Cəmil Həsənli: Xalq Cümhuriyyətinin tarixi şəxsiyyətsizləşdirilib

Cəmil Həsənli foto sosial şəbəkə

''Sənəd açıq-aydın siyasi qısqanclığı özündə əks etdirir''

“Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin Xalq Cümhuriyyətinin 100 illiyinin qeyd edilməsi  ilə bağlı sərəncam verməsi müsbət hadisədir. Şərqin ilk dünyəvi dövlətinin yaranmasının bir əsrlik yubileyinin dövlət səviyyəsində qeyd edilməsi mütərəqqi hal kimi qiyəmətləndirilməlidir. Lakin təəssüf ki, sərəncamın məzmunu cümhuriyyətin xalqımızın taleyindəki və tarixindəki əzimətli yerini əks etdirməkdən çox uzaqdır”.

Bu sözləri Milli Şuranın sədri Cəmil Həsənli dövlət başçısı İlham Əliyevin AXC-nin 100 illik yubileyi ilə imzaladığı sərəncamı Meydan TV-yə şərh edərkən bildirib.

Cəmil Həsənli deyib ki, ölkə başçısının sərəncamı yalnız siyasi məzmununa görə deyil, cümlə və dil quruluşuna görə də qüsurludur, orada çoxlu kobud linqvistik xətalara yol verilib:

“İlham Əliyevin bu qüsurları nəzərə almadan sənədi imzalaması cümhuriyyət irsinə münasibətin bir göstəricisidir. Məsələn, may ayının 16-da imzalanmış və mətbuatda dərc olunmuş sənəddə  göstərilir:

“Mövcudluğunun ilk günlərindən xalq hakimiyyəti və insanların bərabərliyi prinsiplərinə əsaslanan Azərbaycanı Xalq Cümhuriyyəti bütün ölkə vətəndaşlarına eyni hüquqlar verərək irqi, milli, dini, sinfi bərabərsizliyi ortadan qaldırdı”.   Çox maraqlıdır ki, prezidentin sərəncamı dövlətin rəsmi mətbuat orqanlarında dərc olunur və bu orqanlardan heç biri sənəddin subyekti olan Azərbaycan Xalq Cümhuriyyətinin adının səhv yazılmasına diqqət yetirmir. Sərəncamın mətnində yer almış bəzi cümlələrə diqqət yetirin: “Dünyanın aparıcı dövlətlərinin Bakı neftinə marağının siyasi çarpışmaları daha da gərginləşdirdiyi belə bir şəraitdə Azərbaycanın tərəqqipərvər siyasi elitası müstəqil milli dövlətçiliyin yaradılması naminə birləşdi”,  “Yeni qurulan Azərbaycan Xalq Cümhuriyyəti öz üzərinə götürdüyü çətin tarixi vəzifəni imkanlarının ən son həddində çalışaraq şərəflə yerinə yetirdi”, “1918-ci il may ayının 28-də Azərbaycanın müstəqilliyini bəyan edən İstiqlal bəyannaməsi qəbul edildi” və sair. Bunlar dil xətalarıdır.

Milli Şura sədri sərəncamın siyasi məzmununun daha qüsurlu olduğunu  deyib:

“Bir əsirlik yubileylə bağlı xalqın ən işıqlı tarixini özündə əks etdirən məqamlar sərəncamda yer almayıb və Xalq Cümhuriyyətinin tarixi bir növ şəxsiyyətsizləşdirilib. Sərəncamda  cümhuriyyətə bilavasitə aidiyyəti olmayan Abbasqulu ağa Bakıxanov, Mirzə Fətəli Axundzadə, Həsən bəy Zərdabi, Cəlil Məmmədquluzadə, Mirzə Ələkbər Sabir, Əli bəy Hüseynzadənin adları zikr olunur. Çox yaxşı, olunsun. Onlar xalqımızın ictimai fikir tarixində müstəsna rol oynayıblar.  Amma bu sıralamadan sonra keçilir  Heydər Əliyevin xidmətlərinin sadalanmasına. Bəs bu cümhuriyyəti quran, bu yolda həyatını qurban verən, İstiqlal Bəyannaməsini elan edib, müstəqil bir dövlətin bünövrəsini qoyan, Azərbaycan Milli Şurasına, respublika hökumətinə və parlamentinə rəhbərlik etmiş, ölkənin varlığının beynəlxalq tanınmasına nail olmuş insanların adı niyə yoxdur sərəncamda? Məhəmməd  Əmin Rəsulzadə, Əlimərdan bəy Topçubaşov, Fətəli xan Xoyski, Nəsib bəy Usubbəyov, Həsən bəy Ağayev və bu sıradan olan qurucu insanların, cümhuriyyət liderlərinin adını çəkmədən, parlaq əməllərini yada salmadan hansı sərəncamdan söhbət gedə bilər? Əgər söhbət Azərbaycan Xalq Cümhuriyyətindən gedirsə, tariximizin ən şərəfli səhifəsi olan ilk demokratik dövlətin banisi, qurucusu, ideoloqu, lideri, qəlbi və canı bu əməlpərvər insanlar idi. Bu insanların adını çəkməməklə Xalq Cümhuriyyətinin tarixi şəxsiyyətsizləşdirilib. Sənəd açıq-aydın siyasi qısqanclığı özündə əks etdirir. Cümhuriyyət irsinə, onu yaradan insanların böyük əməllərinə belə laqeyd münasibət yolverilməzdir”.