Vəkilə etibar olunmuş sirlər

Onlar necə qorunur?

Vəkil Elçin Qənbərov müvəkkilinin ona etibar etdiyi məktubu ünvanına çatdırmazdan qabaq onun surətini çıxarıb, bir müddət sonrasa həmin məktubları kitab şəklində ictimailəşdirib. Sentyabrın 8-də http://virtualaz.org saytında yerləşdirilən yazı bu barədədir. Həmin materialın girişində yazılıb:

“Məşhur vəkil Elçin Qənbərov hüquq müdafiəçisi Leyla Yunusun məhbəs həyatı barədə kitab yazıb. Kitab “Leyla Yunusun dəbdəbəsi və yoxsulluğu” adlanır”. 

Vəkilin - hüquq adamının hüququnu bilməyənləri bilgiləndirmək üçün məqalələr, kitablar yazması yaxşı haldır. Doğrudur, xeyli vaxtdır bu işlə məşğul olan təcrübəli, eyni zamanda gənc vəkillər də var. Onlar qəzetlərdə, saytlarda geniş məqalə ilə çıxış edir, təcrübələrini bölüşür, maarifçilik işilə məşğul olurlar. Vəkil Elçin Qənbərovun da o sıraya qoşulması yaxşı hal sayıla bilərdi, ancaq... Onun seçdiyi üsulu başqaları bir yana, elə həmkarları qınayır, qanunsuzluq, vəkil etikasının pozulması kimi dəyərləndirir, müştərisinin şəxsi məlumatlarını yayan vəkilin cəzalandırılmasını istəyir. Yeri gəlmişkən, Azərbaycan Respublikasının “Vəkillər və vəkillik fəaliyyəti haqqında” qanunu da vəkilə bu üsulu qadağan edir:

“...Vəkil peşə fəaliyyətini həyata keçirərkən bu Qanunla müəyyən edilmiş qaydada öz vəzifələrini mükəmməl icra etməli, vəkil sirrindən özünün şəxsi və başqalarının tamahkarlıq və digər məqsədləri üçün istifadə etməməlidir”.

“...vəkil sirrindən özünün şəxsi və ya başqasının mənafeyi üçün istifadə etməməlidir”.

Bunlar qanunda yazılanlardır, bəs vəkillər bu barədə nə düşünür? 

Aqil Layıc, vəkil:

Aqil Layic
Aqil Layic .

- Bu, həm hüquq, həm də mənəviyyat məsələsidir. Çünki vəkil etikasi və sahəvi qanun məhz mənəviyyata riayət edilməsini, vəkilə etibar olunmuş sirlərin qorunmasini məcbur edir. Bu, həmçinin xarakter məsələsidir. Tutulmuş səxsin yazışmalarının nəinki yayılması, həmçinin oxunması belə etikadan və mənəviyyatdan çox uzaq məsələdir. Həyatda insana olunan etibardan sui-istifadə qədər murdar heç bir davranış ola bilməz. Belə olan halda bu tip vəkilləri qanunla cəzalandırmaq və ictimai qınaq obyektinə çevirmək gərəkdir.

İntiqam Əliyev, vəkil:

- Mən o kitabı oxumamışam, oxumaq fikrim də yoxdur. Mətbuatda yayılmış bir hissəni oxumaq yetərli idi ki, o kitabdan da iyrənim, müəllifindən də. Vəkil etikası deyilən bir şey var. Əsas qınaqlar bu arqumentin üzərində qurulur. Ümumən bu cür düşünənlər haqlıdır. Amma olaya təkcə etika kontekstində qiymət verməkdə həm də bir xəta var, məncə. Mənzərə dolğun alınmır onda. Vəkilin müvəkkilinin ona etibar etdiyi sirri açıqlaması pis bir şey sayılır. Amma bu, tamam fərqli situasiyadır: vəkil bu kitabı ilə, oradakı kontekstlə müdafiəyə sifarişlə qatıldığına şübhə yeri qoymur. Müdafiə etdiyi adamın kimliyini, hakimiyyətin ona istər çöldə, istərsə də içəridə münasibətini nəzərə alsaq, bu sifarişi vəkilin kimdən aldığını anlamaq çətin deyil. 

İntiqam Əliyev
İntiqam Əliyev.

Hə, o məktublarda yazılanlar kimdəsə məyusluq, bir başqasında təəssüf və ya qınaq hissi yarada bilər. Amma çox vəkillər kimi E.Qənbərov də məhkəmələrdə, polis idarələrində, həbsxanalarda bundan qat-qat dəhşətli şeylərin şahidi olub axı. Yalçın, Cavad, Xalıd, Elçin, Aqil, Fəxrəddin, Fariz, Əlaif və başqa vicdanlı vəkillərimizdən fərqli olaraq onları niyə dilə gətirmir? Leyla Yunus qurbandır, onun başına gələnlər isə faciə, özü də təkcə onun faciəsi deyil. 

Bilmirəm, E.Qənbərovun bu yaradıcılığı (bütün mənalarda) ona nə qazandırıb və ya nə qazandıracaq, amma toplumun ağı qaradan seçməyi bacaran kəsimində, peşəsinə sadiq, vicdanlı həmkarları arasında ona qoyulan ad damğa kimi hər zaman üzərində qalacaq,  tarixdə də elə o adla xatırlanacaq.

Rəşid Hacılı, vəkil:

Rəşid Hacılı
Rəşid Hacılı.

- Bu, vəkil şərəfi, vəkil vicdanı məsələsidir. Bu, vəkil peşəsindən olanlara etibar məsələsidir. Onsuz da çoxsaylı basqılar, korrupsiya və qanunsuzluq mühiti vəkillərə, onların işinə olan inam dərəcəsini xeyli aşağı salıb. Elə vəkillər var ki, sadəcə müstəntiqlərlə əməkdaşlıq edir, onların verdiyi hər kağızı imzalayır. Amma kimliyindən, müştərinin verdiyi məlumatın əhəmiyyətlilik dərəcəsindən asılı olmayaraq, vəkil bu məlumatların konfidensiallığını təmin etməlidir. Bu məlumatlardan yalnız və yalnız müdafiə etdiyi şəxsin qanuni mənafeləri üçün istifadə etməlidir. Qanunla hətta hər hansı bəhanə altında vəkilə verilmiş bu məlumatları ondan soruşmaq, açıqlamağı tələb etmək qadağandır.

Elçin Qənbərov bununla vəkil peşəsinin ictima imicinə ciddi zərər vurub və Vəkillər Kollegiyası onu intizam məsiliyyətinə cəlb etməlidir.

Əsabəli Mustafayev, vəkil:

- Vəkil Elçin Qənbərovun Leyla Yunusla bağlı bu məktubları öz kitabında yayması, ictimailəşdirməsi biabırçı haldır. Vəkil etikası pozuntusudur, ümumiyyətlə, sağlam düşüncəyə sığmayan addımdır. Bu məktubların bəzilərini oxudum, o məktublar birbaşa cinayət işi ilə bağlı deyil, onların hüquqi qiyməti yoxdur, onlar şəxsi müraciətlərdir. Ola bilsin Leyla Yunusun o müraciətlərindən bəziləri rəsmi qurumlara gedib, ordan da istintaqa göndərilib. Ancaq belə başa düşdüm ki, bunların çoxu vəkilə verilən müraciətlərdir. Onlar vəkil vasitəsilə ya ünvanına çatdırılıb, ya da Leyla xanımın qızına çatdırılması üçün verilib. Cinayət işi ilə bağlı olmayan, hüquqi qiyməti olmayan bu məktubların dərci Leyla Yunusa qarşı yönəlmiş sifarişli aksiyadır.

Cinayət işinin materialları ilə birbaşa əlaqəsi olsaydı, hər hansı qərarda, ya da cinayət işinin tərkibində verilən şikayətdə əksini tapsaydı, onda vəkilin bu məktublardan yararlanmasını başa düşmək olardı. Bunlar Leyla Yunuşun şəxsi müraciətləri, şəxsi məktublarıdır. Onun icazəsi,  razılığı olmadan bu yazıların yazılması, ictimailəşdirilməsi, düşünürəm ki, şəxsi həyata müdaxilədir. Ona görə Leyla xanım bunları şəxsi həyata müdaxilə kimi qiymətləndirib vəkili məhkəməyə verə bilər... Azərbaycan məhkəmələrinin hansı durumda olduğunu biz də, Leyla xanım da bilir. Ola da bilər ki, bu səbəbdən məhkəməyə verməsin. Ancaq vəkillər, ictimaiyyət bu fakta qiymət verməlidir. 

Əsabəli Mustafayev
Əsabəli Mustafayev.

Sosial şəbəkələrdə Elçin Qənbərovu müdafiə edənlər düşünür ki, cinayət işi artıq qurtarıb, üstündən müəyyən müddət keçib, ona görə ictimailəşməsi mümkündür. Tamamilə yanlış yanaşmadır. Şəxsi həyata aid məlumatlar yalnız onun sahibinin razılığı ilə yayıla bilər. Burda müddət anlayışı yoxdur. Vəkilin belə məlumatlar yaymasının çox neqativ təsirləri var. Bundan sonra, şəxsiyyətindən asılı olmayaraq, müştərilərin bütövlükdə vəkilə etimadı azalacaq, artıq müştərilər bütün məsələləri vəkillərinə etibar etməyəcək... Elçin Qənbərov da siyasi işlərə çıxan vəkillərdəndir. Adətən, bu işlərə çıxan vəkillərə cəmiyyətdə böyük hörmət olur. Onlar heç bir maddi təmənna güdmədən bu işlərə çıxırlar. İndi onlara da, o sıradan mənim özümə də inam azalacaq, bizə tam etibar etməyəcəklər. Vəkilin bu addımının ən pis nəticələrindən biri budur. 

Yunusların işi hələ tamamlanmayıb, icraatı dayandırılıb, onlarla bağlı axtarış elan olunub, açığı, Elçin Qənbərovun tamamlanmamış bir iş barədə məlumatları yayması maraqlı məsələdir, düşünürəm ki, vəkil bütün bunlara cavab verməlidir. Həmkarımızın belə bir addım atmasına çox təəssüflənirəm. Xüsusilə vurğulamaq istəyirəm ki, burda söhbət Leyla Yunusun müdafiəsindən getmir. Leyla Yunus kiminsə xoşuna gələ, ya da gəlməyə bilər, ümumiyyətlə, söhbət şəxsdən getmir, prinsiplərdən, vəkil davranışından, vəkil etikasından gedir. Bütün bunlar vəkilə haqq vermir ki, müştərisi ilə bağlı əlində olan məlumatları bu şəkildə ictimailəşdirsin.

Vəkil Fuad Ağayevinsə son baş verənlərlə bağlı suala cavabı konkret oldu: “Xaric edilməlidir”.

Əlayif Həsənov, vəkil:

- Leyla xanım haqqında cızma-qaranı yaymaqda məqsədim tək vəkillik etikasının deyil, ümumiyyətlə, insani dəyərləri vəkilin pozduğuna dostlarımın fikirlərini bilməkdir. Xanım Leyla Yunus həbs müddətində ağlasığmaz məşəqqətlər çəkib, bu, mənim gözlərim önündə olub. Məktublar barədə bilgiliyəm və bilidiyim qədər Leyla xanım bunları vəkilə məqsədyönlü şəkildə ötürürdü, bu barədə ətraflı yazmaq istəmirəm, amma tam məsuliyyətlə deyə bilərəm ki, Leyla xanım hüquq müdafiəçisi adına xələl gətirən hərəkətlərə yol verməyib. Bu yazının dərcindən sonra çoxsaylı zənglər edilib və qınanmışam, təxminən bu mövzuda :"Görün kimə görə vəkillikdən məhrum edilmisiniz".

Alayif Həsənov
Alayif Həsənov.

Bildirirəm ki, prinsipial vəkil və vətəndaş mövqeyimə görə hakimiyyətin bu lütfü ilə mükafatlanmışam, peşman deyiləm, xanım Leyla Yunusun müdafiəsini vicdanımın səsi, vətəndaş mövqeyi, vəkillik borcu olaraq etmişəm. Onun məktublarına normal yanaşıram və yazıldığı vəziyyət barədə məlumatlıyam. O kütləvi informasiya vasitələri ki, Leyla xanıma gətirilən və gətirilməyən sovqatların şəkillərini dərc edirdi, işgəncələrə məruz qalmış xəstə qadının pozulmuş hüquqlarını müdafiə etmək əvəzinə ona çirkab atırdı, vəkilini öz aləmində təhqir edib "Leyla Yunusun Zərdablı vəkili " yazırdı, indi də o biri vəkilin kitabından parçaları dərc etməklə eyni işi görür ( “Facebook” paylaşımından).

Namizəd Səfərov, vəkil:

Namizəd Səfərov
Namizəd Səfərov.

- Bəziləri vəkillik sənətinin mahiyyətini başa düşmür. Bu peşə başqa peşə və hüquq institutlarından kəskin fərqlənir və özünəməxsus əlamətləri var. Vəkillik etikası da, ümumiyyətlə, etika sözünün hamıya məlum mənası ilə eyniləşdirilir. Vəkillik etikası dedikdə, bu, hər şeydən öncə müştərinin, müvəkkilin, müdafiən altında olan şəxsin konfidensial sirlərinin qorunması ilə bağlıdır. Bu normanın, yəni vəkil etikasının pozulması yolverilməz sayılır. “Vəkillər və Vəkillik fəaliyyəti haqqında” AR Qanununun 18-ci maddəsi vəkil etikasının prinsiplərini müəyyən edir. Orada xüsusi olaraq qeyd olunur ki, vəkil peşə fəaliyyətini həyata keçirərkən, vəkil sirrindən özünün şəxsi  tamahkarlıq və digər məqsədləri üçün istifadə etməməlidir. Vəkil sirrinin qorunması vəkilin ən ümdə vəzifələrindən biridir. Bu sirrin yayılmasına heç bir əsas və səbəblə haqq qazandırıla bilməz.

Samirə Ağayeva, vəkil:

Samirə Ağayeva
Samirə Ağayeva.

- Heyif ki, Elçin Qənbərov və onun kimi vəkillər Vəkillər Kollegiyasının üzvüdürlər, vicdanlı, ləyaqətli və dürüst Əlayıf Həsənov, Xalid Bağırov kimi vəkillər Kollegiyadan çıxarılır. Sevimli və cəsarətli Yalçın İmanov isə işgəncə faktlarını açıqladığı üçün izahat verməli olur (“Facebook” paylaşımından).

Elçin Sadıqov, vəkil:

Elçin Sadıqov
Elçin Sadıqov.

- Leyla Yunusla bağlı vəkil sirrini yayan şəxsin barəsində CM-nin 178.3.2-ci maddəsilə cinayət işi var idi. Hələ onun barəsində cinayət işinin olması ilə bağlı Vəkillər Kollegiyasına məlumat da verilmişdi. Onun adını barəsində cinayət işi olan vəkillər siyahısında təsadüfən görmüşdüm; Vəkillər Kollegiyasında Pərviz Həşimlinin işi üzrə Ali Məhkəmənin hakimi Fərhad Kərimovun şikayəti əsasında izahat yazan zaman. Düşünür ki, Leyla Yunus barədə yazsa, onu bağışlayacaqlar. Nə yaxşı ki, Leyla Yunus bir nəfəri tutulmaqdan qorudu. Barələrində CM-in 178-ci maddəsilə cinayət işi olanlar, Leyla Yunusu tənqid edin, sizi əfv etsinlər...( “Facebook” paylaşımından)

Vəkillər Kollegiyası mövqeyini açıqlamayıb. Leyla Yunusun həyat yoldaşı Arif Yunus isə Meydan TV-yə deyib ki, bu barədə danışmaq istəmirlər.