Əmək məzuniyyəti hansı qaydada verilir? - Cavab veririk #34

Azərbaycan Respublikası Əmək Məcəlləsinə görə hər işçinin qanunda göstərilən qaydalara uyğun olaraq hər il məzuniyyətə çıxmaq hüququ var. Bəs bu hüquqlara nələr daxildir? İşçi məzuniyyətə ödənişli, yoxsa ödənişsiz çıxmalıdır? Məzuniyyətin müddəti qanunla nə qədər müəyyənləşib? "Cavab veririk" rubrikası bu dəfə yuxarıdakı sualları cavablandırmağa çalışacaq.

“Məzuniyyət haqqında” Qanunda deyilir ki, əmək məzuniyyəti işçinin normal istirahətini, əmək qabiliyyətinin bərpasını, sağlamlığının mühafizəsini təmin etmək üçün istifadə etdiyi istirahət vaxtıdır. Bu məzuniyyət bir iş ilinə uyğun olaraq verilir və bu iş ili də işçsinin işə götürüldüyü gündən hesablanır.

Əmək Məcəlləsində göstərilir ki, hər bir işçinin məzuniyyət müddəti onun işə götürənlə imzaladığı əmək müqaviləsi əsasında müəyyənləşir. Məzuniyyətin növləri, onun verilməsi qaydalar isə “Məzuniyyət haqqında” Qanunla təmin olunur.

“Məzuniyyət haqqında” Qanunun 3-cü maddəsinə görə, işçilərə 3 növ məzuniyyət verilə bilər.

  1. əsas və əlavə məzuniyyətlərdən ibarət olan əmək məzuniyyətləri;
  2. anaların və uşaqların mühafizəsi üçün, habelə təhsil və yaradıcılıqla əlaqədar sosial məzuniyyətlər;
  3. ödənişsiz məzuniyyətlər.

Əsas və əlavə məzuniyyət işçinin müvafiq vəzifə, peşə və ixtisası üzrə verilən məzuniyyətdir. Bunun müddəti istehsalın, əməyin xarakteri və iş stajına uyğun olaraq hesablanır və işçinin istəyinə uyğun olaraq istər birlikdə, istərsə də ayrı-ayrılıqda verilə bilər.

Sosial məzuniyyət işçilərin analıq hüququnu həyata keçirmək, uşaqları sağlam böyütmək, təhsil almaq və elmi yaradıclıqla məşğul olmaq üçün istifadə etdiyi məzuniyyətə deyilir.

Ödənişsiz məzuniyyət qohumluq borcunun yerinə yetirilməsi ilə bağlı ailə, məişət və başqa sosial məsələləri təxirə salmadan həll etmək, təhsil almaq, yaradıcı elmi işlə məşğul olmaq üçün, habelə yaşına, fizioloji keyfiyyətlərinə və digər üzrlü səbəblərə görə işdən ayrılmaq zərurəti olduqda işçinin istifadə etdiyi məzuniyyət hüququdur.

Qanuna görə, işçinin məzuniyyət hüququ çalışdığı iş yerində minimum 6 ay işlədikdən sonra əmələ gəlir. Bunun üçün isə ilk növbədə işə götürənlə əmək müqaviləsi imzalanmalıdır. “Məzuniyyət haqqında” Qanunun 13-cü maddəsində qeyd olunur ki, müəssisədə 6 ay işlədikdən sonra birinci iş ili bitənədək işçiyə məzuniyyət öz arzusu ilə onun üçün əlverişli olan vaxtda verilməlidir.

Müəssisədə altı ay işlədikdən sonra işin ikinci və sonrakı illəri üçün məzuniyyətlər iş ilinin müvafiq vaxtında məzuniyyətlərin verilməsi növbəsində nəzərdə tutulmuş vaxtda verilə bilər.

“Məzuniyyət haqqında” Qanunun 6-cı maddəsinə görə, istənilən işçiyə verilən əsas əmək məzuniyyətinin müddəti 21 təqvim günündən az olmamalıdır.

Bununla yanaşı işçinin fəaliyyət növündən asılı olaraq məzuniyyət müddəti də dəyişə bilər. Məsələn, aşağıdakı işçilərə əsas məzuniyyət 30 təqvim günü müddətində verilməlidir:

  • kənd təsərrüfatı istehsalında çalışan işçilərə;
  • müəssisələrin, idarələrin və təşkilatların rəhbər işçilərinə və mütəxəssislərinə;
  • xüsusi rejimli tədris müəssisələri istisna olmaqla, tədris müəssisəsində pedaqoji iş aparmayan rəhbər işçilərə və inzibati-tədris heyəti işçilərinə, habelə məktəbdənkənar uşaq müəssisələrinin rəhbərlərinə;
  • tədris müəssisələrinin metodistlərinə, baş ustalarına, istehsalat təlimi ustalarına,təlimatçılarına, kitabxanaçılarına, laborantlarına, emalatxana rəhbərlərinə, dayələrə, dəyişək xidmətçilərinə, bədii rəhbərlərinə;
  • elmi dərəcəsi olmayan elmi işçilərə;
  • həkimlərə, orta tibb işçilərinə və əczaçılara.

Qeyd etdiyimiz kimi fəaliyyət növündən asılı olaraq işçilərə əlavə məzuniyyət də verilə bilər . Pedaqoji və elmi fəaliyyətlə məşğul olan işçilər istisna olmaqla hər işçinin iş stajına uyğun olaraq ona bir neçə gün əlavə istirahət hüququ verilir. Bu, aşağıdakı qaydada hesablanır.

  • beş ildən çox əmək stajı olduqda — 3 təqvim günü;
  • on ildən çox əmək stajı olduqda — 6 təqvim günü;
  • on beş ildən çox əmək stajı olduqda — 9 təqvim günü müddətində əlavə məzuniyyətlər verilir.

İşçilərin ödənişsiz məzuniyyət müddəti və növləri də adıçəkilən qanunla müəyyən olunur. Belə ki, əgər işçi xroniki xəstəliyə tutulmuş uşağın valideyni, yaxud da həmin uşağa qulluq edən ailənin üzvüdürsə, ona uşaq 4 yaşına çatana qədər ödənişsiz məzuniyyət verilir. Həyat yoldaşları doğuşla əlaqədar məzunuiyyətdə olan kişilər də ödənişsiz məzuniyyət götürə bilər və bunun müddəti 14 təqvim günüdür.

Bununla yanaşı 16 yaşınadək uşağı olan qadınlar və ya tək valideynlər, qəyyumlar, himayədarlar — 14 təqvim gününədək; əlillik qrupundan və səbəbindən asılı olmayaraq əlillər bir təqvim ayınadək məzuniyyətə çıxa bilər.

Müharibədə iştirak etmiş, zərərçəkmiş şəxslər, bundan başqa, 16 yaşınadək uşağı ola valideynlər 14 təqvim günü müddətində məzuniyyətdə ola bilər.

Ödənişsiz məzuniyyətin digər bir forması da təhsil alan işçilərə şamil olunur. Belə ki, magistratura, doktoranturada təhsil alan işçilər 1 ayadək, ali məktəblərdə qəbul imtahanlarına buraxılan işçilərə 15 təqvim günü, orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanlarına buraxılan işçilərə — 10 təqvim günü məzuniyyət verilə bilər.

Ailənin xəstə üzvünə qulluq edən qohumlardan birinin — səhiyyə müəssisəsinin rəyində göstərilən müddətdə ödənişsiz məzuniyyət götürmək hüququ var.

Sosial məzuniyyətlər də əsas və əlavə əmək məzuniyyəti kimi ödənişlidir. Məzuniyyətin digər növləri kimi bunun da müddəti müvafiq qanunla müəyyən edilir. Belə ki, analıq məzuniyyəti üçün məzuniyyət müddəti 126 təqvim günü nəzərdə tutulub. “Məzuniyyət haqqında” Qanunun 21-ci maddəsinə görə bunlardan 70 günü doğuşa qədər, 56 gün isə doğuşdan sonra üçündür.

Təhsil alan işçilər də aşağıdakı hallarda ödənişli məzuniyyət götürə bilər:

  • laboratoriya işlərinin yerinə yetirilməsi, yoxlamaların və imtahanların verilməsi üçün;
  • dövlət imtahanları verilməsi üçün;
  • diplom layihəsinin (işinin) hazırlandığı və müdafiə edildiyi dövr üçün.

İş yerində 12 ay işləmiş işçinin hər ay aldığı maaş toplanıb, 12 aya bölünür və orta aylıq əmək haqqının məbləği tapılır. Bundan sonra isə həmin məbləğ 30,4-ə bölünür və 1 günlük əmək haqqının məbləği müəyyənləşir. Bundan sonra da həmin məbləğ işçiyə verilən məzuniyyət günlərinin sayına vurulur və ona məzuniyyət üçün verilməli olan pul müəyyən edilmiş olur.

Məzuniyyət üçün nəzərdə tutulan əmək haqqı məzuniyyət müddətinin başlamasına ən geci 3 gün qalmış verilməlidir. Əgər həmin pul məzuniyyət başlayandan sonra verilibsə, işçinin məzuniyyət müddəti əmək haqqının faktiki ödənildiyi gündən hesablanmalıdır.