YAP-çı: ''Sanksiya təşəbbüsü Azərbaycanın inkişafı ilə bağlıdır''

ABŞ Senatı

Ələkbər Raufoğlu: Azərbaycan rəsmiləri viza sanksiyalarını çoxdan haqq edib

Sentyabrın 7-də ABŞ senatoru Riçard Durbin Mehman Əliyevin həbsində iştirakı olan Azərbaycan rəsmilərinə qarşı sanksiyalar barədə düzəliş təqdim edib.

Bildirilir ki, senatorun təqdim etdiyi düzəliş Mehman Əliyevin həbsində rol oynamış bütün Azərbaycan rəsmilərinə Amerika Birləşmiş Ştatlarına daxil olmağı qadağan edir.

Dövlət katibindən rica edilir ki, sanksiyaların tətbiq olunacağı Azərbaycan rəsmilərini müəyyən etsin.

Düzəliş 2018-ci büdcə ili üçün Ştat və Xarici Əməliyyatlara dair qanun layihəsinin müzakirəsi əsnasında təqdim olunub və hazırda Vaşinqtonda tam komitə heyəti tərəfindən nəzərdən keçirilir.

 

Yenə erməni lobbisi...

Düzəlişlə bağlı Azərbaycan-Amerika Birləşmiş Ştatları parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü, hakim Yeni Azərbaycan Partiyası (YAP) icra katibinin müavini Siyavuş Novruzov belə bir qərarın qəbuluna inanmır.

O, “report.az”-a deyib ki, bu haqda iddialar fakta əsaslanmır.

YAP-çı deputat düzəlişin gündəmə gəlməsində erməni lobbisinin adını çəkib:

“Bu, sadəcə olaraq, erməni lobbisinin və onlara muzdlu xidmət göstərən siyasətçilərin Azərbaycana qarşı növbəti təxribatıdır. Baxın, Soros Fondu və onun rəhbəri Azərbaycana qarşı dələduzluq edir. Bütün bunlar Azərbaycanın inkişafı ilə bağlıdır. Hazırda ölkədə ictimai-siyasi sabitlik təmin olunur. Xatırlayırsınızsa, Bakıda keçirilən IV İslam Həmrəyliyi Oyunları zamanı demişdim ki, gələcəkdə Azərbaycana qarşı təxribatlar ola bilər. Çünki Azərbaycan 53 İslam dövlətinin nümayəndəsini Azərbaycana topladı. Bununla da göstərildi ki, İslam terror, təxribat deyil, barışıq, dostluq dinidir. Azərbaycan bununla dünyaya mesaj verdi. Bunu böyük İslam dövlətləri də üzərinə götürə bilərdi. Təbii sərvətlərə malik olan İslam dövlətləri var, lakin Azərbaycan Prezidenti cəsarətli siyasəti, atdığı addımlar ilə İslam həmrəyliyini ortaya qoydu, bunu dünyaya elan etdi. Bu, həm Qərbin, həm Amerikanın, həm də digər dövlətlərin maraqlarına zidd olan məsələdir. Onlar öz cəmiyyətlərində İslamı terror dini kimi qələmə verirlər və “terrorla mübarizə” adı altında İslam ölkələri ilə mübarizə aparırlar, işğal etməyə çalışırlar. Biz bütün bunları nəzərə almalıyıq ki, onlar müxtəlif yollarla təxribatlar etməsinlər”.

 

Siyavuş Novruzov: Məqsəd Bakı-Vaşinqton münasibətlərinə xələl gətirməkdir

Deputat Azərbaycan rəsmilərinə sanksiya tətbiqi təşəbbüsünün Bakı ilə Vaşinqtonun münasibətlərinə xələl gətirmək məqsədi daşıdığını düşünür:

“Bu cür təxribatlar Rusiyada da baş verib, Rusiya ilə Azərbaycan arasındakı münasibətləri pisləşdirməyə cəhd ediblər. Qonşu ölkənin Ədliyyə Nazirliyinin Ümumrusiya Azərbaycanlıları Konqresinin qeydiyyatını ləğv etməsi buna misaldır. Bu, ayrı-ayrı qüvvələrin Azərbaycan-Rusiya münasibətlərinə xələl gətirmək məqsədilə atdığı addımlardır. Hər yerdə bu cür təxribatlar baş verir”.

Siyavuş Novruzov
Siyavuş Novruzov.

S.Novruzov Azərbaycan hökuməti ilə bağlı xarici media orqanlarında yayılan məlumatların yalan olduğunu bildirib:

“Hansısa qəzet, televiziya kanalı, qeyri-hökumət təşkilatı yalan məlumat yayır, amma qarşı tərəfin mövqeyini öyrənmirlər. Onlara sual verilməlidir ki, araşdırma aparıbmı? Onlar özlərini istintaq orqanı hesab edirlər? Heç bir mənbəyə əsaslanmadan yazılar dərc edirlər. O yazılarda Azərbaycan hökumətinin mövqeyi öyrənilməyib. Obyektivdirlərsə, hər iki tərəfin mövqeyi öyrənilməlidir, qarşı tərəfə mövqe bildirməsi üçün şərait yaradılmalıdır. Azərbaycan hökuməti ilə bağlı yazılanlar yalandır”.

 

"Alver edən də, andına və peşəsinə xəyanət edən də Azərbaycanın hakim rejimidir"

Vaşinqtonda fəaliyyət göstərən azərbaycanlı jurnalist Ələkbər Raufoğlu bildirib ki, ilk növbədə, gözləntimiz, əlbəttə, Mehman Əliyevin qeyd-şərtsiz və dərhal azad olunmasıdır:

“O, belə rəftara layiq deyildi. Azadlıqda olsaydı, özü bu müzakirələrin mərkəzində olmasından narahatlıq keçirərdi. Təvazökarlığı bir yana qalsın - bu barədə saatlarla danışmaq olar - Mehman bəy jurnalist peşəsinin bizə həvalə etdiyi güclə yanaşı, məsuliyyətini də çox gözəl dərk etməklə onu yalnız və yalnız ictimai məlumatlandırmaya yönəltməyin tərəfdarıdır. Nə özü, nə də yaratdığı ailə heç vaxt nəfəsini, gücünü və enerjisini bu çərçivədən kənarda tükətməyib. Biz heç vaxt öz peşəmizə, jurnalistikada içdiyimiz anda xəyanət etməmişik. Nə də ki, onu alver predmetinə çevirmək heç ağlımıza da gəlməyib".

"Alver edən də, andına və peşəsinə xəyanət edən də Azərbaycanın bugünkü hakim rejimidir. "Turan"İA-a qarşı bu formada savaş açmaq, Mehman Əliyevi heç nə üstündə həbs etmək isə bu xəyanətin yalnız təkrarlanması yox, həm də cılızlaşmış mərhələyə enməsidir. Bunu nə siyasətlə, nə də cəhalətlə əlaqələndirməzdim - hərçənd ki, müəyyən formada ikisinə də böyük pay düşür - bu, avtoritarlığın hüdudlarının bitdiyi ən son nöqtədir... Öz aləmlərində kiminlə hansi siyasi alveri edəcəkdilər, hansı "axşam bazarlığı"nı həyata keçirəcəkdilər, özləri daha yaxşı cavab verər bu suala. Amma son iki həftə ərzində dünyanın demək olar dörd bir küncündən, bütün mütərəqqi düşərgələrdən, hətta "evin içi"ndən onlara yönələn çağırışların, qınaq və tənqidlərin səbəbini hələ də dərk etməyiblərsə, buyurub güzgüyə nəzər salsınlar",-Raufoğlu belə deyib. 

 Onun sözlərinə görə, Azərbaycan rəsmiləri viza sanksiyalarını çoxdan haqq edib:

 "Demokratiya qənimlərinin demokratik dünyada nə işi? Hərçənd, Mehman bəy bunu onlara yaraşdırmazdı. Çox sadə bir izahat ilə: "Azərbaycanlı adını daşıyırlar, bu gün-sabah ayılıb səhvlərini başa düşəcəklər, islahata gedəcəklər..." deyərdi.  Amma nə edəsən həqiqət ondadır ki, özləri və əlaltılarının Qərb paytaxtlarında demokatiyanın bəxş etdiyi azadlıqlardan bəhrələnməklə oynadıqları çirkin oyunlar, törətdikləri cinayətlər artıq ictimai diqqəti cəlb edib.  

Mehman bəyin təbirincə desək, "proses gedir". Qərb insanı artıq xeyli vaxtdır ki, belə kleptokrat ünsürlərin, demokratiya oğrularının müəyyənləşdirilib qapı kandarına atılmasını tələb edirdi. Problem ondadır ki, artıq Azərbaycanın hakim rejimi bunun acısını başa düşməyə başlayıb. Odur ki, "qarğa, məndə qoz var" məntiqi ilə diqqəti özlərinə cəlb etməyə çalışırdılar".

 

"Mehman bəyin vəziyyətində bu iş cəmi 10 gün çəkdi"

 Senatda təqdim olunan sanksiya düzəlişini əyani sübut adlandıran jurnalist hesab edir ki, adi bir "qığılcım" onlara qarşı kəskin qərarların qəbuluna kifayət edir:

Ələkbər Raufoğlu
Ələkbər Raufoğlu.

"ABŞ siyasi mətbəxinə yaxından bələd olanlar bunu təsdiqləyər - adətən, bu kimi sanksiya təşəbbüslərini Senat dəhlizlərinə çıxarmaq üçün illər deməsəm da, aylar həsr edilir. Amma Mehman bəyin vəziyyətində bu iş cəmi 10 gün çəkdi.  Nə Azərbaycan hakimiyyətinin milyardlar hesabına aldığı lobbiçiləri, nə də elə öz tay-tuşları - ermənilər Konqresdə bu gücə malikdirlər. Azad sözün, demokratik dəyərlərin bu formada ardıcıl olaraq ayaqlar altına atılması bütün mütərəqqi cəmiyyətlərdə ikrah hissi doğurur və Mehman bəy, eləcə də digər günahsız həmkarlarımız həbsdə qalacağı müddətdə bu proses dayanmayacaq. Odur ki, sanksiyalar artıq qarşısıalınmaz mərhələyə yetişib və bu prosesin davamı gələcək".

 

"Təklif tezliklə Senatdan keçəcək, ardınca digər addımlar da atılacaq"

 Ə.Raufoğlu düşünür ki, qısamüddətli perspektivdə Azərbaycan hakimiyyətinin bir yolu var: 

''Ya Mehman bəyi təcili azad edib "Turan"İA-a qarşı bütün iftiralarına son qoysun, ya da... Başqa istiqamət görünmür. Bu sanksiya təklifi tezliklə Senatdan keçəcək. Ardınca digər addımlar da atılacaq. Fərqi yoxdur, Bakıda rəsmilər bu oyunu nə üçün oynayırlar - istər iqtisadi-maliyyə maraqları olsun, istərsə də, Qərb paytaxtlarına səfər istəyi. Bütün hallarda, bazarlıq üçün səhv "məhsul" seçiblər. "Turan"İA Azərbaycan xalqının milli sərvətidir. Təkcə Azərbaycanda yox, bütün post-sovet regionunda Rusiyanın informasiya blokadasını yarmaq üçün yaradılmışdı bu agentlik.  Sərvətlərinə, dəyərlərə hörmətsizlik edənlərin özləri kimi, neft-qazı da, Qərb alıcılarına sadəcə ürək bulandıran naftalin iyindən başqa heç nə demir... Uzunmüddətli perspektivdə isə Azərbaycan hakimiyyəti həbsdəki bütün günahsız insanları ən qısa müddətdə azadlığa buraxmaqla, eləcə də onların qanunsuz həbsinə şərait yaradanları özləri cəzalandırmaqla bu işin təşəbbüsünü Qərbin ədalət mühakiməsindən alıb, öz əlinə götürmüş olacaq. Başa düşməlidirlər ki, ədalət var və bərpa olunacaq. Ya bunu indi özləri edəcək, ya da onların əvəzinə edən tapılacaq".