AŞPA-ya Azərbaycanla bağlı korrupsiya təhqiqatına başlanması çağırışı edilib

AŞ PA foto sosial şəbəkə

''Bir neçə günə Volontenin məhkəməsi başlamalıdır''

Bu həftə Avropa Şurasına antikorrupsiya təhqiqatlarının başladılması ilə bağlı çağırış edilib.

"The Guardian" yazır ki, çağırış edənlər Avropa Şurası Parlament Assambleyasında (AŞPA) təcrübəsi olan şəxslərdir. 

Müraciəti imzalayanlar AŞPA üzvlərinin Azərbaycanla bağlı səsverməyə görə rüşvət aldıqlarına inandıqlarını deyiblər.

Onlardan biri keçmiş azərbaycanlı diplomat Arif Məmmədov iddia edib ki, Azərbaycanın Avropa Şurasındakı nümayəndə heyətinin üzvünə lobbiçilik fəaliyyətinə xərcləməyə 30 milyon avro (25 milyon funt-sterlinq) verilib. 

"Nümayəndə heyətində hər kəs bu rəqəmi eşitmişdi. Söylənirdi ki, bu pul AŞPA üzvlərinin satın alınmasına nəzərdə tutulub", – deyə Məmmədov bildirib..

AŞPA-nın İsveçdən olan üzvü Tobias Billström, şuranın "çox etibarlı üzvləri"nin səs verməkdən ötrü onlara rüşvət təklif olunduğunu təsdiqləyiblər. Deputat məsələnin müstəqil araşdırılmasına çağıran qətnaməni imzalayan 64 deputatdan biridir.

Qətnamədə "Azərbaycanla bağlı səsvermədə ciddi pozuntulara dair etibarlı iddialar"ın araşdırılması tələb olunur.

Məlumatda Azərbaycanın "kürü diplomatiyası" hesabatı da xatırlanıb. Avropa Sabitlik Təşəbbüsü hələ 2012-ci ildə bu haqda sənəd açıqlayıb. Amma italiyalı deputat Luka Volonte ilə bağlı təhqiqat başlananda məsələ yenidən gündəmə gəlib. 

"Deputat Azərbaycandan 2.39 milyon avro rüşvət alaraq Avropa Şurasında bu ölkənin hökumətini dəstəkləməkdə suçlanır. Bir neçə günə onun məhkəməsi başlamalıdır". 

Luka Volonteni
Luka Volonteni.
AŞ deputatlarının 1/5-i yanvarda bu məsələni təcili araşdırmağa çağırsalar da, AŞPA liderləri rəhbərliyi mart görüşündə bir qərara gələ bilməyib.

Müəllif yazır ki, Assambleya prezidenti Pedro Aqramunt-a bu yöndə təzyiqlər yüksəlir. Aprelin sonunda AŞPA yenidən toplanır və yenə təhqiqatın başladılması çağırışları səslənəcək.

Tənqidçilərin fikrincə, Rəsmi Bakı AŞPA-dan prezident İlham Əliyevin avtoritar idarəçiliyinə qanuni don geyindirməkdən ötrü faydalanır. 2013-cü ildə deputat Kristofer Strasserin siyasi məhbuslarla bağlı hesabatı 125-79 səs çoxluğuyla rədd olunub və italyan deputat Volontenin bu işin təşkilində əsas rol oynadığı bildirilir.

Strasser qəzetə deyib ki, Azərbaycanın pul payladığını bilirmiş, amma səslərin satın alınmasına dəlili yoxmuş. O da etibarlılıq baxımından təhqiqat aparılmasını istəyir: 

"Bu qurumlar daxilində korrupsiyanın mövcudluğu və bunun gözardı olunmasıyla bağlı hər hansı şübhə varsa, bu, Avropa Şurasının sonunu gətirər".

Norveçin keçmiş baş naziri, hazırda Avropa Şurasının baş katibi Turbyorn Yaqland da Aqramuntu müstəqil təhqiqat aparılmasını şəxsən təmin etməyə çağırıb. Bu, AŞ rəhbərliyi tərəfindən əvvəllər görünməmiş bir çağırış sayılır.

Deputat Billströmun fikrincə, ortada bu qədər ciddi iddialar varkən, AŞ-nın müstəqil təhqiqatla bağlı çağırışları rədd etməsi mümkünsüzdür. O, Assambleyadakı həmkarlarını aparıcı üzv Voyçex Savickinin hazırladığı "çox yaxşı" təklifləri qəbul etməyə çağırıb. Deputat müstəqil təhqiqatın şərtlərini hazırlayıb.

Aqramuntun sözçüsü isə qəzetə deyib ki, Assambleyadakı beş siyasi qrupun liderləri Savicki-nin hesabatının yenilənmiş versiyasını hazırlayırlar, çünki hesabat indiki formasında tətbiq edilə bilməz.

"Cənab Aqramunt həmin siyasi liderlərin işinə qarışmayacaq. O, bəzi QHT-lərin, lobbilərin, media və maraqlı qrupların deputatların işinə təzyiqini də qəbul etməyəcək", – deyən sözçü AŞPA-nın belə təhqiqat aparmağa hüquqi səlahiyyəti olmadığını da sözlərinə əlavə edib.

Hakimiyyət təmsilçiləri "kürü diplomatiyası", avropalı deputatların satın alınmasına dair deyilənləri indiyədək təkzib edib. İtalyan deputat Luka Volonte barədə ölkəsində başladılan təhqiqatla bağlı isə nəticələri gözləməyi məsləhət görürlər.

mənbə: Azadlıq Radiosu