Rauf Mirqədirov: Brüssel görüşü nəticəsiz bitdi

''İndiki qeyri-müəyyən şəraitdə Rusiya əlində olan imkanları itirmək istəmir''

İyulun 11-də Brüsseldə Azərbaycan və Ermənistan xarici işlər nazirləri Elmar Məmmədyarov və Edvard Nalbandyanla ATƏT-in Minsk Qrupunun həmsədrləri arasında görüş olub.

ATƏT-in Minsk Qrupunun həmsədrləri ilin sonunda prezidentlər arasında yüksək səviyyəli görüşün təşkili üçün öz köməklərini təklif ediblər.

Bu barədə həmsədrlərin bəyanatda qeyd olunub. Bildirilir ki, görüşdə Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi ilə bağlı gələcəkdə görüləcək işlərin formatı müzakirə edilib: 

"Nazirlərin görüşü zamanı təmas xəttindəki hazırkı vəziyyət müzakirə olunub. İki ölkə xarici işlər nazirləri bu ilin sentyabrında BMT Baş Assambleyasının 72-ci sessiyası çərçivəsində görüşməyə razılıq  veriblər". 

Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev APA-ya Bakının təklifə razılığını ifadə edib.

XİN rəsmisi bildirib ki, həmsədrlər tərəfindən Azərbaycan və Ermənistan prezidentlərinin görüşü barəsində təklif hər iki ölkənin xarici işlər nazirləri tərəfindən dövlət başçılarına məruzə ediləcək: “2017-ci ilin payızında həmsədrlərin regiona təkrar səfəri planlaşdırılıb. Görüş əsnasında xarici işlər naziri Elmar Məmmədyarov bir daha bildirib ki, münaqişə ilə əlaqədar gərginliyin azaldılması və regionda təhlükəsizliyin təmin olunması üçün həmsədrlərin təqdim etdikləri mövcud planlara uyğun olaraq, Ermənistan qoşunları Azərbaycanın işğal edilmiş ərazilərindən çıxarılmalıdır”.

H.Hacıyevin sözlərinə görə, Məmmədyarov-Nalbandyan görüşündə hər hansı mexanizmlərin yaradılması müzakirə mövzusu olmayıb. 

Mühacirətdə olan siyasi icmalçı Rauf Mirqədirov nazirlərin görüşünün nəticəsiz yekunlaşdığını düşünür:

"Ciddi nəticə olsaydı, tərəflərin bəyanatları daha dəqiq və daha səlis olardı". 

O, Meydan.TV-yə deyib ki, həmsədrlər təmas xəttindəki gərginliyi aşağı salmaq üçün növbəti görüşlər təşkil etmək istəyirlər: "Onların heç bir yeni təklifi yoxdur və köhnə təkliflərin ətrafında da yenilənmə sezilmir. Belə bir şəraitdə nəticənin olacağını düşünmürəm".

Rauf Mirqədirov
Rauf Mirqədirov.

R.Mirqədirov xatırladıb ki, Ermənistan xarici işlər naziri Nalbandyan Brüsselə getməzdən əvvəl Rusiya xarici işlər naziri Lavrovla görüşüb: "Prinsipcə, Nalbandyanın Lavrovdan təlimat alaraq Brüsselə gəldiyini demək olar". 

Onun fikrincə, hazırda Dağlıq Qarabağla bağlı danışıqlardan ciddi nəticə gözləmək mümkünsüzdür: "Səbəb regionda və dünyada qeyri-müəyyən şəraitlə bağlıdır. İndiki qeyri-müəyyən şəraitdə Rusiya əlində olan imkanları itirmək istəmir. Dağlıq Qarabağ münaqişəsi regionda marağı olan güclər üçün təsir və alver vasitəsidir. Bu alver isə başa çatmayıb, Trampla Putinin görüşü də göstərdi ki, ümumiyyətlə, ABŞ-dakı durumla bağlı ciddi alver heç başlamayıb da. Bu mənada vəziyyəti dondurmaq mümkün olmasa da, söhbət gərginliyin və qarşıdurmanın səviyyəsini azaltmaqdan gedir. Həmsədrlər də bu missiyanı yerinə yetirirlər". 

Siyasi icmalçı deyib ki, prezidentlərin görüşü baş tutarsa, nəticə verəcəyinə inanmır:

"Rəsmi Bakı Minsk Qrupundan ciddi bir təşəbbüs gözləməməlidir. Söhbət Moskva-Vaşinqton-Qafqaz üçbucağından gedir, bu regionda münasibətlər aydınlaşmalıdır. Problem ondadır ki, Azərbaycan hakimiyyəti bu üçbucaqda münasibətlərin aydınlaşmasından qorxur. Minsk Qrupu danışıqları boş yerə aparmır, onlara bunu BMT Təhlükəsizlik Şurası həvalə edib. Əslində BMT Təhlükəsizlik Şurası da danışıqlara nəzarət etməlidir, məlum qətnamələrin nə dərəcədə yerinə yetirilib-yetirilmədəyinə baxmalıdır. Əgər biz problemi BMT Təhlükəsizlik Şurasına qaytarsaq, həmin üçbucaqda təklənərik və məsələnin müzakirəsini formal həyata keçirərlər. Halbuki, Təhlükəsizlik Şurasının qətnamələrində ərazilərin qaytarılması birmənalı olsa da, hazırkı müzakirələrdə bunlar yoxdur. Hətta dəhlizin statusu gedir. Diplomatiyamızın zəifliyi burda görünür. Əgər Azərbaycan qeyd etdiyim məqamları gündəmə gətirmirsə, bu, qorxudandır. Ötən ilin aprel əməliyyatı münaqişənin BMT Təhlükəsizlik Şurasının gündəminə gətirilməsi situasiyasını yaratmışdı. Amma bunu edə bilmədik. İyulun 4-də 2 yaşlı uşaq öldürüldü, imkan yarandı ki, münaqişə BMT Təhlükəsizlik Şurasının gündəminə gətirilsin, amma Bakı yenə təşəbbüs göstərmədi. Hələlik rəsmi Bakı verilən qurbanların yaratdığı şəraitdən istifadə edə bilmir. Son vaxtlar bəzi siyasi icmalçılar danışıqlar prosesindən çıxmağı təklif edir, o zaman yeniliyi özündə ehtiva edən addımlar olmalıdır. Amma biz bunları görmürük".