''İlham Əliyevin açıqlaması Ermənistanı inadkarlıqdan əl çəkməyə çağırış ola bilər''

Azər Qasımlı: ''İnformasiya qıtlığı tam qənaət yaratmır''

Prezident İlham Əliyevin sentyabrın 20-də Nyu-Yorkda BMT-nin Baş Assambleyasının 72-ci sessiyasında "Ermənistanın hərbi təxribatı davam edərsə, Azərbaycan BMT-nin xartiyasına uyğun olaraq, öz vətəndaşlarını qoruyacaq və lazım gələrsə, təcavüzkarı 2016-cı ilin aprelində olduğu kimi yenidən cəzalandıracaq" bəyanatından 1 gün sonra müdafiə naziri Zakir Həsənov Ermənistanla bağlı növbəti hədələyici açıqlama verib.

Zakir Həsənov rəhbər heyəti, birlik, birləşmə komandirləri, onların müavinləri, xüsusi təyinatlı təhsil müəssisələrinin rəisləri, digər məsul zabitlərin iştirakı ilə cəbhə bölgəsində döyüş və mənəvi-psixoloji hazırlıq, eləcə də təlimlərin yekunlarına həsr olunmuş geniş kollegiya iclasında müvafiq tapşırıqlar verib.

Bu barədə nazirliyin mətbuat xidməti məlumat yayıb.

"Cəbhəboyu zonada mövcud vəziyyət barədə danışan müdafiə naziri hər an aktiv döyüşlərə hazır olmaq, düşmənə rahatlıq verməmək, onun fəaliyyətini daim nəzarətdə saxlamaq, istənilən hərəkətlərinin qarşısını qabaqcadan qətiyyətlə almaq və ona maksimum ciddi zərər vurmaq məqsədilə ön xətdə yerləşən birləşmə komandirlərinə konkret tapşırıqlar verib", - xidmətin məlumatında belə deyilir.

Müdafiə naziri prezidentin  BMT-nin Baş Assambleyasının 72-ci sessiyasında çıxışı zamanı məlum açıqlamanı da xatırladıb.

"Ali Baş Komandanın Dağlıq Qarabağ problemi ilə əlaqədar səsləndirdiyi fikirlər ordumuz üçün tapşırıq, bütün şəxsi heyət üçün birbaşa əmrdir".

Siyasi şərhçi Fikrət Sadıxov Meydan TV-yə deyib ki, prezidentin  BMT kimi yüksək qurumun tribunasından bəyanatı təsadüfü sayıla bilməz:

"Təsəvvür edin ki, BMT-də 193 dövlətin nümayəndəsi və prezidentlər də iştirak edir, ölkə başçısı bəyanat şəklində müharibə anonsunu verir, ancaq ərazilərimizin işğaldan azad olunmayacağı təqdirdə. Bu, artıq bir dövlətin mövqeyidir".

Fikrət Sadıxov
Fikrət Sadıxov.

O, dövlət başçısının rəsmi Bakının beynəlxalq hüquq normalarına əməl olunmasının heç bir nəticə vermədiyini xatırladaraq bildirdi ki, prezident danışıqların nəticəsi olmayacağı halda güc yoluna əl atacağını da vurğuladı:

“Söhbət ərazilərimizin işğaldan azad olunmamasından gedir. Biz ötən ilin aprel hadisələrində sübut etdik ki, oxşar addımı təkrarlamağa qadirik. Prezident də bunu vurğulayırdı. Məncə, dövlət başçısı ciddi bəyanat səsləndirib. Hər halda sessiyada iştirak edənlər deyilənlər üzərində düşünürlər. Prezidentin çıxışından sonra bu, bir reallığa çevrilə bilər".

ReAL İdarə Heyətinin üzvü Azər Qasımlı isə hesab edir ki, İlham Əliyevin hərbi ritorikanı ehtiva edən fikri məhz BMT kimi sülhpərvər beynəlxalq təşkilatın tribunasından səsləndirməsi yanlış idi: 

“Əslində, belə tribunalarda prezident də, xarici işlər naziri də sülhpərvər açıqlamalarla çıxış edirlər”.

Azər Qasımlı
Azər Qasımlı.

Ancaq Azər Qasımlı Ermənistan mediasında Rusiyanın münaqişəyə yanaşmasında ciddi mövqe dəyişdirdiyi haqda məqalələrin yazıldığını da deyir:

"Ermənistan mediası yazır ki, Rusiya artıq Azərbaycanı müdafiə edir, xüsusilə silah satışını, Qarabağ ətrafındakı 7 rayonun qaytarılmasını vurğulayırlar. Guya Bakı ilə Moskva arasında müəyyən razılıq da var. İkinci məqam Ermənistanda erməni diasporasının toplantısında xarici illər naziri Nalbandyan Qarabağa təhlükə yaratmayan rayonların Azərbaycana qaytarılması ehtimalından danışıb. Nazir danışıqların getdiyini söyləsə də, detalları açıqlamayacağını əlavə edib. Nalbandyanın bəyanatı Ermənistanda qalmaqal yaradıb, hətta nazirliyin rəsmiləri onun fikirlərinin anlaşılmadığını dedilər. Görünür, pərdəarxasında hansısa proseslər gedir, ona görə İlham Əliyevin bu kontekstdə açıqlama verməsi Ermənistanı inadkarlıqdan əl çəkməyə çağırış ola bilər. Ancaq bu, ehtimaldır, çünki informasiya qıtlığı tam qənaət yaratmır. Bununla belə, Minsk Qrupunun sabiq amerikalı həmsədri də 7 rayonun şərtsiz qaytarılmasını barədə danışmışdı. Eyni zamanda, Laçın rayonunun Azərbaycana qaytarmaqla dəhliz verilməsinə toxunmuşdu. Bütün bunlar Ermənistanı hansısa varianta sövq etmək məqsədi daşıdığı qənaətini doğurur".