Mədət Quliyev
Mədət Quliyev Fotoqraf: report.az

Mədət Quliyev casusluq məsələsinə münasibət bildirib

Rəhim Qazıyev: ''Heydər Əliyevin qurduğu rejimdə xəyanətkar elementlər necə qalıb?''

“Azərbaycan bir çox dövlətlərin, siyasi qüvvələrin maraq dairəsindədir. Odur ki, kənardan Azərbaycana böyük təhdidlər var”.

Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) rəisi general-leytenant Mədət Quliyev Azərbaycanda bir qrup şəxsin casusluq etməsi ilə bağlı məsələyə münasibət bildirərkən belə deyib.

Məlumatı APA yayıb. 

M.Quliyev xatırladıb ki, Baş Prokurorluq, Daxili İşlər Nazirliyi və Dövlət Təhlükəsizliyi Xidməti casus şəbəkəsinin ifşası ilə bağlı bəyanat verib.

“Azərbaycanın daxilində heç bir təhlükə yoxdur, xalq prezidentimizin yanındadır. Prezidentimiz onu sevən xalqa arxalanır”, - deyən M.Quliyev vurğulayıb ki, kənardan Azərbaycana hər cür təhdidlər var.

“Artıq istintaq qrupu fəaliyyət göstərir. Prezident tərəfindən Baş prokuror Zakir Qaralova lazımi tapşırıq verilib, istintaq qrupu məsələlərə aydınlıq gətirir. Sadəcə, onlar bir günün, beş günün casusları deyil. Bu, kök atmış, 1988-1990-cı illərdən başlayan məsələlərdir. Müdafiə Nazirliyi rəhbərliyinin prezidentin tapşırıqlarını düzgün icra etməsinin nəticəsidir ki, bu xəyanətin üstü açılıb. İstintaq da öz qiymətini verəcək”, - o, əlavə edib.

1992-93-cü illərdə ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin birinci müavini vəzifəsində çalışmış Sülhəddin Əkbər Meydan TV-yə bildirib ki, Mədət Quliyevin dediyi dövr SSRİ illərinə təsadüf edir. Bu məsələ konkret hallarla bağlı olduğundan istintaqı aparan qurumların məsələyə reaksiya verməsi daha yaxşı olardı: 

Sülhəddin Əkbər foto Meydan TV
Sülhəddin Əkbər foto Meydan TV.

“Bizim qıt informasiya şəraitində hər hansı şərh verməyimiz çox çətindir. Görünür, hazırkı araşdırmalar SSRİ dövründəki  əlaqələrə gedib çıxır. Əgər söhbət 1988-90-cı illərdən gedirsə, deməli, həmin şəxslərin SSRİ Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsi, ya da xüsusi idarəylə əlaqələri olub. Biz dəfələrlə dövlət və hökumət idarəçilik sistemində, əsasən də təhlükəsizlik orqanlarında sovet dövründə oxuyan, ordusunda və xüsusilə xaricdə çalışanların diqqət mərkəzində olmasını vurğulamışıq".

S.Əkbərin sözlərinə görə, AXC hakimiyyəti zamanı ictimaiyyətə məlumat verilməsə də, qısa zamanda Rusiya Baş Kəşfiyyat İdarəsilə əlaqəsi olan 200-ə qədər əməkdaşı üzə çıxardıblar:

"Biz onlara adlarının açıqlanmayacağı təminatını verdik və bir çoxu gəlib haqlarında məlumatı açıqladılar. Bunun da müsbət nəticəsini gördük".

Sabiq müdafiə naziri Rəhim Qazıyev isə bildirib ki, Mədət Quliyev elə universal adamdır ki, həbsxana rəisi,   "zek"lərlə də işləyə bilir. İndi də Dövlət Təhlükləsizlik Xidmətinin rəhbəridir. Universal adamların da universal fikirləri olur. Hər halda orduya qarşı münasibətdə bir az ehtiyatlı olmaq lazımdır”.

Rəhim Qazıyev əlavə edib ki, Heydər Əliyevin qurduğu rejim 24 ildir davam edir və Mədət Quluyev də bu rejimə xidmət edir: 

Rəhim Qazıyev
Rəhim Qazıyev.

“Necə oldu ki, DTK generalının qurduğu rejimdə indiyə qədər xəyanətkar elementlər orduda qalırmış? Heydər Əliyevdən sonra oğlu İlham Əliyev 14 ilə yaxındır hakimiyyətdədir, bəs bu illərdə nə üçün bu xəyanətkarlar ifşa olunmurdu? Hər şeyi 80-90-cı illərə bağlayırlar, amma dahi adlandırdıqları Heydər Əliyev 1993-cü ildən respublikaya rəhbərlik edir. Nə üçün xəyanətkarlar hələ də qalırmış? Məntiqsiz danışanda ortaya suallar çıxır və bu suallar da bu adamların özlərini ifşa edir. Yaxşı olar ki, o dövrdə qaldırılan cinayət işləri yenidən təhqiq olunsun. Məsələn, mən Şuşa və Laçının işğalıyla bağlı istintaqın və məhkəmənin yenidən keçirilməsinin tərəfdarıyam. Əgər bu iş ədalətli araşdırılsa, xəyanəti yuxarıda oturanların etdiyi aşkarlanar".

Baş Prokurorluq, müdafiə, daxili işlər nazirlikləri və Dövlət Təhlükəsizliyi Xidməti ötən həftə birgə bəyanat yaymışdı. Həmin sənəddə yazılırdı ki, ölkənin suverenliyi, dövlət təhlükəsizliyi zərərinə olaraq xarici xidmət orqanları ilə məxfi əməkdaşlığa cəlb edilmiş bir qrup hərbi qulluqçu və mülki şəxs həbs olunub.

Rəsmi bəyanata görə, adları açıqlanmayan həmin şəxslər maddi maraqları naminə hərbi sirr təşkil edən məlumatları əldə edərək Ermənistan tərəfinə ötürüblər.

Bəyanatda mayın 3-də Hərbi Prokurorluqda Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə cinayət işi başlandığı, ibtidai istintaqın aparıldığı vurğulanırdı.