Tereza May
Tereza May

''Araşdırmanın dərcindən 9 dəqiqə sonra Cövdət Quliyev istefa verib''

Araşdırmalar Tereza Meyin narahatlığına səbəb olub


OCCRP-nin təqdim etdiyi “Azərbaycanın pulyuyan maşını” araşdırmasından sonra Azərbaycan hakimiyyəti buna çox acıqlı reaksiya verdi. Araşdırmada Azərbaycan hakimiyyətinin 2,9 milyard ABŞ dolları məbləğində vəsaiti gizli fondundan məşhur avropalılara sərf etdiyi üzə çıxıb.

Azərbaycan prezidenti İlham Əliyevin köməkçisi Əli Həsənov deyir ki, “The Guardian” və onun digər media partnyorları Azərbaycana ləkə yaxmaqla məşğuldurlar. Rəsmi Bakının ilk reaksiyası olaraq, Həsənov bildirdi ki, rejim Britaniya kəşfiyyatı, Ermənistan diasporu və ABŞ-ın “qalmaqallı” kampaniyasının qurbanı olub.

“ “The Guardian” nə vaxt Azərbaycan haqqında həqiqətləri yazıb ki? İllərdir ki, bu qəzet ancaq Azərbaycana qarşı yazılan məqalələri ilə tanınır”, deyə Həsənov Türkiyə qəzeti “Hürriyət”-ə bildirib: “Yazılanların hamısı qərəzli, əsassız və təxribat xarakteri daşıyır”, deyə Həsənov əlavə edib.

Mütəşəkkil Cinayətkarlıq və Korrupsiyaya Qarşı Jurnalist Layihəsi (OCCRP) Danimarkanın “Berlingske” qəzetinə sızdırılan məlumatları araşdıraraq, “Azərbaycanın pulyuyan maşını” adını alan mexanizmin necə işlədiyini detallı şəkildə yazıb. Sentyabrın 5-də araşdırmalar dərc edildikdən sonra isə OCCRP-nin rəsmi saytı Azərbaycan ərazisində bloklanıb.

Britaniya şirkətlərinin adının hallanması da Birləşmiş Krallığın Baş naziri Tereza Meyin narahatlığına səbəb olub. Meyin rəsmi sözçüsü İngiltərə Milli Cinayətkarlıqla Mübarizə Agentliyinin “The Guardian” və digər media orqanlarının dərc etdiyi bu məlumatları araşdıracağını bildirib: “Agentlik bu məsələnin araşdırılmasının lazım olub-olmadığı ilə maraqlanacaq”.

Bu il ərzində artıq ikinci dəfədir ki, Britaniya şirkətlərinin adı keçmiş Sovet ölkəsindən böyük həcmdə pulların yuyulmasında hallanır. Martda eyni qayda ilə Moskvadan 20 milyard ABŞ dolları həcmində vəsaitin çıxarıldığı da aşkar edilmişdi.

İngiltərənin müxalif siyasətçiləri hakimiyyəti belə halların qarşısını almaq üçün müvafiq tədbirləri görməyə çağırıblar. Qlasqou, Berminqhem və Hretfordşirdə yerləşən Potters Bar şəhərciyində qeydiyyatdan keçən dörd İngiltərə ofşor şirkəti Qərb maliyyə sisteminə pul ötürmək üçün istifadə edilib. İlk olaraq pullar Danimarka bankı Danske-nin Estoniya filialından ötürülüb.

“The Guardian”-ın araşdırması sayəsində “Azərbaycanın pulyuyan maşını” haqqında məlumat aldıq. İndi isə bu çirkli çamaşırxananın ictimaiyyət qarşısında yumalıyıq ki, kimin kimə və hansı səbəbdən pulu verdiyini öyrənək”, - deyə Liberal Demokrat Partiyasının sabiq başçısı Tim Ferron bildirib.

“Bizə bu məsələnin dərin araşdırılması lazımdır ki, bilək bu pullar İngiltərəyə təsir etmək üçün istifadə edilib, ya yox. Azərbaycan hakimiyyəti insan haqlarını sistemli şəkildə pozduğuna görə günahkar sayılır və görünən odur ki, rejim iri miqyasda ödənişlər həyata keçirib”, deyə Ferron əlavə edib.

“Pulyuyan maşın”dan faydalananlardan biri Cövdət Quliyev, bazar ertəsi İngilis-Azərbaycan Cəmiyyətində tutduğu vəzifədən istefa verib. Araşdırmalara görə, Quliyev 523 000 ABŞ dollarına yaxın pul alıb. Sabiq BP şirkətinin əməkdaşı Azərbaycan neft şirkətində işləyir.

Cəmiyyətin həmsədri, Liberal Demokratlardan Lord German deyir ki, araşdırma “The Guardian”-da dərc edildikdən 9 dəqiqə sonra C.Quliyev vəzifəsini tərk edib. Hazırda Quliyevin adı Cəmiyyətin rəsmi internet səhifəsindən də çıxarılıb. Lord Germana görə, “pulyuyan maşın”dan Cəmiyyətə heç bir vəsait daxil olmayıb.

Lorda yazdığı məktubda Quliyev nəyə görə pul aldığını izah etməyib, o, pulların yalnız “şəxsi istifadə üçün” və qanuni şəkildə aldığını qeyd edib.

“Çirkli pulların yuyulması bizim iqtisadiyyatı zədələyir, insanlardan pulları oğurlayıb cəmiyyətimizi rüşvətxorluğa doğru aparır, onu pozur. Maliyyə sistemi effektiv şəkildə investisiya ilə təmin olunmalıdır ki, ölkənin bütün iqtisadiyyatı buradan fayda qazana bilsin, buradakı və ya xaricdəki cinayətkarların, ofşor bankların balansını artırmamaq lazımdır”, deyə Xəzinən baş katibi Piter Daud bildirib.

“Azərbaycanın pulyuyan maşını”nın mərkəzində fəaliyyət göstərən dörd şirkətin hamısı İngiltərədə qeydiyyatdan keçmiş məhdud əməkdaşlıq növlü şirkətlərdir: Metastar Invest, Hilux Services, Polux Management və LCM Alliance. Onların korporativ “partnyorları” Britaniyanın Virciniya adalarında, Seyşel və Belizdən olan anonim hüquqi şəxslərdirlər.

2.9 milyard dollarin müəyyən hissəsi lüks avtomobillər, daxili dizayn və stomotoloji xidmətlərə, digər bir hissəsi isə Azərbaycanın imicini müsbət etmək üzərində işləyən məşhur avropalılara xərclənib. 9 milyon dollardan bir az artıq vəsait isə birbaşa olaraq İngiltərə özəl məktəblərinə ödəniş şəklində köçürülüb.

Azərbaycanın hakim ailəsinin adı birbaşa olaraq bu araşdırmada hallanmır. Lakin onların da bu işdə əlaqələrinin olması aydın görünür. Böyük həcmdə pullar Azərbaycan Beynəlxalq Bankından (ABB) gəlib. Məlum olduğu kimi ABB 2017-ci ilin yay aylarında müflisləşdiyinə görə müdafiəsi üçün Nyu-York məhkəməsinə müraciət etmişdi. Azərbaycan müdafiə və fövqəladə hallar nazirləri isə bu sistemin mənbələri olaraq çirkli pullar fonduna nəğd yatırımlar ediblər.

Bu sistem hakimiyyətin əlavə xərclərini, həmçinin Azərbaycanın Baş nazirinin müavini Yaqub Eyyubovun tibb ödənişlərini də ödəmək üçün istifadə edilib. Bundan başqa, Eyyubovun oğlu Emin, Azərbaycanın Avropa Birliyi səfiri və prezidentin mətbuat katibi Azər Qasımova da ayrıca ödənişlər həyata keçirilib.