Zərdüşt Əlizadə
Zərdüşt Əlizadə

Himnimiz çalınanda...

Nəvəm deyir: “Hər gün səhər məktəbdə himnimizi oxuyuruq”.

Uşağa heç nə demirəm. Qoy oxusun. Allah eləsin, böyüsün və elə günü görsün ki, xalqımın təfəkkürü və davranışı himnimizin sözlərinə uyğun gəlsin. Hələliksə, məncə, himnimizin sözlərinin mənasına dərindən varsaq, əhalinin mütləq əksəriyyətinin təfəkkür və davranışı himnin sözləri ilə tam ziddiyyət təşkil edir.

Mən pis, qəmbərqulu, füzul, cırtqoz və dəmdəməki adamam. Bunu etiraf etməyə belə ehtiyac yoxdur, hamı bilir. Hamı himni oxuyub vəcdə gəlir və iftixarla bir-birinə baxır. Mən isə oxumuram, ayaq üstə durub qanıqara fikirləşirəm ki, “inanan daşa dönsün”.

Dövlət tədbiridir. Zal doludur yüksək rütbəli məmurlarla. Rəyasət heyətində rəhbər, lap rəhbər vəzifə tutanlar ayaq üstə durub ehtirasla himni oxuyur.

EY QƏHRƏMAN ÖVLADIN ŞANLI VƏTƏNİ...

Onlar şanlı Vətənin qəhrəman övladından oxuyurlar, mən isə düşünürəm ki, bu qəhrəman övladın şanlı Vətəninin altıda biri 25 ildir işğal altındadır, heç kəs, o cümlədən Milli Məclisdə əyləşən 125 nəfər millətin qaymağı işğalın böylə uzanmasının səbəblərini müzakirə belə etməyə cürət etmir. Ali Baş Komandandan soruşmur ki, “Lazım ağa nə vaxt təşrif buyuracaq”? Bu nə təhər qəhrəman övladdır ki, döyüş meydanında can verməyi demirəm, hətta iclas zalında ağzını açıb soruşmağa cürəti çatmır?

Qəhrəman övladın bir hissəsinin yadından bu şanlı Vətən bilmərrə çıxıb. Onu tərk edib köçüblər yaşayış üçün daha münasib saydıqları başqa diyarlara. Bu sabiq qəhrəman övladın indiki şanlı Vətəni Rusiya, Belarus, Qazaxıstan, Almaniya, İsveç, Fransa, Çexiya, Türkiyə, Amerika və sairədir. Halal xoşları olsun.

Düşünmürəm ki, onlar bizim himnimiz çalınanda yeni vətənlərində oturduqları rahat yerdən qovzanıb bir-birlərinə fəxrlə baxırlar. Əksinə, sevinirlər ki, “nə yaxşı, vaxtında aradan çıxıb bu şanlı Vətəndən canımızı qurtardıq”. Çox güman ki, şanlı Vətəndə qalmaq nəsibini yaşayan qəhrəman övladın qara bəxtinə acıyırlar.

SƏNDƏN ÖTRÜ CAN VERMƏYƏ CÜMLƏ HAZIRIZ...

Kim? Kimlərdir bu can verməyə, şirin canından keçməyə hazır olanlar? Baxıram təntənəli iclasın salonunda əyləşən qəhrəman övlada və onların şanlı Vətəndən ötrü canlarından keçməyə hazır olduqlarına dərindən şübhə edirəm. Baxın bizim nazirlərə, nazir müavinlərinə, nazirliklərin şöbə müdirlərinə, dövlət MMC-lərinin prezident və vitse-prezidentlərinə, hakimlərə, prokurorlara, adlı-sanlı ziyalılarımıza, akademiklərimizə və professorlarımıza, bankirlərimizə və imkanlı iş adamlarına və sualıma səmimi cavab verin: inanırsınız? Siz inanırsınızmı ki, həmin bu adamlar şanlı Vətəndən ötrü canlarından keçməyə “cümlə hazırdırlar”? Onlar bu şanlı Vətən naminə rüşvət almaqdan belə imtina edə bilmirlər, qalsın ki, “can verməyə...”

Lakin heç bir insan məqsədsiz yaşamır. Təbii ki, onların da həyatının məqsədi var. Onlar da nəyə isə hazırdırlar. Nəyə? Bəs nəyə “cümlə hazırız”? Vəzifə tutmağa, nazirliyə ayrılmış büdcəni həzme-rabedən keçirməyə, ailəsinin, nəslinin maddı vəziyyətini yaxşılaşdırmağa, tabeliyində olan insanları hakim quruluşu dəstəkləmək üçün səfərbər etməyə, digər nazirlərin ayağının altını qazmağa, rəhbərliyi tərifləməyə, ağa qara deməyə, qaranı ağ adlandırmağa cümlə hazırdırlar. Buna şübhə yoxdur. Lakin sadaladığım siyahıda şanlı Vətəndən ötrü can vermək bəndi yoxdur.

Onları vəzifəyə təyin edəndə onlara heç belə tapşırıq da verilmir. Verilsəydi, ciddi verilsəydi, çox güman ki, əksəriyyəti yüksək vəzifəni tutmağa heç razı olmazdı. Nəylərinə lazımdır? Təsəvvür edirsinizmi ki, nazirin vəzifə təlimatlarında birinci bənd kimi yazılsın:

1.Nazirin birinci vəzifə məsuliyyəti şanlı Vətən naminə can verməkdir.

Bu bəndi oxuyandan sonra hər bir yüksək vəzifəyə namizəd digər bəndləri dəxi oxumayıb qoltuq cibində hər ehtimala qarşı daim gəzdirdiyi həkim arayışını çıxarıb deyəcək ki, bəs mən ölümlə əlləşən ağır xəstəyəm, baxın, təzyiqim daima 220 – 127-dir, xərçəngin sonuncu mərhələsindəyəm, beş dəfə infarkt keçirmişəm, vərəm ciyərlərimin ikisini də yeyib qurtarır, hələ cüzamı demirəm...

Məlum otaqdan çıxandan sonra isə xata-baladan salamat qurtulduğu üçün sevincindən madyan kimi kişnəyib müalicə üçün iki illiyə xaricə gedəcək.

Xub, himnin sözlərinə yuxarıların inanmaması məlum məsələdir. Himni çaldırmaq, oxumaq, oxutdurmaq sadəcə ayindir. Ayin isə sırf funksional səciyyə daşıyır, yəni bu musiqi nömrəsini ifa etmək və dinləmək ayini toplanıb birləşmiş adamların hansısa ümumi işi görmək niyyətini sübut edir. Yəni bu adamlar şərti olaraq “şanlı Vətəndən ötrü can verməyə cümlə hazırız” oxuyanda-dinləyəndə, əslində bu gözəl Vətənin bəhrəsindən imkan daxilində nuş etməyə mütəşəkkil halda hazır olduqlarını bildirirlər.

Gəlin düşünək görək aşağılar bu zavallı və bəxtiqara şanlı Vətəndən ötrü canlarından keçməyə necə hazırdırlar.

Vətəni şüurla və iradə ilə seçmirlər. Vətəndə doğulurlar. Doğulan körpənin nə şüuru, nə də iradəsi olur. Çağa doğulur, böyüyür, məktəbə gedir və ona orada hər səhər himn oxutdurub şanlı Vətəni sevmək dərsi keçirlər. Qismət onu yuxarılara aid edibsə, bu şanlı Vətəni nə üçün sevdiyini həyatının bütün təzahürlərində hər gün görür və anlayır. Yox, əgər qisməti onu aşağılara aid edibsə, onda şanlı Vətəni sevməyi himni oxumaq və dinləmək ayinindən öyrənəcək. Şüurlu vətəndaşlıq məfhumu bu şanlı Vətənin müqəddəratı ilə maraqlanmağı tələb edir, lakin tipik azəri məxluqu Vətənin müqəddəratı ilə maraqlanmağın nə qədər təhlükəli iş olduğunu bildiyindən himni oxuyanda can verməyə hazır olduğunu hər gün bildirsə də, əslində ağzını açıb hakimiyyətdən öz haqqını və Vətənin taleyini soruşmağa qorxur. Zira soruşmuşların acı taleyini görür. Odur ki, aşağılar da himnimizi oxuyanda əsla səmimi olmurlar.

Lakin o qədər də bədbin olmayın. Bir yer var ki, orada hər bir azəri vətənpərvəri istədi-istəmədi, şanlı Vətəndən ötrü can verməyə hazırdır. Bu yerin adı ordu, cəbhə xətti, səngər və döyüş meydanıdır. Orada səfərbərlik nəticəsində toplaşmış qəhrəman övlad şimaldakı bir məlum yağı düşmənin xəbis nəqşələrini həyata keçirmək məqsədilə başlayan hərbi əməliyyatlarda qərbdəki başqa məlum yağı düşmənin atdığı gülləyə sinəsini sipər edib şanlı Vətəndən ötrü can verməyə hazır olduğunu sübut edir.

Ağzı nədir etməsin? Hakimiyyət deyilən dəstə var, onun cəbri və zoru var. Həmin bu cəbr və zorun sayəsində xalqımızın içində himnimizin sözlərini azca da olsa səmimiyyətlə oxuyan kiçik bir hissə yaranır və yaşayır.

Yazı müəllifin fikirlərini əks etdirir və Meydan TV-nin mövqeyi ilə üst-üstə düşməyə bilər.