''Rasimin qəbri yarıtmaz səhiyyə sisteminə abidədir''

Jurnalist Rasim Əliyevin ölümünündən iki il ötür. Avqustun 9-da onu həmkarları, ailəsi, vətəndaş cəmiyyəti fəalları məzarı başında yad ediblər.

Rasim Əliyev 2015-ci il avqustun 8-də “Qəbələ” klubunun futbolçusu Cavid Hüseynovun qohumları tərəfindən döyüldükdən bir gün sonra 1 saylı Şəhər Klinik Xəstəxanasında həyatını itirib. Jurnalistin ölüm işi ilə bağlı açılan 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma, zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) cinayət işində onu döyən şəxslər 9 ildən 13 ilədək həbslə cəzalanıblar. CM-nin 307.1-ci (ağır cinayətin hazırlanmasını və törədilməsini bilib xəbər verməmə) və 307.2-ci (ağır cinayəti gizlətmə) maddələri ilə təqsirləndirilən Cavid Hüseynov isə 4 illik cəzasının 14 ayının çəkəndən sonra, vaxtından öncə azadlığa buraxılıb. Rasimin ölümündən sonra həmkarları həkimlərin də məsuliyyətə cəlb olunması tələbi ilə aksiyalar keçiriblər. Jurnalistin ölümündən iki il ötsə də, 1 saylı Şəhər Klinik Xəstəxanasının həkimləri barədə heç bir istintaq işi aparılmayıb.