydan TV

O, həmin il fevralın 10-da Beynəlxalq Bankın İdarə Heyətinin hazırda həbsdə olan sabiq sədri Cahangir Hacıyevin həyat yoldaşı Zamirə Hacıyevanı oğurladıqdan sonra Milli Təhlükəsizlik Nazirliyi tərəfindən başçılıq etdiyi dəstənin üzvləri ilə birlikdə zərərsizləşdirib.

H.Məmmədova qarşı Cinayət Məcəlləsinin 80 maddəsi ilə ittiham irəli sürülüb, barəsində əmlakı müsadirə olunmaqla dəstənin digər 7 üzvü ilə bərabər ömürlük həbs cəzası çıxarılıb. O, uzun müddət sonradan ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin istintaq təcridxanasında saxlanılıb. 2016-cı ildə isə Qobustan qapalı həbsxanasına köçürülmüşdü

H.Məmmədovun vəkili Afət Qazıyeva Meydan TV-yə deyib ki, intiharla bağlı cinayət işi açılıb, başqa heç nə deyə bilməz.

İlham İsmayıl
İlham İsmayıl.

Nədən intihar etdi sualı yaranır

Təhlükəsizlik məsələləri üzrə ekspert İlham İsmayıl Hacı Məmmədovun intihar etməsini özü üçün sensasiya saymır:

“12 il həbsdə yatan adamın gərginliyi, depressiyaya düşməyi hadisələrin ilk günlərində ola bilər, yəni 2005-ci ilin martında, həbs olunan zaman. 12 il ötəndən sonra insan istənilən şəraitə adaptasiya olur və Hacı Məmmədov ömürlük həbsə adaptasiya olunmuşdu. Birdən-birə özünü öldürməsi “nədən intihar etdi” sualını yaradır. Həm də Hacı Məmmədovdan susmaq tələb olunurdu. Həbsindən 10 il sonra, Eldar Mahmudovun istefaya göndərilməsinin ardınca faktiki danışmağa başlamışdı, yeni ifadələr vermək istəyirdi, başqa adamlar barədə yanlış açıqlamalar verdiyini etiraf edirdi”.

O qeyd edib ki, hətta vəkili Ali Məhkəməyə müraciət etsə də, təmin olunmadı.

İlham ismayılın sözlərinə görə, ehtimal ki, Dövlət Təhlükəsizlik Xidmətindən müalicə müəssisəsinə köçürüləndən sonra vəkili vasitəsilə nəsə demək istəyib.

“Xüsusilə onun təcrid vəziyyətində qalmasına çalışılırdı. Səbəb sıradan bir cinayətkar yox, peşəkar cinayətkar və sifarişli qatil olması idi. Sifarişin kimin və nə üçün verdiyi sona qədər bəlli olmadı. Məncə, onun cinayətlərinin və intiharının səbəblərinin zamana ehtiyacı var. Bu adam özüylə çoxlu sirr apardı. Haci Məmmədov Kabbala cərəyanı əsasında rəsmlər çəkirdi. Yəni rəmzlərlə, sətiraltı mənalarla ifadə olunan rəsmlər. Ən əsası onun “mən asminoqun bir qoluyam, digər qolları azadlıqdadır” ifadəsi hələ çox müzakirə olunacaq”.

İlham İsmayıl Hacı Məmmədovun xəstəliyinə görə intihar etməsini inandırıcı hesab etmir:

“Bu adam həbs olunan gündən xəstə idi. Onun həbsində, məhkəməsində müəmmalar qaldığı kimi intihar xəbərində də müəmma var”.

Əyyub Kərim
Əyyub Kərim.

Açıq şəkildə danışmaq istəyirdi

Hüquqşünas Əyyub Kərim Meydan TV-yə bildirib ki, bütün rəsmi və qeyri-rəsmi açıqlamalara rəğmən Hacı Məmmədov özüylə çoxlu hüquq-mühafizə orqanları və ictimaiyyət üçün vacib olan sirrlər apardı.

Məsələ ondadır ki, Ali Məhkəmə Hacı Məmmədovun ikinci dəfə danışmasına imkan vermədi. O, açıq şəkildə danışmaq istədiyini, təzyiqlərə məruz qaldığını, Zakir Nəsirov haqda həqiqətləri demədiyini bildirmişdi.

Hacı Məmmədov
Hacı Məmmədov. Fotoqraf:: Meydan TV

İkincisi, Hacı Məmmədov ləğv olunmuş MTN-də nələr olduğunu yaxşı bilirdi. Eyni zamanda, Hacı Məmmədov mərhum Elçin Behbudov vasitəsilə ictimailəşdirdiyi rəsmlərdə şəxslərə və hadisələrə işarələr olduğunu gizlətmirdi, bu məsələ də qapalı qaldı.

Əyyub Kərim hesab edir ki, Hacı Məmmədovun məktub yazıb heç kimi günahlandırmamasını araşdırmağa ehtiyac var:

“Sırf nə baş verdiyini dəqiq deyə bilmərəm, bəlkə doğrudan da məktub yazıb. Bütün hallarda ona şərait yaradılıb və o da istifadə edib. Bilirsiniz, Hacı Məmmədovun yenidən məhkəməyə çıxıb danışmasına çox ehtiyac vardı, çünki danışmaq istəyirdi. Güman ki, hüquq-mühafizə orqanları onu dindirmişdi və nə demək istədiyini bilirdilər. Hər bir halda Hacı Məmmədov erası intiharla başa çatdı”.

Hacı Məmmədovun həbsxanada çəkdiyi rəsm
Hacı Məmmədovun həbsxanada çəkdiyi rəsm.

Hacı Məmmədovun həbsdə çəkdiyi şifrəli rəsm
Hacı Məmmədovun həbsdə çəkdiyi şifrəli rəsm.

Hacı Məmmədovun həbsdə çəkdiyi şifrəli rəsm
Hacı Məmmədovun həbsdə çəkdiyi şifrəli rəsm.

Hacı Məmmədovun həbsdə çəkdiyi şifrəli rəsm
Hacı Məmmədovun həbsdə çəkdiyi şifrəli rəsm.