''Dağlıq Qarabağ münaqişəsi yenidən alovlana bilər''

Novruz Məmmədov

Elxan Mehdiyev: ''Azərbaycan siyasi rəhbərliyi hərbi əməliyyata getməyəcək''

"Dağlıq Qarabağ münaqişəsi geosiyasi oyunların nəticəsidir və belə oyunlara görə yenidən alovlana bilər".

"Report"un məlumatına görə, bunu "RİA Novosti"yə müsahibəsində prezidentin Xarici siyasət məsələləri üzrə köməkçisi-şöbə müdiri Novruz Məmmmədov bildirib.

O qeyd edib ki, geosiyasi oyunlar davam edənə qədər münaqişə ilə bağlı vəziyyət dəyişməyəcək: 

"Dağlıq Qarabağ münaqişəsi artıq 25 ildir davam edir, Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərinin 20 faizi Ermənistan tərəfindən işğal olunub. Nəticədə bir milyondan çox insan qaçqın və məcburi köçkün olub. Amma problemi "dondurulmuş münaqişə" kimi təqdim etmə cəhdləri davam edir. Əminliklə demək olar ki, münaqişə geosiyasi oyunların nəticəsidir".

Prezidentin köməkçisi deyib ki, beynəlxalq vasitəçilər Azərbaycanın ərazi bütövlüyünün qorunması mövqeyindən çıxış etsələr də, nədənsə birmənalı mövqe tutmamağa üstünlük verirlər: 

"Biz həmsədr dövlətlərdən və dünya birliyindən münaqişənin ədalətli həlli üçün konkret addımlar gözləyirik".

N.Məmmədov bildirib ki, bu gün dünyada ədalət yoxdur, çünki Varşava müqaviləsindən sonra dünya onun prinsipini qoruyub saxlaya bilməyib: 

"Əgər beynəlxalq münasibətlərdə ədalət yoxdursa, universal dəyərlər barədə danışmağın nə mənası var?!".

Prezidentin köməkçisi həmçinin qeyd edib ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə ədalətli qiymət verilməsi maneələrlə üzləşir: 

"Bu gün elə bir vəziyyət yaranıb ki, müharibə ilə heç nəyi həll etmək olmaz, çünki münaqişə yeni münaqişə yaradır və superdövlətlər bunda fəal iştirak edir".

N.Məmmədov xatırladıb ki, Qarabağ münaqişəsinin həlli ilə ATƏT-in Minsk Qrupu məşğul olur. Azərbaycan Prezidentinin köməkçisi hesab edir ki, bu qrupa zərurət yarandıqda beynəlxalq arenada öz sözünü deməyə qadir olan ölkələr daxildir. 

Azərbaycanın Rusiyadakı sabiq səfiri, siyasi icmalçı Hikmət Hacızadə Novruz Məmmədovun "geosiyasi oyunlara görə münaqişə yenidən alovlana bilər" fikrini bölüşür. 

Siyasi icmalçı bu haqda MeydanTV-yə deyib ki, Dağlıq Qarabağ münaqişəsində siyasi oyunlar var:

"Birincisi, Rusiyadır ki, Azərbaycan bu münaqişə vasitəsilə nəzarəti altına salmaq istəyir. Qərbin maraqları odur ki, müharibə olmasın və tədricən enerji məhsullarını daşıyıb aparsınlar. İran isə Azərbaycanın demokratik və qərbyönlü dövlət olmasında maraqlı deyil. Bu mənada münaqişənin yenidən alovlanması mümkündür.  Sadəcə, Novruz Məmmədov bu barədə konkret yox, mücərrəd danışıb". 

Hikmət Hacızadə Meydan TV
Hikmət Hacızadə Meydan TV.

H.Hacızadə bildirib ki, həmsədr dövlətlərdən Rusiyanın maraqları Ermənistanla ortaqdır, Amerika və Avropanın əsas məqsədi isə sabitlik və iqtisadi maraqları naminə istənilən müharibənin qarşısını almaqdır.

Konfliktoloq Elxan Mehdiyev suala sualla cavab verdi: "Əvvəla, Novruz Məmmədov münaqişənin yenidən alovlanmasını istəyir, yoxsa ərazilərin işğalda qalmasını?  Bu suala özü cavab versə, onun söylədiklərini şərh etmək olar".

Elxan Mehdiyev hesab edir ki, indiki siyasətlə Azərbaycan siyasi rəhbərliyi hərbi əməliyyata getməyəcək:

"23 ildir atəşkəsdir və mövcud siyasət vəziyyətin dəyişməyəcəyini göstərir. Baxın, Ermənistan prezidenti Serj Sarkisyanın sonuncu açıqlamasına,  deyir ki, prezidentlərin sonuncu görüşü üçün əvvəlcədən gündəlik hazırlanmalıdır, əgər bunlar yoxdursa, görüşün keçirilməsinin hansı əhəmiyyəti var?! Təsəvvür edirsinizmi, işğalçı dövlətin başçısı nə deyir?! İlham Əliyev də Ermənistanı danışıqları uzatmaqda, danışıqlar imitasiyası yaratmaqda ittiham edir. İndi Novruz Məmmədov cavab versin ki, torpaqları azad etmək istəyirlər, yoxsa daha 23 il gözləmək?!

Elxan Mehdiyev foto sosial şəbəkə
Elxan Mehdiyev foto sosial şəbəkə.

Ümumiyyətlə, Novruz Məmmədovun dedikləri primitivdir, çünki o, SSRİ-yə, Varşava müqaviləsinə bəraət qazandırır. Məgər münaqişənin Kreml tərəfindən yaradıldığını bilmirmi? Nəhayət, prezident də daxil olmaqla hakimiyyət rəsmiləri həmişə deyiblər ki, Dağlıq Qarabağ münaqişəsi Azərbaycanın daxili işidir, əgər belədirsə, həll edin də bu daxili problemi, niyə etmirsiniz?!"