“İşıq məhbusları”nın məhkəməsinə buraxılmayan şəxsin halı pisləşdi

Biləsuvarda elektrik enerjisi tez-tez kəsildiyinə görə etiraz edən şəxslərin məhkəməsi baş tutub. 14 iyulda İmişli rayon Məhkəməsində keçirilən prosesə yalnız valideynlər buraxılıb. Məhkəməyə gələn şəxslərin əksəriyyəti bayırda gözləməli olub. Bu zaman təqsirləndirilən şəxslərdən İlkin İsgəndərovun bacısının halı pisləşib.

Təqsirləndirilən şəxs Cəlal Quliyevin anası Nərminə Məmmədova deyib ki, oğlu qanunsuz həbs edilib.

Cəlal Quliyevin vəkili Bəhruz Bayramov bildirib ki, təqsdirləndirilən şəxslərin polisə və icra nümayəndələrinə daş atması sübut olunmur. O, məhkəməyə təqdim etdiyi vəsatətlərin təmin olunmadığını bildirib.
2016-cı ilin dekabrın 22-də Biləsuvarda məskunlaşan məcburi köçkünlər işığın fasilələrlə verilməsinə etiraz ediblər. Əraziyə polis qüvvələri cəlb olunub. Vətəndaşlarla polis arasında qarşıdurma baş verdiyi bildirilir. Aksiyada həbs olunan 5 nəfərə Cinayət Məcəlləsinin özgə əmlakını məhvetmə, ictimai qaydanı pozma və hakimiyyət nümayəndəsinə həyat və sağlamlıq üçün təhlükəli zor tətbiq etmə maddələri ilə ittihamlar verilib.