''Lavrov və Qlazyevin oxşar açıqlamaları düşünməyə əsas verir''

Sergey Qlazyev

Rauf Mirqədirov: Bunların arxasında Rusiyanın müəyyən addımlarının anonsu dayanır

Ötən həftənin geosiyasi olayları sırasında Rusiya prezidentinin müşaviri Sergey Qlazyevin açıqlaması xüsusi diqqət çəkib.

S.Qlazyev deyib ki, Qafqazda sülhün bərqərar olması üçün regionun bütünlükdə Kreml tərəfindən yaradılmış Avrasiya İqtisadi İttifaqına (Aİİ) inteqrasiya olunması lazımdır.

Prezident Putinin Avrasiya İttifaqı üzrə müşaviri bu barədə Yerevanda Ermənistan-Rusiya regionlararası forumunda danışıb.

O, Avrasiya İqtisadi İttifaqının genişlənməsini təbii proses hesab edib, çünki bu proses hələlik keçmiş postsovet məkanında baş verir. Burada rus dili kimi ümumi ünsiyyət dilləri var:

“Onların birlikdə böyük imperiyalar qurmaq kimi ümumi qədim mədəniyyəti var. Biz Rusiya, Sovet imperiyalarını birlikdə qurmuşuq və indi qarşıdan gələn yüz il üçün də öz gələcəyimizi qura bilərik”.

Amma müşavir Putinin təşəbbüsü ilə yaradılmış Avrasiya partnyorluğu layihəsinin “ölkələrin suverenliyini, bizim bir-birimizə hörmətimizi itirmədən, bir-birimizin daxili işlərimizə qarışmadan...birləşməyimizin vasitəsidir”- deməyi də unutmayıb.

Avropa İttifaqı ilə bir sıra paralellərdən söz açmış Qlazyev bu qurumdan fərqli olaraq Avrasiya İttifaqına üzvlük üçün heç kimi məcbur etmədiklərini söyləyib.

“Azatutyun” radiosunun “Azərbaycan Aİİ-yə üzv olarsa, Qarabağ problemi tənzimlənə bilərmi” sualına Putinin müşaviri müsbət cavab verib:

“İttifaqda xalqlar arasında birinci yerə siyasət yox, iqtisadiyyat çıxır. Bu şəraitdə həll edilməsi mümkün görünməyən bir çox problem həllini tapa bilərdi”.

Ancaq Sergey Qlazyev “Azərbaycan və Ermənistan eyni vaxtda Avrasiya ittifaqının üzvü ola bilərdilərmi” sualına “bu məsələdə həlledici söz Ermənistanın olacaq, çünki biz qərarları konsensus əsasında qururuq” deyə cavab verib.

Sergey Qlazyevin söylədiklərinin yeni bir yanaşma olmadığını Meydan TV-yə söyləyən siyasi icmalçı Rauf Mirqədirov Rusiya xarici işlər naziri Sergey Lavrovun “əgər Avropa Birliyinin və NATO-nun genişləndirmə siyasəti olmasaydı, SSRİ-dəki münaqişələr çoxdan həll olunardı” açıqlamasını xatırladıb:

“Əslində, Lavrov demək istəyirdi ki, Sovet İttifaqına toxunmasaydınız, Kreml bu münaqişələri yaratmayacaqdı. Bəli, Dağlıq Qarabağ münaqişəsi bir qədər fərqlidir, ermənilərin böyük Ermənistan mifindən doğan bir şeydir. Onlar imkan yaranan kimi ərazilərini genişləndirmək xətti tuturlar, amma Rusiyanın prosesləri nəzarətdə saxlamaq siyasəti həmişə qalıb. Prinsipcə, Qlazyev Lavrovun söylədiklərini başqa formada təkrar edib. Yəni imperiya bərpa olunsa, bu münaqişələr olmayacaq. Sözsüz ki, münaqişələr olmayacaq görüntüsü ilə münaqişələrin tamamilə həlli arasında ciddi fərqlər var. Məsələn, Rusiya imperiyasında Baltikyanı xalqlar da, Orta Asiya xalqları da var idi. SSRİ dağılandan sonra birincilər Avropa İttifaqına üzv oldular, ikincilər isə islam radikalizminə meyl edən ərəb dövlətləri ilə Rusiya arasında bir yer tutdu. Baxın, Tacikistana, Özbəkistana, Türkmənistana, hansı idarəetmə var, bir nəfərin hakimi-mütləq olması ilə cəmiyyət susdurulub. Demək istəyirəm ki, imperiya tərkibindəki münaqişələri müəyyən müddət susdururlar, tam həll etmirlər. Sovet İttifaqı dağılan kimi münaqişələr yarandı, bu, artq faktdır”.

Rauf Mirqədirov
Rauf Mirqədirov.

R.Mirqədirov bildirib ki, Ermənistanın Avrasiya İttifaqında Azərbaycanın üzv olacağı təqdirdə söz sahib olması fikri formal olaraq elədir:

“Bu tip birliklərdə qərarlar konsensus yoluyla qəbul olunur. Əgər Ermənistanla Azərbaycan arasında münaqişə müharibə mərhələsinə keçsə, Kollektiv Müqavilə Təşkilatı üzvləri olan Belarus və Qazaxıstan qurumun tərəf tutmasına imkan verməyəcəklər”.

R.Mirqədirov hesab edir ki, Qlazyevin müsahibəsində təəccüb doğuran məsələ Azərbaycanın quruma müraciət etməsinə işarə vurmasıdır:

“Qlazyevin deməsindən belə çıxır ki, artıq Azərbaycan üzvlük haqda müraciət edib və bu haqda danışıqlar gedir. Bəli, Moskvanın Bakıya təsir imkanları çoxdur və bununla Azərbaycanı ittifaqa üzvlüyə razı sala bilərlər. Deyərlər ki, münaqişənin həllində müəyyən addımlar olacaq. Ancaq eyni zamanda Kremldəkilər üçün Yerevanı da razı salmaq çətin deyil, niyə bunu demirlər?! Çünki Ermənistanın Rusiyadan ciddi asılılığı var və onları razı salmaq o qədər də problem yaratmır. Görünür, son vaxtlar hansısa rəsmi dairələrdə bu məsələ müzakirə olunur. Əgər belədirsə, cəmiyyətimizin bilməməsi təəccüblüdür. Lavrovun xatırlatdığım bəyanatından sonra Qlazyevin belə açıqlama verməsi düşünməyə əsas verir. Ehtimal edirəm ki, bunların arxasında Rusiyanın müəyyən addımlarının anonsu dayanır. Bax, ən təhlükəli məqam budur. Gərək, rəsmi və qeyri-rəsmi çevrələr bu barədə ciddi düşünsün”.