Polislər Abbas Hüseynova görə etiraz edənlərin yolunu bağladı

Nardaran məhbusu Abbas Hüseynov vəkili vasitəsilə ilə Qobustan həbsxanasında işgəncələrə məruz qaldığı xəbərini göndərib. Bundan sonra dindarlar Penitensiar Xidmətin qarşısında aksiya planlaşdırıblar. 9 avqustda polislər Penitensiar Xidmətə gələn yolları bağlayıb. Aksiya baş tutmayıb.

Abbas Hüseynov onu Qobustan həbsxanasının rəisi Aftandil Ağayev, müavini Emin Cəfərovun döydüyünü bildirib.

“Rəis otağındakı stolun altından “dubinka”nı çıxarıb, yerdə məni vurmağa başladı. Vura-vura deyirdi ki, “səni ram eləmək mənim üçün 2 dəqiqəlik işdir”. Məni ayağa qaldırıb, ayaq üstə üzümə vurmağa başladı. Dedim ki, mən nə vəhşiyəm, nə də heyvan. Təzədən məni yerə yıxdılar və rəis yenidən “dubinka”yla döyməyə başladı. Ən azı 30-35 zərbə endirdi. Sonra qaldırıb sifətimə vurdu. Rəisin müavini Emin də məni vururdu. O qədər başıma vurdular ki, gözlərim irinlədi. Daha sonra mənə 8 sutka "kars" cəzası verildiyi deyildi. Aftandil Ağayev dedi ki, əlləri, ayaqları qandallı “kars”a salın. Gətirdilər “kars”a, uzatdılar dəmirin üstünə, əllərimə və ayaqlarıma qandal vurdular, çarmıxa bağladılar. İki gün çarmıxa çəkilmiş vəziyyətdə “kars”da qaldım”.

Onun sözlərinə görə, “kars” müddəti iyulun 25-də başa çatsa da, iyulun 29-a qədər "kars"da saxlanılıb. Avqustun 5-də isə əlavə 8 sutka “kars” cəzası verilib.
Penitensiar Xidmət işgəncə hadisəsinə münasibət bildirməyib.

Nardaran hadisələri zamanı həbs olunan Abbas Hüseynov 20 il müddətinə azadlıqdan məhrum edilib.