Prezident: 2017-ci il Azərbaycan tarixində ciddi iqtisadi islahatlar ili kimi qalacaq

Oktyabrın 9-da prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2017-cı ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclası keçirilib.

Ölkə başçısı ilin 9 ayına nəzər salaraq iqtisadi göstəricilərin müsbət olduğunu vurğulayıb. 

İlham Əliyev: 9 ayda 226 min yeni iş yeri açılıb

Prezident misal olaraq ötən 9 ayda qeyri-neft iqtisadiyyatının 2,5 faiz artdığını və bunun  son illərdə aparılan siyasətin nəticəsi olduğunu bildirib:

"Bu dövrdə qeyri-neft sektorunun sənaye hissəsində artım 3,1 faiz, kənd təsərrüfatında 2,8 faiz təşkil edib, xarici ticarət dövriyyəsi 7 faiz artıb. Valyuta ehtiyatları 42 milyard dollar səviyyəsində olub". 

Prezident İlham Əliyev bu dövrdə yeni iş yerlərinin yaradılması prosesinin uğurla getdiyini, 226 min yeni iş yerinin açıldığını deyib:

"Ölkədə əsas infrastruktur, o cümlədən yeni yolların çəkilişi, içməli su, qazlaşdırma, elektrik enerjisi ilə təminat, meliorasiya ilə bağlı layihələr uğurla icra olunur. İndiyədək 250 mindən çox soydaşımız mənzillərlə təmin olunub və bu il də proses davam edəcək. 

Dağlıq Qarabağ münaqişəsinə toxunan Əliyev bildirib ki, Azərbaycan öz torpaqlarında ikinci erməni dövlətinin yaradılmasına imkan verməyəcək:

"Ermənistan danışıqları pozmağa çalışsa da, buna nail ola bilmədi".

Dövlət başçısı 9 ayda iqtisadi islahatlarla bağlı ciddi addımlar atıldığını,  sahibkarlara hərtərəfli şərait yaradıldığını, Strateji Yol xəritələrinin inkişafının təmin edildiyini söyləyib: 

Foto AZƏRTAC
Foto AZƏRTAC.

"İndiyədək 200-dən artıq investisiya təşviqi sənədi verilib ki, bunun da nəticəsində Azərbaycana özəl sektor tərəfindən 1,7 milyard manat sərmayə cəlb edilib. Bununla yanaşı, ölkədə ixracın təşviqi mexanizmi işə düşüb". 

Bu ilin Azərbaycan tarixində ciddi iqtisadi islahatlar ili kimi qalacağını deyən prezident deyib ki, 140 ölkə arasında rəqəbətliliyi əks etdirən Davos Ümumdünya İqtisadi Forumunun hesabatına görə, ölkəmiz 37-ci pillədən 35-ə qalxıb və MDB məkanında liderliyini qoruyur.

Sonra təhsil naziri Mikayıl Cabbarov, “Azəravtoyol” Açıq Səhmdar Cəmiyyətinin sədri Saleh Məmmədov, Bakı Nəqliyyat Agentliyinin baş direktoru Vüsal Kərimli bu ilin doqquz ayında görülən işlər və qarşıda duran vəzifələrlə bağlı məruzələrlə çıxış etdilər.

Nemət Əliyev: İslahatlar ili olsaydı, investorların kapital qoyuluşu artmalıydı

AXCP Rəyasət Heyətinin üzvü, iqtisadçı Nemət Əliyev ölkə başçısının bu ilin Azərbaycan tarixinə islahatlar ili kimi düşəcəyi barədə fikrini Meydan TV-yə sual və cavablar əsasında şərh etdi:

“2017-ci il islahatlar ili olsaydı, iqtisadiyyatda artım baş verərdi. Belə artım olubmu? ÜDM-nin həcmi artmalıydı, amma bu yoxdur. İslahatlar ili olsaydı, insanların həyat səviyyəsi yaxşılaşardı. Bu baş veribmi? Xeyr, həyat səviyyəsi pisləşib. Çünki 14 faiz inflyasiya qeydə alınıb. İslahatlar ili olsaydı, yerli və xarici investorların ölkəyə kapital qoyuluşu artmalıydı. Bəs vəziyyət necədir? Ötən illə müqayisədə azalma var. Kredit qoyuluşlarında, iyul-avqust aylarının məlumatına görə 1,9 milyard manat azalma olub. Fevral-avqust aylarında isə bu rəqəm 3,9 milyarddır. 

Nemət Əliyev
Nemət Əliyev.

İl islahatlar ili kimi özünü doğrultmuş olsaydı, emal sənayesi sahəsində niyə tənəzzül oldu? 2016-cı ildə vəziyyət nisbətən yaxşı idi, indi daha da pisləşib. İslahatlar ili olsaydı, xarici ticarət dövriyyəsində müsbət tendensiya müşahidə olunardı. Çox təəssüf ki, yanvar-iyun aylarında müsbət tendensiya müşahidə edilsə də, ondan sonra sürətli enmə qeydə alınıb. İxrac dövriyyəsinin həcmində durum sürətlə pisləşib. Sadaladıqlarıma əsasən ötən 9 ayı islahatlar dövrü kimi xarakterizə etmək doğru deyil".

Prezidentin 4,5 milyard dollar valyuta ehtiyatı barədə söylədiklərinə gəlincə, Nemət Əliyev dedi ki, Mərkəzi Bankın və Dövlət Neft Fondunun ehtiyatlarında artım müşahidə olunub. Amma rəqəmlər hələ tam açıqlanmayıb:

“İki istiqamətli artım var. Amma Dövlət Neft Fondunun ehtiyatlarının artmasını islahat kimi qələmə vermək doğru deyil. Məsələ ondadır ki, nefin qiyməti artıbsa, gəlir də artır. Burda hökumətin nə fəaliyyəti ola bilər?! Hökumət islahat etsəydi, hasilat artmalıydı. Amma yanvar-avqust aylarının göstəricilərinə görə 2,4 milyon ton həcmində azalma var. Qazın da hasilat həcmi aşağı düşüb. Mərkəzi Bankın valyuta ehtiyatının artması idxalın məqsədyönlü şəkildə sıxışdırılması, daxili bazarda pul dövriyyəsinin məhdudlaşdırılması hesabına olub. Nəticədə iqtisadi fəallıq ölüb, yerli və xarici investisiya ölkədən çıxarılır”.

Natiq Cəfərli: İqtisadi islahatlar mütləq idarəetmə və məhkəmə islahatları olduqda effekt verir

ReAL İdarə Heyətinin üzvü, iqtisadçı Natiq Cəfərli prezidentin 2017-ci il iqtisadi islahatlar ili olması barədə Meydan TV-nin sorğusunu cavablandırarkən ölkə başçısının əvvəlki toplantılarındakı çıxışını xatırlatdı:

Natiq cəfərli
Natiq cəfərli.

“Nazirlər Kabinetinin əvvəlki iclaslarında iqtisadi inkişafdan, iqtisadiyyatın artmasından danışılırdı. Ritorika dəyişib, reallıqda isə atılan addımlar ciddi təsir yaratmayıb. Ötən il ÜDM 3,9, bu ilin 9 ayında isə 1 faiz azalıbsa, iqtisadi artımdan danışmaq mümkün olmur. Ona görə də islahatlar ifadəsi işlənir və əsas vurğu  kənd təsərrüfatında aqroparkların yaradılması, yeni istehsal sahələr haqda qərarlarla bağlıdır”.

Natiq Cəfərli deyir ki, iqtisadi islahatlar mütləq idarəetmə və məhkəmə islahatları olduqda effekt verir. Kənd təsərrüfatındakı addımlar, ayrılmış vəsaitlər kifayət qədər böyük olsa da, amma idarəetmədəki problemlər qərarların effektiv işləməsinə imkan vermir. Bugün inflyasiya 14, ərzaq inflyasiyası 18 faizdir. Qiymətlər artır, çünki iqtisadiyyatdakı problemlər öz həllini tapmır”.